ƏDV-dən ticarət güzəşti olacaqmı?

Prezidentin fərmanı icra edilmir

 Azərbaycan vətəndaşları 21-ci əsrdə belə, dövlət büdcəsini özününkü saymır, ondan hər hansı bir şəkildə yararlana biləcəyini ağlına belə gətirmir. Kimə desən ki, Azərbaycanın dövlət büdcəsi vətəndaşın büdcəsidi, ironiya ilə güləcək. Bəziləri hələ bir az da qabağa gedərək sual edir ki, mən vergi ödəyicisi deyiləm, büdcəyə heç nə verməmişəmsə, ondan necə yararlanmalıyam? Bəli, bu gün vətəndaşlarımız elə bilir ki, onlar vergi ödəyicisi olması üçün mütləq ya sahibkar olmalı, da da hardansa maaş almalıdırlar. Bu Azərbaycan vətəndaşının hazırkı iqtisadi düşüncə tərzidir. Lakin vətəndaş hər gün ticarət mərkəzindən, bazar və dükanlardan nəsə alırsa, deməli o, vergi ödəyicisi kimi dövlət büdcəsinə töhfə verir. Çünki ticarət edilən hər bir əmtəə və xidmətin qiymətinin tərkibində əlavə dəyər vergisi (ƏDV) var və bu məbləğ sahibkar tərəfindən dövlət büdcəsinə ödənilir. Deməli, təkcə bu əlamət kifayətdir ki, hər bir ölkə vətəndaşının büdcəyə töhfə verməsi təsdiqlənsin. Artıq digər kateqoryaları sadalamağa dəymir, çünki işsiz də, işləyən də, yaşayırsa mütləq nəsə alır. Bu alqı zamanı qəbzin(çekin) alınması vacibdir ki, vətəndaş bununla dövlət büdcəsinə öz töhfəsini vermiş olsun.

Lakin bu yazıda məqsədimiz heç də Azərbaycan vətəndaşlarına mütləq ƏDV ödənişində fəallıq göstərməyi tövsiyyə etmək deyil, başqa məramımız var. Bəllidir ki, inkişaf etmiş ölkələrdə ticarət dövriyyəsinin sürətləndirilməsi üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə edilir. Bu stimullaşdırıcı vasitələrin əksəriyyəti də ƏDV üzərində qurulur. Bəzən birbaşa güzəştlər tətbiq edilir ki, bu halda, vətəndaşa nə qədər güzəşt olunduğu gözə görünmür.

Güzəşt məbləğinin ortada görünməsi və onun vətəndaşı daha çox ticarət etməyə meyilləndirməsi üçün dünyada belə bir üsul düşünülüb: vətəndaş aldığı malın qiymətinə daxil olan ƏDV-nin bir hissəsini, bəzən isə hamısın geri ala bilir. Bu məbləği almaq üçün vətəndaşın malı aldığı barədə qəbz təqdim etməsi kifayət edir. Ölkə prezidentinin Vergilər Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə imzaladığı fərmana əsasən 1 yanvar 2019-cu il tarixdən bu qayda Azərbaycanda da tətbiq edilməlidir. Artıq fərmanın imzalanmasından 5 ay keçsə də icra edilmir. Azərbaycan bir qədər kasıb ölkə olduğu üçün qanun ƏDV-nin hamısını deyil, bir hissəsini vətəndaşa qaytarmağı nəzərdə tutur.

Belə ki, hökumət nağdsız ödənişlərdə məbləğin 2,3 faizi, nağd ödənişlərin isə 1,5 faizi qanuna əsasən vətəndaşa qaytarılmalıdır. Başqa sözlə desək, nağdsız ödənişlərdə vətəndaş hər min manatdan 23, nağd ödənişlərdə isə 15 manat bonus alır. Amma bu qayda hələ də ölkəmizdə tətbiq edilməyə başlamayıb, hətta, vətəndaşlarımızın böyük əksəriyyəti bundan xəbərsizdirlər. Vergilər Nazirliyindən bildirirlər ki, bunun tətbiqi bir qədər çətin prosesdir, ticarət mərkəzlərində bunun üçün xüsusi kassa aparatları quraşdırılmalıdır.

Aydındır ki, bir qəbzlə pul veriləcəksə, o xüsusi keyfiyyətə malik olmalıdır. Məsələ burnasındadır ki, ölkədə bir faiz vergi dərəcəsi artan kimi dərhal tətdiq edilir, lakin vətəndaşa güzəşt barədə verilən fərmanı icra etmək heç kimin qulağına girmir. Maraq üçün paytaxtın bir neçə iri ticarət mərkəzində bu istiqamətdə işlərin nə yerdə olduğu barədə soruşdum, vətəndaşlar bir yana, gündə on minlərlə dövriyyəsi olan sahibkarın da, bu fərmandan xəbəri yoxdur. Bu fərmanın yerinə yetrilməsindən vətəndaş 10-15 manat qazana bilər, yəqin ki, məmurların buna belə, heyfi gəlir. Bu isə birbaşa prezidentin imzasına sayğısızlıqdır. Görəsən, Azərbaycan məmuru üçün hansı daha çox dəyərə malikdir, 10-15 manatlıq vergi itkisi, yoxsa ...

 Akif Nəsirli

[email protected]

 

0.13207983970642