Azərbaycan Amerikan Tibb Assosiasiyasının ilk konfransı keçirildi

Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqton şəhərində “Tibb işçiləri arasında körpünün yaradılması” adlı konfransı keçirilib. 

paralel.az xəbər verir ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində (USACC) keçirilmiş konfrans ilk dəfə olaraq 40-dan çox azərbaycanlı həkimi bir araya gətirib. 

Konfransda ABŞ, Kanada, Türkiyə, Almaniya, Rusiya və Azərbaycandan, eləcə də digər ölkələrdən olan həkimlər iştirak edib. 

Konfransın keçirilməsində məqsəd səhiyyə sahəsində çalışan peşəkarlar arasında əməkdadaşlığı təşviq etmək, eləcə də ABŞ və Azərbaycan səhiyyə sahəsində yenilikləri müzakirə etmək olub.

Tədbiri assosiasiyanın prezidenti Rauf Şahbazov açıb. 

Sonra assosiasiyanın içraçı direktoru və Direktorlar Şurasının üzvü Elgün Məmmədov tədbir haqqında məlumat verib, konfransın, eləcə də təşkilatın məqsəd və vəzifələrindən danışıb. 
Təşkilatın vitse-prezidenti Feredun Azari isə təşkilatın yaranma tarixindən və keçirilmiş tədbirlərdən bəhs edib. 

Sonra iştirakçılar ABŞ və Azərbaycanın səhiyyə xidmətində yenilikləri müzakirə ediblər. İştirakçılar eyni zamanda ABŞ-a xaricdən gəlmiş tibb işçilərinin qarşısına çıxan imkanları və üzləşdikləri çətinliklərdən danışıblar. Konfrans iştirakçılara sertifikatların təqdim edilməsi və sosial proqramla yekunlaşıb.

Konfrans PNC Bank, Meridian Integrated Business Solutions, ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Comprehensive Sleep Diagnostics, San-Antonio Dental Center, LifeLine Medical Imaging təşkilatlarının sponsorluğu, eləcə də ABŞ-dakı Azərbaycan icmanın bir qrup üzvlərinin fərdi ianələri hesabına təşkil edilib.

Azərbaycan Amerika Tibb Assosiasiyası 2017-ci ildə ABŞ-da yaşayan və səhiyyə sahəsində fəaliyyət göstərən bir qrup azərbaycanlı mütəxəssis tərəfindən yaradılıb. ABŞ-ın Virciniya ştatında qeydiyyatdan keçmiş təşkilatın məqsədi dünyada yaşayan azərbaycanlı və amerikan tibb işçilərini bir araya gətirərək, onların arasında səhiyyə xidməti, tibbi təhsil və peşəkar təlim işlərinin koordinasiyasını həyata keçirməkdir. Təşkilatın üzvləri yaradılmış platformadan istifadə edərək, öz peşələri üzrə yeniliklərlə tanış olacaq və karyeralarında irəliləyişlərə nail olacaqlar. 

Təşkilat həmçinin müxtəlif təqaüd proqramları və təlimlər vasitəsilə Azərbaycanda tibb sahəsində təhsil alan tələbələr üçün imkanlar yaradır.

0.15848612785339