Eks-nazirlər

Paxıllıq pis şeydir, yaxud hərənin öz arşını

  millət, son bir həftə ərzində məmləkətimizdə o qədər əndirabadi olaylar baş verib ki, bilmirəm hansından başlayım. Əvvəlcə onu qeyd edim ki, paxıllıq pis şeydir, insan gərək başqasına paxıllıq etməsin. Bunu elə - belə xatırlatdım ki, yaddaşlarınızı təzələyim indi yazacaqlarımı doğru-dürüst anlaya biləsiniz.

Bu günlərdə bizim möhtərəm eks-nazirlərimizin bir qismi digər səlahiyyət sahibləri bir araya gələrək, "Heydər Məscidi" hüzr məclisinə qatılıblar. Bu da sosial mediada böyük dedi-qoduya səbəb olub. Əsas müzakirə mövzusu da, eks-nazirlərin məclisə təşrif buyurduqları bahalı avtomobilləridir.

Bu sayğısızlıq, bu paxıllıq, anlamıram? İstəyirdiniz ki, bu mötəbər şəxslər məclisə pay-piyada, yaxud ictimai nəqliyyatdan istifadə edərək gəlsinlər? Xatırlayırsınızsa, onlar vəzifədən uzaqlaşdırılanda məlumatlar yayıldı ki, onların milyardlarla manat pul vəsaitləri var. Amma onlardan həmin pulları necə əldə etdiklərini soruşan oldu, əllərindən alan. Deməli, ömürlərinin sonuna kimi, bahalı evlərdə şad-xürrəm yaşamaq, bahalı maşınlardan istifadə etmək imkanları var bundan istifadə edirlər. Yoxsa, mənim kim 50 il işləyib 300 manat pensiyanın ümidinə qalmayıblar ki!

Diqqət edin, həmin şəxslərin arasında eks-DSMF sədri, daha sonra Əmək Əhalini Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümsv da var. O Səlim Müslümov ki, onun Azərbaycanda həyata keçirdiyi alternativsiz, dünya miqyasında təəccüb doğuran (çünki Azərbaycanda olan heç bir əcnəbini inandırmaq mümkün deyil ki, insan 130 manat pensiya ilə dolan bilər. S. Müslümovun dövründə minimum pensiya, məhz bu qədər olub- Y.S) pensiya təyinatı qaydaları da, eks-nazirlərin digər səlahiyyət sahiblərinin heç bir problemsiz, "yağ içində böyrək kimi" yaşamalarına tam təminat verir.

Təsəvvür edin ki, minimum pensiya 160 manat (Prezident İlham Əliyevin son pensiya istahatlarından sonra) olan bir məmləkətdə məmurlar, deputatlar s. səlahiyyət sahibləri ən azından 1500-2000 manta pensiya ilə təmin olunublar ki, bu da heç şübhəsiz Səlim Müslümovun xidmətləridir. Əmək əhalinin yox, məmurların digər səlahiyyət sahiblərinin sosial müdafiəsi naziri olan Səlim Müslümov bu gün həmin metod təcrübəni ali təhsil ocağında tədris edir, yeni-yeni müslümanlar yetişdirir, uğurlar olsun! 2 milyard az pul deyil, bu pula 100 il heç bir problemsiz yaşamaq olar (bunu, sadəcə xatırlatmaq üçün yazdım). Səlim Müslümov o  nazirliyi elə bir dalana dirəyib ki, Sahil Babayevin həmin dalandan çıxa biləcəyinə , heç kimdə ümid qalmayıb.

Ziya Məmmədovun nəqliyyat naziri kimi fəaliyyəti heç kimə məlum olmasa da, sürücülər (ələlxüsus da hər gün onun "qoçu"ları tərəfindən döyülən, söyülən taksi sürücülərin qan yaddaşına köçüb) çox gözəl bilirlər. Buradan taladığı pulların hesabına yaratdığı biznes imperiyası, heç Səlim Müslümovun pensiya islahatları metodikasında geri qalmır hətta daha da irəli gedib.

Möhtərəm Heydər Əsədov isə ölkəmizin kənd təsərrüfatını elə bir səviyyəyə «qaldırdı» ki, bu gün onun «bəhrələrindən» istifadə edərək bazarlarda ən bahalı

meyvə-tərəvəz məhsulların istehlak etmək imkanları qazanmışıq. Necə deyərlər, "ucuz ətin şorbası olmaz".

Hörmətli Abel Məhərrəmovun da, məclisə bahalı maşında təşrif buyurması anlaşılandır. Niyə olmasın? Kişi 19 il «Günəşli» yatağı tək gəlirli olan bir ali məktəbə rəhbərlik edib paralel olaraq həm çaxır istehsalı ixracı sahəsində ad çıxarmış birisidir. Bu səbəbdən , sadə insanlar kimi avtobusdan, yaxud taksidən istifadə etsəydi, öz "brendinə" zərbə vurmuş olardı.

Bir daha deyirəm, paxıllıq pis şeydir. Bu mötəbər zatların kölgəsini qamçılamaqdansa, onlara daha çox sərvət diləyin ki, bəlkə Allahın sizlərə rəhmi gəldi.

Bir yaddan çıxarmayın ki, bu insanlar tutduqları vəzifələrindən "səmərəli" istifadə etdiklərinə görə, uzaqlaşdırılıblar. Bu, o demək deyil ki, onlar cəmiyyətdən təcrid olunublar.

Onlardan hər birinin indi gül kimi vəzifəsi var. Məsələn, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müəllimidir. Əhsən! Azərbaycan pensiya sistemini "bu səviyyəyə qaldıran" adama imkan versələr, dünya əhalisini ayda 130 manata dolanmağa öyrədər. Bu da dünya miqyasında yeni bir kəşf olar.

Ölkəmizin kənd təsərrüfatında xarüqələr yaradan Heydər Əsədov, indi dəniz okeanları fəth etmək qərarına gəlib Azərbaycan Dövlət Dəniz Akademiyasına rəhbərlik edir. Dəniz çox geniş bir məkandır, kənd təsərrüfatı kimi. Ancaq əkinçiliklə, dənizçiliyin çox böyük fərqi var, yenə uğurlar olsun!

Məşhur "Azvayenkom" (Əliağa Hüseynov-Y.S) isə sadəcə deputatdır. Onun hansı yolla yüksək yaşam tərzini təmin etdiyi bizə məlum deyil. Deyilənlər görə, kənd təsərrüfatında Heydər Əsədovun həyata keçirə bilmədiyi islahatları gerçəkləşdirməklə heç pis yaşamır. Babalı deyənlərin boynuna.

O ki qaldı, hörmətli Abel Məhərrəmova, o da doğma (yəni rektoru olduğu) universitetdə "Üzvi kimya" kafedrasına rəhbərlik edir. Üzvi kimyanın çaxır istehsalına dədəcədə təsiri var, deyə bilmərəm. Ancaq bir şeyi dəqiq bilirəm ki, artıq həyatımızın bütün sahələri kimyalaşdığı kimi, yəqin yaxın gələcəkdə çaxır istehsalı da, üzvi kimyanın bir bölməsinə çevriləcək Abel müəllimin bilavasitə iştirakı ilə, heç şübhəsiz.

 Yusif Seyid

0.42498302459717