Şərəfli ömür hekayəsi-Ana başımızın qüdrət tacıdır

Şərəfli ömür hekayəsi-Ana başımızın qüdrət tacıdır
 

O, müasir Azərbaycan xanımının nümunəvi siması idi

 Mən səni səsləyirəm, eşit məni ay ana,
Qoyma sənsiz çırpınan bu ürəyim dayana.
İndi həsrət qalmışam sənin o gül üzünə,
Səninlə birgə keçən hər gecə, gündüzümə.

 

Susub, otaqda tənha, hey şəklinə baxıram.
Mən sənsiz çox, yaman çox darıxıram.
Düşüncələr selində ana həsrətinlə mən,
Yelkənsiz qayıq kimi, ümmanlara axıram.

 Ana-dünyada ən gözəl səslənən yeganə müqəddəs kəlimədir. Müqəddəs varlığın ismidir-Ana. Ananın əli dəyən yerdən gələn ətir , gəzdiyi yerlərdə görünən izi , olduğu hər yer hər şey çox gözəldir. Ruhumuzda bəslədiyimiz hisslərin ən ülvisi, ən pakı ən müqəddəsi ancaq anaya məxsusdur. Ana haqqında deyilən gözəl sözlər, kəlamlar onu olduğu kimi vəsf etməkdə çox acizdir, gücsüzdür. Ana haqqı-Tanrı haqqıdır, Ana qucağı-Behiştin guşəsidir-Cənnət anaların ayaqları altındadır! Ana o qədər müqəddəsdir ki, bəzən onun göz yaşları ilə ən bulanıq könüllər belə durulur, ən kirli vicdanlar belə təmizlənir. Dünyada ən tez qəbul olunan dualar da, məhz, anaların dualarıdır. Yeganə varlıqdır ki, ananın pisi yoxdur. Ən pis olan şey isə anasızlıqdır. Dünyanın harasında olursansa ol, heç bir yer sənə ana qucağı qədər rahatlıq bəxş edə bilməz. Ən bahalı ətir belə, ana nəfəsində duyduğun qədər doğma ətir qoxusunu sənə verə bilmir. Analarımız bizə təkcə həyat vermir, onlar həm öz həyatını bizlərə bəxş edir. Bunu anadan başqa heç kim etmir heç edə bilməz. Ana elə bir varlıqdır ki, o bizim üçün canını "uf" demədən belə, düşünmədən fəda edəndir. Analarımızın səhhəti bircə gün yerində olmayanda evimizdəki həyat sanki dayanır. Ananın ayağının tozu gözlərə sürtülən sürmə qədər gözəl, möcüzəvi məlhəm qədər şəfalıdır. Ana haqqını ödəmək heç zaman mümkün ola bilməz. Onun haqqını ödəmək üçün insan ömrü bəs etmir. Ana başımızın qüdrətli tacı, dərdlərimizin əlacıdır. Bütün dünya bir yerə yığışsa belə, heç bir qüvvə ananın yerini verə bilmir. Ana- övlad cütlüyü bir-birinə görünməz tellərlə bağlanmış iki vücudda bərqərar olan ruhdur. Biz analarımızın vücudundan ayrılan bir parçayıq. Ana qədər yaşlanırsa yaşlansın, ömrümüzün sonuna qədər anaya möhtacıq. İnsan dünyada hər şeyin ikincisini tapa bilər, amma yeganə mümkün olmayan  ananın ikincisini tapa bilməkdir.

Əlbəttə dəryalardakı suları mürəkkəbə, meşələrdəki ağacları kağız qələmə çevirsək belə, ana haqqında deyilənləri yazmaq üçün yetməz. Ona görə konkret mətləbə keçib belə müqəddəs analardan olan Tamara ana haqqında sizlərə danışmaq istəyirəm.

 Hələ yeniyetmə yaşlarındaykən anasını çox erkən itirən Tamara xanım yaddaşında ilişib qalan kədər dolu anları xatirəsindən uzun illər silə bilmirdi. Tamara xanım o ananı itirmişdi ki, həmin ana hələ gənc yaşlarındaykən, sovet hökumətinin qanlı-qadalı illərində vətən borcunu yerinə yetirmək üçün onun yaşadığı ölkəyə əsgəri xidmətə yolannan gənc Əmiri almanlara əsir düşməkdən xilas etmişdi. Əmir sonralar öz xilaskarı ilə elə xidmət etdiyi torpaqda, Kiyev şəhərində ailə qurur. 1943- ildə gənc Əmir ata olur. Həyatından çox sevdiyi xilaskarı ona dünyalar qədər gözəl olan mələk üzlü körpə Tamaranı bəxş edir. Bununla Əmirin xilaskarına olan sevgisi ikiqat artır. O, xidməti borcunu ödədikdən sonra, öz xilaskarını körpə Tamaranı da götürüb doğma torpağa-Azərbaycana gəlir. Qüsursuz xidmətləri ilə adları imzaları tarixə düşən Ərəblinski nəslindən olan gənc Əmir doğma torpağa gəlib orada məskunlaşdıqdan sonra əlbəttə ki, gənc ailəsinin körpə fidanın yaşayışını təmin etmək üçün axtarır. Onun yaşadığı qanlı-qadalı illərdə çox az adam yazıb,- oxumağı bacarırdı. Lakin Əmir öz bacarığına, təhsilinə düyagörüşünə görə yaşıdlarından fərqlənirdi. Sovet hökumətinin, sovet rejiminin qanunlarına uyğun şəkildə qurduğu kolxoza rəhbərlik edən, elin hörmətini qazanan, Həcər qeyrətli, Tomris şücaətli, Nigar ləyaqətli Əziz xanım gənc Əmiri, məhz bu bacarığına görə öz yanında mirzə kimi fəaliyyət göstərməsi üçün işə dəvət edir. Gənc Əmir işlə təmin olmaq sevincinə qovuşsa da, fələk sanki bu sevincə qısqanclıq edir, xilaskarını onun əlindən alır kədərə bürüyür. Onun xilaskarı rus inqilabından əvvəl yaşamış, xüsusi xidmətli məmurlardan ibarət zadəgan ailəsindən çıxmışdı. Əmir gənc həyat yoldaşını, yəni balaca Tamaranın anasını itirir. Həmin vaxt Tamara xanımın on üç yaşı olub. Gənc Əmir on üç yaşlı Tamaranı gözündən kənara qoya bilmirdi, öz yanında hər gün işə aparıb gətirirdi.

Min bir əziyyətlə, zəhmətinlə sən,
Ömür yollarından keçib gəlmisən,
Bu yolda həm sevinc, həm qəm yemisən.

İllər ötür, Tamara böyüyür, nazlı -qəmzəli görünüşü ilə ərgənlik yaşına çatır. Tamaranın qapısını çox elçilər döyür, lakin onun könlü ali təhsilli, yaraşıqlı, savadı biliyi ilə hər kəsə örnək olan gənc Sabiri tutur. Sabir Əziz xanımın sevimli oğlu idi. Sabir dünyalar qədər sevdiyi Tamara xanımla evlənib Bakıya gəlir. O, sevimli xanımının varlığı ilə o qədər bəxtiyar olur ki, ona bütün işlərində arxa, dayaq olur. İki bir-birini sevən gənc tələbənin evindən tezliklə körpə səsi gəlir.

Dənizdin, ümmandın, kükrəyən seldin,
Altı qız böyüdüb, elm verdin,
Onların bəhrəsi, nəvələr gördün,
Gözəl əməllərdir hər an ünvanın,
Hər kəsə bəllidir, şöhrətin, şanın.

Tələbəlik illərinin özünəməxsus çətinlikləri gənc ailənin çiyinlərindəki yükü ağırlaşdırmamaq üçün sanki Tanrı onlara dost-tanış vasitəsilə kömək edir. Kirayədə qaldıqları kiçik mənzildə yeni dünyaya gələn qızları Kəmaləni böyütməklə yanaşı, həm , işləyib dolanışıqlarını təmin edirlər. Həmin vaxtlarda Tamaranın tələbə yoldaşları onun köməyinə çatırlar. Onlar Tamara dərsdən, Sabir müəllim isə işdən dönənədək yeni doğulan Kəmaləyə ana nəvazişi göstərirlər. Sabir müəllim həmin vaxtlarda 56 nömrəli məktəbdə müəllimlik fəaliyyətilə, Tamara xanım isə baş dəstə rəhbəri kimi çalışırdı. Həm gecə növbəsində, həm gündüz növbəsində işləyən gənc Tamara xanımın Sabir müəllimə olan sevgisi onun çəkdiyi fiziki ağırlığı sanki çətin deyilmiş kimi dəf edirdi.

Ömür,- gün yoldaşın, könül sirdaşın,
Sabir müəllimlə ucaldı başın.

İki aşiqin sevgisinə təkcə Bakı şahidlik etmədi. Onlar bir müddət bu gün yağı əlində inildəyən azad olacağı günü səbirsizliklə gözləyən Şuşamızda yaşamalı oldular. Sabir müəllimin bitirdiyi iki ali məktəbin ona verdiyi savad, eyni zamanda, özünün bacarıq mərifəti, bütün bunları tamamlayan yaraşıq Allahın ona bəxş etdiyi xarizması onun müxtəlif yüksək vəzifələrdə çalışmasına vəsilə oldu. Tamara xanım Sabir müəllim daha sonralar son məskunlaşdıqları Tərtər rayonunda uzun müddət müxtəlif məsul işlərdə çalışıb. Belə bir deyim var-dəqiq elmlərə yiyələnən insanlar həyatda, hər bir məsələdə dəqiqliyi, dürüstlüyü sevirlər. Tamara xanım da sözün hər iki mənasında bu xüsusiyyətlərə malik idi. O, uzun illər Tərtər rayonunda baş mühasib vəzifəsində çalışdı. Onu tanıyan hər kəsin hörmət izzətini qazanan Tamara xanım xeyirxah insan kimi yaddaşlara köçdü. Tanıyan hər kəs Tamara xanımın yanına məsləhətə gələrdi, onu özünə sirdaş seçərdi. Ümid qapısı kimi tanınan evinə üz tutan dost-tanışı Tamara xanım heç zaman ümidsiz geri göndərmirdi. Onların dərdinə şərik çıxır, onlarla bir ağlayır, onlarla bir gülürdü.

Tamara xanım haqqında keçmiş zamanda danışmaq mənə çox çətindir... Mən Tamara xanımı oxucularımıza qaşları kaman, gözləri kövşək, gülərüz, heç kimin qəlbinə toxunmayan, incitməyən, yaraşıqlı, bəstəboy, müasir düşüncəli, natiq danışıqlı, kamil insan "əsrin mələyi" kimi təqdim etmək istəyirəm. Onu layiq olduğu qədər vəsf etməyə çalışıram. İstəyirəm ki, bir zamanlar belə bir insanın, Allahın yerdəki insan cildli bir mələyinin olduğunu insanlara çatdırım gələcək nəsillərə nümunə olaraq adını fəxrlə tarixə yazım. Xeyli vaxtdır düşüncəmdə, qəlbimdə canlandırdığım xanımlar xanımı, gözəl insan ailə başçısı, istəkli ana, sevimli nənə, nəhayət, dünyanın heç bir yerində bənzəri olmayan nümunəvi həyat yoldaşını məhz, Tamara xanımın şəxsində tapdım!

Bu vəsfimlə bilmirəm onu kimə, hansi bir insana bənzədim ki, bu misraları oxuyan hər kəs, onu xəyalən olsa, hiss etsin. Mən bir sıra ölçülərlə ondan fərqli insan olsam da, ona tam bənzəməsəm , həyatda onun kimi, təkrarsız insani xüsusiyyətlərə malik olmaq istərdim! Əzizimiz Tamara xanım yaşadığı bunca şərəfli ömür yolunun sonuncu baharını mələklərə yaraşan şəkildə tərk etdi. Mən əminəm ki, onun yoxluğu ailəsi üçün ağır olduğu kimi, dost-tanışlarına, rəfiqələrinə, qohumlara da kədər dolu anlar yaşadıb.

Tamara xanım artıq bu gün həyatda yoxdur. Düzdür, övladları onu sevən həyat yoldaşı Sabir müəllim onun əbədi yoxluğu ilə barışmır. Lakin torpağın üzü soyuqdur-deyib atalar. Həyatın ölmək dünyadan köçmək kimi, elə sərt amansız qanunları var ki, onu dəyişmək hələ insanların gücü daxilində deyil.

Ay ana, olar, qalx məzarından,
Oxşa saçlarımı, mənə layla de,
Qurtulum dünyanın dərd, azarından.

Tamara xanım həyatını övladları üçün şam kimi əridən ana idi. Öz anasını çox erkən itirdiyinə görə, bütün mehrini balalarına həyat yoldaşına salmışdı. Balalarını xoşbəxt görmək arzusu onun yaşamaq istəyini artırırdı. Onun balaları üçün qədər vacib əvəzsiz olduğunu izah etməyə söz tapa bilmirəm. Bu gün ayrılıq həsrəti onun övladlarını o qədər üzüb ki, analarından ayrıldıqları bu 40 gün həyatda ən çətin günlərdəndir desək, yanılmarıq.

Üzümü sıxaydım yenə üzünə,
Gözümü dikəydim yenə gözünə,
Həsrətdir qızların ana sözünə,
Bayatı, oxşama, həp sırayla de,
Oxşa tellərimi mənə layla de!,

 ***

Özümü hiss edim qoynunda sənin,
Azalsın möhnətim, dağılsın qəmim,
O isti nəfəsin olsun həmdəmim,
Yenə əvvəlki tək, hay-harayla de,
Oxşa saçlarımı mənə layla de.

 

Ana-sənsiz bu dünyanın dəyişib rəngi,
Pozulub düzəni, itib pərsəngi,

Bəli, hər bir insan üçün ana-ata itkisi çox ağırdır. Bu asanlıqla həzm olunan kədər deyil. Lakin düşünəndə ki, bu itki hamının başına gələn, qaçılması mümkün olmayan bir kədərdir, o zaman Allahın bu qısməti ilə barışmaqdan başqa ayrı yol tapa bilmirik bununla razılaşmağa məcbur oluruq. İndi dünyanın harasına baxsan, eyni mənzərə ilə qarşılaşırsan. İnsan köçünü axirətə aparan karvan hər an milyonlarla insanı əbədi dünyaya yola salır. Bayatıda deyildiyi kimi.

Əzizim axar gedər,
Su gələr, axar, gedər,
Dünya bir pəncərədir,
Hər gələn baxar, gedər!

Tamara xanım təkcə ailəsinə yox, eyni zamanda, yaxın əqrəbalarına lazım olan nəcib xanım idi! Biz onu çox sevirdik, bu gün sevirik, hər zaman da qəlbimizdə olacaq, zəmanəmizin layiqli xanımı!

Sonda Sabir müəllimə övladlarına, Tamara xanımın itkisinə üzülərək, başsağlı verir, onlara Allahdan səbr diləyirəm!

 Şahnaz Salehqızı

0.049492120742798