Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər

Mayın 16-da təxminən axşam saat 10:00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşlı müəllim bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə paralel.az-a Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsidentin görüntüsü bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində yayılıb. Zərərçəkən – həmin kəndin orta məktəb müəllimi Azər Əzizovdur. Müəllim maşını ilə kəndə daxil olan zaman bir qrup yerli sakin onun yolunu kəsib.

Onlar A.Əzizovu avtomobildən düşməyə məcbur ediblər, sonradan yetkinlik yaşına çatmayan qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edərək, üzərinə hücum çəkiblər.

Nəticədə, A.Əzizov kəllə-beyin travması alıb. Bundan başqa, tibbi müayinə zamanı bədənində çoxsaylı qançırlar aşkarlanıb.

Bu arada, müəllim artıq Cəlilabad rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı artıq üç nəfər saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, doqquzuncu sinif şagirdləri A.Əzizovla birlikdə gəzintiyə getmək istədiklərini bildirib. Sonuncu şagirdlərinin bu təklifini dəstəkləyərək, gəzintiyə hazırlaşmağı tapşırıb.

Müəllimlə yeniyetmələr arasında söhbətin hansı formada aparıldığı hələlik məlim olmasa da, polisdən bildiriblər ki, müəllim tərəfindən hər hansı seksual xarakterli hərəkətlər olmayıb.

“Məktəbli qız evdə müəllimin kollektiv şəkildə gəzintiyə çıxmağı təklif etdiyini bildirib. Ancaq qızın qohumlarında müəllimin bu təklifi nədənsə şübhələr oyadıb. Bir sözlə, onlar heç bir şey aydınlaşdırmadan, müəllimin “dərsini vermək” qərarına gəliblər və onu linç ediblər”, - deyə polisdən bildiriblər.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, ötən ilin aprel ayında Cəlilabad rayonunun Muğan kənd məktəbində müəllimin xadiməni zorlamaqda ittiham edilməsi ölkədə böyük səs-küy yaratmışdı.

0.12075114250183