“ Ölkədə azad mətbuatın boğulmasını iddia edənlər düşmənlərdir”

Tapdıq Abbas: ““Paralel” qəzeti azad mətbuatın nümunəsidir”

 Xeyli vaxtdır xaricdən ölkəmizə qarşı yalan, böhtan, təhqir dolu kampaniya aparılır. Bu kampaniyanın təşkilatçıları ölkəmizin düşmənləri, ilk növbədə ermənipərəst qüvvələr və onların əlində girova çevrilmiş, bu və ya digər səbəblərdən ölkəmizdən xaricə mü-hacirət etmiş bəzi üzdəniraq həmvətənlərimizdir. Ölkəmizə qarşı aparılan çirkin təbliğatda Azərbaycanda azad sözün və mətbuatın boğulmasından tez-tez bəhs olunur. Bu çirkin, tərbiyəsiz təbliğat kampaniyasının məqsədinin nədən ibarət olduğuna aydınlıq gətirmək üçün qəzetimizin baş redaktoru Tapdıq Abbasa müraciət etdik.

- Tapdıq bəy, Azərbaycana qarşı xaricdən yalan, böhtan və təhqir dolu düşmənçilik təbliğatı aparılır və bu çirkin, tərbiyəsiz və əxlaqazidd kampaniyaya mühacirətdə olan bəzi soydaşlarımızı qoşublar və onlar iddia edir ki, Azərbaycanda azad mətbuat yoxdur, azad söz qadağan olunub?

- Azərbaycana qarşı xaricdən təşkil olunmuş qarayaxma əks-təbliğat kampaniyası ölkəmizin düşmənləri tərəfindən təşkil olunur, kampaniyanın əsas təşkilatçıları erməni lobbisi və erməniləri himayə edən beynəlxalq təşkilatlar, eyni zamanda, ölkəmizin müstəqil siyasət yeritməsini istəməyən, dövlətimizi özündən asılı vəziyyətə salmağa çalışan bəzi Avropa ölkələrinin müxtəlif qurumlarıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət dünyanın bir çox siyasi qüvvələri tərəfindən açıq şəkildə olmasa da, qapalı dairədə qısqanclıqla qarşılanır. Avropanın əksər dövlətləri ilə qarşılıqlı iqtisadi, humanitar, ticarət münasibətlərimiz yaxşı olsa da, bu ölkələrin bəziləri bizi sevmirlər. Elə götürək, bu yaxınlarda İngiltərə Xarici İşlər Nazirliyinin Bakıya gəlmək istəyən futbol həvəskarı olan insanlara etdiyi xəbərdarlığını. Bu ölkə ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, nazirlik bu ayın 29-da Bakıda keçiriləcək Arsenal – Çelsi oyununu izləməyə gələcək ingilis azarkeşlərə xəbərdarlıq edir ki, ehtiyatlı olun, gecələr tək küçəyə çıxmayın, qarət təhlükəsi ilə üzləşə bilərsiniz! Bunun nə demək olduğunu başa düşmək üçün əlavə şərhə ehtiyac yoxdur. Düşmənçilikmi deyək, qısqanclıqmı?! Həmin Xarici İşlər Nazirliyinə sual vermək lazımdır ki, 1993-cü ildən üzü bəri İngiltərə ilə Azərbaycan arasında daim yaxşı münasibət mövcud olub, ölkəmizin neft-qaz ehtiyatlarının böyük hissəsinin hasilatı İngiltərənin BP şirkətinə verilib, ölkəmizin hava məkanından sərbəst istifadədən tutmuş lazım olan digər məsələlərə qədər bütün istəklərin həyata keçirildiyi halda, belə bir xəbərdarlığa nə ehtiyac var, axı?!..

- Siz dostlarla ehtiyatlı olmağı düşünürsünüzmü?..

Yəni, Azərbaycanla ciddi əməkdaşlıq münasibətləri olan İngiltərə kimi dövlət ölkəmizə qarşı bu cür yanlışlığa yol verirsə, deməli, Avropanın digər dövlətlərindən başqa şey ummağa dəyməz. Digər tərəfdən, xaricdən ölkəmizə qarşı qara piar kampaniyası aparanlar guya Azərbaycanda söz, mətbuat azadlığının boğulmasından bərk narahatlıq keçirirlər, ölkəmizdə insan haqlarının pozulmasının yolverilməzliyindən bəhs edir, Azərbaycanda hakimiyyətin dəyişdirilməsinin vacib olduğunu bildirirlər. Bunlar hamısı şər-böhtandır, ağ yalandır, ölkəmizdə mövcud olan dərin sabitliyi pozmaq üçün edilən uğursuz cəhdlərdir. Bu redaksiyada xeyli vaxtdır çalışdığınıza görə, bilirsiniz ki, “Paralel” qəzeti hakimiyyət qəzeti deyil, müstəqil və əsasən tənqidi mövzulara üsütünlük verən mətbu nəşrdir. Onu da yaxşı bilirsiniz ki, yazar olaraq həmişə tənqidi mövzulara üsütünlük verirəm. Hətta bu yaxınlarda belə tənqidi yazılardan birinin «dərəcəsi» çox olduğuna görə, yaxın münasibətdə olduğum dostum məndən incidi. Çünki yuxarıdan kimlərsə mənim yazıma görə, onu mənim dostum kimi, qınamışdı ki, «dostun yaman tənqid edir bizi». Dostum həmin yazının təsirindən hələ çıxmayıb. Hiss edirəm ki, qəzetin fəaliyyətinə dolayısı ilə müdaxilə etmək üçün yollar axtarır amma hələlik risk etmirlər. Çünki ölkə Prezidentindən çəkinirlər, yoxsa “Paralel” qəzetinin fəaliyyətdən məhrum edilməsinə çoxdan nail olmuşdular...

- Deməli, “Paralel” qəzetinin fəaliyyətinə maneə olmaq istəyənlər var?..

Bu faktı ona görə söylədim ki, Azərbaycanda bəzi məmurlar müstəqil mətbuatın mövcudluğunu qəbul etmək istəmirlər, müstəqil, tənqidi medianı susdurmağa cəhdlər var. Lakin ölkə Prezidenti cənab İlham Əliyev şəxsən söz və mətbuat azadlığının fövqündə dayandığına görə, savadsız, mağara təfəkkürlü, tayfabazlıq xəstəliyinə tutulmuş bəzi məmurlar öz çirkin məqsədlərini həyata keçirməkdən çəkinirlər. Həmin məmurlarla xaricdən ölkəmizə qarşı böhtan, yalan, təhqir kampaniyası aparan xəyanətkarlar arasında heç bir fərq yoxdur hələ bəlkə də xəlvəti iş birliyi var. Çünki daxildə hakimiyyətə soxulub çirkin məqsədlərini həyata keçirənlər, məhz xaricdəki xəyanətkarlara material, bəhanə verirlər və əminəm ki, gec-tez cənab Prezident daxilidəki bu cür xəyanətkarların da ifşa olunması üçün tədbir görəcək.

 Söhbətləşdi: A.Tahir

0.051527976989746