Bütün peşələrin təməlində müəllim əməyi durur

Yəqin ki, insanı geyiminə görə qarşılayıb, davranışına və ağlına görə yola salırlar, deyimini bilməyən yoxdur. İnsanların öz düşüncə və həyat tərzinə görə geyimlər seçdiklərini də bilməyən az adam var.

 Professor Nəsir Əhmədli: "Uniforma insanı daha məsuliyyətli olmağa, sevib-seçdiyi peşəyə daha çox can yandırmağa sövq edir"

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev: "İndiki zamanda bütün insanları, o cümlədən müəllimləri uniformada məktəbə, cəmiyyət içərisinə çıxarmaq çətin məsələdir"

 Pedaqoji elmlər üzrə Fəlsəfə Doktoru Məlahət Mürşüdlü: "Pedaqoji heyətin-direktor, müavin, psixoloq, müəllim daxil olmaqla vahid geyim formasının olmasını vacib hesab edirəm"

 Təhsil eksperti Nadir İsrafilov: "Bildiyim qədər dünyanın bir sıra inkişaf etmiş ölkələrində müəllimlərin xüsusi geyim forması var, onun hansı tələblərə cavab verməsi qanunlarla tənzimlənir"

 Təhsil eksperti Kamran Əsədov: "Təhsilin keyfiyyəti müəllimin geyimi ilə birbaşa bağlıdır"

 

Amma bir məsələ də var ki, bunu unutmaq olmaz- geyimlərimiz bizim haqqımızda, hətta deyərdim birbaşa kimliyimizdən xəbər verir. Uzun müddət eyni tərzdə geyim forması insanda imic formalaşdırır. Əbəs yerə deməyiblər ki, insanların imici və geyim tərzləri onların daxili dünyası ilə sıx əlaqəlidir. Psixoloqların fikirincə, geyimə baxıb insanın kimliyini, nə işlə məşğul olduğunu, fəaliyyətində məsuliyyətli olub-olmadığını, müvəffəqiyyət qazanıb-qazanmadığını təyin etmək mümkündür.

ABŞ mətbuatı bu yaxınlarda maraqlı bir məlumat yayıb. Məqalədə qeyd olunur ki, mütəxəssislərin araşdırmalarına görə, insanların 90 faizi bir-birləriylə ilk dəfə qarşılaşdıqda, əvvəlcə daha çox görünüşə (fiziki xüsusiyyətlər: paltarlar, bədən, danışıq tərzi,  və s.) fikir verərək, ilk təəssürata malik olurlar. Məhz buna görə də, əgər siz hər-hansı bir ciddi iş görüşməsinə dəvətlisinizsə, onda o yerə həmin işə uyğun geyimdə getməlisiniz ki, təşrif buyurduğunuz yerdə sizə olan münasibət arzu etdiyiniz kimi olsun. Unutmaq olmaz ki, geyim tərzi, rəng, üzərimizə taxdığımız aksessuarlar hər birimizin fərdi imicimizin nişanəsidir. Deməli, geyim adamın yalnız görünüşünü deyil, düşüncələrini də təyin edir. Yas yerlərində qara, toy şənliklərində ağ geyinməyin də bir mənası var. Bir sözlə, geyim mədəniyyəti, geyimlərin anlamı olmasaydı, necə deyərlər, hərə bir bezə bürünüb ortaya çıxardı.

Hər birimiz bilirik ki, prokurorun, polisin, hərbçinin və s. bu kimi digər orqan işçilərinin xüsusi formaları olur. Onlara uniformasız işə gəlmələri qanunla qadağandır. Bu orqan işçilərinin tutduqları mövqedə, qazandıqları statusda əməyi olan müəllimlər var. Amma müəllimin xüsusi forması yoxdur. Sizcə, tələbkar zövqlü insanların yaşadığı indiki müasir dövrdə müəllimlərin xüsusi formalarının olması təhsil sahəsində heç kimə sirr olmayan, lakin təəssüf doğuran hallara təsir edə bilərmi? Mən şəxsən xüsusi formanın olmasını həm də güclü psixoloji təsir vasitəsi kimi dəyərləndirirəm. Çünki belə bir məsəl var - geyim duyğu dünyamızı və başqalarının bizə münasibətini dəyişən vasitədir. Məsələyə bu deyimdə deyildiyi aspektdən yanaşsaq, müəllimin xüsusi formasının olmasının nə qədər vacib olduğunu görərik. Elə deyilmi? Mənim fikirimcə elədir. Beləliklə, geyimlə, xüsusi formalarla bağlı məsələyə aydınlıq gətirmək məqsədilə, təhsil sahəsində kifayət qədər təcrübəsi olan, öz siması ilə cəmiyyətdə xüsusi çəkiyə, hörmətə layiq bir neçə pedaqoqa üz tütduq və onlardan aldığımız hər kəs üçün maraqlı olan qiymətli fikirləri, tövsiyyələri oxucularımıza təqdim edirik.

Professor Nəsir Əhmədli: "Paltar insanı zahirən başqa canlılardan fərqləndirən əsas atributdur. O həm də, insanları bir-birindən fərqləndirir: milli mənsubiyyətə görə (türkü rusdan, ingilisi fransızdan...), cinsinə görə (qadını kişidən, qızı oğlandan), yaşına görə (cavanı qocadan, uşağı böyükdən), yaşayış yerinə görə (kəndlini şəhərlidən) və s. Bir də var ayrı-ayrı peşə sahiblərinin - hərbçilərin, polis, prokurorluq, gömrük, dəmiryol... işçilərinin geyimləri. Buna "uniforma" deyirlər. Uniforma insanı daha məsuliyyətli olmağa, sevib-seçdiyi peşəyə daha çox can yandırmağa sövq edir. Kənardan baxanlar da uniformada olanları daha tez tanıyır, onlara xüsusi münasibət bəsləyirlər. Biri ağ xalatda, o biri isə adi geyimdə olan iki qadına ağır xəstələr üçün ianə toplamaq tapşırılır. Hamı ağxalatlı qadına daha çox etibar edərək pulu ona verir. Buradan belə bir nəticəyə gəlmək olarmı ki, hər bir peşə sahibinin, o cümlədən müəllimin də uniforması olmalıdır? Xeyli düşündükdən sonra bu suala "yox" cavabı vermək qərarına gəldim. Uniforma, məncə, hökm vermək səlahiyyəti olan peşə sahibləri üçündür: hakim müttəhimə, həkim xəstəyə, polis asayişi pozanlara... hökm verir. Müəllim-şagird, müəllim-tələbə münasibətləri isə tamam başqa təməl üstündə qurulur. Məsəl var ki, insanı geyiminə görə qarşılayıb ağlına görə yola salırlar. Müəllimin xüsusi geyimi şagirdə, tələbəyə uzaqbaşı ilk 45 dəqiqədə maraqlı görünə bilər, sonra isə onun biliyi, pedaqoji qabiliyyəti ön plana keçəcək".

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev: "Azərbaycan müəllimlərinin böyük əksəriyyəti, bildiyim qədər 80 faizdən çoxu qadınlardır. Onların da geyimə olan münasibəti, geyim mədəniyyəyti tamam fərqlidir. Elə müəllimələr var ki, toy kimi, məktəbə də geyim nümayişi məkanı kimi baxırlar. Eşitdiyimi deyirəm. Bir dəfə qadın direktor dərsə gəlməyən müəllimədən səbəbini soruşanda təzə paltarının hələ hazır olmadığını bəhanə gətiribmiş. Deməyim odur ki, indiki qarmaqarışıq bir zamanda bütün insanları, o cümlədən müəllimləri uniformada məktəbə, cəmiyyət içərisinə çıxarmaq çətin məsələdir. Mənə elə gəlir ki, biz hələ siz deyən vəziyyətə hazır deyilik. Yenə deyirəm, ideya- nəzəri cəhətdən çox gözəl fikirdir. Ancaq bunun həyata keçməsi üçün yuxarıda qeyd etdiklərimdən  başqa, digər səbəbləri də var. Yəqin ki, nə vaxtsa bunu da görərik".

Pedaqoji elmlər üzrə Fəlsəfə Doktoru Məlahət Mürşüdlü: "Maraqlı bir məsələyə toxunmusunuz. Pedaqoji heyətin-direktor, müavin, psixoloq, müəllim daxil olmaqla vahid geyim formasının olmasını vacib hesab edirəm. Forma işçinin iş formasıdır. Bu, həm də bir məsuliyyətdir. İşçinin iş başında olduğunun göstəricisidir. Bunu şagirdlərdən tələb edirik, təhsilverənlərdə niyə olmasın? Məsələn, Türkiyədə fənnindən asılı olmayaraq üst geyim olaraq ağ xalat geyinirlər. Qadın müəllimlərdə aşırı makyaj, diqqəti cəlb edən bəzək əşyaları, kəmər, bədənin əzalarını göstərən, şalvar, yubka və s. geyimlər yoxdur. Qanunla tənzimlənir. Bizdə də bunu tətbiq etmək olar. Başqa forma da ola bilər. Amma bunu pedaqoji kollektivlərin özü müəyyənləşdirməlidir. Xalatmı, yoxsa dəst olaraq üst geyim, rəngi, forması və s. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə olmamalıdır. Seçim kollektivlərin olmalıdır. Təhsil qanununda belə maddənin olmamasına rəğmən, tətbiq etmək qərarını da pedaqoji kollektivlər verməlidir. Yetər ki, istək olsun".

Təhsil eksperti Nadir İsrafilov: "Ölkəmizdə təhsil haqqında qanunvericilikdə müəllimlərin geyim formaları ilə bağlı hər hansı tələb olmasa da, artıq neçə illərdir ki, müəllimlərin vahid geyim forması söhbəti gündəmdədir. Təhsil Nazirliyinin də mövqeyi belə olub ki, ölkənin və ya paytaxtın bütün məktəblərində müəllimlərin vahid forma geyinməsinə məcburiyyət yoxdur, amma bəzi qaydaların gözlənilməsi vacibdir. Məsələnin tövsiyə xarakteli olması, onun həllinə mane olan amillərdəndir. Bildiyim qədər dünyanın bir sıra inkişaf etmiş ölkələrində müəllimlərin xüsusi geyim forması var, onun hansı tələblərə cavab verməsi qanunlarla tənzimlənir. Məsələn, qonşu Türkiyədə Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş qaydalara əsasən, qadın müəllimlər don və ya ətək geyinə bilərlər, ancaq onlar dizdən yuxarı olmamalıdır, eyni zamanda paltarların qolsuz və ya sinəsi açıq olmasına icazə verilmir. Kişi müəllimlər də mütləq kostyum geyib, qalstuk taxmalıdırlar. Qanunda həmçinin, qadın müəllimlərin saçlarını necə yığmaları, kişilərin saçlarının uzunluğu və s. normalar qeyd olunur. Mərhum pedaqoqumuz Əjdər Ağayev hesab edirdi ki, sinifə daxil olan müəllimin geyimi toy yox, məktəb ab-havası yaratmalı, şagirdlərin fikiri müəllimin paltarındakı naxışlarda və daş-qaşda qalmamalıdır. Müəllimlərin geyim forması şagirdlərinki kimi vahid olmaya bilər, amma əsas məsələ onun müəllim adına yaraşan olmasıdır. Müəllimlərin xüsusi geyimlərinin olması barədə dəfələrlə təkliflər irəli sürülüb, məktəb kollektivi ilə birlikdə müzakirələr aparılıb, vahid formanın müəllimin imicinə, nüfuzuna, hətta büdcəsinə belə müsbət təsir edəcəyi əsaslandırılsa da, Bakı Tikiş Evində müəllimlər üçün yeni forma hazırlanacağı barədə müxtəlif xəbərlər yayılsa da, bir müddət paytaxtın və digər bir neçə şəhərin pedaqoji kollektivləri tərəfindən bu ənənənin reallaşmasına cəhd göstərilib, amma vahid formanın kütləvi şəkildə tətbiq olunub-olunmayacağı hələ ki, müzakirə predmeti olmaqdan o yana getməyib. O ki, qaldı mənim subyektiv mövqeyimə, konkret olaraq hansısa bir və ya bir neçə pedaqoji kollektiv bu təşəbbüsdə bulunsa, bu, digərləri üçün də nümunə ola bilər və getdikcə kütləvi xarakter alar. Əgər, istər bütün dünya ölkələrində, istərsə də ölkəmizdə ayrı-ayrı peşə adamlarının vahid geyim forması varsa, ən şərəfli, ən müqəddəs saydığımız peşə sahibi olan müəllimlərin niyə belə forması olmasın? Hesab edirəm ki, belə bir təqdirəlayiq təşəbbüs müəllimin imicini formalaşdırmaqla yanaşı, həm də, onun nüfuzunun daha da yüksəlməsinə, sadəliyin, təvazökarlığın, ciddiliyin, nizam-intizamın, humanistliyin, ən başlıcası isə ədalətin və sosial bərabərliyin təcəssümçüsü kimi, xeyirxah missiyasına da təsirsiz ötüşməz".

Təhsil eksperti Kamran Əsədov: “Ölkəmizdə təhsil haqqında qanunda müəllimlərin geyim formaları ilə bağlı hər hansı bir tələb olmasa da, digər qanunvericilik aktlarında nəzərdə tutulan tövsiyələr verilib. Belə ki, 2014-cü ildə Milli Məclis tərəfindən təsdiq edilən "Müəllimlərin etik davranış qaydaları"nda müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb. Etiraf edək ki, müəllimlərin geyimləri də şagirdlərin hisslərinə təsir edən amillərdəndir. Onların bər-bəzəkli geyimi şagirdlərin fikrini dərsdən yayındırır. Müəllimlərin geyim forması şagirdlərinki kimi vahid olmaya bilər, amma əsas məsələ onun müəllim adına yaraşan olmasıdır. Xatırladım ki, müəllimlərin xüsusi geyimlərinin olması bizə yad deyil, əvvəllər də bu üsul tətbiq edilib. Ancaq bu gün bəzi məktəblərdə müəllimlər adlarına yaraşmayan geyimlər geyinirlər, ona görə də hər bir məktəbdə vahid geyimin tətbiq olunmasının tərəfdarıyam. Bu, həmçinin silki fərqliliyi də aradan qaldırar. Bəzən müəllimlər məktəbə elə geyimdə gəlirlər ki, adam onlara baxmağa utanır. Uniforma müəllimləri hər gün "nə geyinim?" barədə düşüncələrdən azad edər. Bu, həm də, məktəbli formasına çətin alışan məktəblilərə bir dəstəkdir. Çünki yuxarı sinif şagirdlərinin məktəbli forması ilə bağlı müəyyən kompleksləri var. Həmin şagirdlər müəllimlərin də forma geyindiyini görəndə özlərində daha çox məsuliyyət hiss edəcəklər. Müəllim və şagirdlərin geyimi illərdir müzakirə olunur. Məktəblilərin vahid formaya keçməsi problemi həll olundu. İstəyirik ki, müəllimlərin də geyim məsələsi həll olunsun. Çalışırıq ki, geyimlər məktəblərdə sonuncu müzakirə mövzusu olsun. Təlim-təhsilin keyfiyyəti diqqət mərkəzində olmalıdır. Dünyada inkişaf edən ölkələrdə, dini və dünyəvi məktəblərdə məktəbli (öyrənən) və müəllim (öyrədən) geyiminin gündəlik, iş, şadlıq, toy, bal-maskarad geyimlərindən fərqli olması diqqətdə dayanıb və reallaşdırılıb. Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim alabəzək, gözqamaşdıran olmasın, orqanları, hərəkət üzvlərini sıxmasın, bədənin havadan qidalanmasını məhdudlaşdırmasın. Məktəbli geyim forması tərbiyəvi mahiyyətdə olduğundan, qorunub saxlanılıb. Amma iqtisadi çətinliklər ucbatından müəllimlər üçün məxsusi geyim forması tələb edilməyib. Tələb edilən bu olub ki, müəllimlər səliqəli geyinməli, görünüşcə, davranışca nümunəvi olmalıdırlar. Düşünürəm ki, hazırda Azərbaycan Respublikası təhsil nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilən "Müəllimlərin etik davranış qaydaları" dönmədən yerinə yetirilərsə, normallıq təmin edilə bilər. "Qaydalar"da müəllimin necə geyinməsi tələbləri də öz əksini tapır. Göstərilir ki, müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. "Xarici görkəminə fikir vermək" o deməkdir ki, kişi müəllimin üzü həmişə təraşlı (tüksüz, saqqalsız), saçı (varsa) daraqlı və səliqəli (çiyninə tökülmüş vəziyyətdə, yaxud uzadılıb düyünlənmiş və s. yox), qadın müəllimin isə üzü təbii görkəmində (ifrat pudralanmış, maskalanmış, gözü rənglənmiş, kiprikləri oxlanmış və s. yox) olmalıdır. "Geyiminə xüsusi fikir vermək" odur ki, kişi müəllim səliqəli, saya köynək geyməli (şit rəngli, əndazəsiz, üzərində yazılar olan köynək yox), qalstuk taxmalıdır. Həmçinin, kostyum geyimində də bu tələbi yerinə yetirməlidir. Qadın müəllim geyimində daha diqqətli olmalıdır. Sinəsi açıq, hədsiz dərəcədə dar və ya gödək, üzəri şəkilli və ya yazılı paltar, o cümlədən şalvar geyməməlidir. Etik, fizioloji ziyandan, ictimai rişxənddən özünü qorumalı, geyimi ilə də tərbiyəvi örnək təsiri göstərməyə çalışmalıdır. Hər bir təhsil ocağı istər öyrənənlərin, istərsə də öyrədənlərin Təhsil Nazirliyinin "qaydalar"ına əməl etməli olduqlarını anladan təsirlərdən istifadə etməlidir. Bəzi ali məktəblərdə tələbələrin geyim səliqəsinə və xarici görünüş normalarına əməl etmədikləri diqqət çəkir. Tələbələrdən bəziləri isə üzü tüklü, müxtəlif formada saqqal saxlayaraq, dərsə gəlirlər. Düşünürəm ki, təhsil ocaqlarında "qaydalar"ın tətbiqinin gücləndirilməsi, tələblərin yerinə yetirilməsi vərdişə, etik normaya çevrilərsə, o zaman xüsusi geyim formasına ehtiyac qalmaz. Müəllimin geyimi ilə bağlı aşağıdakı qaydalara diqqət edək:

  1. Müəllimlərin geyimi sadəliyi, səliqəliliyi, təmizliyi ilə seçilməlidir. Axı müəllim şagirdin, tələbənin qarşısında, eləcə də cəmiyyətdə diqqət mərkəzindədir.

2.Qadın müəllimlər  şalvardan birdəfəlik imtina etməlidirlər. Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyildir.

 3.Qadın müəllimləri qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar. Bəzən bər-bəzəkli parçalardan tikilmiş geyimlərin üzərindəki parlaq rənglər, müxtəlif rəngarəng şəkillər müəllim obrazına kölgə salır, nüfuzuna xələl gətirir.

  1. Qeyri-adi saç düzümündə, qızıl-zinət əşyaları ilə, bəzənmiş şəkildə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır.
  2. Kişi müəllimlər kostyum geyinməli, qalstuk taxmalıdır. Bu, kişi müəllimlərin imici kimi onlara nüfuz və hörmət gətirir. Beləliklə, kişi müəllimlər də, qadın müəllimlər də müəllim adına yaraşan geyim geyməlidir".

Bütün qeyd etdiklərimiz onu deməyə əsas verir ki, istər kişi, istərsə də qadın müəllim ilk əvvəlcə öz şagird və tələbələri üçün nümunə olmalıdır, sözün tam anlamında. Çünki müəllim adını daşıyan o insan uşaqlara ancaq bilik, savad vermir, eyni zamanda onları gələcək həyata hazırlayır və onların nümunəsi uşaqların yaddaşında əbədi həkk olunur. Müəllim, sözün həqiqi mənasında müqəddəs bir peşədir. Çünki bütün peşələrin təməlində müəllim peşəsi durur. İnsanın böyüyüb hansı peşəni seçəcəyi, hansı vəzifəyə yüksələcəyi də, bilavasitə ona nümünə göstərən müəllimdən asılıdır. Bu barədə çox danışmaq olar. Gəlin bir daha düşünək və özümüz üçün bir nümunə seçək, müəllim nümunəsi. Mənə belə gəlir ki, bu mövzunu müzakirə etməyə dəyər. 

 Hazırladı: Şahnaz Salehqızı

0.12672781944275