Dövlət idarəçilk sistemindəki "tıxac"

Cəmiyyətin xəstəliyi- qohumbazlıq, yerlibazlıq, dostbazlıq

 Bəri başdan bir həqiqəti diqqətinizə çatdırım ki, Azərbaycan reallıqları barədə hər hansı bir mövzuda yazı yazmaq istəyəndə, sanki insan beyni də tıxaca düşür.

Ümumiyyətlə, Azərbaycan reallığında həlli müşkül problemlərində biri də, məhz tıxacdır desək, yəqin ki yanılmarıq, sözün bütün mənalarında.

Son illər bu problemlərin aradan qaldırılması istiqamətində dövlət başçımızın həyata keçirdiyi qlobal islahatlara baxmayaraq, problem elə yerində "qazlayır", elə bil səhər-səhər Bakı-Sumqayıt şossesindəsən. Çünki dövlətin idarəetmə sisteminin özü tıxac vəziyyətindədir və bu vəziyyətdən çıxmaq marağında deyil. Prezident İlham Əliyevin Sərəncamları ilə bir sıra infrastruktur rəhbərlərinin dəyişdirilməsinin də bir effekt verməməsi, onu deməyə əsas verir ki, dövlət idarəetmə sistemində ciddi "cərrahi əməliyyat"a ehtiyac var. İlk növbədə qohumbazlıq, yerlibazlıq, dostbazlıq kimi hallar dövlət idarəçilik sistemindən uzaqlaşdırılmalı, gənclərə daha çox üstünlük verilməli, əsas kriteriya isə vəzifəyə təyinat alan şəxsin peşəkarlığı və əxlaqı olmalıdır.

Bu günlərdə mətbuatda çox hallanan bir problemə toxunmaq istəyirəm. Bu da Təcili-Tibbi Yardım briqadalarının yardıma ehtiyacı olan insanların köməyinə çox gec çatmaları problemidir ki, illərdir öz həllini tapmır. Təcili Tibbi Yardım briqadaları əməkdaşlarının və əhalinin iddialarına görə, bunun əsas səbəbi briqadaların sayının az olmasıdır. Ancaq nə Səhiyyə Nazirliyi, nə də Abşeron rayon, Xırdalan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi bu iddialarla razılaşmırlar.

Burada bir anlaşılmazlığı xüsusi qeyd etmək istəyirəm. Xırdalan şəhər sakinlərinin iddialarına görə, artıq 30 ildir ki, bu şəhərin (onu da qeyd edim ki, Xırdalan 30 il əvvəl balaca bir qəsəbə idi və artıq şəhər statusu almış bir yaşayış məskənidir) əhalisi cəmi 3 Təcili-Tibbi Yardım briqadasının ümidinə qalıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə xanım Əhmədova Təcili Tibbi Yardım briqadalarının çatışmaması ilə bağlı iradlarla razılaşmasa da, həmin faktı dolayısı ilə təsdiqləyir. Səfayə xanım mətbuata açıqlamasında deyib ki, bütün ərazilərdə TTY xidməti əhalinin sayına uyğun müəyyənləşdirilir: "Bu düşünülmüş siyasətdir və indiyədək də təcili tibbi yardım xidməti ilə bağlı heç bir problem olmayıb. Təcili-Tibbi yardım xidmətinin ünvana gec çatması o demək deyil ki, maşın və ya həkim yoxdur. Ona görə ki, yolda imkan verilmir". Əhsən, mərhaba bundan gözəl açıqlama olar.

Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban xanım Qaralova da əhalinin və həkimlərin iddiaları ilə razılaşmır. Mehriban xanım qeyd edir ki, Xırdalan şəhərində 18 təcili tibbi yardım xidməti briqadası fəaliyyət göstərir. Baş həkim onu da bildirir ki, belə hallar əvvələr olub, son 3 ildə isə briqadaların sayının artırılması ilə bu problem həll olunub.

Gördüyünüz kimi, heç kim öz ayranına turş demir. Hamı çalışır ki, bütün qaranlıq məsələlərdə tıxac problemini baiskar çıxarsın. Bu öz yerində. Yuxarıda qeyd etdim axı, "tıxac" bu ölkəni ən ciddi problemidir. Kim işə, dərsə, hansısa bir görüşə gecikir, günahkar tıxacdır.

İnanırsınız, bazarda malın üzərinə dədəsin də qimətin qoyub satan tacir də, qimət artımında tıxacı günahkar çıxarır, "yolda tıxac idi, malın yarısı zay oldu, məcburam bu qimətə satam". Buna da bir əhsən,-"molodes!"

Mən də Abşeron rayonu ərazisində yaşadığımdan, problemdən bir qədər xəbərim var və o açıqlamalarla əsla razılaşmıram. Demirəm, yalan danışırlar, babalı öz boyunlarına. Bu dünyada bütün yalan danışanların da, öz həqiqətləri var...

Birincisi, Masazır qəsəbəsi ilə Xırdalan şəhər təcili tibbi yardım xidmətinin yerləşdiyi yer arasındakı məsafə 5-10 km. arasındadır. Mən bu yolu günün ən intensiv saatlarında 6-10 dəqiqəyə gedirəm. Hətta bir dəfə 5 dəqiqəyə həmin xidmət sahəsinə bir xəstə çatdırdım, qəbul etmədilər ki; "Cəmi üç maşınımız var, onlar da ərazidədirlər. Gedin evdən zəng edin, qeydiyyata alaq və boşalan kimi oraya maşın göndərərik". Bax belə...

Dəfələrlə müşahidə etmişəm ki, bu ərazidə təcili tibbi xidmət maşınlarına hamı yol verir. Yaxşı, əgər yetərincə maşın, həkim varsa, nə üçün həmin maşınlar xəstənin yardımına 45- 50 dəqiqəyə, ondan da uzun bir zamana gəlib çatır? Yaxud, nə üçün təcili tibbi xidmət sahəsində növbətçi həkim olmur? Bəlkə biri öz xəstəsini özü oraya çatdırmaq imkanındadır...

İkincisi, təcili tibbi yardım maşınları nə üçün əməliyyat vaxtı (çağırışa gedən, yaxud qayıdanda fərq etməz) yanacaqdoldurma məntəqələrinə girmək məcburiyyətindədirlər, bu, gecikməyə səbəb deyil? Olmaz ki, həmin maşınlar işə başlayan zaman tam yanacaqla təmin olsunlar? Olar. Ancaq bunun üçün gərəkdir ki, həmin strukturun rəhbərliyində istək olsun. Bu isə çox təəssüflər  ki, yoxdur.

Üçüncü problem; Səhiyyə Nazirliyinin əməkdaşı deyir ki, təcili tibbi yardım briqadaları əhalinin sayına görə müəyyən edilir. Sual edirəm, son 30 ildə Xırdalan şəhərinin, yaxud Masazır qəsəbəsinin əhalisinin neçə dəfə artmasından onların xəbəri varmı? Yoxdur! Çünki belə bir statistikanı heç kim aparmır və aparmaq da mümkün deyil.

Dördüncü problem, istər Xırdalan şəhərində, istərsə də Abşeron rayonunun  digər qəsəbə və kəndlərində dəqiq ünvanların mövcud olmamasıdır.

Dövlət Əmlak Komitəsi dəllalların (maklerlərin) "istəyi" ilə istənilən əraziyə istənilən ünvanı verir?!... Məsələn, çıxarışda (kupça) göstərilir ki, əyri evin arxasında, 2-ci küçə 10-cu ev. Yaxud, şəxsən mənim yaşadığım ünvan kimi- Masazır kəndi, şəhid Z.Həsənov küçəsi, dalan 1, ev 5. Əslində isə mənim yaşadığım ünvanın Z.Həsənov küçəsinə heç bir aidiyyəti yoxdur. Bu barədə qəsəbə bələdiyyəsinin nümayəndəsinə sual verəndə deyir ki, kənddə əksər yeni ünvanlar belə yazılıb. Belə olduğu təqdirdə, təcili yardım çağırdığımız zaman ünvan soruşmağın nə mənası var? Yaxud, əyri evin arxasındakı 2-ci küçəni həkim necə tapsın? Ən acınacaqlısı odur ki, Masazır qəsəbəsində mənim qeyd etdiyim ünvan var, onun da "kupça"sında tamam başqa bir ünvan qeyd olunub.

Faciə bilirsiniz nədədir? Biri polisə zəng edir ki, evimi soyurlar məni də ödürəcəklər, pols ünvanı qeyd edir, həmin ünvana əməliyyat qrupu göndərir, gəlib görürlər ki, həyətdə toy-bayramdır və polisə də heç kim zəng etməyib. Bunu da yalan zəng kimi qeyd edib gedirlər. Yarım saat sonra məlum olur ki, həmin şəxsi iki tin aşağıda ölü tapıblar. Bunu misal üçün dedim.

Bütün bunlara səbəb dövlət idarçilik sistemindəki "tıxac"dır. Nə qədər ki, bu tıxac aradan qaldırılmayıb belə hallar da artmaqda davam edəcək.

Başqa bir misal, mən ünvanımı deyib yardım gözləyirəm, o da gedir mənim dediyim ünvana, yaşadığım ünvana deyil, orada da ona deyirlər ki, biz yardım çağırmamışıq. Bax, əsl problem də budur, dövlət idirəetmə sistemindəki tıxac. Avtomobil yollarındakı tıxac təkcə sürücüləri və sərnişinləri narahat edirsə, idarəetmə sistemindəki tıxac hər birimizi narahat etməlidir.

Ancaq görünəni odur ki, insanların sağlamlığına bilavasitə cavabdeh olan Səhiyyə Nazirliyi bu sahədə baş verən tıxaclardan əsla narahatlıq keçirmir. Hər şeyi həkimlə xəstənin öhtəsinə buraxıb. Kim-kimdən nə qədər "qopara" bilər öz işləridir.

Məni maraqlandıran bir məsələni də qeyd etmək istəyirəm. Deyək ki, yardım gəldi və xəstəni xəstəxanaya apardı. Məlumdur ki, Xırdalan, yaxud Masazırda heç də elitar təbəqə (maddi baxımdan) mənsubları məskunlaşmayıblar. Xəstəni gətirdilər hansısa bir klinikaya, orada isə deyirlər ki, xəstənin burada qalması üçün gündəlik 100-300 (rəqəm klinikalara görə dəyşir) manat ödənməlidir. cəmi 160-300 manat (xüsusi qeyd edirəm-aylıq) təqaüd, yaxud maaş alan ölkə vətəndaşı bir günlük xəstəxana xidməti üçün 300 manatı necə və haradan alaraq ödəməlidir?

Mən 100 faiz əminəm ki, klinika rəhbərliyini və həkimləri bu, əsla narahat etmir, bəs dövləti necə? Bütün bunlara kim və necə nəzarət etməlidir?

Bizim bir möhtəşəm nazirliyimiz var adı nəyə desən dəyər, əməli isə heç bir qəpiyə dəyməz- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Görün nə gözəl, möhtəşəm bir addır. Bilirsiniz bu, əslində Qəhraman adında birisinin, qorxaqlığına bənzəyir. Adı Qəhrəmandır, özü isə...

Mən bu günə qədər bir nəfər vətəndaşdan eşitməmişəm ki, onun əmək, yaxud sosial müdafiəyə ehtiycı olsun və bu nazirlik ona kömək etsin. Amma sosial və əməyin müdafiəsinə ehtiyacı olan yüzlərlə insan tanıyıram ki, bu nazirliyə müraciət edib və istəyi divara dəyib.

Səlim Müslümov bu nazirliyi elə bir "tıxaca" salıb ki, Sahil Babayev bu templə 50 il də çalışsa, o tıxacdan çıxa bilməyəcək.

Bu gün söhbət insan sağlamlığından, insana insani münasibətdən gedirsə, burada dövlət idarəçilik sisteminin bir strukturu belə, kənada qala bilməz.

Çünki insana münasibət, insanın sağlamlığı eyni zamanda dövlətə münasibət və sağlam dövlət deməkdir. Biz sovet rejiminin süqutundan sonra dövlətin necə tıxaca düşdüyünün canlı şahidi olduq. Bu  siyasi "tıxac"dan bizi Azərbaycan xalqının Ümummilli Lideri çıxara bildi və artıq 15 ildən çoxdur ki, Prezident İlham Əliyev bu yolu davam etdirir. Lakin çox təəssüflər olsun ki, dövlət idarəçiliyi sistemində ora layiq olmayanlar vəzifə tuta bilibər və yenə də müxtəlif yollarla dövləti "tıxaca" salmağa çalışırlar. Onların qarşısı alınmasa, bu qaçılmaz bir proses olacaq.

 Yusif Seyid

0.061064958572388