Beyləqanda əhali DYP rəisinin təhqirinə və əməkdaşın qanunsuz hərəkətinə etiraz edir

Beyləqanda əhali DYP rəisinin təhqirinə və əməkdaşın qanunsuz hərəkətinə etiraz edir
 

Kənd əhalisi icra başçısı Asif Ağayevlə görüşdü, ərazi nümayəndəsi vəzifədən getdi 

Beyləqan rayonunun Təzəkənd kəndinin əhalisi bir neçə gündür ki, həyəcan içərisindədir. Kənd əhalisinin həyəcanına Dövlət Yol Polisi Beyləqan rayon şöbəsinin əməkdaşlarının kəndin avtomobil, traktor və digər texnika sahiblərini mütəmadi olaraq yerli-yersiz təqib etmələri, texnika sahiblərinə qarşı qanunçuluqla ziddiyyət təşkil edən, milli adət-ənənələrimizə uyğun olmayan tərzdə zor tətbiqi və təhqir etmələri səbəb olub.

Kənd əhalisinin təkidli tələbi və xahişi ilə 15 may 2019-cu il tarixdə qəzetimizin baş redaktoru, “Əməkdar mədəniyyət işçisi”, pedaqoji fəlsəfə doktoru, Qarabağ müharibə veteranı Tapdıq Abbas qəzetin əməkdaşları Vaqif Cəmiloğlu və Aran bölməsinin rəhbəri, yazıçı, şair-publisist Elman İsrafiloğludan ibarət ekiplə kənd əhalisi ilə görüşüb DYP Beyləqan bölməsinin rəisi Azad Məmmədov və onun müavini Taleh Ataxan oğlu ilə aralarında baş vermiş xoşagəlməz hadisənin təfərrüatını zərərçəkənlərin, hadisə şahidlərinin və kənd əhalisinin nümayəndələrinin iştirakı ilə müzakirə edərək, jurnalist araşdırması aparmışlar.

Kənd əhalisi nümayəndəərinin iştirakı ilə aparılmış araşdırma nəticəsində məlum olub ki, xeyli vaxtdır kənd ərazisində DYP Beyləqan rayon bölməsinin Taleh, Elgün adlı əməkdaşları kəndin minik, yük avtomobil və kənd təsərrüfatı texnikası, xüsusən ot biçən traktor sahiblərini təqib edərək, heç bir əsas olmadan, onlara aid olan texnikanın sənədlərinin düz olmamasını və yol hərəkətinə aid qaydaları kobud şəkildə pozduqlarını bəhanə gətirərək, bəzi şəxslərə qarşı öz qapısında ailəsinin gözü qarşısında kobud formada zor tətbiq etmişlər, Rəhimov Qulu Sarı oğlunu (qaçqın traktorçunun dediyinə görə, onu zorla polis şöbəsinə aparıb, 500 manat cərimə etmişlər) qəbul olunmaz halda kənd ictimaiyyətinin gözü qarşısında həbs edəndə əhali Taleh Ataxan oğlunun hərəkətindən hiddətlənmişlər, hüquqi yardım göstərmək üçün kənddə yaşayan jurnalist Amil Quliyevi hadisə yerinə dəvət etmişlər. Amil Quliyev hadisə baş verən yerə gəlmiş və Taleh Ataxan oğlunun polisə əməkdaşına yaraşmayan qanunazidd, səhv hərəkət etdiyini ona xatırladaraq, onu xalqın gözü qarşısında səhv hərəkət etməkdən çəkindirmiş, Talehin qanunsuz hərəkətindən əsəbləşmiş kənd camaatını isə sakitləşdirmişdir.

Bu hadisədən xeyli keçmiş Taleh Ataxan oğlu jurnalist Amil Quliyevə zəng edərək, onu camaatı toplayıb provakasiya ilə məşğul olmaqda ittiham etmiş və telefonu DYP Beyləqan bölməsinin rəisi Azad Məmmədova verdiyini bildirmiş, DYP rəisi Azad Məmmədov jurnalist Amil Quliyevlə danışmağa başladığı anda jurnalist telefonun mikrafonunu açmış və Azad Məmmədovun kənd əhalisinin və jurnalist Amil Quliyevin ünvanına söylədiyi ağır təhqir ifadələrini ətrafda olan 20-dən çox insan eşitmişdir. Bu təhqiri eşidən adamlar kənd əhalisinə xəbər vermiş və camaat icra hakimiyyətinə yürüş etmişlər.

13 may 2019-cu il tarixdə 70-dən çox kənd əhalisi Beyləqan rayon icra hakimiyyətinə yürüş etmişlər, onların bir neçə nümayəndəsini icra başçısı Asif Ağayev iş kabinetində qəbul etmiş, başçı hadisədən xəbərsiz olduğunu bildirmiş, hadisə barədə vaxtında başçıya məlumat vermədiyinə görə, ərazi nümayəndəsi Bakir Hümbətovu vəzifəsindən azad etmiş və hadisəni ciddi araşdırıb, günahkarlar barədə qəti ölçü götürüləcəyini bildirib.

Görüşdə Təzəkənd əhalisinin nümayəndələri bildirmişlər ki, DYP rəisi və əməkdaşı ilə camaat arasında baş vermiş xoşagəlməz hadisə barədə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Daxili İşlər naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova şikayət teleqramları göndərmişlər və kənddə baş vermiş insidentin günahkarları olan DYP Beyləqan rayon bölməsinin rəisi Azad Məmmədovun və onun müavini Taleh Ataxan oğlunun ciddi cəzalandırılmasını xahiş etmişlər. Kənd camaatı müraciətlərinə vaxtında və ədalətlə baxılacağına ümid etdiklərini, xüsusən ölkə Prezident cənab İlham Heydər oğlunun həddini aşmış, təkcə kənd əhalisinin deyil, qanunazidd və polis işçisinə yaraşmayan hərəkətləri ilə rayon əhalisinin canını boğazına yığmış DYP əməkdaşlarının barəsində qəti tədbir görəcəyinə əmin olduqlarını ifadə ediblər.

Baş redaktor kənd camaatı ilə görüşü bitirdikdən sonra Beyləqan RPŞ-nin rəisi cənab Rəşid Piriyevlə telefon əlaqəsi saxlayıb, kənd əhalisi ilə görüşün nəticəsini onunla bölüşüb və kənd əhalisi ilə qaba rəftar etmiş, telefon danışığında camaatın ünvanına təhqir söyləmiş vəzifəli şəxslərin barəsində ciddi araşdırmaya ehtiyac olduğu xüsusi qeyd edilib. Polis rəisi isə hadisəni ciddi araşdıracağını və camaatla kobud rəftar fakti təsdiq olunarsa, lazımı tədbir görüləcəyini bildirib.

 Elman İsrafiloğlu
"Paralel.az"-ın Qarabağ bürosunun rəhbəri,
yazıçı, şair və jurnalist

0.033658027648926