Radek Vondraçek: Çexiya həmişə Qarabağ məsələsinə böyük həssaslıqla yanaşıb

Milli Məclisin (MM) sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

milletinsesi.info-ın xəbərinə görə, spiker  qeyd edib ki, Çexiya ölkəmiz üçün dost və əhəmiyyətli tərəfdaşdır:

“Biz Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm veririk. Ölkələrimiz arasında hələ sovetlər dönəmində mədəniyyət, təhsil, elm sahələrində sıx əlaqələr qurulub. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Siyasi əlaqələrimiz təqdirəlayiqdir. İndiyədək ölkələrimiz arasında 29 sənəd imzalanıb, 12 sənəd isə baxılmaqdadır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 50 milyon ABŞ dolları səviyyəsində olub. Biz gələcəkdə bu göstəricini yüksəltmək istəyirik”.

Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker 2013-cü ilin fevralında Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərara görə həmkarına minnətdarlığını ifadə edib.

Bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır.

Radek Vondraçek isə qanunverici orqanlar səviyyəsində  əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb:

“Çexiya Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir”.

O, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar deyib ki, onun ölkəsi bu problemə həmişə böyük həssaslıqla yanaşıb və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Kamil HƏMZƏOĞLU

0.062075853347778