"Dəmir adam" vaqonu saçı ilə dartdı

Pəhləvanlıq Azərbaycanın qədim idman və əyləncə növlərindən biridir. Lakin bu idman-əyləncə növü ənənələrini davam etdirən çox az sayda insanlar var. Belə insanlardan biri də Azərbaycanı dünyada tanıdan məşhur pəhləvan Nürəddin Beyləqanlıdır. Nurəddin Beyləqanlı bu il də öz ənənəsinə sadiq qalaraq Bakının Dəmir Yol Vağzalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə musiqili idman tədbiri təşkil edib. Azərbaycan bayrağı ilə bəzədilmiş platformada və ətraf ərazilərdə xeyli sayda tamaşaçının toplaşdığı tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Musiqili şou proqramının aparıcıları telejurnalist yazıçı Kamil Məhərrəmoğlu (Nehrəmli ) və Nisə Yusifqızı tədbir iştirakçılarını salamlayıblar. Kamil Məhərrəmoglu Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən söhbət açıb və tədbirin gənclərimizin vətənpərvər ruhda böyüməsində əhəmiyyətindən danışıb.

Proqramın aparıcısı və müğənni Nisə Yusifqızı ifa etdiyi "Azərbaycan" mahnısı ilə tədbirdə xoş ovqat yaradıb. Nizami rayonu 229 saylı tam orta məktəbin şagirdi Rəhilə Rəcəbli, Binəqədi rayonu 182 saylı tam orta məktəbin şagirdləri Əli Hüseynli və Zəhra Hüseynli dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə yazılan şeirləri xüsusi məharətlə söyləyiblər və mahnılar səsləndirilib. Vaxtilə məşhur, adlı-sanlı Rəşid pəhləvandan dərs alan və uzun illər pəhləvanlıq edən Ağabəy pəhləvan və Müsəllim pəhləvan da, dostları ilə qürur hissi keçirdiklərini bildiriblər və Nurəddin Beyləqanlıya uğurlar arzulayıblar. Sonra əyləncəli musiqili şou proqramı başlayıb. Qara zurnanın sədaları hər tərəfə yayılıb. Meydan pəhləvanımıza verilib. İlk şou olduqca maraqlı və heyrətləndirici olub. Dəmir Yol Vağzalında xeyli canlanma müşahidə edilib. Nurəddin Beyləqanlı 150 millimetrlik mismarı alnı ilə iki həmlədə taxtaya vurduqdan sonra, dişiylə həmin mismarı çıxardarkən alqış sədaları hər tərəfə yayılıb. Olduqca riskli və qeyri-adi hərəkətləri ilə tədbir iştirakcılarını heyrətləndirən pəhləvanımız bu dəfə diametri 15 sm qalınlığında olan dəmir armaturu dişləri ilə iki yerə qatlayıb. Nurəddin Beyləqanlının göstərdiyi bu proqram hər kəsi təəccübləndirib. Sonra acıq havada iki "Niva" markalı avtomobili əks istiqamətə sürməyə cəhd edən sürücülər dəmir barmaqlıqlar arasında məngənə kimi sıxılaraq yerindən tərpənə bilməyib. Nurəddin Beyləqanlı hər iki qolu ilə avtomobillərin hərəkətini dayandırmaqla qeyri-adi güc nümayiş etdirib. Hamının "dəmir adam" adlandırdığı pəhləvanımızın sonuncu proqramı olduqca maraqlı və təhlükəli olub. Təsəvvür edin ki, 64 ton ağırlığında olan vaqonu saçıyla dartaraq yerindən tərpətmək və ardınca aparmaq nə deməkdir?

Bu şou proqramının da öhdəsindən uğurla gələn pəhləvanımızın qeyri-adi gücü hər kəsi heyrətləndirib və alqışlarla qarşılanıb. Minlərlə paytaxt sakini bu canlı  tamaşanı öz gözləri ilə görüblər və Azərbaycan pəhləvanı ilə qürur duyublar. Hər kəs Koroğlu biləkli dəmir adamla şəkil çəkdirməyə can atıb. Tədbir geniş ictimaiyyət tərəfindən alqışlarla qarşılanıb. Belə igid, cəsarətli oğulları olan xalq heç zaman düşmənə baş əyməz. İnanırıq ki, Ali Baş Komandanımızın əmri ilə belə cəsur, qorxmaz oğullarımızın sayəsində işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik.

Xatırladaq ki, aprel döyüşlərində düşməndən azad edilən Cocuq Mərcanlı kəndində verilən ilk konsertdə Nurəddin Beyləqanlı da öz nömrələri ilə iştirak edib.

Qeyd edək ki, Nurədin Beyləqanlı indiyədək Rusiyanın, Türkiyənin yüksək mükafatlarına layiq görüldüyü halda, Azərbaycanda heç bir ali mükafata layiq görülməyib. İnanırıq ki, sənab Prezident ölkəmizi dünyada ləyaqətlə təmsil etdiyinə görə, Nurəddin Beyləqanlını dövlətimizin yüksək mükafatlarından birinə layiq görəcək.

0.046726942062378