İnsanlıq hissi itəndə...

 Baş redaktor
“Əməkdar mədəniyyət işçisi,"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Cəmiyyətin tənəzzülü başlayır

 ...İNSANa yer üzünün əşrəfi də deyillər! Yəni, bütün varlıqların ən alisi, bəşəriyyətin düzən verəni, Allahın yer üzündəki bəndəsi və Nəbisi! İnsanın böyük varlıq olduğunu, hətta mələklərdən də yüksəkdə dyayndığını Uca Rəbbim də təsdiq edib. Allah özünə məxsus olan YARADAN qüdrətinin bir hissəsini, məhz insana verib! Ona görə də, İNSAN əməyi, zəkası çox böyük gücə malikdir. Yer kürəsində təbiət tərəfindən yaradılmış relyef sistemindən (dağlar, dərələr, okeanlar və, s) başqa, gözümüzə dəyən hər şeyin, yer üzərində salınmış şəhərli-kəndli, bütün yaşayış məskənlərinin, yeraltı, yerüstü, havada və kosmosda hərəkət edən bütün növ nəqliyyatların hamısı İNSAN tərəfindən yaradılıb...

...İnsan yarandığı gündən onun haqqında çox qiymətli hədislər yaranıb, əsərlər yazılıb, filmlər çəkilib və bu prosesin dünya durduqca davam edəcəyinə hələ bu günə qədər şübhə ilə yanaşan yoxdur və ola da bilməz. Adəm babamızla Həvva nənəmizin dünyaya zühurundan başalayaraq, İnsanın ən yüksək bəşər övladı olduğunu anlamaq üçün tək bir şeyi daim xatırlamaq, unutmamaq vacibdir ki, Allahın peyğəmbərləri, peyğəmbərin imamları mələklər, cinlər və digər varlıqlar deyil, məhz İNSAN seçilib! Bu fakt bizə ALLAH qatında İNSANın nə qədər yüksək məqam sahibi olduğunu diqqətdə saxlamağı diqtə və əmr edir!..

... Ramazan ayının insan həyatına xoş təsir etdiyi günləri yaşayırıq. Oruc tutanların dualarının Allah qatında qəbul olunmasını Yaradandan təmənna edirəm! Bu Müqəddəs Ay haqqında, onun fəzilətləri barədə vacib məlumatların insanlara çoxdan verildiyini nəzərə alıb, bu barədə geniş bəhs etmək fikirində deyiləm və bu yazını yazmağa hazırlaşarkan da, məqsədim Ramazan ayı barədə təfsilata varmaq olmayıb. Məqsədim yer üzünün əşrəfi adlandırılan İNSANın bəzi mənfi məziyyətlərini, xüsusən İNSAN LƏYAQƏTİni alçaldan, İNSANA hörmət yox, töhmət gətirən nüanslar, hallar barədə xırda qeydlər etməkdən ibarətdir...

... Dərk etmək lazımdır ki, İNSANı ən yüksək varlıq olaraq yaradan UCA ALLAH özünün bəzi yüksək keyfiyyət və xüsusiyyətlərini ona görə İNSANa verib ki, O, həmin gözəl imkanları, xüsusiyyətləri, istedad və qabiliyyətini bəşəriyyətin xeyirinə sərf etsin. Lakin yaddan çıxarmayaq ki, axı, bu dünyada bəşəriyyətin əşrəfi sayılan İNASNLA bərabər, birlikdə yaşayan üzdəniraq ŞEYTAN da var. Ona görə də, insan yaxud cin olsun, yolunu azanlar, haqq yoldan üz döndərib Şeytana qoşulanların da ətrafımızda olduğunu unutmamalıyıq.

Onu da unutmayaq ki, ALLAH bu dünyanı ADƏM babamızla HƏVVA nənəmizin səhvi üzündən İMTAHAN dünyası kimi 6 gün ərzində yaradıb və bu dünya istirahət, səadət, xoşbəxtlik, rahatlıq üçün deyil, məhz İNSANların imtahanlardan, ağır sınaqlardan keçməsi üçün yaradılıb. Yaradılışın kökündə İNSANın imtahanının əsasını təşkil edən iki şərt var: ALLAHın buyruğuna itaət etməklə, Cənnəti aparan yolu seçmək, ya da ŞEYTANIN təlqin etdiyi fani dünyanın cazibədar pis əməllərinə uyub, Cəhənnəmə gedən pis yolu seçmək...

...Təəssüflə qeyd edirəm ki, hazırda dünyada və ölkəmizdə gedən mənfi prosesləri nəzərdə keçirəndə insanların əksəriyyətinin doğru yoldan uzaq düşməsinin şahidi oluruq. Dünya şeytan tələsinə düşmüş, dünyanı öz şəxsi maraqlarının bazarına çevirmiş insanların həddi bilinməyən sərvət, şəhvət etirasının məngənəsi altında inildəyir. Dünya ağalığı iddiasına düşən kim, insanlara zülm etməklə, doymaq bilməyən mədəsinin təlabatını ödəmək üçün hər cür insanlığazidd, imanla, ləyaqətlə, insanlıq anlayışı ilə bir yerə sığışmayan hərəkələrə rəvac verən kim, bir sözlə, cəmiyyət əxlaqsız və tərbiyəsiz imkanlı adamların vadal əməllərinin bataqlığından keçmək zorunda qalıb.

... Azərbaycan islam ölkəsidir. Baxın, diqqətlə baxın, görün, islam ölkəsində formalaşmış cəmiyyətimiz nə kökdədir? Hara baxırsan insanlıq hissini itirmiş, Allhdan və dindən bixəbər insanların sərsəm əməllərilə qarşılaşırsan. Vicdan deyilən, insana xas müsbət xüsusiyyət sanki cəmiyyətimizdə qeybə çəkilib. Heç kim heç kimin ərizəsini oxumur, heç kim məzlumun səsini eşitmir, hər kəs özünün quduz tamahının ovçusuna çevrilib, vəziyyət o həddə çatıb ki, ölkə Prezidenti məmurlara etibar etmir, onunla çox çətinliklə görüşə gələn şikayətçi insanların məktublarını öz alır. Yəni, ölkə Prezidenti və xanımı millət üçün açıq olduqca, insanlarla birbaşa təmasda olduqca, onların məktublarını özləri topladıqca vətəndaşın öz Prezidentinə inamı, hörməti və məhəbbəti qat-qat artır və insanlar məmurların qurduqları qadağa baryerlərini aşdıqca, ölkəsinə sayğısı, sevgisi də artır...

... Ölkə Prezidenti və Mehriban xanımın sadə insanlar, ölkə vətəndaşlarına bu gün nə qədər yaxındırsa, əksər məmurlar xalqdan bir o qədər uzaqdırlar. Bugünlərdə rayonlardan birində icra başçısı ilə kənd əhalisinin görüşünün gedişi barədə söhbətə qulaq asdım. Söhbətin məzmunundan məlum oldu ki, əslində, icra başçısı kənd camaatı ilə görüşüb, onların problemləri ilə tanış olub, əhalinin problemlərini həll etmək əvəzinə, dəstəsini başına yığıb əhalini hədələməyə gedib! Buyurun, fərqə baxın və qiymət verin: ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanımın xalqla, sadə əhali ilə görüşü hansı yüksək ruhda keçir, ölkə Prezidentinin əyalətdəki nümayəndəsi kənd əhalisi ilə hansı məramla görüş keçirir!?..

...Həmişə qeyd etmişəm, yenə də qeyd edirəm ki, ölkə Prezidentinin təmsilçisi kifayət qədər yüksək mədəniyyətə, savada, biliyə, tərbiyəyə malik olmalıdır. Çünki ölkə Prezidenti nə qədər əhali ilə çox görüşsə  belə, O, bütün ölkə boyunca yaşayan insanların hamısı ilə qısa zamanda görüşmək imkanına malik deyil və bu işdə ona onun yerdəki təmsilçiləri yardım etməlidirlər, eyni zamanda, Prezidentin təmsilçiləri ilə əhalinin görüşləri Prezidentlə görüş səviyyəsində alınmasa da, ən azı, onun kiçildilmiş məzmununu özündə əks etdirməlidir. Lakin yuxarıda əyalətdən bəhs etdiyim başçı ilə kənd əhli arasında baş tutmuş görüşün motivindən açıq görünən odur ki, yerli icra hakimiyyətləri başçılarının bir çoxu özlərini rəhbər kimi yox, jandarma xislətində təqdim edirlər. Səbəbi isə hər kəsə məlumdur, xalqla münasibət qurub, normal söhbət aparmaq və bu söhbəti elə qurulmalıdır ki, insanlar başçı ilə görüşə gəldikləri mənfi hissilərdən azad olub, müsbət əhvalı-ruhiyyəyə köklənsin və evlərinə rahat yollansınlar...

...Sonda əyalətlərdə yaşayan əhalini narahat edən bir məsələni də qeyd edim ki, rayonlarda baş verən hadisələrin tündləşməsində polis rəislərinin rolu çox böyükdür. Rayonlarda formalaşan sosial-ictimai mühitin yaxşı və ya pis olması icra başçıları ilə yanaşı, həm də polis rəislərinin özlərinin qanunçuluğa nə dərəcədə riayət etmələrindən asılıdır. İcra başçıları arasında elələri var ki, rayonun bütün külli- ixtiyarını polis rəisinə verib, polis rəisi də əlinə keçmiş fürsətdən istifadə edərək, əhalini soyub talamaqla məşğuldur. Rayonlarda kimi dindirirsən, polis rəislərinin rüşvətxorluğundan, sərxoş sürücülərdən rüşvət yığmalarından, cinayətkarlarla əlbir olmalarından, narkotik ticarətilə məşğul olanları himayə etməklə, fahişəxanalar vasitəsilə qazanc əldə etmələrindən narazılıq edir.

... Həyatın dəyişməz qanunları çoxdur. Həmin dəyişməz qanunlardan ən vacibi İNSANLIQ HİSSİNİN itirilməməsidir! Kim olursan ol, hansı vəzifəni daşıyırsan, daşı, əgər insanlıq hissini itirməmisənsə, hər iki dünyanın ən müqəddəs nemətlərinə mütləq layiq olacaqsan, yox əgər İNSANLIQ HİSSİNİ itirmisənsə, hər iki dünyanın ən gözəl nemətlərindən məhrumsan demək... Baxmayaraq ki, bu dünyada yağ-bal içində yaşayırsan!

0.44285106658936