Deputatın qələbəsi yaxud, çörəksiz qalan uşaq

Artıq bir neçə gündür ki, gündəmi zəbt edən "popkorn" problemi xalqın dilində əzbər olub. Hamı bundan danışır. Sanki bu problemin kökündə "Qarabağın işğaldan azad olunması" yaxud, "imkansızlırın tam dövlət təminatına götürüləcəyi" qədər ciddi məsələlər durur.

Bu məsələdə məni daha çox təəccübləndirən bilirsiniz nə oldu?

- ...Yox, tapmadınız. Məni təəccübləndirən, nə deputat Rasim Musabəyovun yazdıqları, nə də ona verilən dəstək, yaxud tam əksinə, irad və ittihamlar oldu.  Məni təəccübləndirən aidiyyati qurumların deputatın qaldırdığı "fövqəladə problemə" yanaşması və adekvat addımları oldu. Axı biz hər zaman deputatların məmurların onların müraciətlərinə biganəliyindən gileyləndiklərini eşitmişik. Bizim möhtərəm və möhtəşəm deputatlarımızın hətta parlamentin tribunasından məmurların onların qəbul etdikləri qanunlara belə, məhəl qoymadıqları barədə iradlarının da dəfələrlə şahidi olmuşuq. Birdən birə nə oldu ki, Rasim bəyin aşkar etdiyi bu «dəhşətli qanun pozuntusuna» anındaca reaksiya verildi və deputat bu "mübərizədən" qalib çıxdı.

Deməli, bizim dövlət qurumlarımız, məmurlar istədikləri zaman, istədikləri problemi anındanca aradan qaldıra bilirlər. İstəmədikdə isə deputat yox ey, Şah Abbas xortdayıb gəlsə belə, heç bir nəticə olmayacaq.

O ki qaldı, deputatın bir iradı ilə gündəlik çörək pulu qazanan bir uşağın (böyük, kiçik fərq etməz) gündəlik çörək pulundan məhrum edilməsinə, bu barədə düşünməyə dəyər.

Məsələn, deputat maraqlana bilərdi ki, bu  uşaq, bu yaşında nədən burada çalışır? Onu bu işə vadar edirlər, yoxsa imkansızlıq üzündən işləmək məcburiyyətindədir? Yaxud, onun burada işləməsinə kimlər icazə verib?

Hörmətli deputatımızı isə bu suallar əsla maraqlandırmayıb. Çünki alacağı cavabı və ölkəmizdəki sosial-iqtisadi durumu bilir. Eyni zamanda deputat (mən millət vəkili sözünü ona görə işlətmirəm ki, millət vəkili olan şəxs ilk növbədə mənim qeyd etdiyim məsələlərlə maraqlanardı, təyinatlı deputatları isə xalqın mənafeyi maraqlandırmır) onu da bilir ki, bu suallara cavab vermək gücündə deyil. Bu səbəbdən də onu narahat edən həmin ərazidəki popkorn iyi, uşağın istifadə etdiyi elektrik enerjisinə görə haqq ödəməməsi və vergilərdən yayınmasıdır. Bir də ki, xarici qonaqlar. Bildiyiniz kimi, deputatlar dövlət büdcəsindən maliyyələşirlər və bu səbəbdən də enerji haqqının və vergidən yayınmanın deputatın maaşına bilavasitə təsiri ola bilər. "Büdcə bol olarsa, boş qalmaz deputat cibi».  

Deputatın, sadəcə xarici qonaqları düşünməsi faktı da onu deməyə əsas verir ki, ölkəmizdə bütün işlər xalqın rifahı və yaşamı üçün deyil, görüntü üçün həyata keçirilir. Bu bizim mental düşüncəmizdə yer almış bir həqiqətdir. Döşəyin qalını, qabların yenisi, xörəyin yaxşısı həmişə qonağa verilib, bu məmləkətdə. "Bakımız gözəldi", "gecələri daha gözəl və möhtəşəmdir Bakımızın".

"Xarici qonaqlar bu gözəlliyə valeh olurlar" və s. və i. Bəs bizim öz vətəndaşlarımız bu gözəllikdən məmnundurmu? Bax bu, heç kimi narahat etmir bu məmləkətdə, deputatları da həmçinin. Rasim bəy popkorn satan uşağın vergidən yayınmasından, istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməməsindən narahatdır, əbəs yerə. Hörmətli deputat, ölkəmizdə işıqpulunu ödəməyənin işığını elə kəsirlər ki, yazıq 2-3 gün küçələrdə qalır, onu düzəltdirə bilmir. O ki qaldı vergiyə, küçələrdə görülən bütün işlərə görə vergi ödənilir və buna o insanlar arasında "haqq" deyilir. Kimə və necə ödənilir bu artıq özgə bir söhbətin mövzusudur.

Əgər sizi bu məsələ çox narahat edirsə, bir deputat olaraq araşdırma aparın, görün ortaya necə ilginc faktlar çıxacaq. Həmin faktlardan gələn üfunət iyini isə heç kim hiss etmir. Eyni zamanda əvvəlcədən xəbərdarlıq edirəm ki, bu araşdırmanın nəticələri ilə mübakrizədə qələbə çalmaq, keçiddə popkorn satan uşağa qalib gəlmək qədər asan olmayacaq. Hətta deputat statusunuzu belə itirə bilərsiniz. Çünki bu araşdırma zamanı rüşvət və korrupsiya girdabında çapalayan bir cəmiyyətlə üz-üzə qalacaqsınız. Bir deputat kimi bu çirkabın cəmiyyətimizdən təmizlənməsinə qarşı mübarizə aparmaq gücünü özünüzdə hiss edirsinizmi? Edirsinizsə, sizə uğurlar! Etmirsinizsə, özünüz büdcənin dərdini çəkənlər kimi göstərib kasıb-kusubun çörəyini kəsməklə reytinq qazanmağa çalışmayın, lütfən!

Yusif Seyid

0.18592190742493