Qədim xəzinələrimiz hansı çətinliklər bahasına ortaya çıxarılır?

Fəhləyə 8, eşşəyə isə 40 manat...

 Azərbaycanın tarixinin nə qədər zəngin və qədim olduğunu yazsaq, ondan nə qədər bəhs etsək, yenə də azdır. Qələm əhlinə tariximizin bir abzaslıq məlumatını şərh etmək üçün bütöv qəzet nüsxəsinin bəs etməməsi də məlum məsələdir. Lakin təkcə tarixçilər deyil, bu sahədən kənar olanlar belə, tariximizin qiymətini heç olmasa, bir-iki sözlə ifadə etmək bacarığına qabildir. Tariximizin hansı qiymətdə olduğunu ortaya çıxaran məxəzlər isə, təkcə daş kitabələr, qədim əlyazmalar, salnamələr deyil. Arxeologiya deyilən bəlli bir sahə var ki, var olmuş, sonradan yoxa çıxmış, məhv edilmiş mədəniyyətlər, sivilizasiyalar məhz onun vasitəsilə üzə çıxarılır, öyrənilir, təqdim edilir.

Amma tariximizin vacib bir qolu hesab edilən arxeologiya barədə indi bəhs edəcəyim problemlərin var olduğunu heç güman etməzdim. Daim ağızdolusu danışdığımız, fəxr etdiyimiz, düşmən qonşumuzun yaranan hər imkanda oğurlamağa cəhd etdiyi tariximizin araşdırıcılarının qədim maddi-mənəvi xəzinəmizi hansı çətinliklər bahasına ortaya çıxardığı da bəlli olmazdı; ta ki Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın bugünlərdə diqqətimi çəkən müsahibəsini oxumasaydım...

İnstitut rəhbərinin söylədiyindən aydın olur ki, bu gün ən çətin sahə hesab edilən arxeologiya sahəsində həlli mümkün olan, amma nədənsə diqqətdən kənar qalan problemlər mövcuddur. Bu problemlərdən biri ekspedisiyalara olduqca az vaxtın, cəmisi bir ayın ayrılmasıdır. Yəni öncələr ekspedisiyalar aylarla çəkərdi, lakin Nazirlər Kabineti indi vaxt məhdudiyyəti qoyub. Bir ay müddətində arxeologiya aparmaq üçün vaxtın azlıq təşkil etməsini isə, bu sahədən bixəbərlər də anlaya bilər. Yuxarıda qeyd etdiyimiz kimi, tariximiz qərinələrlə, əsrlərlə, minilliklərlə ölçülürsə, onun qiymətli məxəzlərini, abidələrini, silinmiş sivilizasiyaların maddi-mənəvi qalıqlarını axtarıb-tapmaq üçün zaman baxımından bir ay deyil, illərin lazım olduğu qənaətindəyəm. Eyni zamanda, o qənaətdəyəm ki, institut direktorunun Nazirlər Kabinetinə mövcud vaxtı limitiylə bağlı dilə gətirdiyi istəyi də günün vacib məsələlərindən biridir.

Problemdən bəhs etdik, gərəkdir müsbət tendensiyalara da obyektiv yanaşaq. İnstitut rəhbəri söyləyir ki, vaxtilə arxeologiya elminə maraq az və bu sahəyə üz tutanlar məhdud sayda olub. Fəqət sözügedən qurum indi həmin problemi yaşamır.

Lakin yaxşı mətləblərdən söz açanda da, problemlər təcili özünü yetirir. Bu da Azərbaycanda hələ də arxeologiya fakültəsinin olmamasıdır. Maraqlıdır, bu sahə nə dərəcədə vacib, eyni zamanda, tariximizlə birbaşa bağlı olsa da, universitetlərdə sözügedən fakültənin olmaması təəssüf doğurur. Bir-birini təkrar edən, bəzi hallarda isə zamanla ayaqlaşmayan fakültələrin mövcud olduğu ali təhsil müəssisələrimizdə indiyədək nədən arxeologiya fakültəsinin açılmaması elə açıq qalan suallardandır. Maisə xanımın söylədiyinə diqqət etsək, universitetdə cəmi bir semestr arxeologiya dərsinin keçirilməsinin qarşılığında, tələbə bir semestrdə arxeologiyadan nə öyrənə bilər ki?!

İnstitut rəhbəri qeyd edir ki, bizə arxeoloqlar, paleontoloqlar, antropoloqlar lazımdır. Sitat: “Çünki arxeologiya işləri bir neçə elmin qovşağında aparılır. Buna görə də arxeologiya fakültəsinin yaradılması vacibdir”... Zənn edirəm, sözügedən məsələ bizim diqqətimizi cəlb etdiyi kimi, Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbərlərinin də diqqətindən kənarda qalmayacaq.

M.Rəhimovanın diqqətimi çəkən bir açıqlamasını isə sonda yazmaq istədim. Xanım direktor qeyd edir ki, arxeoloji qazıntılar zamanı işçi qüvvəsi tapmaqda çətinlik çəkirlər. Bu sahədə ən böyük problem fəhlə çatışmazlığıdır. Niyə? Çünki arxeoloqların beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarı yoxdur. İşin digər çətinliyi isə, fəhlələrə ayrılan puldur. Yenə də sitata üz tutaq: “Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır. Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var”...

Belə. Arxeologiya və etnoqrafiya rəsmisinin söylədikləri mövcud mənzərəni dəqiqliklə çəkdiyindən, əlavə şərhə və geniş mülahizələrə ehtiyac görmürəm. Geniş müzakirələr, diqqətin sözügedən sahəyə yönəldilməsi əlaqədar qurumların, büdcə təşkilatının işi olmalıdır bundan sonra. Zənnimcə, bu sahəyə bir qədər doğma münasibətin olması yetər, axı söhbət, təkrarçılıq olmasın, tariximizdən, keçmişimizdən və ona söykənərək ümidlə baxdığımız gələcəyimizdən gedir.

Min illəri yora-yora gələn tariximizin hələ də qatı açılmayan səhifələrinin, maddi-mənəvi irsinin, yerüstü abidə və yeraltı mədəniyyətlərinin öyrənilməsi üçün lazım olan əsas iş maddiyyatdan keçirsə, onu lüzumsuz istiqamətlərə xərcləyən büdcə təşkilatlarından alıb bu sahəyə vermək gərəkdir.

Ali təhsil ocaqlarının, universitetlərin arxeologiya fakültələri açmaqla hər birimizin olan tariximizə bir töhfə verməsi gərəkdir.

Bir də gərəkdir o qazıntıları aparan fəhlə qüvvəsinə də elə insanlığa layiq olan qiymət, məhz hərfi mənada olan qiymət verilsin.

Nigar

0.096825122833252