Dini təhsil və bilik nə üçün vacibdir?

Quran və İslam dini yarandığı vaxtdan etibarən, hər zaman dünyanı aydınladan nur olub. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) isə Quran və İslam əxlaqının insanlara bəxş etdiyi mədəniyyət anlayışının yüksək şəkildə təmsilçisi olub. Quranın, İslam dininin elmə, təhsilə, mədəniyyətə verdiyi töhfənin dəyərini ifadə etmək çətindir. Bu gün inkişaf edən texnologiyanın vasitəsilə məlumat əldə etməyin, öyrənməyin və başqalarına öyrətməyin yolları tarixin heç bir dövründə olmadığı qədər artıb. İslam əxlaqının yayılması ilə meydana gələcək sülh və əmin-amanlıq şəraiti imanlı, bilikli, əxlaqlı, mədəniyyətli nəsillərin yetişdirilməsilə mümkündür. Bu məqsədlə, hər sahədə lazımi tədbirlərin görülməsi vacib şərtlərdəndir. Elm, təhsil və mədəniyyət sahəsində və onların vasitəsilə Quran əxlaqının təbliğ edilməsi vacibdir. Lakin bunun insanların həyatının mühüm hissəsi olduğunu bilməyənlərin sayıda az deyil. Eyni zamanda, cəmiyyətdə fərdlərin özlərinə, ailələrinə, ətraflarına, ölkələrinə və bəşəriyyətə faydalı insan kimi yetişdirilməsinin də yalnız İslam dəyərlərini doğru şəkildə öyrənməklə mümkün olduğu da həqiqətdir. Peyğəmbərimiz (s.ə.v) hər uşaq sahibinin uşağını gözəl yetişdirməli olduğunu bildirmişdir. Bəs İslam əxlaqının tələbinə uyğun təhsil anlayışı hansı bilikləri əhatə edir? Aldığımız təhsilin məqsədi nə olmalıdır? Elm, mədəniyyət və incəsənət sahəsində qabaqcıl olmağın əhəmiyyəti nədir? Hər sahədə bilikli və təcrübəli olmağın hansı faydaları var? Bu suallara ən gözəl cavab digər bütün məsələlərdə olduğu kimi, Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərindədir.

 Təhsil və bilik nə üçün vacibdir?

 Hələ aprel ayının 29-da Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və elmi-dini şurasının birgə toplantısında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gələn ilin sentyabrından bütün ali və orta məktəblərdə islam dini və digər dinlər haqqında icbari dərs keçiriləcəyi barədə məlumat vermişdi. O, qeyd etmişdi ki, bütün orta məktəblərdə proqramlara geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə ediləcək və keçiriləcək dərslərdə ən önəmli yer islam dininə ayrılacaq. Mübariz müəllim bildirmişdi ki, dərsliklər artıq Təhsil Nazirliyi tərəfindən hazırlanıb onlara təqdim edilib. Onun sözlərinə görə, müqəddəs Quran və İslam dini şagirdlərə orta məktəbin aşağı siniflərindən öyrədiləcək və ilahiyyatçılar çalışırlar ki, bu yöndə öyrəncilərə hansısa yanlış fikirlər çatdırılmasın. O, cəmiyyətdə gənclər arasında narkomaniya kimi neqativ halların qarşısının alınmasında da din xadimlərinin fəaliyyətinə böyük ehtiyacın olduğunu bildirmişdi. Həmçinin, ali məktəblərdə keçiriləcək dərslərdən tələbələrin imtahan verəcəklərini də söyləmişdi.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibliyindən isə bildirilib ki, 2019-2020-ci tədris ilindən dördüncü və altıncı sinif şagirdlərinin təkmilləşdirilmiş "Həyat bilgisi” dərsliyində dini biliklər olsa da, həmin dərsliyin yeni variantında bu məlumatlar daha geniş yer alacaq və həmin dərsliklər gələn ilin sentyabr ayından orta məktəblərə təqdim ediləcək.. Ali təhsil ocaqlarında isə "Multikulturalizmə giriş” fənninin proqramına "Dinlər tarixi”ni əks etdirən mövzular daxil ediləcək. Məsələ ilə bağlı ilahiyyatçılar da sözügedən təşəbbüsü dəstəklədiklərini bildirdilər. İlahiyyatçılar hesab edirlər ki, orta məktəblərdə öyrəncilərə dini bilgilərin öyrədilməsi müəyyən qarşıdurmaların, radikalizmin, islamafobiyanın qarşısını alacaq, gənclərin kənar dini təriqətlərin təsiri altına düşməsinə imkan verməyəcək.

İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov mövzu barədə “Paralel qəzeti”nə (www.paralel.az) bildirib: - “Dini bilgi vermək dindar yetişdirmək və ya ilahiyyatçı yetişdirmək demək deyil. Lakin bu sayaq bilgilər vermək vacib amillərdəndir. Dini bilgilərin tədrisi radikallığın qarşısını alacaq, müxtəlif radikal dini təbliğat aparanların qarşısını almaqla yanaşı, missionerlərin də qarşısı alınacaqdır. Dinlər haqqında bilgi vermək həmçinin insanların din adı altında təbliğat aparan müxtəlif totalitar missionerlərin əl- qolunu bağlayacaq, onların bədnam hərəkətlərinin qarşısını alacaqdır.”

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) da bütün dinlərin, o cümlədən İslam dini ilə bağlı məlumatların yeniyetmələrə və gənclərə çatdırılmasınin çox vacib olduğunu bildirir. Bəziləri bunu yanlış başa düşürlər. Belə ki, bu məsələni ifratlaşdıraraq dinin bu və ya digər formada ön plana çıxması kimi dəyərləndirirər. Başqa sözlə, bəziləri bunu müəyyən anlamda cəmiyyət daxilində, hətta dövlətin özündə dini düşüncənin dirçəlməsi kimi izah edirlər: “Bizcə, məsələyə birtərəfli yanaşmaq doğru deyildir. Əgər bizim Azərbaycan Respublikasının bayrağında üç boya varsa, hər bir boyanın fəlsəfəsini bilmək çox vacibdir. Yəni Türklüyümüzü, Çağdaşlığımızı və İslamlığımızı hər bir yeniyetmə, gənc və vətəndaş dərindən dərk etməlidir. Bunların üçünün bir yerdə dərki Azərbaycan dövlətçiliyinin böyüməsi və güclənməsi üçün son dərəcə əhəmiyyətlidir. Bu anlamda orta və ali məktəblərdə bu üç boyanın hər birisinin mahiyyəti dəqiq şəkildə topluma, o cümlədən yeni nəsilə çatdırılmalıdır. Məsələn, dinlərlə, o cümlədən İslam dini ilə bağlı bilgilərin yeni nəsilə ötürülməsində əsas qayə, ancaq Qurani-Kərim və hədislərlə bağlı məsələlər olmamalıdır. Burada, ilk növbədə İslam dininə qədərki və İslamın meydana çıxdığı dövr də ətraflı şəkildə öyrədilməlidir. Yəni özünü müsəlman adlandıran, ya da adlandırmadığı halda, bu adı daşıyan hər bir vətəndaşımız onunla bağlı ən sadə bilgilərə malik olmalıdır. Əks təqdirdə, İslam dini ilə bağlı məlumatları vaxtında dərk etməyən, ən bəsit məlumata sahib olmayanlar, başqa dini təriqətlərin təsiri altına düşə bilirlər.”

Şahnaz Salehqızı

0.10504007339478