Azərbaycan sülh, dialoq və qarşılıqlı
hörmətə əsaslanan ölkədir

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"  əməkdaşlığın uğur səlnaməsinə çevrilib

 Azərbaycanın multikultural və tolerant mühiti ilə yaxından tanış olan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Forumdakı çıxışları zamanı, ölkəmizin dünyada bəşəri birgəyaşayışın, qarşılıqlı əməkdaşlığın, dialoqun və sülhün bərqərar olması istiqamətində  fəaliyyətini yüksək qimətləndiriblər. Forumun əhəmiyyətindən danışanan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin qeyd edib ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməsindən və bu gözəl şəhərdə yenidən olmağından məmnundur. O, ilk əvvəl, onu bu tədbirə dəvət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu tədbir Qərb və İslam dünyası arasında mədəniyyətlərarası dialoqun aparılmasına verilən böyük töhfədir və onun gücləndirilməsinə yönəlik bir addımdır: "Bu il keçirilən Forum məhz bizim ümumi əməyimizə əsaslanır, xüsusən də münaqişələrə və radikal ünsürlərə qarşı mübarizənin aparılmasında ümumi cəbhədən çıxış etməyi bizdən tələb edir. Təbii ki, biz bununla mədəniyyətlərarası dialoqun bütün sahələrdə gücləndirilməsi zərurətini müşahidə edirik. İstərdik ki, biz ümumi məxrəcdən çıxış edərək ayrı-seçkiliyin, ksenofobiyanın və ekstremizmin bütün formalarına qarşı birgə mübarizə aparaq. Əlbəttə, hesab edirik ki, bu məqsədə nail olmaq üçün bu və ya digər ölkələrdən xüsusi səylər tələb olunur. Bu, bizim hamımızın - sivilizasiyaların, cəmiyyətlərin üzərinə böyük öhdəlik qoyur. Ayrı-seçkiliyə və münaqişələrin aradan qaldırılmasına gəldikdə, hesab edirik ki, vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşir, gərginləşir. Görürük ki, bu gün müxtəlif qütblər arasında qarşıdurmalar baş verir. Bunun qarşısını almaq üçün isə birgə mübarizə aparmaq lazımdır".

Yusif bin Əhməd Əl Osaymin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün də, bütün ölkələrin səylərini birləşdirməsinin vacibliyini xüsusi qeyd edib.

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı kifayət qədər uzun müddətdir ki, bu istiqamətdə işləyir, fəaliyyət göstərir və digər təşkilatları da bu addımları atmağa, mədəniyyətlərarası dialoqu gücləndirməyə çağırır. Müxtəlif regionlarla birbaşa əlaqələr quran İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi bəyan edib ki, qarşılıqlı əməkdaşlığın, siyasi və mədəni sahələrdə işbirliyinin genişləndirilməsi də çox vacibdir:  «Bu, əslində mədəniyyətlərarası və sivilizasiyalararası anlaşmaya aparan ən əsas yoldur «,-Baş katib deyib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi dünyada mədəniyyətlərarası dialoq şəraitində birgəyaşayışın təmin olunması üçün müvafiq mühitin yaradılmasının zəruriliyinə toxunaraq bildirib ki, münaqişələrin və qarşıdurmaların, həmçinin bərabərsizliyin aradan qaldırılmasına ancaq bu yolla nail ola bilərik. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, müxtəlif cəmiyyətlərdə haqsızlıqla, bərabərsizliklə üzləşən təbəqələr küçələrə çıxır, etiraz edirlər. Bu kimi halların baş verməməsi üçün göstərilən səylərdə hökumətlər daha fəal olmalıdırlar: "Bizim təşkilatımız bir daha bəyan edir ki, qərarları qəbul edən qurumlar və tərəflər arasında daha çox əməkdaşlıq olmalıdır. Əgər söhbət müasir cəmiyyətdən gedirsə, təbii ki, bu dəyərlərdən çıxış edərək insanlar bir-biri ilə yan-yana yaşamağa, dinc şəkildə fəaliyyət göstərməyə vərdiş etməlidirlər"

Çıxışını davam etdirən Yusif bin Əhməd Əl Osaymin bildirib ki, buna görə də biz bütün tərəflər arasında dialoqun tərəfdarıyıq: "İstərdik ki, bundan sonra da bizə yaxın olan tərəfdaşlarımızla, bu kimi tədbirlərdə iştirak edən tərəflərlə hamımız səylərimizi birləşdirərək qarşımızda olan çağırışları anlayaq, onları nəzərdən keçirək və beləliklə, münaqişələrin həllinə və yaxud da qarşıdurmaların yaranmasının qarşısının alınmasına töhfə verək".

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi rəhbərlik etdiyi qurumun müxtəlif müsəlman ölkələrində mədəniyyətlərarası dialoqla bağlı həyata keçirdiyi tədbirləri diqqətə çatdıraraq qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı bütün regionlarda dialoqun gücləndirilməsi öhdəliyinə sadiqdir və dünyada baş verən hadisələrdən irəli gələrək öz proqramlarında müvafiq düzəlişləri etməyə hazırdır.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqqoni bildirib ki, Azərbaycana gəlməkdən böyük şərəf hissi keçirir. Azərbaycanın Avropa Şurasının zəruri üzv ölkələrindən biri olduğunu qeyd edən AŞ numayəndəsi bilbirib ki, respublika gənc, dinamik, demokratik dövlətdir və Avropa ilə  Asiyanın qovuşağında yerləşməklə nəinki mədəniyyətlərarası dialoq, həmçinin Forumda müzakirə edilən mövzu ilə bağlı geniş fəaliyyət istiqamətlərinə malik aparıcı dövlətdir: "Buna görə də bu Forumda çıxış etmək mənim üçün böyük fəxrdir. Mən Azərbaycan hökumətinə nəinki bu tədbirin təşkilatçılığına, həmçinin ümumi "Bakı Prosesi"nin təşkilinə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda məndən əvvəl çıxış edən məruzəçilərin çıxışlarını dəstəkləyirm və onların fikrlərini tamamiylə paylaşıram". Qabriella Battaini-Draqqoni qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi" əslində əməkdaşlığımızın uğur tarixçəsinə çevrilib. Bu proses həm də ekspertlər, mədəniyyətlərarası dialoq sahəsində çalışan mütəxəssislər üçün təcrübələrini, biliklərini və anlayışlarını paylaşmaq üçün müqayisəolunmaz bir imkandır. AŞ nümayəndəsi bildirib ki, Avropa Şurası mədəniyyətlərarası dialoq sahəsində çalışır və bundan sonra da bu sahədə böyük nailiyyətlərə imza atmaq istiqamətində fəaliyyətini genişləndirəcək: "Biz bu prosesə minnətdarıq. Çünki mədəniyyətlərarası dialoq yanaşması həddən ziyadə mühüm və vacibdir. Bu yanaşma yaşadığımız çağdaş mürəkkəb dünya üçün səciyyəvidir".

Avropa Şurasının Baş katibinin müavini deyib ki, mədəniyyətlərarası dialoqun təşviq olunması bir anlıq hadisə deyil. Bu, heç vaxt bitməyən bir çağırışdır. Odur ki, bizim qarşımızda dialoqun fəaliyyətə çevrilməsi kimi bir məsuliyyət durur: "Mədəniyyətlərarası dialoq, sosial inklüzivlik, habelə azlıq hüquqlarının qorunması həddən ziyadə vacibdir. Yekunda tərəqqi siyasi iradə əsasında

təmin olunacaq. Biz bu tədbirlə bağlı, məhz bu hissləri keçiririk. Bir faktı qeyd etməliyik ki, biz öz inamımızı və dəyərlərimizi qorumalıyıq. Biz sülh üçün dialoq qurmalıyıq, ləyaqət və qarşılıqlı hörmətə əsaslanan rəğbət göstərməliyik. Bu, bizim fəaliyyətimizə veriləcək qiymətdir. "Bakı Prosesi" məhz buna həsr olunur".

Tədbirdə çıxış edən ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də Forumun əhəmiyyətinə toxunaraq bildirib ki, ISESCO da İslam aləmində sivilizasiyalararası münasibətlərə töhfə vermək üçün yorulmadan fəaliyyət göstərir. O qeyd edib ki, bu mötəbər Forum dünyanın ən nüfuzlu tədbirlərindən biridir: "2011-ci ildə bu Forumun təməlini biz Bakı şəhərində qoyduq. O vaxt bildirildi ki, əgər siyasi iradə, öhdəlik, sabitlik olarsa, uğur da gələcək".

Əbdüləziz Osman əl-Tuveycri Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dünyada müharibələrin, yoxsulluğun artdığını təəssüflə qeyd edən ISESCO-nun Baş direktoru mənfi meyillərlə mübarizədə təhsilin roluna toxunub: "Biz insanlara təhsil verməliyik, həm dini, həm də mədəni dəyərlər haqqında onları maarifləndirməliyik". O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə, dialoqun uğurlu olmasına aparan yeganə yoldur.

ISESCO-nun Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanın təşviq etdiyi dəyərlərə tərəfdar olduğunu vurğulayaraq deyib: "ISESCO həmişə Azərbaycanın bu dialoq və qarşılıqlı hörmət dəyərlərinə tərəfdar çıxıb. Biz öz müxtəlifliyimizi qorumalıyıq, ona hörmətlə yanaşmalıyıq, insanlarımızı qorumalıyıq, dini dəyərlərə sadiq olmalıyıq. Biz bütün bunlara hörmətlə yanaşmalıyıq. Tolerantlıq o deməkdir ki, biz digər düşüncəyə, digər dəyərlərə malik insanı qəbul etməliyik. Bu, o deməkdir ki, onlara hörmətlə yanaşmalıyıq. İstərdik ki, bu yanaşma bizə münasibətdə də olsun. Bu, həm də ümumi təhlükəsizliyə aparan yeganə yoldur. Bu yolla əsl dialoqa, mənalı dialoqa nail olunur və zorakı münaqişələrin qarşısı alınır. İslam sülh və mərhəmət dinidir. Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra burada aparılan müzakirələrdən nəticə çıxaracaqlar, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə və ərazi bütövlüyünün bərpa olunmasına dəstək verəcəklər. Arzu edirəm ki, Allahın iradəsi ilə bütün dünyada sülh və rifah bərqərar olunsun.»

 V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bəhai Beynəlxalq Birliyinin baş katibi Coşua Linkoln bildirib ki, Azərbaycanın çox zəngin tolerantlıq və multikulturalizm ənənələri var. Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən Coşua Linkoln Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb. O, Azərbaycandakı  multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu bildirib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran qonaq, Bəhai icmasına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Onu da qeyd etmək lazımdır ki, İki gün ərzində Bakıda müasir dünyanı narahat edən ən aktual məsələlər müzakirə olunub.

Dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu Forum mühüm əhəmiyyət kəsb edir. Hamımız üçün qürurverici haldır ki, ölkəmiz dünya miqyaslı belə tədbirlərə ev sahibliyi edir. Bu da heç şübhəsiz ki, dövlətimizin dünyada artan nüfuzundan xəbər verir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.06660008430481