Şəhidlər və Fəxri Xiyabanlar da bələdiyyələrə veriləcək

Nazirlər Kabinetinin qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı müvafiq qərarında Şəhidlər və Fəxri Xiyabanlarla bağlı məsələlər də öz əksini tapıb.

Paralel.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır:

“Məsələ barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək. Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə heç bir əlaqəsi yoxdur”.

Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil:

“Nazirlər Kabinetinin qəbiritanlıqlarla bağlı təsdiqlədiyi sənədə görə, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır. Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili hamısı öz əksini tapıb”.

İlhamə Əbülfət

0.083852052688599