Ermənistan Şuşanın işğalını bayram edir...

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: "Ermənilər Şuşanın işğalı gününü qeyd etməyə hamılıqla hazırlaşarkən, biz Bakıda Şuşa haqqında sənədli filmin təqdimatını keçirdik..."

  Mübariz Əhmədoğlu: "Bu istiqamətdə bizim özümüzün görməli olduğumuz işlər kifayət qədərdir"

 Azərbaycanın dilbər guşələrindən biri olan, "Qarabağ Konservatoriyası" sayılan Şuşanın işğalından artıq 27 il ötür. O zaman doğulan azərbaycanlıların artıq 27 yaşı var və o gəncləri bu gün Şuşaya, Qarabağa heç nə bağlamır. Lakin bu gün problemimiz yalnız bu deyil, bu il də İşğalçı Ermənistan hökuməti öz ənənəsinə sadıq qaldı, Şuşanın işğalını ermənilərin "qələbə günü" kimi qala-şəhərdə bayram təmtarağı ilə qeyd etdi. Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq tribunalardan bəyan edir ki, "Dağlıq Qarabağın" Ermənistana heç bir dəxli yoxdu və o, "Dağlıq Qarabağ" adından danışa bilməz, digər tərəfdən isə Şuşanın işğalı gününü rəsmi dövlət tədbiri olaraq bayram kimi qeyd edir.

Bəlli olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı münaqişə ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənir, guya münaqişənin sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həllinə çalışılır. İşğal faktı BMT tərəfindən tanınıb, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi barədə BMT-nin 4 qətnaməsi var. Lakin bütün bunlara baxmayaraq, işğalçı Ermənistanın işğal gününü bayram etməsinə beynəlxalq səviyyədə heç bir reaksiya yoxdur. Yalnız Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada "qələbə günü"nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir.

Bununla yanaşı, uzun illər Ermənistanda turizm biznesi ilə məşğul olan iş adamı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının vətəndaşı Alyona Kalinina işğal günü (ermənilərin "qələbə günü" münasibəti ilə) Azərbaycanın Şuşa şəhərinə səfər edib və internetdə şəhər-qalanın son fotolarını yayıb..

Bu yerdə bir təzadı da diqqətə çatdırmaq istərdim ki, Şuşanın işğalı gününün səhəri - 9 may Azərbaycanda bayram günü kimi qeyd edilir.

Politoloq Mübariz Əhmədoğlu məsələyə münasibət bildirərkən dedi ki, bu istiqamətdə bizim özümüzün görməli olduğumuz işlər kifayət qədərdir: "Biz hansı məsələni konkret olaraq qoymuşuqsa, ona dərhal adekvat beynəlxalq reaksiya gəlib. Məsələn, Avropa İttifaqı (Aİ) uzun müddət Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrə bir, Azərbaycandakı münaqişəyə isə başqa münasibət bildirirdi. Ancaq 24 noyabr 2007-ci ildə ölkə prezidentinin təşəbbüsü ilə Aİ-nin "Şərq Tərəfdaşlığı* proqramı ilə bağlı verilən bəyanatda Ukrayna, Moldova, Gürcüstan və Azərbaycandakı münaqişələrinin hamısının ərazi bütövlüyü və dövlət suverenliyi çərçivəsində həlli qeyd edildi. Bu bir praktikadır, biz hərəkət edəndə nəticəyə nail oluruq, görünür bu istiqamətdə yetərincə işləməmişik.

Ermənistanın Şuşanın işğalını bayram etdiyi ərəfədə ABŞ-ın dövlət katibi İrəvanda idi. O, jurnalistlərə açıqlamalarında bildirib ki, bizim üçün ərazi bütövlüyü vacib məsələdir, amma xalqlar da öz müqəddaratını hər hansı bir formada təyin etməlidir. Bu tam olaraq Azərbaycanın həll düsturudur - Dağlıq Qarabağ əhalisi öz müqəddəratını yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edə bilər.

Fikrimcə, cəmiyyət Dağlıq Qarabağla bağlı bütün informasiyanı almalıdır, eləcə də Dağlıq Qarabağın Azərbaycan icması aktivləşdirilməlidir. Respublikamızda Dağlıq Qarabağın Azərbaycan icmasıın işinə yardım edilməsi əvəzinə, bəzi qüvvələr ona mane olur, əl-ayağına ilişir. Masis Mayılyan və Bako Saakyan hara gedirsə, nə edirsə, ona Dağlıq Qarabağın Azərbaycan icması reaksiya verməlidir. Yeri gələndə XİN heç bu tip bəyanatlara girişməməlidir, bunu Tural Gəncəliyevə həvali etmək lazımdır. Məsələni dövlət və cəmiyyət olaraq hazırlayaq, amma səsləndirilmə icma tərəfindən reallaşdırılmalıdır.

Bununla yanaşı, Dağlıq Qarabağ ermənilərinin içərisində Azərbaycana və Dağlıq Qarabağa qarşı münasibətdə ciddi fikir ayrılığı var, biz bundan istifadə etməliyik. Hazırda Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməliləri arasında çox böyük problemlər var. Bütün bunlarla biz icma vasitəsi ilə işləsək, beynəlxalq ictimaiyyət də bizə tərəf gələcək. Biz ən azı Dağlıq Qarabağ erməniləri qədər Dağlıq Qarabağ azərbaycanlılarına beynəlxalq dəstək ala bilərik. Dağlıq Qarabağdakı rus icması hazırda ermənilərin qanını içməyə belə hazırdı. Çünki onlar Dağlıq Qarabağ ermənilərinin Rusiyaya necə xəyanət etdiklərini görürlər. Dağlıq Qarabağın rus icmasının rəhbəri Qalina Somova ermənilərin ruslara xəyanətinə görə zəncir çiynəyir, danışmağa yer axtarır. Biz Q.Somovaya şərait yaratsaq, ermənilərin iç üzünü açıb tökər, Qarabağ ermənilərini arxası üstə qoyar. Bu cür detallar kifayət qədərdir, biz bu məqamdan ağıllı şəkitldə istifadə etməliyik".

Atlas Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu münasibətlə mayın 7-də Fb.com hesabında yazır ki, Şuşanın işğalı günü bütün erməniləri biləşdirir: "İş o yerə çatıb ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistanın baş prokuroruna müraciət edərək həbsdə olan keçmiş prezident Robert Köçəryanın heç olmasa 9 mayda azaldığa buraxılmasını və onun Şuşanın işğalı günündə hamı ilə bir yerdə olmasını xahiş edib. Əlbəttə, bu təklif baş nazir Nikol Paşinyanın xoşuna gəlməyəcək. Çünki o da, mayın 9-da Şuşada olacaq və yanında Robert Köçəryanın dayanmasını istəməz. Ancaq nə bilmək olur, bəlkə Paşinyan Şuşanın işğalı günü naminə Köçəryanın müvəqqəti azadlığına səs çıxarmayacaq. Ermənilər Şuşanın işğalı gününü qeyd etməyə hamılıqla hazırlaşarkən biz Bakıda Şuşa haqqında sənədli filmin təqdimatını keçirdik...".

Ekspertlərin mövqeindən də görünür ki, bizim hər il təkrarlanan bu prosesin qarşısını almaq, onu bloklayacaq potensial imkanlarımız kifayət qədərdir, lakin biz bu potensialdan istifadə etmir, axı nəyə görə..?

 

Akif Nəsirli

0.069663047790527