Ötən müddət ərzində Azərbaycan BƏT-in 58 konvensiyasını ratifikasiya edib

Ötən müddət ərzində Azərbaycan BƏT-in 58 konvensiyasını ratifikasiya edib

Səttar Möhbalıyev: “Hər insana arzu etdiyinə nail olmaq üçün milli və beynəlxalq siyasətin formalaşmasına dəstək olmağa çağırırıq"

 

Bakıda “Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi” mövzusunda konfrans keçirilib

 

Mayın 6-da “Hyatt Regensy” otelində Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “BƏT-in 100 illik yubileyi" mövzusunda konfrans keçirilib.

Konfransın açılışında AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini M.Kərimli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti M. Musayev,  BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti Bürosunun rəisi S. Qlovaskas giriş nitqi söyləyib.

S.Möhbalıyev çıxışının başlanğıcında konfrans iştirakçılarını bütün dünyada əməkçilərin haqlarının davamlı qorunmasında böyük rolu və xidmətləri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illik yubileyi münasibətilə təbrik edərək bildirib ki, 1992-ci ildən BƏT-in üzvü olan və 2002-ci ildə BƏT-in nümayəndəliyinin açıldığı Azərbaycan bu təşkilatla geniş əməkdaşlıq əlaqələrinə malikdir.

Dünyanın ən qocaman və aparıcı təşkilatlarından biri olan BƏT-in işində iştirak etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsi üçün BƏT tövsiyələrindən bəhrələnmək imkanı yaradır. Beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına kömək edir, sahibkarlığın, eyni zamanda kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir.

Azərbaycanın BƏT-lə qarşılıqlı fəaliyyəti mütəmadi imzalanan əməkdaşlıq proqramları ilə həyata keçirilir.  Bu proqramlarda məşğulluğun imkanlarının genişləndirilməsi və ölkəmizdə yeni iş yerlərinin yaradılması, əməyin təhlükəsizliyinin yüksəldilməsi və sosial müdafiənin gücləndirilməsi, eləcə də beynəlxalq əmək standartlarına riayət edilməsi və sosial dialoqun inkişafı məsələlərinə dair müxtəlif qarşılıqlı fəaliyyət formaları nəzərdə tutulur.

BƏT Azərbaycana sosial-əmək qanunvericiliyinin ekspertizasının aparılmasına, sosial tərəfdaşlıq konsepsiyasının, istehsalatda işçi kadrlarının hazırlanmasının modul sisteminin təcrübədə tətbiq olunmasına, məşğulluq, sosial müdafiə və pensiya təminatı xidmətlərinin təkmilləşdirilməsinə, əmək sahəsində statistikanın inkişafına, peşələrin təsnifatının aparılmasına, mütəxəssislərin hazırlanmasına məsləhətçi yardımı göstərir.

Dövlət məşğulluq siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə, əmək miqrasiyası, əmək qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz hazırlığının və yenidən hazırlığının təşkili məsələlərində BƏT-in imkan və təcrübəsindən yararlanmaq bizim maraqlarımıza cavab verir.

  1. S. Möhbalıyev daha sonra qeyd edib ki, ötən 27 il ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daima genişlənməsi amili ilə müşahidə olunan fəal əlaqələr yaradılıb. Azərbaycan Respublikasının dövlət qurumlarının nümayəndə heyətləri ilə birgə, həmkarlar ittifaqlarının nümayəndələri də BƏT çərçivəsində əmək, məşğulluq, əməyin mühafizəsi, təhlükəsizliyi və əhalinin sosial müdafiəsi mövzularında müxtəlif ölkələrdə keçirilən 190-a yaxın seminar və müşavirələrdə, konfranslarda iştirak ediblər. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığı ilə son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, forumlar, təqdimatlar və tədbirlər keçirilib.

Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilmiş, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaranması və orada sosial dialoqun təşkili layihəsi xüsusi maraq doğurub. Layihə çərçivəsində «Respublikada fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması təcrübəsi, perspektivləri və çətinlikləri» mövzusunda dəyirmi masa, «Həmkarlar ittifaqları və transmilli şirkətlər» mövzusunda seminar və konfrans keçirilib. Bu tədbirlərdə «İşəgötürənlərlə transmilli şirkətlərin həmkarlar ittifaqları arasında qarşılıqlı əlaqə», «Əmək Məcəlləsinə riayət olunmasının vəziyyəti» və digər mövzular müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq «Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması və onun perspektivləri» mövzusunda sanballı təhlil materialı ərsəyə gəlmiş, «Sosial partnyorluq haqqında» Azərbaycan Respublikası Qanununun layihəsi, «Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə  işəgötürənlə həmkarlar  ittifaqı arasında bağlanan kollektiv müqavilənin nümunəsi», «Sosial dialoqun aparılması qaydaları haqqında Azərbaycan həmkarlar ittifaqlarının mövqeyi və strategiyası», «Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə çalışan işçilər üçün yaddaş», «Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına dair tövsiyələr» hazırlanıb.

BƏT-in modernləşdirilmə kursunu dəstəkləyərək keçirdiyimiz «İqtisadi böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqları. Fəaliyyət və perspektivlər», «Qeyri-formal iqtisadiyyat – həmkarlar ittifaqının siyasəti və fəaliyyəti”, «Milli dialoq çərçivəsində layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının rolu», «Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri» mövzularındakı tədbirlərdə 5 mindən yuxarı həmkarlar ittifaqı fəalı iştirak edib.

AHİK sədri deyib ki, ötən müddət ərzində Azərbaycan BƏT-in 58 konvensiyasını ratifikasiya edib. AHİK də BƏT-in konvensiyalarının ölkəmizdə tətbiqi ilə əlaqədar geniş tədbirlər həyata keçirir. BƏT-lə mövcud səmərəli əməkdaşlığı layiqli əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi vasitəsilə davam etdiririk. Bu isə ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və sahə həmkarlar ittifaqının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının hər il keçirilən sessiyalarında Azərbaycan Respublikasının hökumət nümayəndələri ilə birlikdə iştirak edir, müzakirə olunan məsələlərlə bağlı öz prinsipial mövqelərini ortaya qoyurlar. Respublikamız Avropa Şurasının Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulduqdan sonra Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün bütün imkanlardan maksimum istifadə edir.

Respublikamız beynəlxalq ictimaiyyətin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak edir. Son 15 ildə bu sahədə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran mühüm amillərdən olub. Azərbaycan həmkarlar ittifaqları əmək sferasının gələcəyi haqqında zamanın çağırışına qoşularaq BƏT-in əməyin gələcək sferasına dair Təşəbbüsünü dəstəkləyir. Biz BMT-nin 2030-cu ilədək  əməyin gələcək inkişafına, işsizliklə mübarizənin son nöqtəsi kimi yoxsulluqla mübarizəyə yönəldilmiş “BMT-nin  dayanıqlı inkişafının məqsədləri”  adlı Proqramını dəstəkləyir və onun həyata keçirilməsində imkan daxilində iştirak etməyə çalışacağıq.

  1. S. Möhbalıyev vurğulayıb ki, BƏT-in Əməyin gələcək sferası üzrə Qlobal Komissiyasının hesabatında insan həyatına istiqamətlənmiş ictimai müqavilənin yerinə yetirilməsi əsas yerlərdən birini tutur. Bu müqavilədə insan qabiliyyət və bacarıqlarının inkişafına, əmək bazarı institutlarına, layiqli və stabil məşğulluğa investisiya qoyuluşunu artırmaq məsələləri önə çəkilmişdir. Qlobal komissiyanın hesabatında bu məqsədlərə çatmaq üçün yeni peşə bilikləri əldə etmək, peşəkarlığı artırmaq və yenidən hazırlanmaq, müəssisələrə, strategiya və siyasətə investisiya qoyuluşunu yüksəltmək, uşaqlıqdan qocalığadək ümumi sosial müdafiəni təmin etmək, fəal dövlət siyasətinə arxalanaraq sosial dialoq vasitəsilə işçilərlə işəgötürənlərin kollektiv təmsilçiliyini yaratmaq, layiqli əməyin mənafeyi naminə texnologiyaları tətbiq etmək kimi məsələlər əməyin gələcək sferasında baş verəcək müsbət dəyişikliklərdir ki, onlardan necə istifadə etmək yolları göstərilir. Biz əməyin gələcək sferasının bütün iştirakçılarını əməyin gələcək sferasından gözlədiyi hər şeyi almaq və hər insana arzu etdiyinə nail olmaq üçün milli və beynəlxalq siyasətin formalaşmasına dəstək olmağa çağırırıq.

«Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı» Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanmış və 2016-cı ilin sentyabrında qəbul edilmişdir. Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi «Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı»nın həyata  keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası»nı təsdiq edib. Konsepsiyada həmkarlar ittifaqının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilib.

Çıxışda qeyd olunub ki, AHİK bu istiqamətdə BƏT ilə birgə xeyli tədbir həyata keçirib. Belə ki, BƏT-in texniki dəstəyi ilə keçirilən seminarlar məhz 8-ci məqsədin mövzularını əhatə edib. 2014-cü ildən etibarən AHİK və BƏT-in birgə təşkilatçılığı ilə «Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu», «Üçtərəfli komissiyanın yaradılmasının üstünlükləri, BƏT-in baxışı, dünya təcrübəsi», «Həmkarlar ittifaqlarında qadınların rolunun artırılması», «Azərbaycan Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri və fəaliyyət planı», «Əməyin gələcəyi» təşəbbüsü üzrə «Milli dialoq çərçivəsində layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının rolu» mövzularında silsilə tədbirlər keçirilib.

S.Möhbalıyev davamlı inkişaf sahəsində səkkizinci məqsəd barədə danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltməyi vacib hesab edib:

Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə tutulsa da, hər bir dövlət öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər müəyyən edəcəkdir. Hər bir dövlətin nailiyyət qazanması isə bir çox hallarda onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaqdır.  Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri balanslaşdırılıb və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər.

Dövlət potensialının gücləndirilməsi və dövlət institutlarının möhkəmləndirilməsi də böyük əhəmiyyət daşıyacaqdır. Bu öz növbəsində əmək bazarının statistik məlumatlarının daha dəqiq toplanması və analizinə kömək edəcəkdir. Hazırda beynəlxalq təşkilatların və hökumətlərin özəl sektorla, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflərlə çoxtərəfli əməkdaşlığına da böyük ehtiyac vardır.

Layiqli əməyin təmin edilməsində BƏT-in 205-ci Tövsiyəsinin qəbulu və əməli tətbiqi məqsədlərimizə çatmaq üçün təsirli vasitələrdən biri olardı.

İkinci, önəmli istiqamət qlobal partnyorluğun təmin edilməsidir. Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət istər-istəməz məqsədlərin həyata keçirilməsinə öz təsirini göstərəcəkdir. Odur ki, məhz BƏT dövlətlər birliklərinin və müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq missiyasını öz üzərinə götürməlidir.

Üçüncü istiqamət, tərəfdaşlığın və fəaliyyət birliyinin təkmilləşdirilməsidir. Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi genişləndirməklə dünya təcrübəsindən bəhrələnməliyik. Bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına böyük ehtiyacımız var.

Biz öz imkanlarımızı BƏT-in «Ədalətli qloballaşma naminə sosial ədalət» haqqında Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbərliyə almışıq. Bu istiqamətdə fəaliyyətimizə Sosial və İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın təsiri də böyükdür.

AHİK sədri iştirakçıların nəzərinə çatdırıb ki, 2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Prezidentin böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının şahidi oluruq. Bu mühüm sosial əhəmiyyətli tədbirlər eyni zamanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da töhfə verəcək.

Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə ölkəmizdə əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Ölkəmizdə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir, yüksək ixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir. Tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam da bu prosesin məntiqi davamıdır. Bu sənədlər daha çox tələbənin təqaüd alaraq öz sosial müdafiəsini gücləndirməsinə xidmət edir. Problemli kreditlərin həlli ilə bağlı imzalanmış fərman ilin əvvəlindən başlanmış yeni sosial siyasətin uğurlu davamı oldu.

Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasıdır.

Dövlət qayğısı əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edir. Belə ki, pensiyalar, təqaüdlər, minimum əməkhaqqı kifayət qədər, təsirli miqdarda artırıldı. Pensiyaların minimum məbləğinin 116 manatdan 160 manata, minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması dünyanın istənilən dövləti üçün qeyri-adi artım hesab edilə bilər.

  1. S. Möhbalıyev bildirib ki, dünya təcrübəsi göstərir ki, sosial partnyorluğun səmərəli olması üçün güclü həmkarlar ittifaqı və güclü işəgötürənlər təşkilatı lazımdır. Dünyada ilk kollektiv müqavilə 150, Azərbaycanda isə 115 ilə yaxındır ki, imzalanıb. 100 illiyini qeyd edən BƏT-in fəaliyyəti üçtərəfli əməkdaşlığın və sosial partnyorluğun inkişafına böyük təkan verib. Üçtərəfli sosial tərəfdaşlıq artıq həmkarlar ittifaqının müdafiə funksiyasının həyata keçirilməsində sosial dialoqun inkişafının əsas mərhələsinə çevrilib.

BƏT-in dəstəyi ilə AHİK-in keçirdiyi tədbirlərdə BƏT-in əməkdaşları və yüksək səviyyəli ekspertləri iştirak etmiş, öz bilik və bacarıqlarını bizdən əsirgəməmişlər. Onların hamısına dərin minnətdarlığımızı bildiririk. Bu minnətdarlığı ilk növbədə BƏT-in Baş direktoru Qay Rayderə ünvanlamaq istəyirəm. Həmkarlar ittifaqlarının «şinelindən» çıxmış Qay Rayderin ötən ilin may ayında Azərbaycan Respublikasına olan rəsmi səfərlərini xüsusi qeyd etmək istəyirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşündə BƏT-in Baş direktoru Prezidentin əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı həyata keçirdiyi sosial yönümlü tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulamışdı. Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdi. Azərbaycanda dayanıqlı inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin region üzrə fokus ölkə seçilməsini yüksək qiymətləndirmişdi.

BƏT-in dəstəyi və Q.Rayderin iştirakı ilə Bakıda keçirilən «Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği» mövzusunda beynəlxalq konfransda Beynəlxalq Əmək Təşkilatının fəaliyyətinin hər bir dövlət üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdı.

Çıxışının sonunda AHİK sədri əminliyini ifadə edərək deyib ki, Beynəlxalq Əmək Təşkilatı yaranmasının ikinci yüzilliyinə yüksək səviyyədə hazırlanmış müasir proqram sənədlərlə daxil olacaqdır. Odur ki, BƏT-in üzvü olan dövlətlərin qarşısında çox mühüm vəzifələr durur. Onlar yüzilliyin təşəbbüsünü özlərininki kimi qəbul edərək onun yerinə yetirilməsi məsuliyyətini üzərlərinə götürmüşlər. Bildiyiniz kimi, BƏT-in 100 illiyi çərçivəsində möhtəşəm tədbirlər keçirilmiş və keçirilməkdə davam edir. 2015-ci ildən hazırlanmış sənədlərə əsasən, əmək sahəsinin gələcəyi məsələsi dövlətlərarası dialoqun başlanmasına səbəb olubdur.  Bu, yüzilliyin əsas dialoqlarının mövzusuna çevrilib:

«Biz bu gün BƏT-in 100 illiyi ərəfəsində çox mühüm, eyni  zamanda məsuliyyətli məsələləri müzakirə edirik, işgüzar fikir mübadiləsi aparırıq, uzun illər ərzində səmərəli əməkdaşlıq etdiyimiz  təşkilatın fəaliyyətini dəyərləndiririk. Hamınıza gələcək işlərinizdə uğurlar arzulayıram».

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət məşğulluq siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə, əmək miqrasiyası, əmək qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz hazırlığının və yenidən hazırlığının təşkili məsələlərində BƏT-in imkan və təcrübəsindən yararlanmaq bizim maraqlarımıza cavab verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə 9 mindən çox sahibkarın qeydiyyatdan keçdiyini və bunun 4 mininin hüquqi şəxs olduğunu bildirib. BƏT-in dəstəyi ilə birgə mühüm layihələrin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən etdiyi yüksək iqtisadi inkişafa və yüksək təminatlı məşğulluğa nail olacağına əminliyini ifadə edib.

Daha sonra BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti bürosunun rəisi Serqius Qlovaskas çıxış edib və konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, BƏT-də çox böyük əməyi olan Azərbaycan təşkilatın idarəetmə şurasında iştirak edir. O, BƏT-in baş direktoru Qay Rayderin Azərbaycana ilk səfərindən danışıb, texniki əməkdaşlıqla bağlı üçtərəfli komissiyanın yaradılması və proqramların imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Serqius Qlovaskas BƏT-in 100 illik yubileyi münasibətilə AHİK-in sədri Səttar Möhbalıyevə, sədrin birinci müavini İlyas Əliyevə, AHİK-in aparat rəhbəri Həsən Cəfərova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova, Rabitə İşçiləri HİRK sədri Seymur Orucova, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-in sədri Rafiq İldarova  BƏT-in fəxri fərmanlarını təqdim edib.

Konfrans daha sonra öz işini 3 panel üzrə - “Əməyin gələcək sferası. Qlobal komissiyanın hesabatı”, “Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layiqli əmək)”, “Sosial dialoq və sosial partnyorluq” məsələləri ətrafında qruplarda davam etdirib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

 

Tahir Abbaslı

0.07624888420105