Fondun təşkilatçılığı ilə media rəhbərləri "Azərenerji" ASC-nin fəaliyyəti ilə yaxından tanış olublar

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərenerji" ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi" mövzusunda konfrans keçirilib.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, səhmdar cəmiyyətin prezidentinin müşaviri Vüqar Əliyev, "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, "itirilmiş" generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Ziyəddin Quliyev, həmçinin bildirib ki, 2018-ci il 3 iyul tarixində baş vermiş qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya üzrə Tədbirlər Planı" əsasında ötən ilin sentyabr ayından etibarən təxirəsalınmaz tədbirlər görülür.

"Azərenerji" ASC-nin vitse-prezidenti proqram çərçivəsində son üç ay ərzində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən işlər nəticəsində 230 MVt gücün bərpa edildiyini vurğulayıb: "Bundan əlavə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə təmirdən sonra 6 sayli enerji blokunda 60 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tamamilə yenidən qurulur. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks- qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 MVt artaraq 2000 MVt-a catacaq”.

Ziyəddin Quliyev həmçinin vurğulayıb ki, "Reabilitasiya proqramı" çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. O bildirib ki, bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kV-luq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. Ziyəddin Quliyev qeyd edib ki, "Reabilitasiya Proqramı"na müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

"Azərenerji" ASC-nin vitse-prezidenti görülmüş işlərin ictimaiyyətə geniş və obyektiv şəkildə çatdırılması baxımından təmsil etdiyi qurumun media ilə əməkdaşlığa daim açıq olduğunu bildirib. Belə bir tədbirin təşkilində Fondun dəstəyini yüksək dəyərləndirən Ziyəddin Quliyev sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Fondun fəaliyyət göstərdiyi 10 il müddətində ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən konfransın məqsədi Azərbaycanın enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, elektrik enerjisinə artan tələbatın etibarlı və dayanıqlı şəkildə ödənilməsi, bu sahədə əsaslı modernləşmənin aparılması ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasıdır.

Azərbaycanın nəinki qonşu ölkələrə, eləcə də bir sıra nüfuzlu Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsini, habelə "Azərenerji" ASC-nin Avropa miqyasında keçirilən tenderlərin qalibi olmasını yüksək dəyərləndirən Vüqar Səfərli son aylarda səhmdar cəmiyyətin fəaliyyətində əhəmiyyətli dəyişikliklərin hiss olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov 2015-ci il fevralın 10-da "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. O bildirib ki, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb.

"Azərenerji" ASC sədrinin müşaviri Vüqar Əliyev çıxışında "Reabilitasiya Proqramı" çərçivəsində energetika sistemində çalışan 5600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əmək haqlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Sonra tədbir diskussiya formatında davam etdirilib. Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli səhmdar cəmiyyətin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək qurumun yeni rəhbərliyinin müasir tələblərə cavab verən islahatlarını razılıqla vurğulayıblar.

Daha sonra media rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Çıxışını davam etdirən Fondun icraçı direktoru Vüqar Səfərli diqqətə çatdırıb ki, keçirilən tədbirin yekunu olaraq “Azərenerji” ASC və Fondun birgə təşkilatçılığı ilə “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. 2019-cu il may ayının 10-dan iyulun 5-dək keçiriləcək müsabiqənin məqsədi "Azərenerji" ASC-nin "Reabilitasiya Proqramı" çərçivəsində görülən və görüləcək işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığının stimullaşdırılmasıdır.

Fondun icraçı direktoru Vüqar Səfərli sonda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə "Azərenerji" və "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Müsabiqənin məqsədi:

Müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin, enerji sisteminin dayanıqlılığının və etibarlılığının təmin edilməsi, habelə "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı çərçivəsində “itirilmiş” güclərin bərpası, yeni generasiya mənbələrinin yaradılması istiqamətində görülən və görüləcək işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

Müsabiqənin mövzusu:

“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər”

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

  1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.
  2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
  3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.
  4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.
  5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

  1. a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.
  2. b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).
  3. c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)
  4. Dərc olunmuş yazıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları

1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə

  1. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)

Tələb olunan sənədlər

  1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.
  2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)
  3. Şəxsiyyət vəsiqəsinin surəti,
  4. Şəxsi VÖEN və surəti,
  5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 10 may 2019-cu il tarixində başlayır, 5 iyul 2019-cu il tarixində başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə

I yer üçün 1 nəfər (1000 manat);

II yer üçün 2 nəfər (800 manat);

III yer üçün 3 nəfər (500 manat)

yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 300 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulmuşdur.

Qaliblər, həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaq.

0.23108386993408