Azərbaycan dövləti mədəniyyətlərarası dialoqun , qarşılıqlı anlaşmanın təbliği və təşviqində mühüm rol oynayır

"Bakı Prosesi" Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması  baxımından Azərbaycanın bəşəri birgəyaşayışının təmin olunmasına bir töhfəsidir

 Mayın əvvəlində ölkəmizin paytaxtı Bakıda geriçəkləşən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dünyanın 100 ölkəsindən 500-dən artıq qonaq qatılıb. Təkcə bu faktın özü onu deməyə əsas verir ki, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərə maraq və diqqət çox böyükdür. Ələlxüsus da bu, multikulturalizm, tolerantlıq, dinlər və millətlərarası münasibətlərə aid olduqda təşkilatçılarla yanaşı, iştirakçıların da sayı artmış olur. Çünki qloballaşan dünyamızda milli və dini ayrı-seçkilik, zorakılıq və münaqişələrin qarşısının alınmasının yeganə yolunun qarşılıqlı anlaşmadan və dialoqdan keçdiyini artıq çoxları anlayır. Bu səbəbdən də ölkəmizdə keçirilən Forumun şüarı da, məhz belə səslənib: "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq".  

Bu da məlumdur ki, ötən il biz müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində ölkəmiz müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf etmiş bir dövlətə çevrilib. Bu inkişafa elə bir ağır vəziyyətdə nail olmuşuq ki, onu sadəcə, ifadə etmək çox çətin. Çətinliyi şərtləndirən həmdə o olub ki, 30 ildən artıdır ki, erməni işğalı ilə üz-üzə qalmışıq. Bu gün də, həlli vacib əsas problemimiz, məhz erməni işğalına son qoymaqdır. Erməni separatçılarının işğalçılıq siyasəti nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun işğalı bu gün də davam edir. Bütün sivil cəmiyyətlər də etiraf edir ki, bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizlənmə aparılıb, ermənilərin təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən, doğma yurdlarından, didərgin salınıb. ATƏT işğal edilən ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə ortaya qoyub.

Eləcə də BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin çox təəssüf ki, bu qətnamələr kağız üzərində qalıb. Erməni separatçıları o qədər harınlayıblar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini belə icra etməkdən yayına bilirlər. Bu da belə düşünməyə əsas verir ki, bu qətnamələrin yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun da nəticəsində Azərbaycanın torpaqları işğal altında qalmaqda davam edir. Azərbaycan terrora, işğala məruz qalmış bir ölkə olaraq hər zaman bu kimi hallara qarşı mübarizədə ön sıralarda olur. Ölkəmizdə qarşılıqlı anlaşma, dövlət-din siyasəti elə bir səviyyədədir ki, burada bütün dinlərin və millətlərin nümayəndələri tamhüquqlu vətəndaşlar kimi, heç bir təhdid və təzyiq görmədən yaşaya bilirlər.

Onu da qeyd edək ki, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi faktını İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da təsdiqləyir və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Buna görə də ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həllini tapmalıdır.

Onu da xüsusi qeyd etmək istərdik ki, bu böyük problem və humanitar fəlakətə baxmayaraq, Azərbaycan az bir zamanda müasir ölkəyə çevrilə bilib və fəal xarici siyasət yürüdür. Azərbaycan hökumətinin həyata keçirdiyi İqtisadi siyasət ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaradıb. Azərbaycan bu gün həm də xarici siyasət sahəsində etibarlı tərəfdaşdır. Ölkəmiz İslam Əməkdaşlığı Təşkilatının fəal üzvü olmaqla, həm də Avropa İttifaqı ilə yaxın münasibətlər qura bilib. Respublikamız Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edib. Bu gün bütün dünyanın "Bakı Prosesi" kimi qəbul etdiyi çağırış da, Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması baxımından Azərbaycanın bəşəri birgəyaşayışının təmin olunmasına bir töhfədir.

Bir sözlə, Azərbaycanın xarici siyasət gündəliyi də əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı faydalı dialoq üzərində qurulub.

Bu da məlumdur ki,"Bakı Prosesi"nin əsas qayəsi sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək göstərməkdir.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən qonaqlar da bu faktı öz çıxışlarında qabarıq şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos qeyd edib ki, bu cür möhtəşəm bir şəhərdə olmaq çox fərəhləndirici faktdır: "Bu, mənim üçün həm hisslər, həm məsuliyyət ehtiva edən bir faktdır. Hisslər və emosiyalar ona görədir ki, mən birinci dəfədir Azərbaycana, Bakıya təşrif buyururam. Buraya BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi kimi gəlmişəm. Məsuliyyət ondan ibarətdir ki, Sivilizasiyalar Alyansı "Bakı Prosesi"nin tərəfdaşıdır. Məhz bu səbəbdən çıxışım, fikirlərim mənim üçün böyük məna kəsb edir".  BMT təmsilçisi bildirib ki, V Forumun başlığı da açıq-aydın ismarıc ehtiva edir. Buraya üç açar söz daxildir: dialoq, dialoqun qurulması və fəaliyyət naminə: "Mən istərdim üçüncü konsepsiyanı incələyim. Dialoq, fəaliyyət və bunun nəticəsində yaranan alyans və yaxud ittifaq. Mən hesab edirəm ki, bu Forum vaxtında təşkil olunub".

Dünyada baş verən münaqişələr haqqında danışan BMT-nin ali nümayəndəsi bu problemin kökündə dinin və imanın deyil, dinlə manipulyasiya edərək insanları bir-birinə qarşı qoyan qüvvələrin dayandığını bildirib. O, həmçinin insanları bu tendensiyanın yaratdığı zorakı ekstremizmdən və terrorizmdən qorumaq üçün icmaların, beynəlxalq təşkilatların, bütün sülhsevər qüvvələrin birliyinə ciddi ehtiyac olduğunu deyib və bununla bağlı BMT-nin hazırladığı sülh konsepsiyası barədə məlumat verərək "Bakı Prosesi"nin bu konsepsiyaya mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirib: "Zənnimcə, mədəniyyətlərarası dialoqa həsr olunan bu forum dünyaya çox açıq-aydın mesaj göndərən bir platformadır. Bu, sülh mesajıdır.

Qeyd etməliyəm ki, "Bakı Prosesi", mədəniyyətlərarası dialoqu təşviq edən və sülhü bərqərar edən əsas elementə çevrilir. Biz illər ərzində çalışaraq bir-birimizi dəstəkləyirik, bir-birimizin işinə töhfə veririk, tərəfdaşlığımızı gücləndiririk. Bir daha qeyd etməliyəm ki, müasir, mürəkkəb dünyada biz yeni yanaşmalara möhtacıq. Yeni alyanslar formalaşdırmalıyıq. Biz yeni alyanslar quraraq bu gün işləməliyik".

Forumda çıxış edən UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif qeyd edib ki, yenidən Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edirəm. UNESCO bu tədbirə yarandığı ilk gündən xüsusi əhəmiyyət verib və cənab Prezidentin burada iştirakı, eləcə də Azərbaycan hökuməti mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın təbliği və təşviqində Bakı Forumu şəklində təsbit edilən bir proqramın həyata keçirilməsində xüsusi rol oynayır. Bu beynəlxalq mədəniyyətlərarası dialoq proqramında uzunmüddətli bir hədəf mövcuddur: "Biz bu məsafəni birlikdə qət etmişik. Forumun əsasında duran bu konsepsiya bizim hamılıqla və "daha az daha çox olacaqdır" prinsipi ilə çalışaraq daha dolğun bir strukturun yaradılmasına, müxtəlif debat və müzakirələrlə konkret əməli tədbirlər görməyimizə kömək edəcək. Bizim V Forumun keçirilməsində əsas məqsədimiz də baxışlarımızın yenilənmiş innovasiya və ruhun fonunda məhz bu tədbirlərin təsirini və davamlılığını təmin edə bilməkdir. UNESCO da Azərbaycan Respublikasının hökuməti ilə bu prosesdə yaxından əməkdaşlıq edir".

UNESCO-nun Baş direktorunun müavini zorakılıq, etinasızlıq, münaqişələr, cəmiyyətlərdəki qütbləşmə, məcburi köçkünlərlə bağlı problemlər və bu qəbildən digər müasir çağırışların qarşısının alınması üçün səyləri birləşdirməyin zəruriliyini xüsusi vurğulayaraq bildirib ki, UNESCO-nun əsas məqsədi müsbət dəyişiklikləri insan hüquqları və qarşılıqlı hörmət əsasında təbliğ etmək, müsbət istiqamətdə daha ədalətli, inklüziv və dayanıqlı bir cəmiyyət formalaşdırmağa çalışmaqdır. Bu, davamlı inkişaf hədəflərinin ümdə prinsipləridir ki, bu da heç kəsi arxada qoymamaq prinsipi ilə həmahəngdir. Bütün bunların hamısı müxtəlifliyin hər zaman güc və qüdrət mənbəyi olduğunu nümayiş etdirmək və bunlardan cəmiyyətlərdə hamının bəhrələnməsinə imkan yaratmaqdır. UNESCO-nun da əsas məqsədi qadınların və kişilərin təfəkkürünə sülh prinsiplərini aşılamaqdır. Bir sıra beynəlxalq təşkilatların məqsədi də cəmiyyəti bu hədəflərə doğru irəli aparmaqdır: "BMT də 2013-cü ildən bəri icra olunan beynəlxalq onillik proqramında mədəniyyətlərin dialoqunu təşviq edir. Bizim bu 10 illik proqramımız 2022-ci ildə başa çatacaq. Biz artıq nailiyyətlərimizi nəzərdən keçirərək 2022-ci ildən sonra nələr etmək barədə düşünəcəyik. Bu fürsət bizə yeni təşəbbüslərlə çıxış etməyə, illər boyunca topladığımız təcrübəmizi, "Bakı Prosesi"ni bütün maraqlı tərəflərlə birlikdə daha da irəli aparmağa kömək edəcək".

UNESCO nümayəndəsi daha sonra bildirib ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün UNESCO çərçivəsində təhsil məsələlərinə də xüsusi diqqət yetirilir və bu istiqamətdə bir sıra praktiki addımlar atılır: "Bakı Forumunun da əsas prinsipi olan daha səmərəli və daha mütərəqqi dialoq qurmaq üçün biz gücümüzü, qüvvələrimizi birləşdirərək səfərbər etməliyik. Biz Bakıya toplaşmaqla məhz əməli tədbirlərin, dinamik inkişafın, sosial-iqtisadi, siyasi mühitin güclənməsinin vacib olduğunu bir daha yəqin etdik. Bu gün konkret tədbirlər görməyimiz, addımlar atmağımız, çeviklik, cəsarət və şücaət göstərməyimiz həmişəkindən daha artıq dərəcədə vacibdir. Beləliklə, daha faydalı, daha mənalı bir dialoq bizim müxtəlifliklərimizi daha yaxşı anlamağa kömək edəcək. Əminəm ki, biz ümumi dəyərlərimiz naminə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik".

Bu çıxışların ümumi ruhu da, Azərbaycanda dinlər və millətlər arasında heç bir fərqin qoyulmadığını təsdiqləməklə, ölkəmizin dünyada multikulturalizmin və tolerantlığın inkişafına böyük töhfələr verdiyini bir daha təsdiqləyir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.075412034988403