Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı əməkdaşlıq və dialoq  körpüləri qurur

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm qlobal miqyasda, həm də ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir

 Yazın gəlişi ilə ölkəmizin sosial-siyasi və ictimai həyatında da fəallığın artdığı müşahidə olunur. Dünyanın hər bir yerində multikulturalizm və tolerantlıq, dialoq və əməkdaşlıq, eləcə də müxtəlif beynəlxalq səviyyəli forum, konfrans və sammitlərin keçirildiyi məkan kimi tanınan ölkəmizdə silsilə tadbirlərin keçirilməsi diqqət çəkir. Belə tədbirlərdən biri də "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur.  

Mayın 2-də Bakıda öz işinə başlayan Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.

Onu da diqqətinizə çatdıraq ki, 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma kimi qəbul olunub. Bu müddət ərzində Forumun coğrafiyası çox genişlənib və tədbirə qoşulan qurumların sayı da xeyli artıb. Bu Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçilərinin də qatılıması, tədbirin əhəmiyyətinin göstəricisidir. Məlumdur ki, Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir və müzakirə olunur.

Forumun açılış mərasimində dövlətimizin başçısı, Prezident İlham Əliyev geniş məzmunlu nitqlə çıxış edib.

Prezident əvvəlcə Forumun bütün iştirakçılarını salamlayıb, bu tədbirə qatıldıqları üçün onlara öz təşəkkürünü bildirib. Prezident qeyd edib ki, tədbirə  100-dən artıq ölkədən 500-dən çox qonağın qatılması onu göstərir ki, bu Forum nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrilib.

Dövlətimizin başçısı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 8 il əvvəl ilk forum təşkil ediləndə onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür etmək belə çətin idi: "2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilən dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq.

Foruma göstərilən geniş beynəlxalq dəstək bizi daha da ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkan olub. Ta qədim zamanlardan Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı dövlət kimi tanınıb. Azərbaycanın yerləşdiyi tarixi- coğrafi məkanın özü də nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda yaşadığımız zaman böyük uğurlar qazana bilirik. Azərbaycanın bugünkü sürətli inkişafı da, məhz  mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Azərbaycan hər zaman öz tarixi, tarixi abidələri ilə fəxr edir. Həm tariximiz, həm də ölkəmizdə var olan tarixi abidələr də əsrlər boyu müxtəlif dinlərin və millətlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Belə ki, dünyanın ən qədim məscidlərindən biri Şamaxı şəhərində yerləşir. Azərbaycanın Şəki rayonunda yerləşən Qafqazın ən qədim kilsələrindən biri də Qafqaz Albaniyasına məxsusdur.

Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan, dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu təbliğ edir.

Prezident çıxışı zamanı qeyd edib ki, multikulturalizm bizim üçün həyat tərzidir: "Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli" elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyllər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik və sülh bərqərar olar. Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindən biridir". Məlumdur ki, bu siyasətin gerçəkləşdirilməsi üçün Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Bu mərkəz həmin dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdirir. Bu da danılmaz faktdır ki, multikulturalizmlə bağlı müxtəlif fikirlər var. Ancaq Prezident İlham Əliyev hesab edir ki, bu forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir və bu, məqsədyönlü və ardıcıl xarakter daşıyır.

Bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həm qlobal miqyasda, həm də ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumu, ənənəvi Bakı Humanitar Forumu, yeddi dəfə Bakı Qlobal Forumu ölkəmizdə təşkil olunub. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Bunlarla bərabər, digər tədbirlər də təşkil edilir ki, bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə cəlb etmək istəyirik.

Prezident İlham Əliyev iki gün davam edəcək Forum çərçivəsində aparılan müzakirələrin problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcəyinə, nəticədə mədəniyyətlər arasında körpü yaranacağına əmin olduğunu bildirib.

Ötən il ölkəmizdə "Bakı Prosesi"nin 10 illiyinin yüksək səviyyədə qeyd olunduğuna toxunan dövlətimizin başçısı qeyd edib ki, bu bizim fəxr etdiyimiz bir təşəbbüsdür: "Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs "Bakı Prosesi" adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir".

Bunun nəticəsidir ki, Azərbaycan dünyada həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına üzv olan nadir ölkələrdən biridir. Bununla da

Azərbaycan bu qütblər arasında təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və müsbət rol oynayır. Bu gün bütün dünyanın dialoqa ehtiyacı var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində də dialoq zəruridir. Gördüyünüz kimi, Forumun adı belə, dialoq adlanır. Yəni biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir.

Bu da məlum həqiqətdir ki, 10 il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən bu çağırış, bu gün BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Məhz buna görə də, dövlətimizin başçısı əmindir ki, "Bakı Prosesi"nin böyük gələcəyi var.

Qeyd etmək lazımdır ki, məhz bu kimi forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Məhz, buna görə də Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət həyata keçirir, əməkdaşlıq və dialoq  körpüləri qurur. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və əlbəttə ki, coğrafiyamız tariximizə, yaşamımıza və bugünkü inkişafımıza da təsir edir.

Bu inkişaf həm siyasi, həm iqtisadi və mədəni -mənəvi aspektləri də əhatə edir. Azərbaycan nisbətən gənc müstəqil dövlət olsa belə, Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Azərbaycan özünün multikultural və tolerant dəyərlərini dünyaya tanıtmaqla bütün dünyada sülhün və birgə yaşayışın bərqərar olmasına nail olmaq istəyir. Ölkəmizdə keçirilən bütün forumlar da bu məqsədə xidmət edir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.09745979309082