Sənətçi cütlüklər, ayrılan, dağılan ailələr və...

Sənətçi cütlüklər, ayrılan, dağılan ailələr və...

Sənətçi, xüsusilə, aktyorlar üçün ailə həyatı qurmaq nə qədər çətin olsa da, ailəni sonacan qoruyub-saxlamaq bir o qədər çətindir... Çünki digər peşə və sənət sahiblərindən fərqli olaraq, qısa bir zamanda tanınmaq, populyarlaşmaq, on minlərin, yüz minlərin, milyonların sevgisini qazanmaq, sevimlisinə çevrilmək və bunları itirməmək üçün bəzən ailə, şəxsi həyatı ikinci-arxa plana keçirmək və nəticədə boşanmaq, ayrılmaq, ailə dramı yaşamaq var bu həyatda... Necə deyərlər, sənət qurban tələb edir və bu qurbanlar da təəssüf ki, ailələr, şəxsi həyat olur...

Budəfəki yazımızda da ayrılan və ömürlərinin sonuna qədər birgəliklərini qoruyan sənətçi cütlüklərdən, onların talelərindən bəhs edəcəyik...

Beləliklə, Barat Şəkinskaya...

Azərbaycanın dilbər guşəsi və musiqi konservatoriyası, mədəniyyət beşiyi sayılan Şuşada bəyzadə ailəsində dünyaya göz açan, Azərbaycanın dahi yazıçılarından, dramaturqlarından biri Əbdürrəhimbəy Haqverdiyevin doğmaca əmisi qızı olan Barat Şəkinskaya... Azərbaycan sənhəsinin parlaq ulduzlarından olan, tanınmış kino və teatr aktrisası, “O olmasın, bu olsun” komediya filmindən qulluqçu Sənəm obrazı ilə yaddaşlara birdəfəlik həkk olunan, neçə-neçə gözəl rolların, obrazların mahir ifaçısı və gözəlliyi ilə gözlər qamaşdıran Barat xanım Şəkinskaya... Barat xanımı şəxsi-ailə həyatında həm bəxti gətirənlərdən, həm də gətirməyənlərdən saymaq olar... Belə ki, Barat Şəkinskaya üç dəfə ailəli olub... İlk dəfə 1931-ci ildə Gəncədə tanınmış həvəskar aktyor və rejissor, “Fəhlə klubu”nun direktoru Miribrahim Həmzəyevlə ailə quran Barat xanımın 1932-ci ilin mayında bu evlilikdən Solmaz adlı qızı dünyaya gəlir... Ancaq təəssüf ki, bu evlilik uzun sürmür, iki ildən sonra, yəni, 1933-cü ildə Barat Şəkinskaya ilə Miribrahim Həmzəyev boşanırlar...

Sonra səhnə həyatını Bakıda davam etdirən və çox tez məşhurlaşan Barat xanım 1936-cı ilin avqustunda Akademik teatrda rejissor işləyən korifey sənətkar Şəmsi Bədəlbəyli ilə ikinci dəfə ailə qurur. Bu nikahdan qızı Rövşanə Bədəlbəyli doğulur. Ancaq bu evliliyin də ömrü uzun çəkmir, cəmi 7 ildən sonra 1943-cü ilin martın 12-də Barat Şəkinskaya Şəmsi bəydən boşanır və yenidən Gəncəyə qayıdır. Qeyd edək ki, Şəmsi Bədəlbəyli sonradan ikinci dəfə ailə qurur və ikinci evliliyindən 1947-ci ildə Fərhad Bədəlbəyli dünyaya gəlir.

Barat xanıma gəlincə, o, 1944-cü ilin noyabr ayında Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycanın ilk SSRİ xalq artistlərindən olan Mehdi Məmmədovla ailə həyatı qurur. 1946-cı il mayın 29-da isə onların övladları-tanınmış rəssam, Azərbaycan kinosunun Mirpaşası və Qaraca Çobanı olan Elçin Məmmədov dünyaya gəlir. Ancaq Barat xanımın üçüncü evliliyi də qısa müddətdə başa çatır, Mehdi Məmmədovdan da boşanır.

Mehdi Məmmədov...

Barat xanım kimi Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşada dünyaya göz açan və gənc yaşlarından ömrünü sənətə, teatra, aktyorluğa və rejissorluğa həsr edən Mehdi Məmmədov. “Onu bağışlamaq olarmı?” filmindən tanıdığımız Qaya obrazının və Şekspirin “Hamlet” əsəri əsasında çəkilmiş “Hamlet” tamaşasından Hamlet obrazı ilə yaddaşlarda qalan möhtəşəm sənətçi... Onlarla teatr tamaşasına rejissorluq edən, quruluş verən Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində Mehdi Məmmədov məktəbi yaradan, onlarla istedadlı aktyorun, sənətçinin müəllimi olan korifey sənətkar. Mehdi müəllimin də ailə-həyat yolu enişli-yoxuşlu, ziqzaqlı olub, üç dəfə ailə qurub. Barat Şəkinskaya ilə ayrıldıqdan sonra Mehdi Məmmədov Azərbaycanın daha bir tanınmış-korifey sənətçisi, Xalq artisti Şəfiqə Məmmədova ilə ailə həyatı qurur. Onların bu evliliyindən hazırda kinotənqidçi və aktyor olan Ülvi Mehdi dünyaya gəlir. Ancaq Mehdi Məmmədovla Şəfiqə xanımın evliliyi də üzün sürmür, bir neçə ildən sonra ayrılmalı olurlar. Mehdi Məmmədov Şəfiqə Məmmədovadan ayrıldıqdan sonra üçüncü dəfə ailə həyatı qurur və bu evlilikdən aktyor və rejissor Vüqar Məmmədov dünyaya gəlir. Və sonuncu övladının dünyaya gəlməsindən bir il sonra, 1985-ci ildə, 67 yaşında vəfat edir.

Hökumə Qurbanova...

Azərbaycan səhnəsinin daha bir parlaq ulduzu, həm sənəti, həm istedadı ilə tez bir zamanda şöhrət qazanan, həm də gözəlliyi ilə qəlblərə hakim olan Hökumə Qurbanova... Azərbaycanın həm kino, həm də teatr aktrisaları arasında ilk və son SSRİ Xalq artisti olan Hökumə xanımın da ailə-şəxsi həyatı keşməkeşli olub. Hökumə xanımın ilk həyat yoldaşı aktyor həmkarı, Azərbaycanın nəhəng sənətkarlarından olan, Rüstəm kişi kimi yaddaşlarda qalan SSRİ Xalq artisti Ələsgər Ələkbərov olub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb, amma çox keçməmiş bu ailə dağılıb. Ələsgər Ələkbərov sonra bir rus qızı ilə ailə qurub, Hökumə xanım isə tanınmış rəssam - Azərbaycanın Xalq rəssamı Nüsrət Fətullayevlə evlənib. Onların bu evliliyindən bir qızı olub-çox erkən yaşlarında həyatdan köçən tanınmış aktrisa, Əməkdar artist Vəfa Fətullayeva.

Mirvari Zeynalova və Əli Zeynalov...

Azərbaycan səhnəsinin tanınmış sənətçilərindən olan Xalq artisti Əli Zeynalov və Əməkdar artist Mirvari Novruzova... Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan bədii qiraət ustası, keçmiş İncəsənət İnstitutunda “səhnə danışığı” fənnindan dərs deyən Əli Zeynalov və “Zalxa”, “Tükəz”, “Gülnisə” və sair obrazlarla yaddaşlarda qalan Mirvari Novruzova... Bu iki böyük sənətkar ömürlərinin sonunacan birgəliklərini qoruyan azsaylı sənətçi cütlüklərdən olub... Hətta, Əli Zeynalov söhbətlərinin birində bunları etiraf etmişdi: “Mən xoşbəxtəm ki, sənətdə də, həyatda da qarşıma nəcib insanlar çıxdı. Tale məni Mirvari xanımla qoşalaşdırmasaydı, bəlkə də mən heç Əli Zeynalov olmazdım. Mənim bütün əziyyətlərimi, məişət qayğılarımı o çəkirdi. Səhnədəki əzəmətə fikir verməyin, məişətdə çox acizəm. Bu mənada xilaskarım xanımım olub. Halbuki Mirvari də öz sənətinin aşiqi idi..”.

Leyli Bədirbəyli...

Hələ gənc yaşlarından nəinki Azərbaycanda, adı keçmiş SSRİ məkanında dillər əzbəri olan - “Arşın mal alan” filmindəki Gülçöhrə obrazı ilə tanınan, populyarlaşan, sənət zirvəsinə qalxan bəy qızı Leyla Bədirbəyli... İstedadına, gözəlliyinə həsəd aparılan azman sənətçi... Keçmiş SSRİ-nin qanlı diktatoru Stalini belə gözəlliyi ilə əfsunlayan və ölkənin birinci şəxsi tərəfindən “Şərqin gözəli” elan edilən Leyla Bədirbəyli... Leyla xanım da iki dəfə ailə qurmalı olub. Birinci dəfə lap erkən, yeniyetməlik yaşlarında, cəmi 16 yaşında ailə həyatı qurub, sənətçi, rəqqas Fərəc Cavanşirovla evlənib və 1937-ci ildə onların oğlu dünyaya gəlib. Amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürməyib və onlar bir neçə ildən sonra boşanıb. 1942-ci ildə isə Leyla xanım Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı - Lalə dünyaya gəlir, 1964-cü ildə isə ikinci qızları - Bikə doğulur…

Ofeliya Aslan və Siyavuş Aslan...

Tanımış sənətçi, Xalq artisti Rza Əfqanlının ailəsində dünyaya gələn və atası kimi ömrünü sənətlə, səhnə ilə bağlayan Ofeliya Aslan və Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Xalq artisti Siyavuş Aslan... Çoxları bəlkə də onlara həsəd aparırdı. Çünki səhnədə çox xoşbəxt və ayrılmaz görünürdülər. Hətta, bir neçə tamaşada (“Hicran”, “Adı mənim, dadı sənin” və sair) birlikdə rol almış, tərəf müqabili olmuşdular... Amma və lakin, sən saydığını say, gör fələk nə sayır. Hamının həsədlə baxdığı bu cütlüyün sonrakı taleyi çox acı və ağır olur. Ötən əsrin 80-ci illərinin sonlarında Ofeliya xanımın səhhətində yaranan psixoloji problemlər səbəbindən bu iki sənətçi, iki övlad sahibi olan bu xoşbəxt cütlük ayrılmalı olur və bundan sonra həyatlarının ən ağrılı, acılı günlərini yaşayırlar. Ancaq ayrılsalar da, heç biri sonradan ailə həyatı qurmur və ömürlərini təklikdə başa vururlar.

Kamil HƏMZƏOĞLU

0.066303014755249