"Qaraj" dostlar klubu

Zəhmətkeşlərin həmrəylik günü

 

Hər bir insanın özünəməxsus şakəri, hobbisi, maraq dairəsi olur. Biz tətəflərdə buna "bazlıq" da deyirlər. Bu şakərindən boş, asudə vaxtını keçirmək üçün istifadə edənlər olduğu kimi, hobbisindən səmərəli istifadə edərək mənfəət əldə edənlər də var. Aramızda hobbi sözünün həqiqətən də "bazlıq" mənasını ifadə etdiyini deyənlər də var, bunu inkar edənlər də. Biz də bazlığa meyilli xalq olduğumuzdan "quşbaz", "itbaz", "qumarbaz", "arvadbaz", "siyasətbaz" kimi ifadələr leksikonumuzda geniş yer tutur.

Bu öz yerində.

Müasir dünyamızda İnformasiya Kommunikasiya Texnologiyaları həyatımızın bütün sahələrinə nüfuz etdiyi kimi, bazlıq sahəsinə də təsirsiz ötüşməyib. Artıq "telefonbazlar", "istiqrambazlar", "feisbokbazlar" şəbəkəsi formalaşıb ki, bütün bazlıqları üstələyib. Yaşlı nəslin nümayəndələri isə bu texnologiyalara çox da meyil etmədiklərindən, özlərinin köhnə şakərlərini davam etdirirlər, yəni "nərdbazlıq", "dominobazlıq", "futbolbazlıq" və s. Bütün bu bazlıqların gerçəkləşdirilməsi üçün isə lazımdır ki, buna (maddi, mənəvi və vaxt) imkanın olsun. Günümüzün yaşlı insanlarının maddi durumu (söhbət sadə, zəhmətkeş insanlardan gedir) hamıya bəllidir. Bu səbəbdən də, bir çoxları öz şakərindən əl çəkiblər və sadəcə, mövcudluqlarını sürdürməkdədirlər.

Ancaq biz optimist nəslin nümayədələriyik, ruhdan düşmək, depressiya kimi hallar bizlik deyil. Buna görə də, mövcud imkanlardan istifadə edib çalışırıq ki, yaşam tərzimizi özümüz tənzimləyək. Bunun üçün heç olmasa, maraq dairələri bir qədər uyğun gələn insanlar bir-biriləri ilə ünsiyyət qurmağı bacarmalıdır. Müasir gənclik daha çox virtual ünsiyyətə üstünlük versə də, yaşlı insanlar əvvəllər olduğu kimi, canlı ünsiyyətə can atırlar.

Varlı-hallı insanlar öz hobbilərini müxtəlif ölkələrdə istirahət etməklə gerçəkləşdirir, bayramlarını da dünyanın maraqlı yerlərində gəzməklə qeyd edirlər. Azad, müstəqil dövlət olan Azərbaycanımızın zəhmətkeşlərinin bütün bunlardan məhrum olduqlarını nəzərə alıb, biz də öz şakərimizi öldürmək üçün "Qaraj" dostlər klubunu təsis etmişik və asudə vaxtımızı burada nərd, domino oynamaqla keçiririk. Bu toplantıların əsas atributu isə samovar çayıdır, gücümüz və imkanımız buna çatır.

Artıq 3-4 gündür ki, sosial şəbəkələrdə, mediada 1 may gününün ölkəmizdə nə üçün bayram kimi qeyd olunmadığı geniş müzakirə mövzusuna çevrilib. Bildiyiniz kimi, 1 may günü bütün dünyada zəhmətkeşlərin həmrəylik günü kimi qeyd olunurdu. Olunurdu ona görə deyirəm ki, hazırda bu gün heç də hər yerdə, o cümlədən Azərbaycanda bayram kimi qeyd olunmur. Mən bunun səbəbini şərh etmək istəmirəm. Bəlkə də, sovet rejimi dağılan ərəfədə bu bayramdan xoşu gəlməyən, zəhmətkeşlərin həmrəyliyindən əndişə keçirən bir qrup hesab edib ki, məmləkətimizdə zəhmətkeşlərin həmrəyliyinə ehtiyac yoxdur və bayramın ləğv olunması barədə qərar çıxarıb. Əslində, elə belə də var. Bu gün canım Azərbaycanda heç bir şeyə sahib olmayan ən məzlum bəndə zəhmətkeş insanlardır, onların da bir yerə toplanması, həmrəylikləri arzuolunan deyil. Çünki zəhmətkeş insanların zəhməti sayəsində "yağ içində böyrək" kimi yaşayanlar, zəhmətkeşlərin necə yaşadıqlarını nə düşünmək, nə də eşitmək istəmirlər. Belə olmasaydı, bu məmləkətdə zəhmətkeşlərin maaş və təqaüdləri 160-300 manat, həmin zəhmətkeşlərin hesabına dolanan məmurların isə maaş və təqaüdləri 1000-3000 manat civarında olmazdı.

Əlqərəz, bu başqa bir mövzunun söhbətidir və qalsın gələn dəfəyə.

Biz "Qaraj" dostlar klubunun üzvləri olan zəhmətkeş insanlar da, öz imkanlarımız daxilində yaxın məsafəyə bir yürüş keçirtdik. Daha sonra öz "Qaraj"ımıza yığışıb, 1 may dünya zəhmətkeşlərinin həmrəylik gününü qeyd etdik. Mən bu qaraj sahibi, oraya yığışan insanların hər biri barədə bir kitab söz danışa bilərəm, sadəcə olaraq bu insanlar zəhmətkeş olduqları qədər də səmimi olduqlarından onlar adlarının bu yazıda çəkilməsini istəmədilər. Bununla belə bir neçə kəlmə demək zorundayam.

Buraya toplaşan insanlar var-dövlət, sərvət sahibi olmasalar da, vətənlərini, dövlətini, millətini sevən, müstəqil dövlətimiz uğrunda canlarından belə keçməyə hazır zəhmətkeş insanlardırlar. Buraya toplaşan insanlar var-dövlət, sərvət sahibi deyillər, lakin onların o qədər geniş, səmimi qəlbləri var ki, heç bir sərvətlə müqayisə oluna bilməz.

Buraya toplaşan insanlar var-dövlət, sərvət sahibi deyillər, lakin, məhz belə insanlar barəsində deyilb ki,"onlarla kəşfiyyata getmək olar".

Biz bu bayramı öz bildiyimiz kimi qeyd etdik. Kim özünü əsl zəhmətkeş hesab edib, bu bayramı qeyd edibsə, Bayramınız Mübarək!

Kim keçirməyibsə, canları sağ olsun. Bir gün gələr onlar da özləri üçün bir "Darmayedı"(başqasının hesabına yeyənlər) bayramı təsis edərlər, biz də həmin bayramı "boykot" edərik.

Ən əsası, Allah hamıya cansağlığı versin, Amin!

Deyingən təqaüdçü

 

Yusif Seyid

0.21548318862915