Prezident İlham Əliyev ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır

Prezident İlham Əliyev ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır

Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir və hazırda bu dəyərlərin ən böyük «ixracatçısı» qismində çıxış edir

 

(əvvəli ötən sayımızda)

 

Konfransın ikinci günüdə "Dini icmalar sülhün carçısı kimi" mövzusunda keçirilən birinci paneldə çıxış edən Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusif Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını bildirib. O həmçinin, Rumıniyada müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb, ölkəsi ilə Azərbaycanın əlaqələrindən bəhs edib.

Paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov radikalizmi doğuran səbəblər, onunla mübarizədə qarşıya çıxan problemlərə toxunub və bu istiqamətdə təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ölkəmizdə dini icmalara göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri üçün hər cür şərait yaradılıb və burada bütün dinlərin mənsubları öz ibadətlərini heç bir təzyiq və təhdidlə üzləşmədən həyata keçirə bilirlər.

 "Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri" mövzusunda ikinci paneldə çıxış edən Rumıniya Hökumətinin Dini Məsələlər üzrə dövlət katibinin məsləhətçisi Katalina Ray müasir dövrdə din və dövlət əlaqələrinin müxtəlif ölkələrdə fərqli istiqamətlərdə inteqrativ mahiyyətə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Katalina Ray bildirib ki, din-dövlət münasibətlərində dünyəvi sistem tərəfindən "azadlıq, demokratiya, insan hüquqları  və hüququn üstünlüyü" anlayışı prinsipial hüquqi ifadə olaraq qəbul edilir. Bu baxımdan modern dövlət iddiasını daşıyan hər bir dövlət  bu və ya digər cəhətdən bu prinsiplərə sadiq olmalıdır.

Konfransda Azərbaycan dünyaya özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zən-gin multikulturalizm modelini bir daha təqdim etdi. Ölkəmizin bu sahədə kifayət qədər təcrübəsi var və ölkəmizdə kilsə, sinaqoq və məscidlərin azad, sərbəst, təh-lükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərmələri də buna əyani sübutdur. Belə bir mühit, heç şübhəsiz ki, dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ulu Öndərimiz Heydər Əliyevdir və bu siyasəti Prezident İlham Əliyev özünün məqsədyönlu fəaliyyəti ilə daha yüksək səviyyəyə qaldırıb. Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir və hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük "ixracatçısı" qismində çıxış edir.

Konfranda çıxış edən Florensiya Dinlərarası və Mədəniyyətlərarası Dialoq İnstitunun vitse-prezidenti, katolik keşişi Andre Bellandi və digər məzuzəçilər də mədəniyyətlərarası və dinlərarası qarşılıqlı anlayışın qorunması və inkişafı məqsədilə dini və dünyəvi tədrisin inteqrasiyası, həmçinin digər mövzular barədə danışıblar.

"Zorakı ektremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri" mövzusunda üçüncü paneldə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndərin siyasi xəttini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır.

Bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Məlumdur ki, dini təhlükəsizlik milli təhlükəsizliyin başlıca tərkib hissəsidir. Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyin təminatı və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi istiqamətində səylərini daha da artırmaq əzmindədir. Çünki müasir dünyamızda dini radikalizm ölkələrin sərhədlərini aşaraq beynəlxalq səviyyədə ciddi problemə çevrilib. Dini ekstremizmlə mübarizə müasir dövrün sosial problemi olaraq ciddi münasibət tələb edir. Bu problemin aradan qaldırılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq qurumlarla kompleks tədbirlər həyata keçirir və dini radikalizmə qarşı mübarizə 3 istiqamətdə aparılır. İdeoloji müstəvidə aparılan mübarizədə dini radikalizmin və ekstremizmin fəsadlarını real faktlarla ictimaiyyətə nümayiş etdirilməsi üçün DQİDK-nın sifarişi ilə sənədli filmlər hazırlanır və bütün dini icmalar, eləcə də cəmiyyətə  təqdim olunur.

Azərbaycan bir çox sahələrdə olduğu kimi, dövlət-din siyasətinin də nümunəvi modelini nümayiş etdirir, eyni zamanda bu sahədəki təcrübəni hamı ilə bölüşməyə hazırdır. DQİDK eyni zamanda, ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi üçün Avropa İttifaqının nəzdində platformanın yaradılması təşəbbüsünü irəli sürüb.

Konfrans iştirakçılarının böyük bir qismi də ekstremizmin və dini radikalizmin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin təşkili, birgə müzakirələrin aparılması və mübarizə tədbirlərinin effektivliyinin artırılması metodlarından danışıblar və bu mövzu geniş müzakirə olunub.

"Dinlərarası dialoq və radikalizmlə mübarizə" ikinci beynəlxalq konfransda iştirak üçün Bakıya gələn bir çox qonaqlar, həm də ölkəmizin dövlət və din xadimləri ilə səmərəli görüşlər keçirməkdə maraqlı olublar. Bu görüşlərin əsasən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə baş tutması da, heç şübhəsiz onun dünya dini liderləri arasındakı nüfuzundan xəbər verir. Bu görüşlər çərçivəsində Şeyx həzrətləri aprelin 25-də Azərbaycanda səfərdə olan Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusifi qəbul edib.

Görüşdə qonağı səmimi salamlayan QMİ sədri Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən bəhs edib. Multikulturalizmin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyini, dövlət başçımızın bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirdiyini qonağın diqqətinə çatdıran şeyx həzrətləri 2017-ci ilin sonunda QMİ nəzdində yaradılan Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də, məhz bu mərama xidmət etdiyini bildirib. Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilən beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Şeyxülislam Allahşükür Paşazadə, iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək növbəti beynəlxalq forumun da əhəmiyyətini xüsusi vurğulayaraq, Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusifiin də bu tədbirə dəvətli olduğunu bildirib.

Rumıniya müftisi M. Yusifi Azərbaycana səfərdən məmnunluğunu diqqətə çatdıraraq qeyd edib ki, ağsaqqal din xadimi kimi Şeyxülislam Allahşükür Paşazadə ilə görüşə böyük dəyər verir və onun ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. Multikulturalizmə həsr olunmuş və Madriddə keçirilən Beynəlxalq Konfransda iştirakını xatırlayan ruminiyalı qonaq, Şeyxülislamın dəvətilə Vyana beynəlxalq Konfransında da məmnuniyyətlə iştirak edəcəyini bildirib. Daha sonra M. Yusifnin üzvü olduğu, Şeyxülislam A. Paşazadənin isə Direktorlar Şurasında təmsil olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin yeni fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.  

Dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi ünvana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verir. Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı Sammiti keçirilməsinin qərarlaşdırılması da, dünyada sülhün, multikulturalizmin, insanlar və millətlər arasında bərabərliyin və harmoniyanın yaradılması istiqamətində atılan növbəti addımlardan biridir. Heç şübhəsiz ki, 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilən ilk sammitin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir  dəyərli töhfəsi olacaq.

Bu sammitin ölkəmizdə keçirilməsi, həm də Azərbaycanın dünyada baş verən bütün prosesləri izlədiyinin, eyni zamanda ölkəmizdə tarixən formalaşmış milli və dini dəyərlərə sadiqliyinin nümayişidir.

Azərbaycan dövlətinin dünyada multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi bütün tədbirlər bəşəri birgəyaşayışın harmoniyasına, millətlər və dinlər arasında əməkdaşlığa və dialoqa xidmət edir. Qloballaşan dünyamızda sülhün və əmin-amanlığın bərqərar olmasının bundan başqa yolu yoxdur. Dini və milli radikalizm bəşəriyyəti məhvə sürükləyə bilər. Buna görə də dünyanın bütün nüfuzlu şəxsiyyətləri bir yerə toplanaraq, problemin həllinə öz töhfələrini verməlidirlər. Azərbaycan dövləti də, buna həmişə hazırdır.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi

Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

0.074869871139526