Bakıda "Dinlərarası dialoq və radikalizmlə übarizə" mövzusunda ikinci beynəlxalq konfrans keçirilib

"Azərbaycanda qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlərin şahidi oldum"

 Azərbaycanın dünyada sülhün və əmin-amanlığın qorunması istiqamətindəki fəaliyyətinin əsasını tolerantlıq və multikulturalizm təşkil edir. Bunun üçün isə dinlər və millətlərarası əməkdaşlıq və dialoq əsas faktorlardan biridir. Müasir dünyamızda dinlərarası dialoqu şərtləndirən əsas amillərdən birini də, dini radikalizmə və terrorizmə qarşı mübarizə təşkil edir. Azərbaycan dövləti radikalizm, ekstpemizim, separatizim və terrorizmlə üzləşmiş bir ölkə olaraq, bu kimi hallara qarşı mübarizəyə həmişə həssaslıqla yanaşıb və böyük önəm verib.

Bu günlərdə ölkəmizin paytaxtında öz işinə başlayan "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusuna həsr olunan ikinci beynəlxalq konfrans da, məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin təzahürüdür. Konfrans dinlərarası dialoq və radikalizmlə mübarizə mövzusuna həsr olunduğundan öz işinə Yeni Zelandiya və Şri-Lankada, məhz din amili üzündən həyatını itirən insanların ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Konfransda çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəsinin müavini Denis Daniilidis son günlər Yeni Zelandiyada və Şri-Lankada baş verən hadisələrin dini radikalizmlə mübarizənin hələ də başa çatmadığını və davam etdirilməsinə ehtiyac olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, bu kimi konfransların əhəmiyyətinə toxunan D. Daniilidis dini ayrı-seçkiliyin gücləndiyi müasir dövrdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyətini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı mövzunun aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, Yeni Zelandiya, Şri-Lanka və başqa yerlərdə dini və milli zəmində başa verən terror hadisələrinə qarşı mübarizə bəşəriyyətin qarşısında duran ən əsas problemlərdən biridir və bütün sivil dövlətlər bu məsələnin həlli istiqamətində səylərin əsirgəməməlidir. Bu gün Azərbaycan dövləti müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışına nümunə olacaq ölkələr arasında çox mühüm yer tutur. Azərbaycanda multikultural və tolerant dəyərlər dövlət səviyyəsində qorunub inkişaf etdirilmsi üçün lazım olan bütün tədbirlər görülür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsidir ki, ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur və inkişaf etdirilir. Bu da inkar edilməsi mümkün olmayan bir həqiqətdir ki, Azərbaycanda bütün dini inanclara, onların dini ayinlərinə hörmətlə yanaşılır, onların arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Hazırdan Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir ki, bu da çox böyük göstəricidir.

Tədbirdə çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas belə konfransların keçirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, artıq ikinci dəfə keçirilən bu konfrans tərəflərin müsbət təcrübə qazanmasına geniş imkanlar açır. O, Yeni Zelandiya və Şri-Lankada baş verən dəhşətli hadisələri xatırladaraq qeyd edib ki, bu cür hadisələrin qarşısının alınması üçün bütün sivil cəmiyyətlərin öz səylərin birləşdirməsi xüsusilə vacibdir.

Bu sahədə görülən işlərə toxunan nümayəndə bildirib ki, Azərbaycandakı dini liderlərin Brüsselə səfəri təşkil edilib. O, həmçinin, mayın əvvəlində Bakıda "İmagine" tolerantlıq festivalının keçiriləcəyini və bu tədbirin də dini müxtəlifliyə və tolerantlığa töhfə verəcəyinə ümüidvar olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məlumdur ki, terrorizmin, separatizmin və ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməli, təbliğat aparmalıdır. Eyni zamanda bu halların yaranmasının səbəbləri araşdırmalı, adekvat tədbirlər görülməlidir, əks halda hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu da məlumdur ki, hər hansı bir ölkənin qanunvericiliyində dini dözümlülük, dini etiqad azadlığının qorunması məsələləri öz əksini tapmayıbsa, həmin ölkədə dini radikalizm meyilləri olacaq və onlara qarşı mübarizə də çətinləşəcək. Bildiyiniz kimi, Azərbaycan Konstitusiyasında dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Milli Məclisdə dini ekstremizmin aradan qaldırılması ilə bağlı qanun qəbul olunub.

Bu qanunların işlək mexanizmə çevrilməsi və dini etiqad azadlığının təmin olunması, dövlətin qarşısında duran əsas vəzifələrdən biridir, çünki bunun əksi dini radikalizmə gətirib çıxara bilər. Bu işdə din xadimlərinin də üzərinə mühüm vəzifələr düşür. Onlar da təbliğat və maarifləndirmə işləri apararaq insanları qardaşlığa, bərabərliyə çağırmalıdırlar. Bununla belə, hər hansı terror qruplaşmasını dinlə əlaqələndirmək olmaz. Dünyada 60-dan çox müxtəlif terror qrupu var. Onların əksəriyyətinin adı da məlumdur və heç biri dinlə əlaqəli deyil. Bu gün Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bu torpaqlar terror, separatizm və ekstremizim yolu ilə işğal olunub. Bu gün də, həmin ərazilərdə tarixi, dini abidələrə qarşı böyük vandalizm və terror aktları həyata keçirilir, dünya ictimaiyyəti isə bunu görməzdən gəlir. Bu kimi konfransların da bilavasitə vəzifəsi, bu vandalizm və terror faktını ictimailəşdirməkdir və bunun qarşısının alınması üçün tədbirlər görməkdir. Burada heç bir halda ikili standartlara yol vermək olmaz.

Çünki yetişməkdə olan gənc nəsil tarixi həqiqətlər bilməlidirlər. Bu baxımdan  konfransın təhsil ocağında keçirilməsi də təsadüfi deyil. Çünki gənclər arasında dini tolerantlığın təbliği mühüm əhəmiyyət kəsb edir. Diqqətinizə çatdıraq ki, konfransın təşkilatçılarından biri olan ADA universitetində təhsil alan gənclərin müxtəlif dinlərə aid ibadətgahlarla tanış olmasına, eləcə də onlar arasında multikultural dəyərlərin təbliğinə xüsusi önəm verilir. Gənclərdə multikultural dəyərlərə və tolerantlığa sayğı hissi aşılanır.

Konfransda çıxış edən Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel bildirib ki, dünyada terrorçuluqdan, radikallıqdan sığortalanan ölkə yoxdur, buna görə də din anlayışı ilə dini dona bürünmüş radikalizm arasında fərq qoyulmalıdır. Dinlərarası dialoqun vacibliyinə toxunan Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi bunun əks tərəflərin fikirlərini, istəklərini, fərqlərini üzə çıxarmağa imkan yaratdığını deyib. Jan-Kristof Posel qeyd edib ki, zorakılıqla din arasında fərq qoyulmalıdır, çünki bir çox hallarda dinlərin bu məsələyə heç bir aidyəti olmur. Fransalı qonaq bildirib ki, gənclərin dini düzgün öyrənmələri üçün yollar tapılmalıdır. Cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif konfessiyalardan ibarətdir. Dini konfessiyaları birgə yanaşı yaşamağa təşviq etmək lazımdır. Biz bu fərqlilikləri problem kimi yox, zənginliyin nümunəsi kimi qəbul etməliyik. Bu baxımdan, Azərbaycanda mövcud olan multikultural mühit bir çoxları üçün nümunə olar bilər.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, QMİ 1823-cü ildə rəsmi dini təşkilat kimi yaranıb. Bu illər ərzində QMİ-in ən səmərəli dönəmi müstəqillik illərinə təsadüf edir. Dövlətimiz müstəqillik qazanandan sonra dövlət-din münasibətləri də inkişaf edib. O, eyni zamanda QMİ-nin fəaliyyətində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xüsusi önəm verdiyini bildirib.

 Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete tədbirdə çıxış edərək Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyinə bir daha əmin olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma hallarını olmaması, xüsusilə böyük əhəmiyyət kəsb edən məsələdir: "Azərbaycanda qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlərin şahidi oldum".

Onu da qeyd edək ki, Avropa ölkələrindən dəvət olunan tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimlərinin iştirak etdiyi konfrans işini aprelin 26-da "Dini icmalar sülhün carçısı kimi", "Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri", "Zorakı ekstremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri" mövzularında panellərlə davam etdirilib.

Tədbir iştirakçılarına Azərbaycandakı multikultural mühitdən bəhs edən videoçarx nümayiş olunub.

 ardı gələn sayımızda

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.045829057693481