Daha bir imtahan həyacanı sona çatdı

Daha bir imtahan həyacanı sona çatdı

Məleykə Abbaszadə:"Müxtəlif kurslar və orada repetitorluq fəaliyyəti ilə məşğul olan insanlar abituriyentləri müxtəlif qayda pozuntularına yol verməyə sövq ediblər" Təhsil eksperti Kamran Əsədov:"Biz çətin imtahanlar keçirərək, gənclərin ali təhsil almasına əngəllər yaradırıq"

 Son imtahan zamanı baş verənlərə münasibət bildirən Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə imtahanlarda yol verilən qayda pozuntuları barədə danışıb. Məleykə xanım bildirib ki, aprel ayının 7, 14 və 21-də keçirilən tam orta təhsil üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv edilib. "28 aprel tarixində keçirilən imtahanlarda da 17 nəfər qaydaları pozub. Onlardan beşi mobil telefon, 10-u sual kitabçalarının dəyişdirilməsi, bir ədəd müxtəlif funksiyalı elektron cihaz, başqasının yerinə imtahan binasına daxil olmağa cəhd kimi hallara olub. Budəfəki imtahandan sonra araşdırmalar aparılıb və məlum olub ki, kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repetitorluq fəaliyyəti ilə məşğul olan insanlar abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq ediblər. Bəzi hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda əldə etdikləri imtahan suallarını paylaşıblar. Ötən il də ali təhsil müəssisələrinə qəbul zamanı imtahanda iştirak etməli olan abituriyentin yerinə başqa birinin göndərilməsi təşkil edilmişdi. Hazırda həmin şəxslərə qarşı cinayət işi açılıb".

Təhsil eksperti Kamran Əsədov: "Təəssüflər olsun ki, Azərbaycanda keçirilən imtahanlar dünyada ən ağır imtahanlardan hesab olunur. Ümumiyyətlə, bizim şagirdlər təhsil aldıqları müddətdə çox imtahana cəlb olunurlar. Az yaşlarında onları bu qədər stressə salmaq lazım deyil. 2013- cü ildə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul edilib. Strategiyanın əsas istiqamətindən biri də o idi ki, təhsilin əlçatımlığı təmin olunmalıdır. Amma biz çətin imtahanlar keçirərək, gənclərin ali təhsil almasına əngəllər yaradırıq. Bu insanlar öz hüquqlarından istifadə edərək, təhsil almaq işləyirlər. Düşünürəm ki, baş verən xoşagəlməz hadisələr onu göstərir ki, imtahanlar çətindir. Bundan başqa, valideyinlərin övladları üzərində basqısı var. Bu təhlükəli tendensiyadır. Şagirdlərin test tapşırıqlarını yaddaşlarında saxlayıb, sonradan onu paylaşması qanun pozuntusu hesab oluna bilməz. Əgər onlar sual kitabçasını imtahandan gizlicə çıxarıblarsa, bu ciddi qayda pozuntusudur. Amma düşünürəm ki, ödənişli əsaslarla həyata keçirildiyi üçün Dövlət İmtahan Mərkəzi sual kitabçasını şagirdlərə verməlidir. Amma qayda pozduğu üçün şagirdlərin nəticələrinin ləğv olunması çox ciddi cəzadır. Bu qədər sərt mövqe nümayiş etdirmək lazım deyil. Ən azından onların bu prosesə qədərki nəticəsini qüvvədə saxlamaq və ya onu növbəti dəfə imtahana salmaq lazımdır".

 Şahnaz Salehqızı

0.063730955123901