Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını bayram münasibətilə təbrik edib

Ölkəmizdə məskunlaşan xristianlar Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər

 Ölkəmizə tarixin dərinliklərindən süzülüb gələn çoxmillətlik və çoxkonfessiyalıq burada insanlar və dinlər arasında bir harmoniyanın yaranmasına səbəb olub. Böyük İpək Yolunun üzərində yerləşən, bununla da bir çox xalqların və dinlərin qarşılıqlı ünsiyyət məkanı kimi tanınan ölkəmizdə hələ qədim zamanlardan tolerant və mültikultural dəyərlər inkişaf etməyə başlayıb. Bu səbədən də Şərqin və Qərbin qovuşağında yerləşən ölkəmizə maraq artıb, dünyanın bir çox yerlərdən gələn insanlar buranı özləri üçün yaşayış məkanı kimi seçiblər.  

Heç şübhəsiz ki, ölkəmizin ərazisində yaşayan xalqların hər birinin özünəməxsus adət və ənənələri olduğu kimi, həm də dini ayinləri və bayramları da rəngarəng və müxtəlifdir.

Məlumdür ki, yüz illər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması müasir dünyada ölkəmizi nümunəvi tolerantlıq məkanı və multikulturalizm mərkəzlərindən biri kimi tanıdıb. Bu gün də etnik-dini müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması və təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Ölkəmizin bu sahədəki zəngin təcrübəsi açıq şəkildə göstərir ki, multikulturalizm cəmiyyətdə həmrəyliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycanda yaşayan insanların 90 faizindən çoxunun İslam dininə ibadət etməsinə baxmayaraq, burada bütün səmavi dinləri təmsil edən insanların da heç bir təhdid və təzyiqlə üzləşmədən yaşaması, dünyada analoqu olmayan bir hadisədir.

Məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması da digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Ölkəmizdə məskunlaşan xristian həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər. Bu əminliyi yaradan əsas amillərdən biri də odur ki, dinindən və milliyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanların bərabərhüquqlu vətəndaş statusu dövlətimizin qanunları ilə təsbit olunub və bu Azərbaycan xalqının həyat tərzidir. 

Xristianlığın ölkəmizin ərazisində yayılmasının tarixi çox qədimlərə gedib çıxır. Ölkəmizin ərazisində bu gün qorunan qədim xristianlıq abidələri də bunu təsdiq edir. Respublikamızda bütün xalqların və dinlərin adət və ənənələrinin inkişaf etdlirilməsi üçün elə bir mühit yaradılıb ki, onlar burada öz bayramlarını da, istədikləri kimi qeyd edir, xristianlar müsəlmanların, müsəlmanlar da onların bayramlarında yaxından iştirak edirlər. Bu günlərdə xristianların böyük coşqu ilə qeyd etdiklər Pasxa bayramı da, onların müqəddəs və ən əziz bayramlarından biridir. Dirçəlişi, yeniliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirən Pasxa bayramı insanların qəlbində inam və gələcəyə ümid hissi oyadır, onları xeyirxahlığa yönləndirir.

Bu gün biz sizə bu bayram haqqında məlumat verməyə çalışacağıq.

Pasxa xristianların ən böyük bayramıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da, bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər. Prezident İlham Əliyev Azərbaycanın bütün pravoslav xristian icmasını bayram münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, yumurta boyayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini "İsa Dirildi!" kəlməsi ilə salamlayırlar.

İlahiyyatçı ekspert Elşad Miri qeyd edir ki, Pasxa bayramı hər il yenidən müəyyən edilir və kilsə ilində əsasən dörd mərhələ olur.

"Advent mərhələsi - İsanın doğum gününü hazırlayan dörd həftəlik tövbə dövrü, Milad mərhələsi - İsanın doğum günü, Böyük Pasxa oruc hazırlığı və Pasxa dövrünü əhətə edir. Pasxa ən böyük xristian bayramlarından biridir.

Ekspert hesab edir ki, Pasxa bayramı Şərq kilsəsi üçün də böyük əhəmiyyətə malikdir.

Azərbaycan pravoslavları bu ildə Pasxa bayramını böyük sevinclə qeyd ediblər.

Azərbaycanda da provaslavlar kilsələrə toplaşaraq dualar edib, ayinlər icra ediblər. Müşahidə etdiyimiz kimi, bayram günlərində xoş, mülayim hava şəraiti yaşandı. "Pasxa çıxsaydı, havalar da düzələrdi" kimi deyimlər, bu dəfə də demək olar ki, öz təsdiqini tapdı. Artıq bir neçə gün idi ki, ölkəmizdə anormal hava şəraiti hökm sürsə də, bayram günü əsl yaz havası müşahidə olundu. Alimlər, dindarlar havaların isinməsinin Pasxa bayramı ilə heç bir əlaqəsi olmadığını desələr də, insanlar arasında hələ də bu inanca inananlar var.

Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə "Pasxa" sözü də qədim yəhudi dilində "xilas olma", "qurtulma", "keçmə" kimi qəbul olunur və yunan dilindəki "paskhalia" sözündən yarandığı ehtimil olunur.Yəhudi və xristianların bayramıdır.

Nə vaxtsa yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edib. 325-ci ildə Ümumdünya Kilsə Məclisi xristian Pasxasını yəhudi Pasxası qurtarandan bir həftə sonra qeyd etməyi qərara alıb.

Pasxanı həm də ölüm üzərində qələbə bayramı hesab edirlər. Mart ayında gecə və gündüz bərabərləşəndən 30 gün sonrakı vaxtda ay bədirlənirsə, ilk bazar günündə bayram edilir. Ona görə Pasxa da digər dini bayramlar kimi təqvimcə keçici bayram sayılır.

Dini qaydaya görə, pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc tutur. Daha sonra Böyük cümə axşamı - mənəvi təmizlənmə günü keçirilir. Həmin gün İsa peyğəmbərin əzabları, onun dəfni günüdür. Ardınca gələn Böyük şənbə günü kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan provaslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edirlər. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir.

Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir. Qış bitəndə "Maslinitsa" (ukraynada buna "zelyoniy prazdnik"- "yaşıl bayram" deyirlər) bayramı keçirilir. Həmin gün milli yeməkləri olan "blinı" bişirilir. Bundan sonra 40 gün oruc tutulur. Oruc bitəndən sonra Pasxa bayramı qeyd edilir. Bu bayram 7 gün davam edir.

Məlumdur ki, xristianların öz aralarında da, müxtəlif ayin və mərasim fərqləri olanlar var. Məsələn, Azərbaycan ərazisində əsasən 18-ci əsrin sonlarında məskunlaşan malakanlar öz dini etiqadlarına görə ruslardan seçilirlər:

Onlar ikona, xaç, xaç suyuna salınma kimi atributları qəbul etmirlər. Onlarda da müsəlmanlardakı kimi, donuz əti yemək, spirtli içki içmək haramdır.

Məlumdur ki, Pasxa bayramının hə də özünəməxsus atributları var-kuliç, qırmızı yumurta və bədmuşk budağı. Bu atriabutların da hər birini öz rəmzi mənası var. Boyanmış yumurta və kuliç Pasxanın əsas rəmzlərindən hesab olunur. Xristian inancına görə, kuliç yeyən şəxslər şər qüvvələrdən, pis ruhlardan uzaq olur. Kuliçi bişirdikdən sonra onu kilsəyə gətirirlər. Keşiş dualı suyu onun üzərinə səpir və onu evə aparıb, bayram süfrəsinə qoyurlar. Bu baxımdan bayram süfrəsində kuliçə çox böyük önəm verilir. Onun hətta qırıntılarını belə yerə tökülməsinə imkan verilmir, sona qədər istifadə edirlər.

Kuliç qədər boyanmış yumurta da Pasxanın əsas rəzmlərindən biridir və xüsusi məna kəsb edir. Yumurtaları boyamaq adətini Mariya Maqdalena ilə bağlayırlar. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və "İsa dirildi!" sözləri ilə ona yumurta verir. İmperator isə şübhə içində deyib: "Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq bir o qədər çətindir". Həmin anda ağ yumurta dönüb qırmızı olub. O zamandan qırımızı yumurta dirilmə, Pasxa rəmzidir. İnanca görə, yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa Məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinci rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların "ilk günahdan" xilas olması üçün işgəncəli ölümü qəbul edən İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir...

Xristian inancına görə, bədmüşk budağı evdəki neqativ ab-havanı, xəstəlikləri, pislikləri özünə çəkir. Buna görə də Pasxa günü bu budaqlardan alıb, kilsəyə aparır, üzərinə keşiş dualı su çilədikdən sonra onu evə gətirir, bir küncdə saxlayırlar. Həmin budaqlar bir il evdə qalır, yeni Pasxa bayramına yaxın budaqları yandırır və bayramda yeni budaqlar alırlar.

Beləcə həyat davam edir. Hər bir insan harada yaşamasından, hansı dinə iman gətirməsində asılı olmayaraq, özünə və ətrafına tolerant və dözümlü münasibət göstərirsə, deməli, gələcəyimizin daha da inkişafına, gözəlləşməsinə, xalqdarın və dinlərin birliyinə, həmrəyliynə xidmət etmiş olur. Azərbaycanda yaşayan insanların dini inancları, adət-ənənələri, bayramları müxtəlif olsa da, burada mövcud olan tolerant və multikultural mühit onların birliyinə monolitliyinə heç bir maneə yaratmır. Çünki Azərbaycan dinindən, dilindən və milliyətindən asılı olmayaraq, burada yaşayan hər bir insanın doğma vətənidir. 

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.059767007827759