“İstismara icazəsi olmayan 434 kompleksin müayinəsi yekunlaşıb” – FHN rəsmisi

“İstismara icazəsi olmayan 434 kompleksin müayinəsi yekunlaşıb” – FHN rəsmisi

"Bu il fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərman çərçivəsində müayinələr 6 dövlət qurumu tərəfindən həyata keçirilib. İstismar aktının 400-dən artıq çoxmərtəbəli binaya verilməsi nəzərdə tutulub. Bəzən bu binaları yanlış olaraq “qanunsuz tikili” adlandırırlar. Lakin bu binalar qanuni şəkildə tikilib, burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Qanunsuz tikili torpaq zəbt olunaraq tikilən gecəqondular, tikinti üçün icazəsi olmayan yerlərdə inşa olunmuş fərdi yaşayış evləridir, 16-20 mərtəbəli qanunsuz tikili ola bilməz”.

Paralel.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyev deyib.

 

B.Tağıyev bildirib ki, bu binalar tikilib, sonra isə hər hansı səbəbdən istismara verilməsi yubanıb: "Bəzilərində şəriklər arasında problem yaranıb, maddi problemlə üzləşiblər, bəziləri cinayət məsuliyyətinə cəlb olunublar".

FHN rəsmisi deyib ki, Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 26 yaşayış kompleksinə nazirlik tərəfindən rəy verilib: "Ümumilikdə  istismara icazəsi olmayan 434 yaşayış kompleksi qeydiyyata alınıb. Onlardan 26-na Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəy verilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Artıq bu binaların istismarına komitə tərəfindən icazə verilib".

 

B.Tağıyevin sözlərinə görə, bəzi mətbuat orqanları Prezidentin fərmanını bilərək və ya bilməyərəkdən yanlış şərh edərək, çaşqınlıq yaradan məlumatlar yayır: "Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulub ki, 2 ay müddətində qeydiyyata düşmüş, istismara icazəsi olmayan həmin o 434 yaşayış kompleksinin müayinəsi aparılsın. Bu müayinələr 6 qurum - "Azərsu" ASC, "Azərişıq" ASC, "Azəriqaz" ASC, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Bu müayinələr fərmana uyğun olaraq vaxtında, yəni aprelin 19-dək başa çatıb. Fərmanın müvafiq bəndinə uyğun olaraq, bu tikililərdə aşkarlanmış irad və çatışmazlıqlar 5 ay ərzində aradan qaldırılmalıdır. Hər bir bina sahibinə bununla bağlı rəsmi məlumatlar təqdim olunub".

 

Bəzi media orqanlarında fərmanın icrasının gecikməsi ilə bağlı iddialara gəlincə, FHN rəsmisi bildirib ki, heç bir gecikmədən söhbət getmir: "Fərmanın hər bir bəndi vaxtında yerinə yetirilir. Elə tikililər var ki, onların inşasına 80-90-cı illərdə başlanılıb. Yəni uzun illər istismar olunsa da, problemli olduğuna görə bu gün istismar icazəsini ala bilməyib. Elələri var ki, zavodun nəzdində olan yaşayış binasıdır. Kooperativ formada tikilib və 90-cı illərin əvvəllərində iqtisadi məsələlərlə bağlı yarımçıq qalıb. Sonradan insanların öz vəsaiti ilə tikinti başa çatdırılıb. Lakin orada kommunikasiya, lift məsələləri həll olunmamış qalıb. Binalar var ki, elektrik təchizatı üçün transformator məntəqələri tikilməyib, müvəqqəti elektrik xətləri verilib. Yanğın təhlükəsizliyi qaydaları ilə bağlı kifayət qədər pozuntu var. Yəni bunu təqdim etmək ki, gecikmə var, tamamilə səthi və səhv yanaşmadır, heç bir gecikmə yoxdur, fərman icra olunur. Hesab edirik ki, iradlar da aradan qaldırılacaq. Bazar ertəsi daha 3 binanın sənədləri təqdim olunacaq. Sənədlər dünən bizə daxil oldu, bazar ertəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcəyik".

 

Qeyd edək ki, ölkə prezidentinin imzaladığı fərman 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil olunur.

0.060693979263306