Azərbaycan beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə əməli töhfələr verib

Azərbaycan beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə əməli töhfələr verib

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi gerçək cinayətlər əsl ekstremizm nümunəsidir

 Bu, danılmaz bir həqiqətdir ki, Azərbaycan artıq bütün dünyada bir çox beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Belə tədbirlərdən biri də dünən- aprelin 26 -da öz işinə başlayıb. "2-ci Azərbaycan-Avropa dinlərarası dialoq və radikalizmlə mübarizə konfransı" adlanan bu tədbirdə iştirak etmək üçün dünyanın bir çox yerlərindən nüfuzlu din xadimləri, QHT təmsilçiləri və digər qonaqlar Bakıya toplaşıblar.

Aprel ayının 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Fransa hökumətinin Dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskalı onun xahişi ilə qəbul edib.

Fransalı qonağı səmimi salamlayan QMİ sədri A. Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş verən yanğından hədsiz təəssüf hissi keçirdiyini, bu məşhur və möhtəşəm tarixi-mənəvi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümid etdiyini bildirib və Azərbaycan dindarlarının bu işə maddi və mənəvi dəstək verməyə hazır olduqlarını Jan-Kristof Paskalın diqqətinə çatdırıb.

Şeyx həzrətləri həmçinin Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələr barədə qonağa ətraflı məlumat verib. O, həm də multikulturalizmin ölkəmizdə bir dövlət siyasəti olaraq həyata keçirildiyini və dövlətimizin başçısı, Prezident İlham Əliyevin bu istiqamətdə ardıcıl siyasət yürütdüyünü qeyd eərək əlavə edib ki, Prezidentin qlobal əhəmiyyətli multikulturalizm, tolerintlıq və həmrəylik ideyalarını irəli sürməsi, bu sahəyə verilən töhfələri daha da artırmağa imkan verir. Allahşükür Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılan Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də, bu siyasətin tam olaraq həyata keçirlməsinə xidmət etdiyini bildirib.

Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilən beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Şeyxülislam Allahşükür Paşazadə, iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək, Fransa təmsilçilərinin də qatılacağı növbəti beynəlxalq forumun da əhəmiyyətini xüsusi vurğulayıb.

Şeyx həzrətləri bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi ünvana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. O həmçinin, Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində dünya dini liderlərinin II Bakı Sammitinin Bakıda keçiriləcəyini fransalı qonağın diqqətinə çatdırıb. Şeyx həzrətləri 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilən ilk sammitinin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir

dəyərli töhfəsi olacağına ümidvar olduğunu qeyd edib.

Fransalı qonaq J.Paskal da öz növbəsində səmimi qəbula və ətraflı məlumata görə QMİ sədrinə minnətdarlıq edib. Bakıya ilk dəfə 1998-ci ildə səfər etdiyini bildirən qonaq, bu səfərində Azərbaycanın nə qədər inkişaf etdiyini müşahidə etməkdən məmnunluq duyduğunu, Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu dilə gətirib. Fransanın da çoxkonfessiyalı bir ölkə olduğunu deyən J.Paskal, dünyadakı bütün dövlətlərin dinlərarası sülh şəraitini təmin etməli olduqlarını xüsusi qeyd edib. Dinlərarası sülhün təmin olunmasında din xadimlərinin, dini liderlərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirən fransalı qonaq Papa Fransiskin Yaradanın adı ilə törədilən cinayətlərin küfr olduğu, onu törədənlərin isə kafir olduğu barədə fikirlərindən misal çəkib. Fransalı qonaq dünyada dini ekstremizmin artmasından narahatlığını dilə gətirərkən, Şeyxülislam Allahşükür Paşazadə dinin heç bir zaman ekstremist mahiyyət daşımadığını vurğulayaraq, dini ekstremizm ifadəsi ilə razılaşmadığını, dindən, din adından sui-istifadə edilərək cinayətlərin törədildiyini, siyasi məqsədlərlə qarşıdurmalar yaradıldığını J.Paskalın diqqətinə çatdırıb. Şeyx həzrətləri hər il aprelin 24-də ermənilər tərəfindən dünyada guya 100 il bundan öncə onlara qarşı soyqırım həyata keçirilməsi ilə bağlı saxta ittihamların gündəmə gətirilməsinə toxunaraq, erməni ekstremistlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi gerçək cinayətlərin əsl ekstremizm nümunəsi olduğunu bildirib.

Şeyxülislam Allahşükür Paşazadə həm də bu yaxınlarda Şri-Lankanın paytaxtı  Kolomboda çoxsaylı insan tələfatına səbəb olan silsilə terror aktlarına diqqət çəkərək dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi proseslərini ümumbəşəri faciələr kimi dəyərləndirib və bu təhdidlərdən bəşəriyyətin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyinə diqqət çəkib.

Sonda fransalı qonaq da Bakıda keçiriləcək beynəlxalq tədbirə qatılacağını və bu məsələlər barədə orada çıxış edəcəyini bildirib.

Ölkəmizdə digər bir beynalxalq tədbir may ayının 2-3 tarixlərində keçiriləcək.

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə artıq bu istiqamətdə işlər görülür. Aprelin 23-də Bakı Konqres Mərkəzində Foruma hazırlıq işləri müzakirə olunub.

İclasda çıxış edən Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, mayın 2-3-də Bakıda Azərbaycan hökuməti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO ilə birlikdə "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Qeyd etmək lazımdır ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib. Ötən müddət ərzində həm də forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan qurumların sayı artıb. Buna görə də may ayında keçiriləcək foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin də təmsilçilərinin qatılacağı gözlənilir. Ümumilikdə bu forumda 35 beynəlxalq təşkilatı və 100-dən çox ölkəni təmsil edən nümayəndələr iştirak edəcəklər. Hazırda foruma qeydiyyat davam edir. Forumda bir çox ölkələr xarici işlər, mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Bu beynəlxalq tədbirin mövzusu UNESCO tərəfindən təsdiqlənib və dünya üçün aktualdır. Panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq.

Tədbir BMT tərəfindən təşkilatın televiziyasında və rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq ki, bu da ölkəmizin beynəlxalq aləmdə daha da tanınmasına xidmət edəcək.

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək və müzakirə olunacaq.

Eyni zamanda, Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan

ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. 2 gün davam edəcək forumda  "Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması", "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması", "Sülh naminə çoxtərəflilik və diplomatiya", "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu" və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Onu da diqqətinizə çatdıraq ki, BMT Baş katibinin Baş Assambleyaya ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə illik hesabatda (2017-ci il) "Bakı prosesi" çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi, həm də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib.

Bütün bunlar heç şübhəsiz ki, ölkəmizdə həyata keçirilən multikultural siyasətin nəticəsidir və dünyada ən mükəmməl model kimi qəbul olunmasına xidmət edir.

Azərbaycan bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, həm də ölkə həyatının bütün sahələrində əldə etdiyi uğurların təbliği baxımından geniş bir tribuna əldə etmiş olur.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.059260129928589