Vicdan məsələsi

Vicdan məsələsi
 

Elinanın intiharı və xilaskar polis kapitanı

 Bu günlərdə bir alim dostumdan soruşdum ki, Vicdan nədir? Əllərin göyə qaldırıb, təəccüblə üzümə baxdı...

İlahiyyat bilicisi olan dostumun reaksiyasından anladım ki, bu çox üzün və açıqlaması çətin bir məsələdir. Buna görə də dedim (korotko i yasno), yəni qısa və konkret. Dostum dedi ki, vicdan fərdin özü və cəmiyyət qarşısında məsuliyyətini dərk edib özünə hesabat verməsidir.

Mən son zamanlar məmləkətimizdə baş verən bir-iki məsələyə vicdan prizmasından yanaşaraq münasibət bildirmək istəyirəm.

İlk növbədə qeyd edim ki, vicdan məsələsinin insanın cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəsinə heç bir aidiyyati yoxdur. Çünki cəmiyyətin ən aşağı təbəqəsində yer alan insan da, ən yüksək movqe tutanla öz vicdanı qarşısında eyni məsuliyyəti daşıyır. Bu insanlar arasındakı yeganə fərq onların cəmiyyətdə tutduqları mövqeləri ilə bağlıdır. Yəni heç bir ictimai vəzifə tutmayan insan, yalnız özünə görə məsuliyyət daşıyır. Ancaq ictimai vəzifə daşıyan hər bir şəxs həm özünə, həm də onu əhatə edən, onun rəhbərliyi altında çalışan və xidmət etdiyi insanlara görə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır.

Lakin çox təəssüflər olsun ki, bəzi insanlar vəzifə, pul, var-dövlət, sərvət və səlahiyyət sahibi olduqları zaman, elə bil özlərini vicdan məsuliyyətindən tam azad olunmuş hesab edirlər. Daha doğrusu, vicdan hissini itirərək, vicdansızlaşırlar...

Bu gün Azərbaycan mediasının əsas mövzusu olan Bakıdakı 162 saylı məktəbin şagirdi Elinanın intihar hadisəsinə diqqət edək. Mən, əsla istintaqın işinə mane olmaq istəmirəm və bu məsələnin hüquqi tərəfini buraxıram onların ixtiyarına.

Bəs vicdan? Məktəbin direktoru deyək ki, belə bir olayın onun məktəbinin adına çıxmasını istəməyib və bu faktı örtbasdır etməyə çalışıb. 2 saat ərzində bu olayın şahidi olan məktəbin müəllim kollektivi, bütün şagirdləri demirəm, həmin qızcığazla eyni sinifdə oxuyan uşaqlar nə üçün polisə, Təcili Yardıma zəng etməyiblər? Qəribədir elə deyilmi? Necə ola bilər ki, ölüm ayağında olan bir cocuğa heç kimin rəhmi gəlməsin? Heç kimin vicdanı sızlamasın ki, bu uşaq ölür, bunlar nə üçün bir iş görmürlər? Yəqin ki, həmin məktəbdə yaşanan vicdanın aşınması prosesi hamıya sirayət etdiyindən, hadisəyə münasibətləri də eyni olub. Buna başqa bir yozum tapmaq çox çətin. Mənə belə gəlir ki, hazırda məktəblərdə direktorun icazəsi olmadan müəllimlərin hətta nəfəs almaları belə mümkün olmadığı bir şəraitdə başqa münasibət gözləmək də absurddur. Nə qədər ki, məktəblərdə bu mühit höküm sürür, onlara heç bir güvən qalmayacaq.

Mətbuatda yayılan məlumatlara görə, hadisədən ilk xəbər tütan ən yüksək çinli dövlət məmuru, rayon icra hakimiyyətinin hümanitar məsələlər (buna diqqət edin-Humanitar) üzrə müavini olub. Bu mötəbər xanım da, məlumatı alır, heç bir tədbir görmür, bir saat sonra hadisə yerinə gəlib, telefonu ilə hadisəni qeydə almağa başlayır??? Son ana qədər nəyisə gözləyir, bəlkə daxili bir hiss ona deyib ki, "qız sağalacaq, tələsməyin". Bütün bu müddət ərzində isə vicdanı dərin yuxuda olub. Yüksək dövlət vəzifəsi daşıyan bu xanım, bütün bunlar azmış kimi, baş verən hadisəni telefonun yaddaşına köçürərək Elinanın anasına bağışlayır. Buna nə ad vermək olar? Sözün açığı bilmirəm. Sadəcə olaraq onu demək istəyirəm ki, bu gün cəmiyyətimizdə baş alıb gedən biganəlik, məndən keçsin, kimə dəyir-dəysin prinsipinin geniş yayıldığı, eyni zamanda xalqımıza xas xüsusiyyət olmadığından, söz deməyə də aciz qalırsan. Bütün bunlar bizə xas deyil, ancaq faktdır. Açıq etiraf etmək lazımdır ki, normal insan üçün bu kimi biganəlikləri həzm etmək çox çətindir. Deyirlər, insan qılınc zərbəsindən ölmür, ona qarşı olan biganə münasibətdən diri ikən ölmüş olur.   

Lakin yaddan çıxarmamalıyıq ki, dünyada pis, xəbis, nankor, biganə, laqeyd insanlar olduğu kimi, vicdanlı, başqası üçün həyatın belə fəda etməyə hazır  olanlar da az deyil. Dünyanın nizam-tərəzisini də, məhz belə insanlar tənzimləyir.

Bugünlərdə oxuduğum başqa bir məlumatda, məhz belə bir insandan bəhs olunurdu. Yuxarıda da qeyd etdiyim kimi, insanın vicdanı heç də onun vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı bir şey deyil. Alim döstum demişkən, vicdan hər bir fərdin özü və cəmiyyət qarşısında məsuliyyəti olduğu kimi, heç şübhəsiz ki, həm də Allah qarşısında məsuliyyət doğuran bir borcdur. Əgər Allah insana dünyanın bütün nemətlərini bəxş edibsə, insan nə üçün öz vicdanından imtina edərək şeytanın quluna çevrilməlidir?

Bu fani dünyada bütün ağırlıqlara, çətinliklərə baxmayaraq, öz vicdanının səsi ilə hərəkət edən, yaşayan insanlar da var ki, onların Allah yanında da məqamları yüksəkdir, cəmiyyətdə də.

Bu da müzakirəyə ehtiyacı olmayan bir aksiomdur ki, biz bir media təmsilçiləri olaraq, bütün məsələlərə tənqidi yanaşmağı üstün tuturuq və mən də bunu açıq etiraf edirəm. Ələlxüsus da, söhbət polisdən, hüquq-mühafizə orqanları əməkdaşlarından düşəndə, xoş söz deməyə hər zaman xəsislik edirik. Bu, bəlkə də, ondan irəli gəlir ki, polis insanlarla daha çox işləyir, daha çox ünsiyyətdə olur və necə deyərlər iş olan yerdə nöqsanlar da çox olur. Ancaq dəfələrlə bunun da şahidi olmuşam ki, polisin arxasınca asıb -kəsənlərə təklif edəndə ki, gəlin hökumətdən tələb edək, polisi ümumiyyətlə ləğv etsinlər, buna qəti razı olmayıblar ki, polis olmasa dünya dağılar.       

Bu da məlum həqiqətdir ki, DYP əməkdaşlarının işi həqiqətən də çox çətindir. Qışın soyuğunda, yayın istisində yollarda, küçələrdə durub nəqliyyatın hərəkətini tənzimləmək, hərənin bir xarakterə malik olduğu sürücülərlə dil tapmaq, sozün həqiqi mənasında çox çətin bir işdir.

Hələ onu demirəm ki, yol polisləri hər bir ötkəm dövlət məmurunun, həmin məmurların harın övladlarının da haqlı-haqsız iradlarına tab gətirmək məcburiyyətindədirlər, çünki burası Azərbaycan.

Onu da qeyd edim ki, hansısa yol hadisəsi zamanı ilk yardıma çatan da, heç şübhəsiz ki, yol polisləri olurlar.

Bu günlərdə baş verən bir hadisənin iştirakçısı olan Abşeron rayon DYP-nin əməkdaşı, polis kapitanı Vasif Sadıqovun hərəkəti isə əsl qəhrəmanlıq nümunəsidir.

Hadisəni olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm: Aprel ayının 19 -da baş verən yol qəzasında bir nəfər ağır xəsarət alır. Hadisə yerində olan polis kapitanı Vasif Sadıqov yaralını Təcili Yardım Stansiyasına çatdırır, ancaq orada yaralını qəbul etmirlər ki, çox qan itirib. Diqqət edin, vəzifələri insanlara təcili ilki tibbi yardım göstəmək olan bir qurumun həkimləri (onlara həkim demək olarsa) öz vəzifələrini yerinə yetirməkdən imtina edirlər. Yaralının vəziyyətinin ağır olduğunu anlayan polis kapitanı vaxt itirmədən onu əhali arasında "Semaşko" kimi tanınan 1 saylı Kilinik Tibb Mərkəzinə çatdırır. Burada da yaralının vəziyyətinin ağır olduğunu deyərək, onu qəbul etmirlər. Belə çıxır ki, əgər insan ağır vəziyətdədirsə ya ölməlidir, ya da onu yaxınları

(bu halda onu xəstəxanaya çatdıran polis kapitanı Vasif Sadıqov) müalicə etməlidirlər. "Əhsən sizə" Azərbaycan həkimləri! Çıxılmaz vəziyyətdə qalan polis kapitanı sonda yaralını Travmatologiya İnstitutuna çatdırmağa müvəffəq olur. Nəhayət, burada öz vəzifələrinə vicdanla yanaşan insanlar tapılır. Yaralını dərhal qəbul edib, əməliyyət edirlər. Polis kapitanı Vasif Sadıqov isə xəstə özünə gələnə qədər xəstəxanada qalır.

Bu bir vicdan məsələsidir. Vicdanlı insan imkan verə bilməz ki, gənc bir oğlan sadəcə biganəliyin qubanı olsun. Vasif Sadıqov polis kapitanı olmazdan əvvəl bir insandır və bu cəmiyyət məhz, belə insanlar sayəsində tanınır, yaşayır, inkişaf edir. Kapitan V.Sadıqovun yerində bir başqası olsaydı, bəlkə də heç əziyyət çəkib onu hər hansı bir tibbi məntəqəsinə çatdırmazdı, elə qəza yerinə Təcili Yarlım çağırar, bununla da vəzifəsini yerinə yetirmiş olardı. Yaxud da, apardığı tibb müəssisəsinin qabağında qoyub gedə də bilərdi.

Yenə də deyirəm ki, bu bir vicdan məsələsidir.

Onu da qeyd edim ki, bu hərəkəti ilə polis kapitanı Vasif Sadıqov həm də çox böyük bir məsuliyyəti öz üzərinə götürmüşdü. Təsəvvür edin ki, son mərhələdə də həkimlər xəstəni qəbul etməkdən imtina edirlər və yaralı vəfat edir. Bu halda onun fədakarlığını etiraf etmək istəməyən o qədər naxələf ortaya çıxacaq və kapitanı qatil elan edəcəkdir ki, karyerası da sona çatacaqdı. Kapitan Vasif Sadıqov bütün bunları göz önünə alaraq, vicdanının hökmü ilə hərəkət edir və bu mübarizədən qalib çıxır.

Maraqlıdır, görəsən bu hadisənin mənfi qəhrəmanları olan, həkimlər baş vermiş olaya görə azacıq da olsa vicdan əzabı çəkirlərmi?! İnanmıram! Çünki vicdanı olan belə hərəkət etməzdi.

Nə yaxşı ki aramızda, eləcə də polis orqanlarında Vasif Sadıqov kimi insanlar var.

Ümid edirik ki, Vasif Sadıqovun bu fədakarlığı Daxili İşlər Nazirliynin rəhbərliyi tərəfindən də dəyərləndiriləcək.    

Polis kapitanı Vasif Sadıqova isə uğurlar arzulayırıq. Bir rus -sovet filmində deyildiyi kimi, "Tak derjat kapitan!"

 P.S. Bəzi ifadələri rus dilində ona görə yazıram ki, bu mövzu son zamanlar çox müzakirə olunur və bəzilərində rusdili fobiyası yaranıb. Allah köməkləri olsun!

Ancaq bir şeyi də xüsusi qeyd edim ki, bəzilərinin iddia etdiyi kimi, insanın hansı dildə təhsil almasının onun vətən sevgisinə, vətənpərvərliyinə heç bir aidiyyati yoxdur. O qədər Azərbaycan dilində oxuyan, rus və digər dillərdə bir kəlmə belə bilməyən nadürüstlər tanıyıram ki, onlar üçün pul, var-dövlət bütün dəyərlərdən daha yüksəkdə durur. Bir o dədər də əcnəbi ölkələrdə dünyaya gələn, Azərbaycan dilini bilməyən, lakin qəlbi Vətən, Azərbaycan eşqiylə yanan insanlarımız var ki, bu dünyada. Dil, sadəcə bir ünsiyyət vasitəsidir.

 Yusif Seyid

0.015974998474121