Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan çoxşaxəli xarici siyasət yürüdür

Ermənistanın öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək siyasəti regionda sülh və tərəqqiyə təhlükə yaradır

 Azərbaycan dövlətinin həyata keçirdiyi multikulturalizm və tolerantlıq siyasəti, dünyanın hər yerində bəşəri birgəyaşayışın ən mükəmməl forması kimi qəbul olunması, dünya mediasının da diqqətindən yayınmayıb. Biz zaman-zaman bu və ya digər dövlətlərin aparıcı internet portallarında, qəzet və jurnallarda, televiziya verilişlərində ölkəmizdə mövcud olan, qorunan və inkişaf etdirilən multikultural mühitin yaratdığı harmoniyadan, insanlar və dinlər arasındakı qarşılıqlı ünsiyyətdən və bütün dinlərin, millətlərin nümayəndələrinin ölkəmizdə bərabərlik, dostluq və qardaşlıq mühitinda yaşamalarından bəhs edən yazılara, verilişlərə rast gəlirik. Bu bizi qürurlandırır və bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyə stimul verir.   

Heç şübhəsiz ki, dünyanın hər yerində bizə rəğbəti olan, dövlətimizin və xaqımızın uğurlarına sevinən insanlar olduğu kimi, bu uğurlardan narahat olan, xalqımız və dövlətimiz haqqında hədyanlar yazan, onları tirajlayan media orqanları da yox deyillər və zaman-zaman onların da fəallaşdıqlarını görür və hiss edirik. Azərbaycan mediası bu kimi hallara qarşı ciddi mübarizə aparır və bir çox hallarda həmin media qrumların yalanların ifşa edərək susdurur. Dövlətimizə qarşı şər-böhtan kampaniyası keçirən həmin media qurumları bir şeyi dəqiq dərk etməlidirlər ki, həqiqət nə qədər acı olsa belə, sonda qələbə çalır. Şər, böhtan, qarayaxmalar isə heç kimə, heç bir media qurumuna başucalığı gətirmir.

Müasir dünyamızda bizi sevindirən hallardan biri də odur ki, bu kimi hədyanlara, təkcə Azərbaycan mediası deyil, dünyanın müxtəlif ölkələrindən olan, Azərbaycan həqiqətlərini bilən media təmsilçiləri də, öz münasibətlərini bildirirlər.   

Bu gün sizin diqqətinizə çatdırmaq istədiyimiz bu yazı da, belə bir fakta əsaslanır. Belə ki, bu ilin fevril ayında mərkəzi Nyu-York şəhərində yerləşən "Hyperallergic" internet portalında dərc edilən "Azərbaycan erməni mədəniyyətini məhv edir" başlıqlı məqaləyə cavab olaraq, İspaniyanın "Diario Siglo XXI" elektron portalında çalışan jurnalist Peter Tasen Ermənistan tərəfindən ölkəmizin tarixi və dini abidələrinə qarşı həyata keçirilən vandalizmindən bəhs edən "Azərbaycana qarşı erməni faşizminin təbliğatı" başlıqlı məqalə dərc etdirib.

Müəllif məqalədə yüksək sürətlə inkişaf edən Azərbaycan Respublikasının mədəni və dini abidələrin qorunmasına xüsusi diqqət ayırdığı, o cümlədən Bakı şəhərinin mərkəzində erməni kilsəsinin, habelə həmin kilsənin 5500 kitabdan ibarət kitabxanasının qorunub-saxlandığını xüsusi vurğulayaraq bildirir ki, "Hyperallergic" internet portalında dərc edilən "Azərbaycan erməni mədəniyyətini məhv edir" başlıqlı məqalədə yazılınların heç bir əsası yoxdur. İspaniyalı jurnalist Peter Tasen məqaləsində qeyd edir ki, əksinə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, işğal edilmiş ərazilərdə yerləşən bütün tarixi, memarlıq və dini abidələr dağıdılıb, 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb. Müəllif məqaləsində həmçinin Ermənistanın öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək siyasətinin regionda sülh və tərəqqiyə təhlükə yaratdığını yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistanı öz təcavüzkar siyasəti nəticəsində ağır iqtisadi-sosial şəraitlə üzləşdiyi bir zamanda, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Avropa və dünyada sülh və tərəqqinin müdafiəsinə yönəlik xarici siyasət xətti yürütməklə ölkənin gündən-günə siyasi və iqtisadi cəhətdən gücləndirməyə nail olub.

İspaniyalı jurnalistin bu məqaləsi bir daha təsdiqləyir ki, Azərbaycan dövləti və dövlətimizin başçısı hər zaman dünyada sülhün və barışın tərəfindədir və bu istiqamətdə lazım olan butun işləri görür.

Bu günlərdə ölkəmizdə səfərdə olan İsrailin KİV təmsilçilərindən ibarət nümayəndə heyəti - "Israel Hayom" və "The Jerusalem Post" qəzetlərinin jurnalistləri, İsrailin 124-cü beynəlxalq televiziya kanalının, habelə, "Los -Angeles Times" qəzetinin Qüds bürosunun müxbirləri də, cəbhə bölgəsində  olduqları zaman İspaniyalı həmkarlarının nə dərəcədə haqlı olduğunun bir daha şahidi olublar.

Qeyd etmək lazımdır ki, İsraildə fəaliyyət göstərən "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının "Den"(Gün) informasiya-analitik proqramının birbaşa efirində nümayiş etdirilən "İsrailli jurnalistlər Azərbaycana səfər ediblər" adlı süjeti şərh edərək, bu barədə danışıb və israilli jurnalistlərin fikirlərini geniş tamaşaçı kütləsinə çatdırıb.

Ekspert qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın son 5 ildə qarşıya qoyduğu əsas məqsəd İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında strateji münasibətləri möhkəmləndirmək, inkişaf etdirmək və dərinləşdirmək olub. İsrailli jurnalistlərin Azərbaycana səfəri layihəsi həm jurnalistika baxımından, həm də yaradıcılıq baxımında uğurlu və çox maraqlıdır: "Biz həm İsrailin aparıcı KİV-lərinin nümayəndələrini Azərbaycana gətirməyə nail olduq, həm də Amerikada nəşr olunan "Los -Angeles Times" qəzetinin nümayəndəsini dəvət etdik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi israilli jurnalistlərin səfərinin həyata keçirilməsində mühüm rol oynadı və buna görə onlara təşəkkür edirik".

Arye Qutun sözlərinə görə, hər iki ölkə mürəkkəb geosiyasi əhatədə olmasına baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və güclü tərəfdaşlıq yaradılıb, onların qarşılıqlı etimadı və siyasi dialoqu ən yüksək səviyyədədir, ticari-iqtisadi dövriyyənin həcmi 3,5 milyard dollara çatıb.

Qeyd etmək lazımdır ki, iki dövlət arasında qarşılıqlı münasibətlərin strateji əsaslarından biri də energetika sahəsidir.

Ekspert qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, eyni zamanda, bir sıra başqa etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün də doğma evdir. Hətta 30 ilə yaxın bir müddət bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda belə, Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxlaya bilib. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayıblar və indi də belədir.

"Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən etnik təmizləməyə və təcavüzə, ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycanda milli və etnik azlıqlara münasibət dəyişməyib. Azərbaycan əvvəlki kimi yenə də millətlərarası və konfessiyalararası dialoq məkanının əsl nümunəsidir. Humanizm, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin daha da inkişaf etdirilməsi və möhkəmlənməsi üçün siyasi və sosial şəraitin yaradılması, bu dəyərlərin stimullaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Bu gün Azərbaycan intensiv inkişaf edən müstəqil və güclü dövlətdir, Cənubi Qafqazda demək olar ki, bütün geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan çoxvektorlu xarici siyasət yürüdür", -israilli ekspert deyib.

Ekspert qeyd edib ki, israilli jurnalistlərə dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda sülh və harmoniya şəraitində yaşayan müsəlman, yəhudi və xristian dini konfessiyalarının rəhbərləri ilə görüşmək, onlardan müsahibələr götürmək imkan da yaradılıb.

Onu da diqqətinizə çatdıraq ki, israilli jurnalistlər iki gün ərzində cəbhəyanı zonada - 27 ildən artıq Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ilə hərbi təmas xəttində olublar. Bu, 3 il bundan əvvəl döyüş əməliyyatları yeri  olan əraziyə İsrail KİV nümayəndələrinin ilk tarixi səfəri idi.

İsrailin Doqquzuncu televiziya kanalının efirində çıxış edən ekspert Arye Qut  qeyd edib ki, israilli jurnalistləri daha çox təsirləndirən Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində gördükləri mənzərə olub: "Biz israilli jurnalistlərlə birlikdə Füzuli rayonunun erməni işğalçıları tərəfindən dağıdılan Aşağı Əbdürrəhmanlı kəndində olduq. Vaxtilə çox məşhur olan bu kəndin yerində viran edilmiş məktəblər və yaşayış binaları, vəhşicəsinə dağıdılmış qəbiristanlıq qalıb". İsrailli jurnalistlər erməni işğalçıların törətdiyi vandalizmin və qəddarlığın nəticələrini, atəşə tutulub dağıdılan məzarları öz gözləri ilə görüblər. "Bu dəhşətli mənzərəni görəndə düşünürsən ki, işğalçılar bu torpaqda uyuyan ölülərdən də qorxurlarmış. Elə bil burada həyat çoxdan dayanıb. Aşağı Əbdürrəhmanlı kəndində törədilən dağıntıları görəndə aydın olur ki, işğalçılar həm müharibə dövründə, həm də müharibədən sonra bu kəndi məhv etmək üçün xüsusi canfəşanlıqla çalışıblar. İşğalçılar burada dağıdıla biləcək nə varsa hamısını ardıcıl və məqsədyönlü şəkildə dağıdıb, məhv ediblər".

Bizə belə gəlir ki, bütün deyilənlərin şərhə heç bir ehtiyac yoxdur. Özlərini dünyaya məzlum, arxasız və köməksiz xalq kimi təqdim etməyə çalışan ermənilərin törətdiyi vəhşiliklər göz qabağındadır.

Azərbaycanın nə dərəcədə sülhsevər, multikultural və tolerant dövlət olduğu, istər İspan jurnalistin, istərsə də israilli jurnalistlərin öz gözləri ilə gördükləri reallıqlarda tam əksini tapıb.

O ki qaldı ölkəmiz haqqında hədyan yazan media təmsilçilərinə, onların da çörəyi ermənilərdən çıxır. Azərbaycan dövləti bu kimi hədyanların kimlərin maraqlarına xidmət etdiyini çox gözəl bilir və hər zaman onlara cavab verməyə hazırdır.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.064589977264404