Azərbaycan bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkə kimi tanınır

Ölkəmizdə bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşamalarına dövlət tərəfindən tam təminat verilir

 Azərbaycan özünün sülhsevər, multikultural siyasəti ilə bütün dünyada böyük rəğbət qazana bilib. İstər dinlər, istərsə də ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik qruplara qarşı yürüdülən bu siyasət, Azərbaycan dövlətinin həyata keçirdiyi birgəyaşayışın mükəmməl nümunəsi olduğu kimi, həm də xalqımızın həyat tərzidir.

Qədim tarixi köklərə malik dövlətimizdə çoxsaylı xalqların və bir çox dini konfessiya nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan birgə yaşamaları, dünyada çox az hallarda rastlanan nadir hadisələrdən biridir ki, bunu ölkəmizdə səfərdə olan bir çox din xadimləri də dəfələrlə etiraf ediblər.

Bu səbəbdən də, multikulturalizm və tolerantlıq, eləcə də dinlər və millətlərarası münasibətlərin tənzimlənməsinə və müzakirəsinə həsr olunan bir çox tədbirlərin, konfransların, seminarların və görüşlərin ölkəmizdə keçirilməsi də, heç kimdə təəccüb doğurmur. Tam əksinə, bu kimi tədbirlərin mütəmadi keçirilməsi səbəbindən ölkəmiz artıq dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınır.

Bu günlərdə "Tolerant Azərbaycan" adlı konfransda iştirak edən dini konfessiyaların və eləcə də ictimaiyyət nümayəndələri bunu etiraf ediblər.

Konfransın açılış törənində iştirak edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti və ölkəmizdə mövcud olan tolerant mühit haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyəti nəticəsində Azərbaycan bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkə kimi tanınır.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein də öz növbəsində Bakı Yeparxiyası tarixi barədə məlumat verərək qeyd edib ki, Bakı Yeparxiyasının 28 dekabr 1998-ci ildə fəaliyyətə başlayıb. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır və  200,000 nəfərdən çox icma üzvü burada sərbəst ibadət edə bilir. Arxiyepiskop həmçinin bildirib ki, Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşamalarına dövlət tərəfindən tam təminat verilib. Yeparxiyanın ölkəmizdə 20 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib ki, Azərbaycanda dini icmanın fəaliyyəti üçün hər cür imkan yaradılıb və Bakıda icmaya aid kilsələr fəaliyyət göstərir.

Qeyd etdiyimiz kilsənin mətbuat katibi Konstantin Pominov da tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda multikulturalizm və tolerantlıq xalqın həyat tərzinə çevrilib və ölkədə dinlər arasında hər hansı bir ayrı-seçkiliyə yol verilmir.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, "Azərbaycanda xristianlıq" kitabının müəllifi Anar Əlizadə çıxış edərək bildirib ki, tarix boyunca Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birgə, mehriban qardaşlıq şəraitində yaşayıblar və aralarında heç bir münaqişə və anlaşılmazlıq halları qeydə alınmayıb. Tədbir iştiakçılarının diqqətinə çatdırılıb ki, Anar Əlizadənin "Azərbaycanda xristianlıq" kitabı yaxın zamanlarda rus və ingilis dillərinə də tərcümə olunacaq və geniş oxucu kütləsi üçün əlçatan olacaq.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə rus icmasının hər zaman Azərbaycanın ictimai, siyasi, sosial, mədəni həyatında yaxından iştirak etdiyini deyb və bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılanda bəziləri düşünürdü ki, Fond yalnız İslam dəyərlərinin qorunması istiqamətində fəaliyyət göstərəcək. Ancaq bugünkü tədbir bir daha sübut etdi ki, Fondun məqsədi bütün dinlərin mənəvi dəyərlərinin qorunmasına çalışmaq, eyni zamanda multikulturalizmin və tolerantlığın təbliği istiqamətində fəaliyyət göstərməkdir.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov da konfransda çıxış edərək, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin digər dinlərin nümayəndələri ilə mehriban münasibətindən, müxtəlif məsələləri onlarla müzakirə etməklə ölkədə tolerant mühitin inkişafına geniş şərait yaratdığından danışıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, o ölkələrdə ki, multikulturalizmi həyat tərzinə çevirirlər, həmin ölkələr hər zaman uğur qazanırlar. Bu birliyi yaratmaq üçün isə dövlətin iradəsinə və dəstəyinə ehtiyac var, Azərbaycan da bu məsələdə nümunəvi ölkələrdən biridir.

Belə olmasaydı, ölkəmiz multikulturalizmin və tolerantlığın ən yüksək səviyyədə qorunub inkişaf etdirildiyi ölkə kimi tanınmaz, bu sahəni əhatə edən beynəlxalq səviyyəli tədbirlər ölkəmizdə keçirilməzdi.  

Prezident İlham Əliyevin bu il noyabrın 14-15-də "Dünya dini liderlərinin II Bakı sammiti"nin keçirilməsi haqqında Sərəncam imzalaması və bunun üçün Təşkilat Komitəsinin yaradılması barədə göstərişi də, ölkəmizdə dini və milli məsələlərə nə dərəcədə həssas yanaşılmasının göstəricisidir.

Onu da diqqətinizə çatdıraq ki, aprelin 18-də Nazirlər Kabinetində "Dünya dini liderlərinin II Bakı sammiti" ilə bağı yaradılan Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İclasda çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Əli Əhmədov Prezident İlham Əliyevin bu il noyabrın 14-15-də "Dünya dini liderlərinin II Bakı sammiti"nin keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladaraq bildirib ki, bu sammitin keçirilməsi məqsədilə yaradılan Təşkilat Komitəsində dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, dini qurumların rəhbərləri və nümayəndələri təmsil olunurlar.

O qeyd edib ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan, eyni zamanda multikulturalizm mərkəzi kimi tanınır və din xadimlərinin də iştirakı ilə keçirilən bir sıra tədbirlərə ev sahibliyi edib.

 2010-cu ildə Azərbaycanda "Dünya dini liderlərinin I Bakı sammiti" keçirilib. Bu il də Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi, Prezident İlham Əliyev tərəfindən məqsədəuyğun hesab olunub və o, müvafiq Sərəncam imzalayıb. Belə bir Sammitin keçirilməsi bir tərəfdən Azərbaycanda dini tolerantlığa töhfə kimi qəbul olunacaq, eyni zamanda, müxtəlif ölkələrdən olan dini liderlər, ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəşəriyyəti narahat edən problemlər ətrafında fikir mübadiləsi apara biləcəklər.

İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sammitin millətlərarası və dinlərarası münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini qeyd edib.

Onu da diqqətinizə çatdıraq ki, daha əvvəl ölkəmizin paytaxtında Dini Liderlərin Ümumdünya Sammiti keçirilib və həmin tədbirdə Türkiyə Əhli-Beyt (ə) yolçularının lideri Səlahəddin Özgündüz də iştirak edib.

Həmin Sammitin açılışında dövlətimizin başçısı, Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. O zaman sammiti giriş nitqi ilə açan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu sammitin Bakıda keçirilməsi Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir.

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də həmin sammiti çox böyük əhəmiyyətə mailik hadisə adlandırmışdı: "Artıq Bakıda dünya dini liderlərinin görüşləri ənənəvi xarakter alıb. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə əhəmiyyət veririk". Azərbaycan Prezidenti daha sonra qeyd edib ki, əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda bir yerdə yaşayıb və bu gün də yaşamaqdadırlar.

Xatırlayırsınızsa, həmin Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Ümumrusiya patriarxı ikinci Kirill və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçirlimişdi və üçtərəfli görüşün sonunda birgə bəyannamə qəbul olunmuşdu. Həmin bəyannamədə bildirilirdi ki, Bakıda Rusiya pravoslav kilsəsinin rəhbəri Kirillin vasitəçiliyi ilə erməni və Azərbaycan xalqlarının dini liderləri bir-birinə olan hörmətlərini izhar etmək, xalqlar və dövlətlər arasında ədalətli sülhə nail olmaq üçün təxirəsalınmaz tədbirlər görmək üçün Bakıda görüşüblər. Bəyanatda deyilir: "Bu görüşü hələ 1988-ci ildə Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Erməni Apostol Kilsəsi ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi arasında başlanan sülhməramlı dialoqun davamı kimi nəzərdən keçirərək, əvvəlki bəyanatlarımıza sadiq qalaraq, biz xalqlarımızın dinc yanaşı yaşaması prinsiplərinin inkişafına, yalnız danışıqlar yolu ilə bütün tərəfləri qane edən, qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına bundan sonra da yardım göstərəcəyimizə ümid edirik".

Lakin bu gün görünən odur ki, dini liderlərin ümidləri və gözləntiləri özünü doğrultmadı. Ermənistan dövlətinin öz işğalçılıq siyasətindən və torpaq iddialarından əl çəkməməsi, ölkələr arasında sülhün bərpasına imkan vermədi.

Bununla belə ümid edirik ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, bundan öncə aprel döyüşləri zamanı Azərbaycan Ordusunun onlara verdiyi dərs, erməni dini liderlərini də düşünməyə vadar edəcək və onlar öz hakimiyyətlərini xam xəyallardan çəkinmək istiqamətində bir iş görəcəklər.

Azərbaycan isə hər zaman olduğu kimi, bu gün də dünyada sülhün və birgəyaşayışın, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində öz töhfələrini verməkdədir. Heç şübhəsiz ki, noyabr ayında ölkəmizdə baş tutacaq "Dünya dini liderlərinin II Bakı sammiti" də, bu amala xidmət edəcək.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.047302007675171