KİV dünyada radikalizmə və separatizmə qarşı mübarizədə ciddi mövqe nümayiş etdirməlidir

Gənclərin yad təsirlərdən, radikalizm və separatizm təhlükəsindən qorunmasında media, xüsusən də internet mediası mühüm rol oynaya bilər

 Son zamanlar qloballaşan dünyamızda islamafobiya, radikalizm və separatizm halların genişlənməsi, Yaxın Şərqdə davam edən dini və milli münaqişələr, eləcə də dünyanın müxtəlif bölgələrində islam dininin daşıyıcılarına qarşı dözümsüzlük hallarının artması, bütünlüklə bəşəriyyəti narahat edən əsas problemlədən biridir desək, yəqin ki yanılmarıq. Dini radikalizmin və separatizmin, əsasən də müsəlman ölkələrində genişlənməsində maraqı olan bir sıra superdövlətlər, dini siyasi təhdid alətinə çevirməklə həmin dövlətləri öz nəzarətlərində saxlamağa çalışırlar. Bunun qarşısının alınmasının isə bir yolu var. İnsanlar və dövlətlər arasında birlik və harmoniyanın yaranmasına xidmət edən multikulturalizm və tolerantlıq, milli və dini dözümlülük ideyalarının təbliğ və təşviqinə daha geniş imkanlar yaratmaq. Azərbaycan Respublikasında olduğu kimi, dünyanın hər yerində bəşəri birgəyaşayışın təmin edilməsi üçün multikulturalizmin və tolerantlığın dövlət siyasəti və insanların həyat tərzinə çevrilməsinə dəstək olmaq, bu ideyaların daha geniş arealda yayılması üçün bütün mümkün imkanlardan yararlanmaq. Burada isə əsas məsuliyyət medianın üzərinə düşür.

Məlumdur ki, ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm siyasəti bir çox dünya dövlətləri tərəfindən nümunə kimi qəbul olunaraq dəstəklənsə də, bundan narahatlıq keçirən, ölkəmizdəki sabitliyi pozmağa cəhtlər edən qüvvələr də yox deyillər. Məhz belə quvvələrə qarşı mübarizədə də KİV-lər xalqın və dövlətin yanında olmalıdırlar.  

Dünyada informasiya kommunakasiya texnalogiyalarının(İKT) get-gedə daha geniş məkanlara nüfuz etdiyi bir zamanda media da bu inkişafdan geridə qala bilməz və özünün bütün imkanlarından yararlanaraq dünyada radikalizmə və separatizmə qarşı mübarizədə ciddi mövqe nümayiş etdirməlidir.  

Ölkəmizdə mültikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində həm dövlət səviyyəsində, həm də ictimai birliklər, qeyri-hökumət təşkilatları səviyyəsində çox böyük işlər görülür. Onların arasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Mətbuat Şurası və digər qurumlar xüsusi fəallığı ilə seçilirlər. 

Müasir dünyamızda baş verən bütün hadisələrin fövqündə duran və həmin məlumatların ictimailəşdirilməsində ən fəal rol oynayan KİV-lər, həm də radikalizm və separatizm kimi mənfi hallara qarşı mübarizədə ön sırada olmalıdırlar. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfransın keçirilməsi, mühüm əhəmiyyət kəsb edən tədbir kimi qiymətləndirilməlidir. Çünki dini-ideoloji təhlükəsizliyin qorunması istiqamətindəki fəaliyyətində media çox böyük işlər görə bilər. Sadəcə olaraq, bu sahədən yazan media qurumlarını və jurnalistləri doğru-düzgün istiqamətləndirmək lazımdır. Bu baxımdan da belə tədbirlərin, konfransların keçirilməsi təqdirəlayiq haldır.   

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsini önə çəkərək bildirib ki, bu gün dini və milli-mənəvi dəyərlərin bəzi maraqlı

qüvvələrin alətinə çevrilməsi, xüsusilə də dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi, böyük təhlükələr yaradır və bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə böyük vəzifələr düşür.

M.Qurbanlı həmçinin qeyd edib ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində xüsusi rol oynayır. Bu məsələdə də müxtəlif dövlət qurumları ilə yanaşı, media da fəallıq göstərməlidir: "Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuat önəmli yer tutur və bu baxımdan jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidirlər".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurum Qafqaz Müsəlmanları İdarəsi və DQİDK ilə bu mövzuda çox sayda tədbirlər keçirib. O, həmçinin Azərbaycan jurnalistlərinin dini mövzularla bağlı yazılarda kifayət qədər peşəkarlıq nümayiş etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Bununla belə, Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir və hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Qeyd edilib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində də mühüm işlər görülür. PA rəsmisi qeyd edib ki, bütün bu işlərdə məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər bu işdə uğur qazana bilsək, zərərli təmayülləri aradan qaldırmaq heç də çətin olmayacaq.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı jurnalistlərin, ümumiyyətlə bütün cəmiyyətin düzgün dini biliklərə sahib olmasının vacibliyin önə çəkərək bildirib ki, dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunması da vacib məsələlərdən biridir. Dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən sədr müavini bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib.

Bu qayğı və diqqət həm gənclər arasında dini biliklərin artırılmasında, həm də

dini-ideoloji təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün bir çox bölgələrdə çalışan din xadimlərimiz, məhz bu diqqət və qayğıdan ruhlanaraq öz fəaliyyətlərini gəncləri dini maarifləndirmə istiqamətində qururlar. Bu da heç şübhəsiz ki, öz müsbət nəticələrini göstərir.

Tədbirdə çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə dini ideologiyaya Qərbdən və Şərqdən olan təsirlərdən söz açıb, medianın, xüsusilə sosial medianın və elmin bu sahədə roluna toxunub. Medianın müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə, məhz media tərəfindən və ya onun vasitəsilə təqdim olunur, interpretasiya edilir. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə qaldırır.

"Xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır". Bu fikri isə tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov səsləndirib və qeyd edib ki, dinsiz radikallara qarşı mübarizədə media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür.

Konfransda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur.

 Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışırlar. Lakin yaddan çıxarırlar ki, ölkəmizdə minillər boyu davam edən tolerantlıq, milli və dini dözümlülük təcrübəsi mövcuddur və bu münasibətləri heç kim poza bilməz. Bəzi radikal qrupların ölkəmizdə qarşıdurma, radikalizm və separatizm toxumları səpmək cəhdərinin qarşısı isə hər zaman alınıb və alınacaq. Bir ölkədə ki, hakimiyyət-xalq, din-millət vəhdəti mövcuddur, orada heç bir kənar qüvvə öz istəyinə çata bilməz.  

Daha sonra "Din və terror mövzusunda manipulyativ istiqamətlər və media" mövzusunda geniş təqdimatla çıxış edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, XXI əsrin ən böyük fenomeni sayılan internet sayəsində informasiya mühitində və jurnalistika sahəsində əsaslı dəyişikliklər müşahidə edilir. Bu sahədə dünya təcrübəsini konfrans iştirakçıları ilə paylaşan V.Əliyev beynəlxalq mediada məqsədli şəkildə islamofobiya meylləri, radikal terror təşkilatlarının adının İslamla birgə çəkilməsi, İslam daxilindəki məzhəb problemlərinin qabardılması kimi məsələləri şərh edib.

Konfransda çıxış edən digər qonaqlar da, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələrdən danışaraq öz təkliflərini və mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd etmək lazımdır ki, həqiqətən də gənclərin yad təsirlərdən, xüsusilə də  radikalizm və separatizm təhlükəsindən qorunmasında maarifləndirici tədbirlərin əhəmiyyəti çox böyükdür və media, xüsusən də gənclərin daha çox maraq dairəsində olan internet mediası burada mühüm rol oynaya bilər. Heç şübhəsiz ki, gənclərin dünyagörüşünün formalaşması və sadalanan təhlükələrdən qorunmaları üçün təhsil amilinin də rolunun vacibliyini qeyd etmək lazımdır. 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.041485071182251