İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi

İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. Həmin universitetlər Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetidir (BSU).

 

Modern.az saytı adı hallanan universitetlərlə əlaqə saxlayıb. Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova saytımıza açıqlamasında nöqsanın aradan qaldırıldığını bildirib.

 

“Ötən il Hesablama Palatası tərəfindən 3 universitetdə nöqsanlar aşkarlanıb ki, onlardan biri də bizim universitetdir. Deyə bilərəm ki, aşkarlanan nöqsanlar kiçik nöqsanlardır. Həmin nöqsanlar da yoxlama müddətində öz həllini tapıb”.

Bədən Tərbiyəsi və İdman Akademiyasından isə saytımıza bildirilib ki, qeyd olunan nöqsanlar maliyyə pozuntuları ilə əlaqədar deyil:

 

“Nöqsanlar prosedur qaydaları ilə bağlı aşkarlanıb. Sənədləşmə, sənədin tərtibi qaydası, digər prosedur məsələləri ilə bağlıdır. Bu da normal haldır. Təbii ki, akademiya rəhbərliyi bunu diqqətdə saxlayır və gələcəkdə bu nöqsanların tamamilə aradan qaldırılması üçün səy göstərir”.

 

Qeyd edək ki, bu təhsil ocaqlarının 2018-ci ilə büdcə qanunvericiliyini müvafiq olaraq 7, 6 və 5 dəfə pozmaları barədə məlumat yayılıb.

 

Belə ki, dövlət satınalmaları ilə bağlı nöqsanlara isə ATU-da 3, BTİA-da 5, BSU-da isə 6 dəfə rast gəlinib. Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı ATU 4, akademiya 4, BSU isə 6 nöqsana yol verib. Bundan başqa, qeyd olunan dövrdə ATU-da əsaslı qoyuluşlar üzrə nöqsanlar 2, dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar 1, vergi və gömrük qanunvericiliyinin pozulması isə 2 dəfə baş verib. BTİA-nın büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətində də 1 nöqsan qeydə alınıb. Ümumilikdə, bu ali təhsil müəssisələrində il ərzində baş vermiş nöqsanların yekun sayı müvafiq olaraq 19, 16 və 17-dir.

 

0.065621137619019