Müsəlmanlara qarşı təxribat layihələri genişlənir

Müsəlmanlara qarşı təxribat layihələri genişlənir

Rasmus Paludan növbəti "qəhrəman" olmaq istəyir

 Bu günlərdə dünya mətbuatını belə bir xəbər "bəzədi" ki, Danimarkada müsəlmanlara qarşı növbəti dini zəmində təxribat törədilib. Xəbəri tirajlayan media qrumları heç də "növbəti" ifadəsini işlətmir, bu ifadə məqsədli trendin təsirini bir qədər azalda bilər. İlk baxışdan əhəmiyyətsiz görünən bu ifadənin necə təsir bağışlayacağı barədə bir qədər sonra söhbət açacağıq.

Belə ki, Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı "Qurani-Kərim"i göyə tullayıb.

Polisin təhlükəsizlik tədbirləri altında aksiya keçirən Paludanın bu hərəkətindən sonra həmin məkanda qarşıdurma yaranıb. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçılar polisə daş atıb, zibil qutularını yandırıblar. Polis isə kütləni dağıtmaq üçün bibər qazından istifadə edib. Paludan bölgədən polis nəzarəti altında uzaqlaşdırılıb.

Qeyd edək ki, Rasmus Paludan daha əvvəl Danimarka Parlamentinin qarşısında qılınan cümə namazına etiraz əlaməti olaraq "Qurani-Kərim"i yandırmışdı.

Artıq on ilə yaxındır ki, dünyada bu cür təxribatlar törədilir, insanların hissləri coşdurulur və nəticədə minlərlə müsəlman ya dünyasını dəyişir, ya da başqa birisini öldürərək həbsxanaya düşür. Nəticə ondan ibarətdir ki, xeyli sayda müsəlman sıradan çıxarılır, sıradan çıxanlardan da bir neçə qat artıq müsəlmanın düşməni yaranır. Bunun ardınca isə hüquq-mühafizə orqanları hadisəni araşdırır, istintaq nəticəsində də xeyli müsəlman "zərərsizləşdirilir". Hadisənin səbəbkarı olan insan isə zərərçəkmiş qismində tanınır, çünki onun "söz və ifadə azadlığı" adlı immuniteti var. İndiyə qədər buna bənzər hadisələrin heç birində müsəlmanların heysiyyatına toxunan, mənəvi dəyərlərini təhqir edən insanlar mühakimə olunaraq cəzalandırılmayıb. Bu, bir tərəfdən yeni "qəhrəmanlar"ın peyda olmasını stimullaşdırır, digər tərəfdən isə bu, onu deməyə əsas verir ki, bunlar sadəcə müsəlmanları dekreditasiya etmək, zəiflətmək məqsədi daşıyan bir layihədir. Bəlkə də Rasmus Paludanın yandırdığı və ya göyə atdığı sadəcə vərəq yığını olub, lakin o bunun "Qurani-Kərim" olduğunu bəyan etməklə, müsəlmanları qıcıqlandırmaq məqsədi güdür. Lakin müsəlmanlar bilməlidir ki, "Qurani-Kərim"i bəndə deyil, Allah qoruyur, onun başqa gözətçiyə ehtiyacı yoxdur. Anlayan ona hörmət etməklə Allah qarşısında hörmət qazanar, anlamayan üçünsə sıradan bir kitab olaraq qəbul edilir.

Hazırda dünyada tolerantlıq və multikulturalizm illüziyası yaradılsa da, dünyəvi dövlət modeli "təbliğ" edilsə də, danılmaz həqiqətdir ki, müsəlman-xristian qarşıdurması getdikcə qızışmaqdadır. Dünyada xristian dövlətləri müsəlmanlar üzərində siyasi, hərbi və iqtisadi üstünlüyə malikdirlər. Həmin dövlətlər də təbii ki, malik olduqları qüdrətdən istifadə edərək müsəlman dünyasına qarşı müxtəlif ağıllı layihələrlə mübarizə aparır. Müxtəlif formada müsəlmanlarla digər dinə mənsub insanlar arasında qarşıdurma yaradan layihələr xüsusilə populyardır. Lakin bu, yeganə layihə deyil. Məsələn, İslamda yağışdan sonra bitən göbələk kimi artan təriqətlərin sponsorları da, məhz həmin dövlətlərdir. Hazırda Azərbaycanda məşhurlaşan vəhhabi təriqəti, bir vaxtlar dünyaya meydan oxuyan, indi isə Suriya və İraqda küncə sıxışdırılaraq məhv edilən İŞİD qruplaşmasının fəaliyyəti hansı müsəlman dövlətinə və camiyyəsinə xidmət edir? İraqda və Suriyada on minlərlə günahsız müsəlmanın qanını tökən bu qruplaşma xüsusi missiya üçün yaradılmışdı, missiyası başa çatan kimi başladılar onları qırmağa.

Dünyada müsəlmanlara qarşı mübarizə aparan dövlətlərin digər bir layihəsi isə müsəlman əhaliyə qarşı terror aktlarının təşkilidir.

Xatırlayırsınızsa, təxminən bir ay əvvəl Yeni Zelandiyada müsəlmanlara qarşı qətliam törədilmişdi. İki məscidə silahlı hücum nəticəsində 50 nəfər öldü, yüzlərlə insan yaralandı.

Hər layihənin öz yeri var, hamı müsəlman olsa da, hər bir millətin öz mentaliteti, milli rəngarəngliyi nəzərə alınır. Məsələn, Danimarkada müsəlman əhali azlıq təşkil etdiyinə görə, orada müsəlmanlara qarşı belə təxribatlar keçərli sayılır. Bu cür təxribat xarakterli informasiyaların heç birində "növbəti" ifadəsi ona görə işlədilmir ki, insanların beynində bunun sıradan bir hadisə olduğu barədə assosasiya yaradılmasın, daha siddi qəbul edilsin və əsəbləri daha asanlıqla tarıma çəkə bilsin. Əminliklə demək olar ki, dini heysiyyata toxunmaqla bağlı layihələrin Azərbaycanda tətbiq edilməsi gözlənilən deyil. Çünki bizdə əhalinin böyük əksəriyyəti müsəlmandır. Ona görə də bizdə düşmənlərimiz yalnız "təriqət doğmaqla" məşğuldur. Bu və ya digər düşmən layihələrinin müsəlman cəmiyyətində işləməməsi üçün yalnız dini maarifləndirməni gücləndirmək, İslam dininin tövsiyə etdiyi kimi müsəlmanları bütün bəlaya səbirlə yanaşıb ağılla və "Quran" hikməti ilə çözməyi öyrətmək gərəkir. Hazırda ölkəmizdə bu istiqamətdə ciddi işlər aparılır, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti sözügeden istiqamətdə ciddi addımlar atır, müxtəlif istiqamətlərdə uğurlar qazanılır.

 Akif Nəsirli

0.12279486656189