Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Multikulturalizmin formalaşmasında və inkişafında demokratik mühit mühüm rol oynayır

  25
17:34 12-04-2019
Şriftin ölçüsünü dəyiş  

Multikulturalizmin Azərbaycan modeli Azərbaycan dövlətinin və xalqının bəşəri birgəyaşayışa verdiyi ən böyük töhfədir

 Ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdiriməsi istiqamətində görülən qlobal işlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır və qəbul olunur. Dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini ölkəmizdə keçirmələri də, bunu bir daha təsdiqləyir. Bu baxımdan 6-cı Bakı Beynəlxalq Humanitar Forumunun işçi sessiyalarından birinin multikulturalizm mövzusuna həsr edilməsi də olduqca təqdirəlayiq haldır. Belə nüfuzlu tədbirlər həm də dünyada multikulturalizm dəyərlərinin təbliğində mühüm rol oynayır. Məlumdür ki, hər kəs başqasının dini inancına, dilinə, aid olduğu etnik qrupa hörmətlə yanaşmalı, insanlar öz seçimlərinə görə qorxu içində yaşamamalıdırlar. Dünyanın harasında olmasından asılı olmayaraq, multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə həyata keçirilən tədbirlərdə bu kimi məsələlərin müzakirə edilməsi də, multikulturalizmin və tolerantlığın təbliği baxımında böyük əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə multikultural dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət tərəfindən böyük önəm verilir və dövlət siyasətini prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. Bu da heç şübhəsiz ki, Prezident İlham Əliyevin multikulturalizmin və tolerantlığın geniş təbliğinə göstərdiyi diqqət və qayğıdan qaynaqlanır.

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə bağlıdır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malik olur. Buna görə də, bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyir və təqdir edirlər.

Bu da məlumdur ki, multikulturalizmin nəzəri əsasları liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərlərinə söykənir. Bu səbəbdən də multikultural cəmiyyətdə sosial ədalətsizliyi aradan qaldırmaq bir qədər asan olur və burada irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Bununla belə qeyd etmək vacibdir ki, multikulturalizmlə liberalizm arasında da mühüm fərqlər var. Məsələn, liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön, çəkir.

Eyni zamanda multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx əlaqəlidir. Bu baxımdan multikulturalizm müxtəlif mədəniyyətlərin paralel yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərini də özündə birləşdirir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə nəticələnir.

Bütün bunlara baxmayaraq, multikulturalizm həm də cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Eyni zamanda, multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteid kimi digər təzahürləri də qeyd etmək lazımdır. Çünki bu təzahürlər multikultarizmin inkişafında bu və ya digər formada özünü göstərir.

Məsələn, izolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır.

Assimilyasiya isə izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur. Yəni burada azsaylı xalqların öz mədəniyyətlərini inkişaf etdirmələrindən söz gedə bilməz.

Aparteid də müəyyən qrup adamların assimilyasiyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlik siyasətdir.

Bütün bu təzahürlərdən fərqli olaraq, multikuliuralizm - təkcə adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar tərəfindən dəstəklənən mədəni müxtəlifliyə münasibətdə fərqli reaksiyaların rəngarəngliyini özündə ehtiva edir. Multikulturalizmin yuxarıda sadalanan spesifik cəhətləri onu son nəticədə cəmiyyətin inkişafına səbəb olan pozitiv təzahür, müsbət hadisə kimi xarakterəzə edir.

Multikultural cəmiyyətin formalaşması və inkişafı - tarixi təkamülün xüsusiyyətləri və sosial amillərlə də sıx bağlıdır. Yəni multikultural cəmiyyətin

formalaşmasında və inkişafında demokratik mühit mühüm rol oynayır. Daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Belə də demək mümkündür ki, multikulturalizmin movcud olmadığı yerdə demokratiya, demokratiyanın olmadığı yerdə isə multikulturalizmin mövcud olması çox çətin prosesdir, bəlkədə mümkünsüzdür. Ona görə də ilk multikultural cəmiyyətlər Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində mövcud olub. Bu ölkələrdəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizm ideyalarının yayılması üçün münbit şərait yaradıb.

Onu da qeyd etmək lazımdır ki, bölgələrin tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, multikultkralizmin də müxtəlif modelləri meydana gəlib. Bu modellərin arasında Amerika, İsveç, Avstraliya və Kanada modellərini qeyd etmək olar.

Multikulturalizmin Kanada modelindən danışdığımız zaman əvvəl onu qeyd etmək lazıdır ki, Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. O dövürdə Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi. Yəni, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biri kimi xarakterizə olunur. Kanadada multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.

ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilindən azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə imkan verir.

Kanadada olduğu kimi, İsveçdə də multikulturalizim dövlət səviyyəsində dəstəklənir. Multikulturalizmin İsveç modelinin əsas xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni müxtəlifliyin qorunub saxlanılmasında dövlət fəal rol oynayır. Dövlətin bu fəallığı ilk növbədə ölkədəki konkret siyasi vəziyyətlə sıx bağlıdır. İsveçdə uzun müddət çox güclü siyasi mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə olub və bu müddətdə multikulturalizmin inkişafına xüsusi diqqət ayırıb. Belə ki, 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səsvermə hüququ verib. 1997-ci ildə qəbul olunan "İmmiqrasiya haqqında Qanun" isə İsveçi multikulral cəmiyyət kimi qəbul edib. Bu ölkədə multikultural siyasətinin əsas istiqamətlərini dil və təhsil sahəsi təşkil edir. Bu strategiya da immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri bir reallıq kimi yanaşır və onun qorunub inkişaf etdirilməsində maraqlıdır.

Yuxarıda qeyd etdiyimiz dövlətlərdən fərqli olaraq, Avstraliyada multikultural cəmiyyətin formalaşması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşaiyət olunub. Ölkədə "Vətəndaşlıq haqqında Qanun" (düzəlişlərlə) (1948); "Miqrasiya haqqında Qanun" (düzəlişlərlə) (1958), "Əcnəbilər haqqında Qanun" (düzəlişlərlə) (1984) və "Viza rejimi haqqında Qanun" (düzəlişlərlə) (1997) qəbul olunduqdan sonra situasiya dəyişməyə başlayıb. Buna qədər isə 1901-ci ildə qəbul olunan "İmmiqrasiya haqqında Qanun" izolyasionizm siyasətinin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynayıb.

Onu da qeyd etmək lazımdır ki, "multikulturalizm" termini də, siyasi leksikona ilk dəfə 1970-ci ildə - Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışan Al Kresbi tərəfindən daxil edilib. O, anglo-sakslarla yeni avstraliyalılar arasındakı qarşıdurmanın aradan götürülməsi üçün çox böyük işlər görüb. Avstraliyada 1979-cu ildə hökumət tərəfindən Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsi yaradılıb. Bu da, Avstraliya hökumətinin immiqrasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların açıq təzahürüdür.

Hazırda Azərbaycanın irəli sürdüyü və geniş təbliğ etdiyi multikulturalizmin Azərbaycan modeli nisbətən cavan olsa belə, bu gün dünyanın bütün sivil cəmiyyətləri tərəfindən bir nümunə kimi qəbul olunur. Bu da Azərbaycan dövlətinin və xalqının bəşəri birgəyaşayışa verdiyi ən böyük töhfələrdən biridir.

Onu da qeyd edək ki, multikulturalizm pozitiv sosial təzahürdür və  cəmiyyətin inkişafına münbit şərait yaratmaqla, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı gücləndirir. Multikulturalizmin müxtəlif modelləri arasındakı bəzi fərqlərə baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində əsas rol dövlətə məxsusdur və Azərbaycan dövləti bu missiyanı layiqincə yerinə yetirir.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Yazarlar

Top.Mail.Ru
HotLog