Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əbülfət MƏDƏTOĞLU:
"HƏR GÜN DAHA ÇOX"
Torpaq çəkir adamı

  73
17:42 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

 


 

Yazının başlığını oxuyan kimi heç kim heç nə deməsə də, bilirəm ki, ən birinci oxucum olan, özü də zorən bu missiyanı yerinə yetirən Gülər xanım deyəcək ki, "yenə ağlaşma başladı". Təbii ki, onun fikri yerdə qalmayacaq, dəstək verən də dərhal münasibətini bildirəcək. Bu münasibət də Şamxal Şəbiyevdən gələcək. Cənab Şəbiyev vurğulayacaq ki, "Allahım, günahım nə idi ki, yenə ağlayıram?"

Bəli, mən bu giriş notunu elə-belə təsadüfdən yazmıram. Sadəcə olaraq, sizi bu yazının mövzusuna hazırlayıram. İstəyirəm ki, heç kim yazını yarımçıq saxlamasın. Hər kəs əgər qəzeti əlinə alıbsa, yaxud internet səhifəsini açıbsa, bir az səbr nümayiş etdirsin. Hər halda, səbrdən heç kim ziyan çəkməyibdi.

Bəli, son günlər, hətta elə bu yazını yazmağa başlayanda da doğum günümlə bağlı məni təbrik edənlərin ən böyük arzusu tezliklə Qarabağa, doğulduğum torpağa qovuşmaq diləyi olubdu. Mən də bütün arzuların ən müqəddəsi, ən şirini kimi bu diləyi könül açıqlığıyla, sayqı və sevgiylə qarşılamışam. Hətta bu günlərdə həmsöhbət olduğum həmkarlardan biri mənə şeirlərimlə bağlı sual verərkən soruşdu ki, bu torpaq sevgisi, bu torpaq tərənnümü, bu torpağa enmə, qayıtma, baş əymə istəyi sizdə daha çox qabarıbdı. Səbəbi nədi? Təbii ki, mən də bunu yaşla, dünyanı daha çox anlama imkanlarımla izah etdim. Amma dəyərli ədəbiyyatşünas, publisist Nərgiz Cabbarlı vurğuladı ki, burda daha çox özünüdərk rol oynayır. Yəni insan hansı yaşda özünü daha dəqiq anlayırsa, daha yaxşı özünü dərk edirsə, bax onda torpaq sevgisi, torpağa əyilmək arzusu boy verir. Düzünü deyim ki, bu məntiq qarşısında razılaşmalı oldum və anladım ki, hələ tələbəlik illərində kəndimlə, o kəndin coğrafiyası ilə bağlı yazdığım yazılarımda da mən torpağın önündə diz çökmüşəm. Və beləliklə, mən yaşımın bu cağında deyil, elə həmin o uzaq illərdə də torpaq məni özünə çəkirmiş. Bu gün isə bu özünəçəkmək bir az da sürətlənibdi. Ona görə də fikirlərimin şah damarında, mayasında "Torpaq çəkir adamı" etirafı ön cərgədə dayanır. Və bir də...

Bu dünyada güvənli olmaq, güvəncli olmaq sığınmağa, qanadın altına alıb himayə etməyə, sirrini verməyə, sirrini bölməyə, sevirəm sözünü bütün cizgiləri, bütün nöqtə-vergülünə kimi deməyə və onun qarşılığını almağa, ən nəhayət, başını çiyninə söykəməyə bir ünvan varsa, deməli, yaşayırsan... deməli, özün də xoşbəxtsən... elə sənin sevdiyin də xoşbəxtdir... Və bu xoşbəxtlik həm varlığındı, həm ruhundu, həm də onun sənə köçmüş varlığı və ruhudu. Bu, bütövlükdə təklənmək yox, tək olmaq deməkdir, bir olmaq deməkdir. Çox təəssüf ki, hamı BİR ola bilmir, hamı hardasa, nədəsə ya qırılır, ya məsafə saxlayır, ya uzaqlaşır, ya da...

Bəli, mən indi öz-özümə düşünürəm və düşünə-düşünə də nə vaxtsa yazdığım misraları xatırlayıram:

 

Yanımda olanda vaxt uçub gedir,

Yaman uzun çəkdi bu günün ömrü...

Bir günlük ayrılıq lap zülüm edir -

Tükənir adamın fil boyda səbri.

Qarışıq xəyallar, üzgün fikirlər

Yapışıb yaxamdan dara çəkirlər...

Qalıram təkliyin caynaqlarında -

Könlümü şumlayıb ağrı əkirlər...

 

Vaxtsa nə tələsir, nə yeyin gedir

O özü axarında, o öz işində...

Həsrətlə, elə bil ləlöyün gedir -

Yandırır ruhumu bu gedişiylə...

 

Hə, yəqin ki, bu şeirin işartısından, sətiraltı görüntülərindən hiss etdiniz ki, mənim, yəni bu şeirin müəllifinin özəl dünyası, öz dünyası hansı durumdadı. Və bu durum da mənim əlimdən-ətəyimdən yapışıb torpağa doğru daha sürətlə çəkir. Baxıb görürəm ki, iç dünyamın əzilən, tapdalanan, hətta öldürülən və bəzən də bu qətliamın axan qanına belə etinasız baxan KƏS və kəslər heç nə olmamış kimi ötüb gedirlər. Sənin öləziyən işığın, torpağa yaxınlaşan dizlərin onlara heç nə demir və yaxud da onlar bunu eşitmək istəmirlər. Təəssüflə ağrı dolu bir şəkildə vurğulamaq, daha doğrusu, xatırlatmaq istəyirəm ki, tapdalanan, öldürülən və söndürülən hər şey insana, onun ürəyinə birbaşa təhdiddir. Bu, bilərəkdən, anlaşıqlı bir vəziyyətdə qəsd etməkdir. Həmin qəsdlər də bir günlə, bir adamla bitmir, yekunlaşmır. Sanki bu silsilə özü-özlüyündə zəncirvari şəkildə davam edərək sonsuzluğa doğru gedir. O sonsuzluğa ki, orda mən yoxam. Orda nələr olacaq sualını cavablandırmaq mənim üçün çox çətindir...

İndi bütöv bir həyatı hissələrə bölmək və bu həyatda kimin hara qədər yer sahibi olduğunu müəyyənləşdirmək də çətindi. Çünki bu dediyim "hara qədər yeri olmağı müəyyənləşdirən nə cihaz var, nə də hansısa başqa vasitə.

Doğrudur, xalq deyimində boyun qamışla ölçülməsi həmişə vurğulanıb və xatırlanıb. Amma həmin "qamış" məsələsi mənim işarə etdiyim mövzuya heç yapışmır da. Ən yaxşı halda, bu, qarğış sahibinin özünün-özünə elə alqışıdı!? Mən isə indi bu qamışın bütün parametrlərini, hətta nəfəsini də duyuram və ona görə də içimdə bir rahatlıq da var. O rahatlıq da ağlından keçən, Allaha üz tutub etdiyim duanın tezliklə gerçəkləşəcəyinə inamımdı. İnanıram ki:

 

Bir saralmış yarpaqdı

Mehdən qopub düşəcək...

Üstündə puçurlayan -

Şehdən qopub düşəcək...

 

Nəm baxışdan üzülür

Neçə yerdən süzülür...

Dodaq kimi büzülür -

"Eh"dən qopub düşəcək.

 

Mənə həyat anlatdı

Mən piyada, an atlı...

Ömür özü an adlı -

Behdən qopub düşəcək!..

***

Təsəvvür edin ki, hərdən təklənirsiniz. Heç kimi görmək, heç kimi eşitmək istəmirsiniz. Yalnız Allahınızla, ürəyinizlə baş-başa qalmaq istəyirsiniz. Belə bir vaxtda köməyə, haya çatan, arzulamasanız da Tanrının özü hansısa bir mələyin, hansısa bir xəyalın köməyiylə, vasitəsilə ruhumuza hakim olur. Həmin o ruh da alır qanadlarına və səni aparır... aparır və sən bir də baxıb görürsən ki:

 

Mənim günahlarım nə böyük imiş

Məni ürəyimdən dara çəkirlər...

Mənim günahlarım mənim yerimə -

Xəlvət, üzlərinə qara çəkirlər...

 

Tanrı sevdalıyam ovun, ovunum

Adəm babam kimi qovun, qovulum...

Dənsiz dəyirman tək sovun, sovulum -

Özünüz görün ki, hara çəkirlər.

 

Qisməti dərd olub mən fağırın da

Çəkdim yüngülün də, lap ağırın da...

Bayram məqamında, il axırında -

Könlümə hədiyyə - yara çəkirlər...

 

Çırpdım qanadımı - uça bilməyə

Yerimdən sıçrayıb qaça bilməyə...

Əbülfət, kimisə uca pilləyə -

Sənisə astaca gora çəkirlər...

 

Bütün olanların və olmuşların fonunda mənim düşüncəmlə, mənim ağlımla gerçək olan bir şey var. Onun adı HƏQİQƏTDİR! Hardan baxsan, necə baxsan o görünəcək. Hətta dumana bürünsə də mütləq o duman çəkiləcək, göy üzü avazıyacaq və o həqiqət görünəcək. Lakin təəssüf etdiyim odur ki, həmin həqiqətin görünmə prosesi çox vaxt aparır, çox uzun çəkir. Elə bil zamanın ətəyindən daş asılıb, yerimək, hərəkət etmək gücübünü itiribdi. Bax, mən də içimdə, dünyamda olan gerçəyin, həqiqətin bu qədər ləng, astagəl olmasına daxilən əsəbləşirəm. Hətta hərdən olur divara söykənib yumruqlamaq da istəyirəm. Bu da səbəbsiz deyil. Əvvəldə vurğuladığım kimi, səbəb onun hərəkətsizliyi və bir də qarşı tərəfin onu görə bilməməsidi və yaxud da görmək istəməməsidi. Mən bu iki fikrin, yəni görmək və görməmək arasında boğulub qalmışam, nəfəs ala bilmirəm. Çığırmaq, bağırmaq, hay-küy salmaq, ürəyimi, varlığımı, içimi göstərmək və bu ürəyin, bu varlığın, bu için Tanrı sevdalısı olduğunu... Bu dediklərimin haqdan gəldiyini necə sübut edim, necə göstərim?! Yolunu tapa bilmirəm. Ona görə də içimdən, daha doğrusu, ağlımdan keçən budur ki, axı Allah özü verdiyini, özü ruhumda, ürəyimdə göyərtdiyini, oraya toxumunu səpdiyini niyə ona da, yəni sənə də, sizə də göstərmir. Axı sevgi bir hiss, bir duyğu olaraq insanın bütün varlığına hakim kəsiləndə onun qarşısını yalnız ölümlə almaq mümkündür. Çünki sənə görə, sevmək günahdı, günah da yuyulmalıdı. Bax elə mənim yazdığım kimi:

 

Bu ömrüm topa nurdu

Ziyası seldən də gurdu...

Fələk qarşımda mil durdu -

Qoymadı, səpib qurtarım...

 

Mən düzüb cərgə çimləri

Köklədim sarı simləri...

Cücərtdiyim bu şivləri -

Sıraya əkib qurtarım...

 

Boşda qaldı əlim bir az

Qoy dolanım gəlim bir az...

Ləngi, noolar, ölüm bir az -

Cəzamı çəkib qurtarım..

 

Hə, mənim cəzam əslində torpağa gec əyilməyim, torpağa gec çatmağımdı. Mən bu cəzanı könül rahatlığı ilə çəkirəm. Ona görə ki, bu cəza Səndən gəlir. Mən torpağa qovuşanda sənin bu cəza vermə missiyan başa çatacaq. Onda görəcəksən ki... günahkarın günahına sarılıb getməsi bir yeri boş qoydu - həm dünyada, həm də sənin ürəyində. Dünya heç... o bu boşluğu dolduracaq. Mənim kimi hansısa bir günahkar da gəlib duracaq həmin nöqtədə. Amma sənin ürəyindəki boş yerə ancaq göz yaşları axacaqdı. Və onda yadına düşəcək ki, mən sənə yazmışdım:

 

Heyf ki, bu günlərin

Dadın çıxarmaq olmur.

Ömrün xoş anlarına -

Adın çıxarmaq olmur...

 

Və sonra onu da əlavə etmişdim ki, (təbii ki, başqa bir şeirdə):

 

Qayğıyam artıq sənin

Cənnət yolunun üstə...

Didilmiş şaldı ruhum -

Al, at qolunun üstə...

 

Çiləsin, ya da vursun,

Göz yaşının durusun...

Sər cismimi qurusun -

Tikan kolunun üstə...

 

Məndən nimdaş ömrü al,

Qalxsın ortadan sual...

Adımı duana sal -

Nakam ölünün üstə!..

 

Bəli, mən bütün yazı boyu vurğulamaq istədim ki, torpağın üzü artıq ruhuma, ürəyimə yatmır, gözümü oxşamır. Çünki hamıya, xüsusilə sənə və elə özümə də həm yadlaşıram, həm problemə çevrilirəm, həm də deyəsən göz dağına. Ağlayın, gözləriniz yüngülləşsin...

 

Yazarlar

Top.Mail.Ru
HotLog