Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat Bəxtiyar Əliyev: “Məşhur “Qarabağ bülbülləri” ansamblnın üzvü idim” - MÜSAHİBƏ  

  23
09:25 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

“5 il AzTV-də aparıcı olmuşam, hətta bir neçə Yeni il şənliklərinə aparıcılıq etmişəm”

“Tənqiddən  qorxmaq lazım deyil”


"İnsanları həbs etməklə onlara qarşı mübarizə aparmaq olmaz"


Milli Məclisin deputatı, Bakı Dövlət Universitetində Psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev Modern.az-a geniş müsahibə verib. Müsahibədə bir çox məqamlara toxunulub.

- Bəxtiyar  müəllim, əməkdaşımızın fotoaparatına çox diqqətlə baxırsınız. Sanki fotoaparatla bağlı uzun illərin xatirəsi varmış kimi...

- Peşəkar olmasam da, həvəskar fotoqraf olmuşam. 1970-80-ci  illərdən danışıram.  O vaxt şəkillər köhnə üsullarla satışa çıxarılırdı. Onları neqativdən özümüz hazırlayırdıq. Eldar İsmayılov o zaman “İdman” qəzetində çalışırdı. O, bizim dərnəyə rəhbərlik edirdi. Nədənsə, fotoaparatı  görəndə keçmişimi xatırladım. İndi fotoaparatlar avtomatlaşıb.

- Fotoqraflıq sənəti jurnalistika ilə üst-üstə düşəndə, daha maraqlı əsərlər yaranır. Yəqin ki, fotojurnalistlərin çəkdiyi şəkillər qarşınıza çıxır.

- Həvəskar fotoqraf olmağımla yanaşı, həm də aparıcı  olmuşam. 5 il  AzTV-də “İdrak” verilişinin müəllifi və aparıcısı olmuşam. Hər ay bu veriliş bir dəfə də təkrar olmaqla yayımlanırdı. Elmin populyarlaşdırılması ilə bağlı veriliş idi. Bütün elm sahələri verilişdə öz əksini tapırdı. Verilişə yüzlərlə məktublar gəlirdi.

- O dövrdən danışırıqsa, oxucu, tamaşaçı məktublarını da xatırlayarsınız. Deyirlər, məktubların ayrıca özəlliyi vardı.

- Əlbəttə. Həyatımızda məktubların öz yeri vardı. Təbii ki o dövr başqa idi. Zənglər az olurdu. Çünki mobil telefonlar da yox idi. Heç mobil telefonlar barədə anlayış da mövcud deyildi. Biz tamaşaçı məktublarına uyğun cavablar verirdik. İnsanları nə maraqlandırırdısa, növbəti mövzuda ona cavab tapılırdı. Çalışırdıq ki, hər mövzuya uyğun mütəxəssisləri verilişə dəvət edək.

- Amma müasir nəsil məktublaşma dövrünü yaşamadı. Qəfildən mobil telefonlar cibimizdən birbaşa həyatımıza yol tapdı. İndi o vaxtkı dövrə xəyalən qayıdanda, məktublaşmanın yeri görünürmü?

- Şübhəsiz. Çünki oxucu, tamaşaçı ilə ünsiyyət qurmaq vacibdir. Bu əks əlaqədir. Bilavasitə qaldırdığım məsələ və ona tənqidi münasibəti bilməliydik. Tənqiddən  qorxmaq lazım deyil. Son zamanlar bəzi adamlar elə düşünür ki, tənqid deyəndə neqativdə hər şeyi qara görməkdir. Tənqid təhlildir, müstəqil, çevik təfəkkürdür. Hadisələrə çevik, müstəqil yanaşma olmalıdır. Belə olmadığı təqdirdə şəxsiyyət kreativ ola bilməz. Şəxsiyyət kreativ olmayanda isə heç bir sahədə uğur qazana bilməz. Bir sözlə, insanda hər gün inkişaf getməlidir. İnkişaf baş verməyəndə, yalnız  dəyişiklik baş verir. Bu fizioloji, bioloji dəyişiklik ola bilər. Mənəvi. intellektual dəyişiklik baş vermirsə, yeni heç nə yarana bilməz. O yalnız istehlakçı olacaq. Biz isə istehlakçı cəmiyyət deyilik. Cəmiyyət yaradıcı cəmiyyətdir. İnsan başlanğıcdan yaradıcıdır.

- Texnologiya sürətlə inkişaf gedir.  Bu sahədə yaradıcılıq da  göz oxşayır. Amma insanların əvvəlki bərabərliyini müşahidə etmirik. Yeni texonologiyalar sanki insanları bir qədər uzaqlaşdırır. Belə olan təqdirdə insanların psixologiyası sabit qala bilməz...

- Belə deyək, informasiya texnologiyalarının inkişafı ilə bağlı virtual gerçəklik deyilən yeni bir reallıq yaranıb. Bu gün dünyanın istənilən bir nöqtəsində yaşayan şəxs, başqa yerdə yaşayan şəxslə təkcə səs vasitəsilə yox, görüntü ilə ünsiyyət qura bilir. Bu gün insanlar internet, mobil telefonlar, sosial şəbəkələrdən geniş istifadə edir. Təbii, bu zaman həyatlarının çox hissəsini virtual aləmdə yaşayılar. Getdikcə bu hal psixoloji olaraq iki gerçəklik formalaşdırır. Şəxsin  doğulub böyüdüyü ailəsi, işi, digəri isə sosial şəbəkələr vasitəsilə qurduğu mühit, yaratdığı qruplar, dostları və həmin dostların dəyərləri fikirləri... İnsan virtual aləmə daha çox aludə olursa, reallıq hissini itirməyə başlayır. O aləmdəki gerçəkliklə bu aləmdəki gerçəklik dəyişir. Təsəvvür edin: İndiki gənclərimiz bütün günü virtual aləmdədirlər. Müşahidə olunan digər  bir hal var. Kiçik  yaşlı uşaqlara planşet ya da telefon verirlər. Sanki uşaqlar üçün münbit şərait yaradırlar. Əslində belə deyil. Uşaqları gerçəklikdən təcrid edirlər. Çünki uşaq o aləmə qapanır və real yaşayacağı və inkişafı üçün ona təsir edən amillər sıradan çıxır. Bu zaman psixi, fiziki inkişaf böyük çətinliklə üzləşir. Bu da bütün dünyada ciddi problemdir. Onsuz da həyatımız informasiyadır. Sadəcə, bu informasiyanın mənbəyini, yaş xüsusiyyətlərinə uyğunluğunu tapmaq lazımdır. Uşaq, gənc, yaxud da ahıl yaşında olan insan bu informasiyanı necə qavrayır, necə dərk edir?! Buna münasibəti necədir?! Təbii ki, suallar cavabsız qalanda ruh düşkünlüyü, depressiya əmələ gələ, neqativ hallara yol aça  bilər. İstəsək də, istəməsək də informasiya hər yerdə qarşımıza çıxır. Bu zaman insan psixologiyası haqqında düşünməliyik. İndi dünyada psixoloqlar, filosoflar bunun üzərində çalışır.


- Son illər bir tendensiya yaranıb. Tarixi şəxsiyyətlər, Milli qəhrəmanlar təhqir edilir. Sanki hədəf onları cəmiyyətə kobud formada tanıtmağa hesablanıb. Bəzən belə insanların psixoloji durumunun yerində olmadığı qənaətinə gəlinir.

- Azərbaycanın 10 milyon əhalisi var. Onun hardasa 6 milyona yaxını əmək qabiliyyətlidir. Əgər 10 milyonun içindən bir nəfər hər hansı hərəkəti edirsə, onu 10 milyonun adına çıxara bilmərik. Əgər kimsə bu cür hallara yol verirsə, deməli çirkin məqsədlər var. Biz bu təxribatlara həmişə hazır olmalıyıq. Mətbuat orqanlarımız vətənpərvərlik yazıları ilə çıxış etməlidir. Fərqi yoxdur kimdən yazırlar. Bu pambıqçı da, müəllim də, həkim də ola bilər. Burada mütləq vətənpərvərlik çalarlarına yer verilməlidir. Amma bizim bəzi efirlərimizdə, mətbuatımızda insanlarımız barədə şər-böhtan xarakterli yazılar tirajlanır. Bu hansı nümunədir?! Bu cür halların geniş yayılması  Azərbaycanın milli maraqlarına vurulan ən böyük zərbədir. Əgər sənin dövlət məmurların, müəllimlərin həkimlərin bu cür qərəzli şər-böhtan xarakterli məlumatlarla ləkələnirsə, xaricdə bu millət haqqında nə düşünürlər?! Bu çox təhlükəli tendensiyadır və buna qarşı mübarizə aparılmalıdır.

Həmişə məndən korrupsiyaya qarşı mübarizə aparıldığı halda, niyə inzibati tədbirlərin  az  görüldüyü soruşulur. Halbuki, inzibati tədbirlər də görülür, cinayət tərkibi də aparılır. Ən əsası, qanunları təkmiləşdirməliyik. Korrupsiyaya yol açan məqamları tapıb aradan qaldırmalıyıq ki, korrupsiyaya yol verə biləcək hər hansı mexanizm qalmasın. İnsanları həbs etməklə onlara qarşı mübarizə aparmaq olmaz. Saytları, qəzetləri bağlamaqla onlara qarşı mübarizə aparmaq olmaz. Deməli, bu qurum öz-özlüyündə təmizləmə işi ilə məşğul olmalıdır. Peşəkar jurnalist faktları araşdırmalıdır. Əgər bir hadisə sonuna qədər aydınlaşdıırlmayıbsa, onun tirajlanması böyük təhlükədir. Mətbuatın əsas funksiyası insanlara təmiz məlumat ötürmək və informasiya təhlükəsizliyimizi qorumaqdır. Biz həmişə bunu etmirik. Görün nə qədər reket jurnalistlər, saytlar var. Onların çoxu buna dolanışıq mənbəyi kimi baxır. Hesab edirəm ki milli mətbuat milli mənafedən çıxış etməlidir. Mətbuat millətin güzgüsüdür. Bir də görürsüz ki, “ağ xalatlı cəlladlar” yazıb tirajlayırlar. Bir gün həkimlərimiz işə çıxmasa nə baş verər?!Narahatlığımız olan kimi həkimə qaçırıq. Onların sayəsində işimizə geri dönürük. Bu cür etmək olmaz. Nöqsan olan sahələrlə bağlı təkliflər verməliyik. Tarixi vicdanla yazmaq lazımdı. Ermənilər  6-cı əsrdə yaşayan görkəmli filosoflarından yazırlar. Belə şeylər olmayıb. Uydurma yazmaqla məşğuldurlar. Bəs biz nə yazırıq?! Dövlətin siyasətini həyata keçirən, Azərbaycanın maraqlarını qoruyan dövlət adamlarımıza ləkə vururuq. Halbuki onlar  Azərbaycanın haqq səsini dünyaya  çatdırırlar. Erməni saxtakarlığını, Azərbaycana edilən soyqırımı dünyada  tanıdan insanlara nə qədər şər-böhtan atmaq olar?!. Onların ictimai siyasi nüfuzuna xələl gətirməyə çalışırlar. Bu  nə deməkdir? Bu o deməkdir ki, ey dünya, siz onlara inanmayın?! Deməli Xocalı soyqırımı da, etnik təmizləmə də yalandır? Burada əsl və yalançı vətənpərvərlik var. Əgər  səhiyyəmizin,  təhsilimizin bərbad vəziyyətdə olduğunu deyiriksə, o zaman dövlətin hansı uğurlarından danışırıq. Bu riyakarlıqdı. Bu zaman erməninin dediyi ilə onların dediyi arasında fərq görmürəm. Yaxşı, daha nə etməliyik ki, daha da əla olsun?! O zaman hər şeyin daha yaxşı olmasını istəyirsizsə,  təkliflər verin. Xatırlayırsızsa, mərhum Heydər Əliyev Qarabağla bağlı təkliflər vermək üçün bütün siyasi dairələri, səfirlikləri Mili Məclisə dəvət etdi. Bəzi siyasi partiyalar həmin görüşə gəlmədilər. Halbuki, kənarda dayanıb çox şeylər danışırdılar. O ümumxalq  müzakirəsini Ali qanunverici orqanda təşkil etməklə ümummilli lider xalqın kənarda dayannanların təkliflərinin heç birini qəbul etmədiyini  bütün dünyaya göstərdi.

- Yeri gəlmişkən, 2018-ci ilin sonlarında müxalifət nümayəndələrinin bir araya gəldiyini əks etdirən fotolar yayılmışdı. Sizcə, müxalifət bir araya gəlib nəsə edə bilər?

- Hələ ki işğala altında olan torpaqlarımızın  azad edilməsi üçün cənab prezidentin fəaliyyətini  və onun başçılığı altında dövlətin gördüyü işlər diqqət çəkir, müxalifətin isə bu sahədə hər hansı bir uğurunu görmürəm. İstər Naxçıvan tərəfdə,  istərsə də 2016-cı ilin aprel döyüşlərində - o torpaqları kim azad  etdi? Azərbaycan dövlətinin qurduğu Ordu. Müxalifət nə etdi? 2018-ci ildə BMT-də cənab prezidentin çıxışı oldu. Sarkisyanı BMT tribunasında cinayətkar kimi ifşa edən prezident İlham Əliyev oldu. Müxalifət desin görüm, hansı beynəlxalq təşkilatda  bu məsələləri qaldırıb?. Belə olmaz axı!. Bu gün dövlətin gördüyü işlər daha çoxdur. Baxmayaraq ki, ölkəmiz kiçikdir. amma dünyanın ən iri aparıcı dövlətləri ilə birgə səsvermə hüququna malik olub. Amerika, Rusiya, Çin, Yaponiya ilə məsələləri həll etmək asandır? Bu gün uğrunda müharibələr aparılan İpək Yolu Çindən Avropaya Azərbaycan vasitəsilə  keçir. Bu, Azərbaycan dövlətinin böyük uğurudur. Yeni neft kontraktının 50 il də uzadılması Azərbaycan xalqının gələcəyini təmin edib. Ona görə də tanınmış ziyalılarımıza, dövlət adamlarımıza qarşı aparılan kampaniya erməni dəyirmanına su səpmək kimi bir şeydir.

- Bəxtiyar müəllim, Milli Məclisin Elm və təhsil komitəsinin üzvüsüz. 2000-ci ildən üzü bəri repetitorluq böyük sahəyə çevrilib.  İddia edilir ki, valideynlər uşaqlarını repetitor yanına qoymağa məcburdurlar. Çünki orta məktəblər artıq öyrətmə funksiyasını itirib. Siz necə düşünürsünüz?


- Bu işlərlə  kifayət qədər məlumatı olan şəxs kimi deyə bilərəm ki, yanlış fikirlərdir. Ümumiləşdirmənin əleyhinəyəm. Dünyanın hər yerində  adını repetitor qoyduğunuz treninqlər var. Bu treninqlərin məqsədi yeni biliklərə, bacarıqlara, vərdişlərə sahib olmağa hesablanıb. Hər an hər şey dəyişir. Yaxşı, həmin treninqlərdə şagirdlərə dərs keçən müəllimlər hardandı? Məgər başqa ölkədəndi? Axı, öz müəllimlərimizdir. Müəllimlərimiz savadlıdır ki, öyrədə, şagirdlərimiz də qabiliyyətlidir ki, öyrənə bilirlər. Düşünürəm ki, məsələyə düzgün yanaşmaq lazımdır. 2013-cü ildə yeni təhsil strategiyası qəbul edildi və o istiqamətdə islahatlar getməyə başladı. Nə qədər müqavimətlə rastlaşdıq. Ancaq təhsil naziri dövlətin bu siyasətini dəstəklədi və prinsipiallıq göstərdi. O şeylərin ki mümkün olmadığını deyirdilər, indi reallıqdır.

Bu ildən orta məktəb imtahanlarnən nəticələri yekun bal kimi ali məktəblərdə nəzərə alınacaq. Mexanizm qurulmalı və təhsilin fasiləsizliyi təmin edilməlidir. Əslində biliyi yox, bacarığı qiymətləndirmək lazımdı. Bu şəxs bəlkə yaxşı kimyaçı olacaq. Orta məktəb də bu istiqamətdə getməlidir. Ali məktəbə diplom xatirinə daxil olunmamalıdır. Bəlkə hansısa gənc daha yaxşı mütəxəssis ola bilər. Hökm deyil ki, həmin il mütləq ali məktəbə qəbul olunsun. Sahibkar olacaq, daha  yaxşı qazanacaq. Bu gün saç ustasına, dərziyə növbəyə yazılırlar. Düşünürəm ki, yaxşı peşəyə də sahib olmaq mümkündür.


- Diqqəti müəllimlərin işə qəbul prosesinə  çəkmək istəyirəm. 4 il bakalavr təhsili alan gəncin  yenidən imtahan verib müəllim olmasına nə ehtiyac var?  O zaman 4 illik ali təhsil boşuna əldə edilib? Müəllim olacaq tələbə heç nə öyrənə bilməyib? Bu məsələdə Təhsil Nazirliyi ittiham olunur.

- Cavabım çox qısadır. 1990-cı  illərdən üzü bəri bu sahədə çox əyintilərə yol verilib. Əvvəla  süni şəkildə müəllimlərin sayı şişirdilmişdi. İkincisi  ixtisasa uyğun gəldi-gəlmədi hamını müəllim edirdilər. Cəmiyyətdə belə fikir formalaşmışdı ki, “ən çətin məqamda gedib müəllim işləyəcəm”. Hesab edirəm ki, keçid dövrü üçün hazırlanmış tədbirlər pedaqoji mühiti sağlamlışdırdı. O mənada imtahan daha yaxşıdır. Əgər sən yaxşı müəllim  olmaq istəmirsənsə,  niyə məktəbdə işləməlisən?! Əminəm ki, bu proses başa çatandan sonra yeni kadrlar gələcək və onda imtahanlar keçirilməyəcək. Yeni kadrlar birbaşa məktəblərdə çalışacaqlar. 2018-ci il  qəbulunda 500-dən çox bal toplayanların sayının 2000-ni keçməsi böyük göstəricidir. Əvvəllər 200 balla müəllim olurdular. Müəllim üçün ən aşağı bal 500-dən başlamalıdır. Diaqnostik qiymətləndirmə  müəllimlərin nüfuzunun artırılmasına və əmək haqlarının yüksəldilməsinə hesablanıb. Hər dəfə müəllimlərin əmək haqqı artırılır. Yenə də artırılacaq. Hesab edirəm ki, çox uğurlu təhsil islahatları həyata keçirilir.

- Cəmiyyətdə psixoloji problemlər də çoxalır. İntiharlar, ailə münaqişəsi zəminində qətllər... Oğul atasının, ər arvadın başını kəsir və ya əksinə... Çox vaxt müasir texnologiyalar səbəb kimi göstərilir. Doğrudurmu?

- Suala özünüz cavab verdiniz və məsələni doğru qoydunuz. Əvvəla onu qeyd edim ki, bu məsələ ilə bağlı qeyri-peşəkarlar daha çox danışırlar. Heç bir elmi-tədqiqat işi aparmadan, səbəblər araşdırılmadan bu barədə çıxış edirlər. Uzun illər Respublikanın baş məhkəmə psixoloqu olmuşam. Cinayət ölümünün səbəbləri araşdırılmalıdır. Əhalinin sayı artıbsa, baş verən hadisələrin də sayı artmalıdır. Bu bir ehtimal nəzəriyyəsidir. Hadisələrin hər biri konkret məsələ üçün təhlil edilməlidir. Hansı yaş qrupunda hansı səbəbdən baş verib? Bunlar araşdırılıb təhlil edilməlidir. Əgər cəmiyyətdə yaranmış hadisə ilə bağlıdırsa, bu təhlükəlidir. Bu zaman araşdırılıb profilaktik tədbirlər görülməlidir. Əgər psixi pozuntularla bağlıdırsa, bu istiqamətdə iş aparılmalıdır. Eyni zamanda, illik statistikaya nəzər yetirmək lazımdır. Yalnız elmi təhlillər əsasında bu məsələyə qiymət verə bilərik. Məsələn, bu yaxınlarda müasir Azərbaycan Psixoloqlar İctimai Birliyi yaradılıb. Qurum dediyiniz məsələləri təhlil etməyi qarşısına  məqsəd qoyub. Nədənsə bu birlik  diqqəti cəlb etmir. Görünür şok effekti vermədiyinə görə bəzi mətbuat orqanlarına lazım deyil.

- Şok effektindən danışdınız. 2 il bundan qabaq psixoloq Dəyanət Rzayevin intihar etməsi  ümumilikdə cəmiyyətdə şok effekti yaratdı. Çətin anlarımızda üz tutduğumuz psixoloq da intihar edirsə... Bu nə dərəcədə doğru haldır?

- Hər bir insan dəyərlidir. Hər bir insanın ölümü bizim üçün kədərlidir. Düşünürəm ki, hər hansı hadisədən də faciə düzəltmək doğru deyil. İnsanın xatirəsi üçün də düzgün anlaşılmır. Psixoloqun intiharına gəlincə, bəlkə də o psixologiya ilə məşğul olub, amma peşəkar psixoloq olmayıb.

- Amma biz onu psixoloq kimi tanımışıq və o cür də cəmiyyətə təqdim etmişik.

- Təəssüf ki, əsl psixoloqlardan başqa da bir çoxları psixoloq kimi təqdim olunur. Bir çox yerlərdə mərkəzlər açıblar və orada çalışırlar. Amma bizi mətbuatda görmürsünüz. Çünki biz maraqsız ola bilərik.

- Psixi xəstələrin də sayında artımın olduğu deyilir. Son illərdəki artımın səbəbləri nədir?

- Bayaq qeyd etdim ki, əhalinin sayında artım var, elm, texnologiya  inkişaf edir.  20 il bundan əvvəlki tibbi diaqnostika ilə bugünkü diaqnostikanın arasında ağlasığmaz dərəcədə fərq var. Çox sürətlə dəyişikliklər baş verir. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına baxsaq, onun nə qədər genişləndiyini görərik. Sizin üçün də maraqlı olar. Artıq məhəbbət də xəstəliklərin təsnifatına daxil edilib. Sual oluna bilər ki, məhəbbətdən gözəl nə var?! O necə bura daxil ola bilər?!. Bunu anlaşılan dildə təhlil etmək lazımdır.
Bildiyiniz kimi, artıq Milli Məclisdə nikaha daxil olmaqla bağlı qanun qəbul edilib. Yaxın qohumlar bir-birilə evlənirdi və arzuolunmaz xəstəliklərə gətirib çıxarırdı. Bununla bağlı dövlət tədbirlər görür və üzərinə düşən işi yerinə yetirir. Bu da vətəndaşlarımızın işıqlı gələcəyi üçün nəzərdə tutulub.


- Psixi xəstələrin sayının çoxalmasında psixoloji dərmanların qəbulu da əsas gətirilir. Bu nə dərəcədə doğrudur?

- Belə şey yoxdur. Sadəcə başqa məsələ var. Hər bir insanın fərdi psixoloji xüsusiyyəti var. Hər bir insan dünyaya müəyyən sinir tipi ilə doğulur. Bu biolojidir, dəyişmək olmaz. Tərbiyə prosesində elə etməliyik ki, onun mənfi xüsusiyyətləri inkişaf etməsin və müsbət cəhətləri inkişaf etsin. Əgər biz bunu etmiriksə, onlar daha da güclənəcək və getdikcə insanın daha çox depressiyaya düşməsinə həyatdan küsməsinə gətirib çıxaracaq. Əgər bir insan daxilən qətiyyətsizdirsə, onun sonu yaxşı olmayacaq. Təbii ki, axırda özünə qapanan insanın sonu bu cür hallara gətirib çıxaracaq. Ona görə də uşağın tərbiyəsi ilə kiçik yaşlarından məşğul olmaq lazımdır. Eyni zamanda, bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirməliyik.

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərindən birisiniz. Hansı sahələrdə daha çox korrupsiya hallarına rast gəlinir?

- Bu gün inamla deyə bilərəm ki, korrupsiya ilə bağlı ağrılı problem yoxdur. Bu o demək deyil ki, təhlükə də yoxdur. Azərbaycanda sahibkarlıq üçün münbit şərait yaradılıb. Əgər sahibkarlar sui-istifadə hallarına yol verirsə, bu korrupsiyadır. Digər hal investisiya ilə bağlıdır. Ola bilsin ki, çirkli pulları xaricdən bura gətirmək istəsinlər. Buna qarşı dövlətin yaratdığı digər qurumlar vasitəsilə ciddi tədbirlər  görülür. Çünki dövlət üçün böyük təhlükədir. Bu sahədə dövlət öz işini görür. Əvvəllər heç bir qeydiyyatdan keçməyən qrant layihələri çərçivəsində pullar ölkəyə gətirilirdi. Nə məqsədlə və hara xərcləndiyi bilinmirdi. Heç bir hesabatlılıq da yox idi. Hesabatların verilməsi təklif ediləndə, onlar qeyb oldu. Deməli, o maliyyənin mənbəyi belə şübhəlidir. Dövlət şərait yaradıb. Nə qədər istəyirsən investisiya yatır. Kimə və nə qədər verirsən, hara xərcləyirsən, buyur, hesabatını da ver. Necə olur ki, özündən bunu tələb edirsən,  amma Azərbaycana gələndə bunu etmirsən? Azərbaycan öz qrant layihələrini verir və hesabatlılığını da tələb edir.

- Beynəlxalq Bankın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı mülkləri və dəbdəbəli həyatı ortaya çıxdı. Təbii ki, nifrətlə qarşılandı. Talayıb apardıqları xalqın sərvəti idi...

- İrlandiyada BMT-nin xətti ilə korrupsiyaya qarşı mübarizə konvensiyası çərçivəsində toplantı oldu. Çox maraqlı rəqəm səsləndirildi. İnkişaf etmiş ölkələrdə korrupsiya həcmi 1 trilyona çatır. Ən dəhşətli rəqəm dərman biznesi sahəsində, ikincisinin təhsildə olduğu bildirildi. Bunları eşitmək bizim üçün də maraqlı oldu. Bəlli oldu ki, dünyada çox ciddi problemlər var. Digər bir misal: Almaniyanın bir şəhərində 15 ildir ki, hava limanı tikilir.  Təxminən 60 milyarda qədər pul xərclənib. Hələ də hava limanı ortada yoxdur.  Belə hallar həddindən artıq çoxdur. Buna nəzarət etmək çox çətindir. Əgər bu hallar bir dövlətin çərçivəsində baş verirsə, tapmaq  asandır. Uzağı 2 il ərzində hesabatlarda görünür. Əgər xaricdəki  qurumlar da bu işdə iştirak  edirlərsə,  aşkar etmək çətindir.
Dediyiniz o faktla bağlı  düşünürəm ki, aparılan  və istintaq orqanlarının verdiyi məlumatdan bir məsələ məlum olur. Bu və ya digər sahədə xaricdəki şirkətlərlə müqavilələr bağlanıb, investisiyalar qoyulsa da, əslində yatırımlar heç də gəlir gətirəcək olmayıb. Ola bilsin ki, o şirkətlər  burdakı sifarişçini aldadıb, məbləğ qoyulub, amma fabrik işə yararsızdı. Onun gətirəcəyi gəlir 10%  etmir və zərərdir. Bütün dünyada şəbəkələr var və işə cəlb edirlər. Məsələlərə hərtərəfli hüquq prizmasından yanaşmaq lazımdır. Məqsədyönlü şəkildə mənimsəmələr varsa, buna cavabdeh olan qurumlar zamanında aşkar etməyibsə, ciddi problemdir. Əgər mexanizmlər qurulursa və beynəlxalq qurumlar, şirkətlər burada iştirak edirsə,  sual olunur: həmin ölkələr o pullar orada dövr edərkən  həmin şirkətləri niyə görməyiblər?!  Bu,  bir ayda baş verməyib. Deməli özünüz bu işlərdə hansısa dolaşıq işlərlə məşğul olmusuz ki,  nəticə belə alınıb.

- Milli Məclisdəki fəaliyyətinizə nəzər salaq.  Pedaqoji mühitin arasında daha rahat olursunuz, yoxsa siyasətin içində?


- Hər bir iş ürəklə icra olunanda insan rahat olur. Həm də hər bir iş çətindir. İnsan peşəsinə sevgi ilə yanaşırsa, mənəvi rahatlıq tapır. İstər pedaqoji-elmi fəaliyyətdə,  istərsə də deputat kimi işlərimdən  çox məmnunam və rahatam. Çünki dövlətimə, millətimə xidmət edirəm.


- Seçicilərin problemləri, müraciətləri dəyişibmi?  15-20 il bundan qabaqkı ənənəvi qaz,  işıq, su problemi ilə bağlı müraciətlər olurmu?

- Elmlər Akademiyasından aşağıda Ağdam şəhər İcra Hakimiyyətinin daimi nümayəndəliyi  var. Həmin daimi nümayəndəlikdə icranın işçiləri əyləşir. Bakıda məskunlaşmış məcburi köçkünlərimizlə məşğuldurlar. Orada qəbul günləri müəyyənləşdirdim. 18 ildir ki, seçiciləri orada qəbul edirəm. Eyni zamanda, universitetdə də qapılarım açıqdır. Milli Məclisə də məktublar daxil olur. Seçicilərlə yerlərdə görüşlər keçiririk. 2001-ci ildə təxminən 6 min ərizə daxil olmuşdu. 2018-ci ildə ildə, yəni bir il ərzində 100 ərizə daxil olub. İldən-ilə ərizələrin sayı azalıb. Bu ona görədir ki, ölkədə uğurlu siyasət aparılır. Məcburi köçkünlər üçün 100-ə yaxın böyük binalar, məktəblər tikilib istifadəyə verilib. Onların qaz, işıq su problemi həll olunub. Eyni zamanda, Mehriban xanım Əliyeva öz fəaliyyətinə Birinci vitse-prezident kimi başlayanda ilk  müşavirəsini  məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etdi. Qərara alındı ki, 2019-cu ilin sonuna qədər Bakıda məskunlaşmış bütün məcburi köçkünlər yeni mənzillərlə təmin edilsin. Bu gün həmin layihə həyata keçirilir. Lökbatan qəsəbəsində böyük şəhərcik tikildi. Başqa yerlərdə də tikilir. Təkcə Ağdamın işğal altında olmayan hissəsində 18 qəsəbə tikilib və məcburi köçkünlər ora qayıdıb.  Əvvəl həmin yerlərdə 30 min əhali yaşayırdısa, indi 93 min insan yaşayır. Artıq daha yaxşı əmək haqqı olan işlə təmin olunmaq, mənzillərinin genişlədirilməsi kimi müraciətlər daxil olur. Prezidentimizin dediyi kimi, bütün tikilən evlər müvəqqətidir. Ən gözəl evlər işğal altından azad olunacaq torpaqlarda tikiləcək.

- Qarabağ mühitində böyümüsünüz. 25 ildən çoxdur ki, Qarabağsızıq. Bir qarabağlı kimi Qarabağdan gətirdiyiniz yeganə xatirələriniz sizinlədir. Xatirələrinizdə o yerlər necə qalıb?

- Biz nəsilli-köklü ağdamlıyıq. Ağdamda doğulub orada da orta məktəbi bitirmişəm. Daha sonra Moskva Dövlət Universitetində psixologiya üzrə təhsil almışam.1983-cü ildən təyinatla BDU-ya gəlmişəm və o gündən bu günə 35 ildir ki, eyni kafedrada çalışıram. Nəinki Ağdamı, eləcə də  Kəlbəcər, Şuşa, Laçın, Füzuli, Cəbrayılı qarış-qarış gəzmişəm. Bütün yaylaqlarda olmuşam. Hər il yayda nənəmlə  Kəlbəcərdəki İstisuya gedərdim. Ora dünyanın ən məşhur kurortlarından biridir. Necə gözəl bir yer idi. Kəlbəcər balı, qaymağı ələ düşməzdi. Hələ mən elə dadlı və ətirli bal görməmişəm. Avqust ayında Kəlbəcər dağlarında qar yağdığını görmüşəm. O yerlərin hər qarışına bələdəm. Respublikanın hər yerindən ora uşaqlar gəlirdi. Bir məsələni qeyd edim. 1980-ci illərə qədər Qarabağda siyasət başqa cür olub. Hətta 1971-ci ilə qədər Dağlıq Qarabağ ərazisində, xüsusilə Əsgəranda, Ağdərədə, Xankəndində azərbaycanlıları qeydiyyata almamağa çalışırdılar. Təhsil alanların ora qayıtmasına çalışırdılar. Bu minvalla azərbaycanlıların sayını azaldırdılar. Baxmayaraq ki, 1950-ci illərə qədər azərbaycanlıların sayı ermənilərdən bəlkə də üstün olub. Getdikcə  məqsədyönlü şəkildə siyasət aparıblar. Belə bir məqam var ki, ermənilər tez uyğunlaşmaqda mahir ustadırlar. Həmişə əlimizin altında usta kimi çalışıblar. Hər sözə “baş üstə” cavabını veriblər. Bu qırğınlar göstərdi ki, içlərində yaşayan başqa məsələlərdir. 1980-ci illərdə fəaliyyət göstərən zavodlarda elmi iş üçün “millətlərarası ünsiyyətin psixologiyası” ilə bağlı dissertasiya yazırdım. Həmin ərəfədə digər millətlərdən ermənilərlə bağlı material toplamışdım. Erməniləri mənfi obrazda göstərilmişdilər. Dissertasiya işimi də yazmışdım. 1989-cu ildə namizədlik üçün disertasiyamı müdafiə edəndə, buna qarşı müqavimət göstərdilər. Guya dissetasiya işim  millətlərarası bifaq salır  və yanlış məlumat verirəm. Halbuki, yəhudinin, gürcünün, belarusun erməni haqqında verdiyi məlumat idi. Əslində ermənilər haqqında məşhur tarixi şəxsiyyətlər zaman-zaman həqiqətləri deyiblər və  yazıblar.

- İllərdir ki,  qarış-qarış gəzdiyiniz torpaqlara  ayağınız dəymir. İnsanın sözlə ifadə edə bilmədiyi hisslər var. O hisslər tez-tez baş qaldırırmı?

- Bunu geniş müzakirə predmetinə çevirmək istəməzdim. Bu hissləri yaşamaq lazımdır. Bu, hər bir insan üçün çox ağrılıdır. Həyatının müəyyən hissəsini orada keçirən insanların tarixi silinir. Yalnız yaddaşda qalır. Doğulduğun torpağa gedə bilmirsən. Bu böyük faciədir. Yaşamadan dərk etmək o qədər də asan deyil. Bildiyiniz kimi, o vaxtı “Qarabağ bülbülləri” adlı ansambl vardı. O vaxt lap məşhur idi. Ansamblın üzvü idim. Tacir Şahmalıoğlunun ifasında “Qarabağ şikəstəsi”ni xatırlayarsınız. O ansamblda kamança ifaçısı kimi çıxış etmişəm. Orta məktəbdə oxuyurdum. O vaxt Polşada film festivalı keçirilirdi. Eldar İsmayılovun rəhbərliyi ilə Qarqar çayı üzərində 15 dəqiqəlik qısametrajlı film də çəkmişdik. Film müsabiqədə yer də tutmuşdu. Sonra Bakıya, xaricə  getmək lazım idi. Valideynlərim icazə vermədilər. Mən də musiqiçi olmaq sevdasından əl çəkdim.

- “Qarabağ şikəstəsi”ni Tacirin ifasında bəyəndik və sevdik. O qədər yanıqlı ifadır ki, qarabağlı olmayan insanın belə, hisslərini oyadır. Yəqin ki, sizdə də ağrısız qulaq asmaq çətindir..

- O ifanın sədaları altında böyüyən insanam. Uşaqlığım, həyatım  o dağlarda keçib. 1993-cü ilə qədər Ağdamda olmuşam. Ağdama “Qrad” mərmisi atılanda da, şəhər yananda da orada olmuşam. Döyüşçülərə gizli silah da, dərman da aparmışıq. Hətta televiziyaya müsahibə verəndən sonra bir saat “KQB” bizi sorğu-sual edib. Biz mübarizəmizi aparmışıq və bu gün də davam edir.

- Övladlarınıza o yerləri necə tanıda bilmisiniz? Sözsüz ki, onlar Qarabağı sizin kimi tanımırlar.

- Tanıyırlar. Onlar vətən acısını daha çox biruzə verirlər. “Qarabağ şikəstəsi”nə ağrısız qulaq asa bilmədiyimi yəqin etdiniz. Düşünürəm ki mən daha dözümlüyəm. Siyasətçi olmağım bunu tələb edir. Düşmən bizi dözümsüz görməməlidir. Övladlarım bu işlərdə fəaldırlar. Hər yerdə Qarabağı təbliğ edirlər. Öz sahələrində fəaldırlar.

- Yolunuzu davam etdirirlərmi?

- Xeyr. Peşə seçimində uşaqlara sərbəstlik vermişik. Qızım göz cərrahıdır, oğlum isə iqtisadçı. Həm ölkədə, həm də xaricdə təhsil alıblar. Oğlum hərbi xidmət dövrünü də keçib.

- Psixoloqların insan hisslərini dərindən duymaq bacarığı var. Övladlarınızla dost ola bilirsinizmi?

- Kiçik yaşlarından onlarla dostam. Bu, bir tərəfdən öz ailəmdən gələn məsələdi, digər tərəfdən isə peşəm dost münasibətlərinin möhkəm olmasına səbəb olub. Heç vaxt aramızda “mən böyüyəm, nə desəm o olmalıdır” yanaşması olmayıb. Həmişə fikir sərbəstliyi olub. Ailədə hər şey bütün cəmiyyətlərdə qədimdən süzülüb gələn normalar çərçivəsindədir. Əxlaq normaları milli-mənəvi dəyərlər çərçivəsində davam edir.

- Söhbətin əvvəlində vaxtilə AzTV-də apardığınız verilişdən danışdıq. Amma yarımçıq qaldı. 5 il aparıcı olduğunuzu xatırlayanlar varmı?

- Bu günə qədər  verilişimizə baxan nəslin yaddaşındayıq. Görəndə mütləq “İdrak” verilişinin adını çəkirlər. O vaxt bir ənənə vardı. Yeni il şənlikləri qeyd edilirdi. Redaksiyaların aparıcıları o verilişin aparıcıları olurdu. Digər kolleqalarımla birgə bir neçə Yeni il şənliklərinin aparıcısı da olmuşam. Həmçinin, o zamanlar geniş olmasa da maraqlı süjetlər hazırlayırdıq.

- 5 il çalışdığınız yerdə Rafiq Hüseynov Roza Tağıyeva, Həqiqət Əsgərzadə və adını çəkmədiyim digər məşhur diktorlar da işləyib. O illərdən sonra çalışdığınız mühitə köhnə dost kimi baş çəkirsizmi?

- Əməkdaşlıq bu gün də davam edir. Artıq veriliş müəllifi, aparıcısı kimi yox, müsahib kimi gedirəm. Təhsillə, siyasətlə bağlı mövzularda çıxış edirəm.


Yazarlar