Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Universitet bufeti - BDU-nun yeməkxanasında tələbələri razı və narazı salan məqamlar...

  20
08:15 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Hər kəs kimi tələbələrə də sağlam qidalanma ən vacib şərtlərdən biridir. Dərs ili başlayanda bu gənclərin əksəriyyəti orqanizmlərinin öyrəşdiyi qidalanma rejimini dəyişməyə məcbur olurlar. Ali məktəblərdə tələbələrin ən çox yığışdığı məkanlardan biri də sözsüz ki, bufetlərdir. Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) hər korpusunda ayrıca bufet, üstəlik həyətində də yeməkxana fəaliyyət göstərir. Bəs görəsən, universitetin bufetləri xidmətinin keyfiyyəti və qiymətləri ilə tələbələri qane edə bilirmir?

Paralel.az-ın əməkdaşı bunu araşdırmaq üçün BDU-nun bir neçə tələbəsinə sorğu ünvanlayıb. Tələbələrdən həm BDU-nun bufetlərindəki qiymətlər, həm də yeməklərin keyfiyyəti haqda soruşduq.


BDU-nun II kurs tələbəsi Mələk Əfəndiyeva deyir ki, əslində bufetdəki qiymətlər tələbələr üçün münasibdir. Mələk universitetdə hazırlanan yeməklərin keyfiyyətini də tərifləyib:

“Yeməklər təzə hazırlanmış, isti yeməklər olur. Hətta yanımızda hazırlamasalar belə, təzə olduğuna inanırıq. Çünki tələbələr o qədər çox olur ki, günün sonuna qədər artıq yemək qalmır. Biz saat 4 ərəfəsi getdikdə bufetdə yeməyə nə isə tapa bilmirik.

Bufet yeməklərinin qiymətləri də baha deyil. Yemək növünə uyğun qiymətlər dəyişir. Məsələn, salatların bir porsiyası 1 manatdan başlayır. İsti yeməklər də 1-1.50 manat arasında dəyişir. Ümumilikdə, yeməklər doyumludur. Bir dəfə bufetdə hazırlanan dönər yedim, axşama qədər yetərli oldu”.

Tələbə əlavə edib ki, hazırlanan yeməklər ev xörəkləri kimi təhlükəsiz və ucuz olsa da, digər qidalar bufetdə bahadır:

“Məsələn, adi yarım litr içməli su 60 qəpiyə satılır. Digər qablaşdırılmış içkilər, meyvə şirələri, şirniyyatlar da bahadır. Qiymətləri adi marketlərdəkindən bir neçə dəfə yüksəkdir. Ona görə, əksərən tələbələr  paketdəki qidadan almaq yerinə, daha sərfəli olan bişirilmiş isti yeməklərindən alırlar”.



III kurs tələbəsi Aliyə Nəsibli isə əksər tələbələrdən fərqli olaraq, bufetdən isti yeməklər almır. Aliyə deyir ki, bufetdə bişən yeməkləri gigiyenik cəhətdən təmiz hesab etmir:


“Ona görə almıram. Amma qrup yoldaşlarımız, dostlarımızla birlikdə oturduqda onlar alıb, yeyirlər. Görünür ki, yeməklərin qiymətləri sərfəlidir. Bir neçə dəfə bufetdən adi bulka, dönər almışam. Amma düzünü deyim, dönəri daha çox BDU-nun həyətindəki “Pepsi” kafedən almağı üstün tuturam. Orada həm gözümüzün qarşısında hazırlandığına görə etibar edirəm, həm də dadlı olur. “Pepsi”dən aldığımız dönəri həmişə iştahla yeyirik”.


Universitetin magistrantı Könül Məmmədli də qiymətlərdən və bufet yeməklərinin keyfiyyətindən razıdır:


“BDU-nun əsas korpusundakı bufet ən böyük bufetdir. Burada dönər 1 manat 50 qəpik, hamburger 1 manat, ayran 50 qəpik, kotlet 70 qəpik, kartof qızartması 60 qəpik, çörək 20 qəpik, isti yeməklərin qiyməti isə 2 manata qədərdir. Düzünü deyim, bufetimizin yeməklərinin qiymətlərindən çox razıyam. Mən həm də dərsdən sonra işləyirəm. Ona görə, dərs bitəndə yemək yeyib, işə getməli oluram. Bufetdə həm yeməklər keyfiyyətli, həm də qiymətlər hər cibə uyğun olduğundan elə naharımı da burada edirəm. Mənfi deyə biləcəyimiz məqamlar da olur. Məsələn, hərdənbir kartof qızartması alanda çiy olduğunu müşahidə edirəm. Amma bufetdə hazırlanan kotletlər və hamburgerlər çox ləzzətlidir”.


3-cü kursda oxuyan Orxan Nəbizadə isə BDU-nun bufetindən nə razı, nə də narazıdır. Orxan düşünür ki, bufetdə marketdən alınma şirniyyat, su və şirələrin qiymətləri bahalı olmamalıdır:

“Əslində başa düşürəm ki, ev yeməkləri ucuz olduğuna görə, hazır qidaları baha satırlar. Üstəlik bunların çeşidi də çox az olur. Çayla içmək üçün şokolad və ya kekslər hərəsi cəmi bir çeşid, şirələr bir çeşid olur. Su da eynilə. Bufetdə bir stəkan su içmək çay içməkdən qat-qat baha başa gəlir. Ona görə, çalışıram ki, ehtiyac olmadıqca, bufetdə nə isə yeyib-içməyim.

Bişirilən yeməklərin keyfiyyətinə gəldikdə isə özüm istifadə etməsəm də, qrup yoldaşlarım alanda müşahidə etmişəm. Qiymətlərdən və ya keyfiyyətindən narazılıq olduğunu eşitməmişəm”. 


Yazarlar