Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiya Dağlıq Qarabağın əvəzində Azərbaycandan nə istəyir?

  186
20:47 10-01-2019
Şriftin ölçüsünü dəyiş  

Amerikalı politoloqdan düşündürücü açıqlama

 Nəinki ABŞ, ümumiyyətlə Qərb dairələri arasında bəlkə də yeganə siyasətçidir ki, Dağlıq Qarabağ problemini ən xırda incəliklərinə qədər bilir. Bu da təbiidir. Çünki ATƏT-in Mins Qrupunun iki, üç ildən bir mandatı dəyişən həmsədrlərindən fərqli olaraq, bu şəxs düz 27 ildir ki, bizim kimi Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələri, problemin həllinə bilavasitə, yaxud dolayısıyla cəlb olunan qlobal güc mərkəzlərinin məqsəd və niyyətlərini diqqətlə izləyir və təhlil edir. Bu həmin şəxsdir ki, hələ çox-çox əvvəllər siyasi leksikona “Qobl planı” adlı bir termin də gətirmişdi. Dağlıq Qarabağ münaqişəsinin həllini hədəfləyən bu planın, başqa sözlə, təklifin mahiyyəti ərazi mübadiləsi məsələsindən ibarət idi: O, təklif edirdi ki, münaqişənin ədalətli həlli üçün Azərbaycan Laçın dəhlizi də daxil olmaqla, Dağlıq Qarabağı (söhbət keçmiş DQMV-in ərazisindən gedir-Ş.S) Ermənistana verir, əvəzində Ermənistan da Azərbaycana Naxçıvana birbaşa çıxış imkanı yaradan Meğri ərazisinin Azərbaycanın yuridiksiyasına keçməsinə razı olur. Ərazi mübadiləsində A zərbaycan müəyyən qədər torpaq itkisinə məruz qalsa da, deməliyik ki, o vaxtlar bu təklifə isti yanaşanlar da var idi. Erməni tərəfinin isə, bu təkliflə razılaşmaması onunla əlaqələndirilirdi ki, belə olan halda, onların xaricə indiki halda İrana yeganə çıxış qapısı olan Meğri üzləriniə qapanır. Bu səbəbdən, bu gün də problemin qalib və məğlub tərəfi olmaması nöqteyi-nəzərdən təklif cəlbedici olaraq qalır. Təklifin müəllifi isə bu günlər orjinal fikirləri ilə yenidən diqqət mərkəzinə gələn ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq məsləhətçisi, vaxtilə dövlət katibi postunda olan Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya məsələləri üzrə ekspert Pol Qobl idi. P. Qobl bu günlərdə Ermənistanın “1in.am” saytına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. Ekspert deyir ki, 2019-cu ildə Qarabağ probleminin həllində nəzərəçarpacaq elə bir dəyişiklik olmayacaq. Ancaq mümkündür ki, Rusiya münaqişə zonasında yeni toqquşmalara rəvac verən təxribatlar törətsin ki, bununla hər iki tərəfə kimin bu məsələdə söz sahibi olduğunu bir daha xatırlatsın. Onun fikirinə görə, Azərbaycan Moskva ilə mülayim yaxınlaşmaya cəhd edir və Moskva əmin olsa ki, Azərbaycandan istədiyini əldə edə bilər, o zaman Ermənistanı sata bilər: “Rusiya münaqişənin tam həllini istəmir. Ona görə ki, belə olan halda o, İrəvan və Bakıya təsir riçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, ancaq onun da regionda konfliktin həlli üçün yetərincə resursu yoxdur.”

P.Qolb hesab edir ki, iki fundamental məsələ situasiyanı dəyişə bilər: Ermənistanda Moskvadan asılı olmayan yeni hökumət formalaşır. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. P. Qobl deyir: “Böyük ehtimalla, Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur. O, hər şeydən əvvəl diqqəti daxili problemlərin həllinə yönəldib və güclü Qarabağ lobbisinə zidd addımlar atmaq istəmir. Mümkündür ki, situasiya 1, 2 il sonra dəyişsin. Əgər Moskva İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər. Bunun yalnız bir “əmması” var: Aydın olmayan odur ki, İlham Əliyev Dağlıq Qarabağın qaytarılmasına səbəb olsa belə, hər şeyi Moskvaya verməyə hazırdırmı?”.

Ekspert deyir ki, Kreml Paşinyanı sevmir, eyni zamanda onu Qərbin ağuşuna atmaq da istəmir. Amerikalı politoloqun fikirlərində diqqət çəkən, yaxud sual doğuran və bizi daha çox qayğılandıran Moskvanın Azərbaycandan istəyinin nədən ibarət olmasıdır. Moskva Qəbələ RLS-in geri qayratıb modernləşdirərək, buradan Yaxın Şərqə nəzarəti gücləndirmək və paralel olaraq Kürdəmirdəki hərbi bazada-aerodromda öz hərbi kontigentini yerləşdirməkmi istəyir? Böyük qanlar bahasına qazanılan müstəqilliyimizi faktiki itirilməsinə yönəlik bu təhdidedici istəklər reallaşa bilərmi? Narahatlıq doğuran bu suallara siyasi şərhçilərin münasibətini öyrənməyə çalışdıq.

qabil ile ilgili görsel sonucuPolitoloq Qabil Hüseynlinin qəzetimizə verdiyi açıqlamasına görə, Rusiyanın Azərbaycandan istədiyi çox şeylər var. Rusiya hər şeydən əvvəl, Azərbaycanın həm Avrasiya birliyinə, həm Kollektiv Müdafiə Müqaviləsi təşkilatına daxil olmasını istəyir. Moskva Azərbaycanı bir növ köhnə sovet məkanında olduğu kimi, idarə etmək və özünün iradəsi altında saxlamaq istəyir. Viladimir Jirinovski də təxminən bu fikirdədir ki, biz uzaq olmayan bir zamanda, Cənubi Qafqazı Rusiya federasiyasının tərkibinə qatacağıq. Bununla da Dağlıq Qarabağ problemi öz-özünə həll olunacaq. Yəni ərazilərin sovet hakimiyyəti illərində olduğu kimi, təsdiqi həyata keçiriləcək. Ona görə də, Moskvadan çox uzağa gedən və həm də xeyli dərəcədə beynəlxalq hüquq normalarına zidd olan fikirlər formalaşdırılıb mətbuata sızdırılır. Təkcə köhnə sovet məkanının deyil, köhnə sosializm düşərgəsinin bəzi ölkələrinin də Rusiyanın itaəti altına keçməsi haqqında neo-imperialist baxışları mövcuddur və bu baxışlar müasir dünya düzəni üçün, dünyanın müasir təbiətinə kifayət qədər ziddir, eyni zamanda, qarşıdurmalar yaradan baxışlar sistemidir. Buna görə də, Pol Qobl bunları deməklə, bir məsələdə səhv edir ki, Moskva təkcə Azərbaycanı deyil, həm də, Ermənistanı öz nəzarəti altında saxlamaq istəyir. P. Qoblun "Rusiya Azərbaycanı öz yanında görsə, Ermənistandan imtina edər" fikiri mübahisəli fikirdir. Rusiyanın Ermənistanı təsir dairəsindən uzaqlaşdıracağı barədə deyilən sözlər indiki zamanda reallığı əks etdirmir. Ermənilər neçə yüz illərdir ki, Rusiyanın itaətindədirlər, onların əmrlərini yerinə yetirirlər, onların dövlətçiliyinin, müstəqilliyinin indiki qarantı da Rusiyadır. Ona görə də Dağlıq Qarabağ məsələsində hər şey Rusiyanın əlindədir, desək, bəlkə də, həqiqətə yaxın olar. Rusiya özlüyündə köhnə sovet məkanını, ən azından, təsiri altında saxlanılmasına dair əcaib fikir və ideoloji baxışlar formalaşdırmaqdadır.”

Siyasi ekspert Elxan Şahinoğlu isə belə düşünür ki, dəfələrlə Rusiyanın imkanı olub ki, Azərbaycana dəstək versin, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsin. Rusiyanın buna imkanı var. Çünki Ermənistan onun təsiri altındadır. Indiki rəqəmlər də bundan xəbər verir.

Amerikalı politoloqdan düşündürücü açıqlama ile ilgili görsel sonucuElxan müəllim deyir ki: “Azərbaycanla Rusiya arasınsa iqtisadi ticarət münasibətləri Rusiya Ermənistan iqtisadi ticarət münasibətlərini dəfələrlə üstələyib. Elə təkcə beş milyard dollar civarında Rusiyadan hərbi silah almışıq. Bu Rusiya üçün böyük rəqəmdir. Buna rəğmən görürük ki, Rusiya nə Ermənistanı əldən vermək istəyir, nə də Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır. Halbuki, yenə də əlində imkanları var. Ona görə də mən hesab etmirəm ki, Rusiya Paşinyana görə Ermənistanı Azərbaycanla dəyişməyə hazırdır. Tam əksinə, Rusiya həm Azərbaycanı, həm də Ermənistanı əlində tutmaq istəyir Qarabağ münaqişəsindən məhz, buna görə istifadə edir ki, münaqişə həll olunmasın. Çox təəssüf ki, Rusiyada belə düşünənlər var. Halbuki, bu münaqişə həll olunarsa, bu, hamının xeyirinədir. Bu, tək Azərbaycanın deyil, Rusiyanın da, Ermənistanın da xeyirinədir. Belə olarsa, Ermənistan regional layihələrə qoşula bilər və hazırkı səfalətdən qurtula bilər. Bir sözlə, Rusiya heç vaxt Ermənistanı kobud desək, Azərbaycanla dəyişmək istəməz. Düzdür, Rusiyanın hazırda Paşinyanla münasibəti soyuqdur, lakin tək Paşinyana görə Ermənistanı verməz. Çünki Rusiya çox təəssüf ki, Ermənistana cənubi Qafqazda hərbi forpost kimi baxır və bu forpostu da əldən vermək istəmir.”

 Şahnaz Salehqızı

Yazarlar