Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dözümlülüyün, multikulturalizmin və tolerantlığın nümunəsi- Azərbaycan

  26
19:06 10-01-2019
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan ən müxtəlif milli-etnik qrupların, dini konfessiyaların birgə yaşadığı unikal coğrafi, geopolitik və mədəni məkandır

 Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların özünəməxsus adət-ənənələri, inancları, mədəniyyətləri vahid Azərbaycan mədəniyyətini formalaşdıran əsas amillərdən biridir. Bu baxımdan həmin xalqların  mədəniyyətlərinin təşviqi, inkişaf etdirilməsi, onlara cəmiyyətdə geniş yer verilməsi bəşəri birgəyaşayışın, multikulturalizmin və tolerantlığın daha möhkəmlənməsinə stimul verir. Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətlərinə, sosial-məişət problemlərinin həllinə dövlət tərəfində göstərilən diqqət və qayğı bütün beynəlxalq təşkilatlar tərəfindən də, bir nümunə kimi dəstəklənir və yüksək qiymətləndirilir. Bununla belə, ölkəmizdəki uğurlu inkişafı gözü götürməyən, dövlətimizə düşmən münasibət bəsləyən bəzi separatçı qüvvələrin və onların himayəçilərinin zaman-zaman bizə qarşı irəli sürdükləri iddiaları aradan qaldırmaq üçün hələ çox işlər görülməlidir. Heç kimin şübhəsi olmasın, buna Azərbaycan dövlətinin həm gücü, həm də siyasi iradəsi çatır. Çünki, bu gün dünyaya dözümlülüyün, multikulturalizmin və tolerantlığın nümunəsi kimi, birmənalı olaraq Azərbaycan göstərilir. Azərbaycan dövləti sözün həqiqi mənasında, dünyada azlıq və çoxluğun fərqi hiss edilməyən dinlər, məzhəblər arası və etnik qarşıdurmaların müşahidə edilmədiyi azsaylı ölkələrdən biri, bəlkə də birincisidir.

Məlumdur ki, inkişaf etmiş mədəniyyətlərin ən mühüm şərtlərindən biri mədəni müxtəliflik və plüralizmdir. Mədəni müxtəliflik də öz-özlüyündə etnik, milli və ümumbəşəri miqyasda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində bərqərar olur. Bu baxımdan, dövlətlərin inkişafına mədəniyyətin təsiri və funksiyaları sivilizasiya tiplərindən asılı olaraq fərqlənir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyərlərin məzmun fərqliliyindən irəli gəlir.

Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılması dahi alman mütəfəkkiri İ.Herderin adı ilə bağlıdır. O, özünün "Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar" (1784-1791) əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi səciyələndirib. O qeyd edib ki, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini özündə əks etdirir. Rus alimi M.S.Koqan isə qeyd edir ki,  mədəniyyəti, yalnız öyrənmək deyil, həm də qəbul etmək - eyni zamanda başqa mədəniyyətin də mövcud olmasını təbii tarixi fakt olaraq qəbul etmək lazımdır.

"Kulturoloji anlayış və terminlərin qısa lüğəti" kitabında qeyd olunub ki,"mədəni birlik" dedikdə, müəyyən etnosu təşkil edən hər hansı bir toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün sahələrini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. Mədəniyyət dedikdə isə, bütövlükdə cəmiyyət nəzərdə tutulur.

Məşhur alim Samuel Xantinqton özünün "Sivilizasiyaların toqquşması" əsərində bildirir ki, soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. Qeyd edək ki, mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı mühüm amillərdən biridir. Bu oxşarlığın fərqləndirilməsi, "mədəni müxtəliflik" anlayışının məzmununu başa düşməyə yardım edir.

Məsələn, təbii mühit və başqa amillərin təsiri ilə insanların fəal münasibəti nəticəsində bəzi dil, adət-ənənə, məişət və psixoloji cəhətlərin ümumiliyi ortaya çıxa bilər. Lakin istənilən insan birliyi, etnik özünüdərketmə şüuru bu etnosa mənsubluq hissini formalaşdıra bilmirsə, onda bu birliyin parametrləri və mahiyyəti anlaşılmaz olur.

Bizim "etnik qrup" və ya "etnos" kimi səsləndirdiyimiz anlayışlar bəzi konseptual anlaşılmazlığı özündə əks etdirsə də, müasir elmdə özünün, məxsusi, özəl tarixinin kollektiv (ictimai şüur səviyyəsində) anlamı, dərki nəticəsində, dil, din, irq və milli identikliyə malik sosial qrupdur. Bura, əsasən, dil, mədəni adət-ənənələr, norma və qaydalar, din, ərazi, tarix kimi amillər də daxildir.

İstənilən bir mədəniyyətin formalaşması prosesində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.

Digər amillərin rolu isə nisbi xarakter daşıyır və "etnik insan birliyinin" səviyyəsi millətin formalaşması ilə yoxa olmur. Əksinə, millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət - "milli hiss" fenomeninin mənbələrindən biridir. İnsanlar özlərini, əsasən - mənşət, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində fərqləndirirlər.

Məlumdur ki, Azərbaycan çox qədim zamanlardan ən müxtəlif xalqların və mədəniyyətlərin Vətəni olub. Həmin xalqların Azərbaycan dövlətinə, tarixinə, coğrafiyasına sadiqliyi və mənsubluğu, elə o vaxtdan bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir. Azərbaycanın və "azərbaycançılığın" əzəməti də, bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətində əksini tapır. Ümummilli Lider Heydər Əliyevin bir ideologiya olaraq ortaya qoyduğu "azərbaycançılıq" məfkurəsinin ortaq dəyər və sərvətlərə dayanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, xoş məram və niyyətlə sevinənlərlə yanışı,bu ideologiyanın gücündən xoflanan, narahatlıq keçirin qüvvələr də həmişə olub, bu gün də yox deyillər.

Azərbaycan xalqının da tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnən ümumtürk etnosuna gedib çıxır. Bununla yanaşı, Azərbaycan coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olub və ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını həyata keçirməyi bacarıb.

Azərbaycan həm də Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, eyni zamanda Avropa mədəniyyətinin Şərqə keçid almasında körpü rolunu oynayır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallıq - yerləşdiyi ərazinin özü diqtə edib. Bu baxımdan, Azərbaycan həqiqətən də, ən müxtəlif milli-etnik qrupların, dini konfessiyaların birgə yaşadığı unikal coğrafi, geopolitik və mədəni məkandır.

Bu gün də ölkəmizdə bir ailə kimi yaşanyan, vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan talışlar, ləzgilər, avarlar, kürdlər, tatlar və başqaları özlərini azərbaycanlı adlandırmaqdan qürur duyurlar. Bu xalqların mənəvi yaddaşı zərdüştlükdən başlayaraq dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşib. Mədəniyyət və ünsiyyət tariximiz bizə ruhi-mənəvi böyüklüyün və əzəmətin çoxsaylı nümunələrini miras qoyub. Ölkəmizdə yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirən azərbaycançılıq ideologiyası burada yaşayan butun xalqların varlığını təmin edir.

Bununla belə, bu vəhdəti parçalamağa, Azərbaycanda mövcud olan etnik müxtəliflikdən öz maraq və məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr  həm daxildə, həm də xaricdə həmişə olub. Azərbaycanın əzəmət və qüdrətini sübut edən bu rəngarəng "sosial-mədəni kapitalı" əleyhimizə yönəldənlərin  qarşısı isə daim alınıb və alınacaq.

Bununla belə, Azərbaycan dövləti tam təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilatlar yarada bilərlər və buna heç bir məhdudiyyət qoyulmur. Belə təşkilatların hüquqi vəziyyətini Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunları tənzimləyir. Azərbaycanda yaşayan milli azlıqların öz təşkilatlarını yaradaraq fəaliyyət göstərməsi, həm də cəmiyyətin demokratikliyinin göstəricisidir.

Bütün bu proseslərin, yəni ölkəmizin ərazisində yaşayan milli azlıq və etnik qrupların mədəni dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm rola oynayan Mədəniyyət  Nazirliyinin gördüyü işlərə diqqət edək. Nazirliyin bu sahədə gördüyü işlər əsasən aşağıdakı istiqamətləri əhatə edir:

- Azərbaycan Respublikasında yaşayan etnik qrupların tarixi vətəni olan ölkələrin səfirlikləri və nümayəndəlikləri ilə iş;

- azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətləri ilə əməkdaşlıq;

- beynəlxalq elmi-praktik konfransların, mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirələrin keçirilməsi;

- azsaylı xalqların etnoqrafiyasını, incəsənətini və ənənələrini əks etdirən sərgilərin təşkili;

- milli azlıqların bədii-özfəaliyyət kollektivlərinin respublika daxilində və xarici ölkələrə qastrol səfərlərinin təşkili;

- milli azlıqların bədii-özfəaliyyət kollektivlərinin musiqi alətləri və texniki avadanlıqlarla təchiz edilməsi;

- azsaylı xalqların kollektivlərinin, yalnız, rayon deyil, həmçinin, ümumrespublika mədəni tədbirlərində iştirakının təminatı;

- azsaylı xalqların görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubiley tədbirlərinin keçirilməsi.

Sonda onu da qeyd edək ki, sovet rejimi dağılandan sonra Azərbaycanda  milli azlıqların bır çox mədəniyyət mərkəzləri yaradılıb. Bu mərkəzlərin yaradılmasında əsas məqsəd, özlərinin tarixi-mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdır. Hazırda ölkəmizdə onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan dövləti, eləcə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həmin təşkilatlara hər cür diqqət və qayğı göstərir ki, onlar öz fəaliyyətlərini lazımi səviyyədə həyata keçirə bilsinlər.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Yazarlar