Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dini radikalizm və ekstremizm ictimai
təhlükəsizliyə böyük təhdiddir

  18
20:16 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanda humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün hər cür şərait yaradılıb

 Dəfələrlə vurğuladığınız kimi, Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində görülən işlər, həm ölkəmizin beynəlxalq aləmdə imicini yüksəldir, həm də dünya ictimaiyyətindən daha böyük dəstək almasına səbəb olur. Bu tədbirlərin dünyanın hansı qitəsində keçirilməsi, vacib deyil.  Ən əsası odur ki, planlı şəkildə həyata keçirilən layihələr, öz səmərəsini versin.

Belə tədbirlərin həm ölkəmizdə, həm də ölkəmizdən kənarda böyük maraqla qarşılanması, onu deməyə əsas verir ki, bu cür lədbirlərə ehtiyac və zərurət var. Məlumdur ki, ölkəmizdə mövcud olan multikultural mühit dünyanın bir çox yerlərində fəaliyyət göstərən din və siyasət xadimlərini, alimləri, ədiblər və hətta jurnalistləri belə özünə cəlb edir.

"Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir". Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edərkən deyib. Prezident ölkəmizdə bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadıqlarını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirib və müstəqillik dövründə də, bu siyasətin uğurla davam etdirildiyini qonaqların diqqətə çatdırıb.

Dövlətimizin başçısı bildirib ki, bütün bunlar dövlətin həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks etdirir. Bir çox xalqların və müxtəlif dini konfessiyaların nümayəndələrinin ölkəmizdə bir ailə kimi dostluq şəraitində yaşadıqlarını qeyd edən Prezident İlham Əliyev, onların həm də Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini xüsusi vurğulayıb.

Qərb dövlətlərində olduğu kimi, Yaxın Şərq və ərəb ölkələrində də Azərbaycan multikulturalizminə çox böyük maraq var. Bu marağın nəticəsidir ki, həmin ölkələrdə keçirilən bir çox tədbirlərə də Azərbaycandan nümayəndələr dəvət olunurlar. Onların arasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri xüsusi aktivliyi ilə seçilir. Onun Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə "Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun" mövzusunda Əl-Küveyt şəhərində keçirilən "Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi" adlı 8-ci beynəlxalq konfransda iştirakı və burada çıxış etməsi də, Azərbaycanın təbliği baxımından böyük önəm daşıyır.

Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumata görə, Şeyxülislam tədbirdə Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuqun şəxsi dəvəti ilə iştirak edib. O, konfransda məruzə ilə çıxış edib. Şeyx həzrətləri çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış edir, Küveytin BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləyib.

Qarşı tərəf də Azərbaycan ilə Küveyti bir çox amillərin birləşdirdiyini, ölkələrimiz arasında dini birliyin əhəmiyyətli rol oynadığını bildirərək, bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişafına Küveyt xalqının səmimi qəlbdən sevindiyi qeyd edilib, Küveyt hökumətinin Azərbaycan ilə siyasi, mədəni, dini-mənəvi və s. sahələrdə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğu qeyd olunub. Görüşlərdə Azərbaycan və Küveytin hər zaman bir-birinin yanında olduğu, Küveytin bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi və bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilib.

Şeyxülislam A.Paşazadə tədbir çərçivəsində həm də BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqovla görüşüb.

Görüşdə A.Paşazadə Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında danışıb. Qeyd edib ki, dünyada dini zəmində meydana gələn narahatlıqların çoxaldığı bir dönəmdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramının, qarşılıqlı ehtiram məfkurəsinin, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Şeyx burada siyasi iradənin böyük önəm daşıdığını vurğulayıb.

Şeyxülislam Azərbaycanda milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini vurğulayıb, ölkəmizdə etnik və dini müxtəlifliyin milli sərvət kimi dəyərləndirildiyini qeyd edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın multikultural və tolerant ideyaların mərkəzinə çevrildiyini, habelə ölkəmizin həm daxildə, həm də beynəlxalq aləmdə böyük siyasi-mənəvi nailiyyətə imza atdığını bildirib.

R.Xaliqov da öz növbəsində, VI Bakı Beynəlxalq Humanitar Forumda iştirakından, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib. O, səmimi salamlarının, dərin hörmət və ehtiramının dövlətimizin başçısına çatdırılmasını xahiş edib. Azərbaycan ilə BMT arasındakı əlaqələri daha da inkişaf etdirməyə hər zaman hazır olduğunu bildirən R.Xaliqov gələcəkdə istər ölkəmizdə, istərsə də xaricdə hər-hansı bir layihənin birgə həyata keçirilməsində maraqlı olduğunu və öz dəstəyini əsirgəməyəcəyini bildirb.

Görüşün sonunda humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Bu müzakirələrin əsasını təşkil edən əsas mövzu ölkəmizdə mövcud olan multikultural və tolerant dəyərlərin daha geniş miqyasda təbliği təşkil edib. Çünki bu gün dünyada yaşanan gərginliklər, bu mövzunun aktuallığını daha da artırır.

Bu baxımdan Azərbaycanda bütün dinlərin nümayəndələrinin həmrəylik və birlik şəraitində fəaliyyət göstərməsi, dünya birliyində böyük maraq doğurur. Eyni zamanda, ölkəmizdə dinlərarası və İslam dininə aid məzhəblərarası birlik, həmrəylik ənənəsi dünya birliyi tərəfindən yüksək dəyərləndirilir.

Azərbaycanda dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının dövlət siyasətinə çevrilməsi də, beynəlxalq arenada çoxlarını maraqlandırır və bunun yollarını öyrənməyə çalışırlar. Bəzi Qərb dövlətlərində dini və milli zəmində yaranan qarşıdurmalar fonunda respublikamızda multikulturalizmin və tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilməsi də, ölkəmizdə aparılan düzgün dövlət-din siyasətinin nəticəsidir.

Bu gün dünyada cərəyan edən ictimai-siyasi proseslərdə gərginlik dinamikasının artdığı, münaqişələrin əsasən dini zəmində baş verdiyi hiss olunur. Bu da səbəbsiz deyil, belə ki, dünyanın bir sıra güc mərkəzləri tərəfindən geosiyasi, geoiqtisadi maraqların təmin edilməsi məqsədilə dindən vasitə kimi istifadə edilir, İslam dininın nüfuzdan salınması üçün onu terrorla eyniləşdirməyə çalışırlar. Çox təəssüflər olsun ki, bəzi hallarda islamofobiyaya qarşı zəruri əks tədbirlər vaxtında həyata keçirilmir. Məsələn, bu gün hamı yaxşı bilir ki, Yaxın Şərqdə cərəyan edən proseslər yanlış siyasətin acı nəticəsidir.

Bütün bunlar son nəticədə dünyada sülhə, mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqa qarşı böyük təhlükəyə çevrilir.

Məlumdur ki, zaman-zaman ölkəmizə qarşı da din pərdəsi altında bir sıra pozuculuq cəhdləri olub. Bu, onu göstərir ki, Azərbaycan da bu proseslərdən sığortalanmayıb. Buna görə də, yad dini ideologiyaların ölkəmizə idxal olunmasının qarşısının alınması, eləcə də gənclərin ekstremizmin təsirindən qorunması üçün müvafiq qurumlarla birlikdə ideoloji və hüquqi müstəvidə sistemli tədbirlər, o cümlədən maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür, tədbirlər keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinlərarası və İslam dininə aid məzhəblərarası birlik, həmrəylik ənənəsi beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi model kimi yüksək dəyərləndirilir. Ölkəmizdə tarixən formalaşan məzhəblərarası birlik və həmrəyliyin yeni mərhələsi kimi, müxtəlif məzhəblərin vəhdət halında birgə ibadət etməsi də, beynəlxalq aləmdə yüksək maraq doğurub. DQİDK-nın sifarişi ilə çəkilən "Vəhdət qanımızdadır" sənədli filmi də vəhdət ənənəsinin mahiyyətindən bəhs edir. Filmdə əks olunan məzhəblərarası vəhdət prinsipləri böyük əhəmiyyətə malikdir. Müasir dövrün tələblərini, çağırışlarını nəzərə alaraq respublikamızda dinlərarası, məzhəblərarası birliyin daha da gücləndirilməsi istiqamətində kompleks və sistemli maarifləndirici, hüquqi və s. tədbirlər icra olunur.

Ölkəmizdə din pərdəsi altında öz çirkin əməllərini həyata keçirmək istəyən bəzi kriminal ünsürlərin cinayət əməllərinin təsnifatı, eləcə də bu istiqamətdə qanunvericilik bazasının yaradılması istiqamətində də böyük işlər görülüb. Onun nəticəsidir ki, bu gün ölkəmizdə dini və milli zəmində tam sabitlikdir.

Dini radikalizm və ekstremizm ictimai təhlükəsizliyə böyük təhdiddir və ona qarşı mübarizə aparılmalıdır. Dini radikalizmin və ekstremizmin İslam dininə heç bir aidiyyəti yoxdur, əksinə, İslam sülh, birlik və vəhdət dinidir, insanları əmin-amanlığa, qarşılıqlı dözümlülüyə, mərhəmətə çağırır.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar