Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bir dəfə qalxan qiymət bir daha enməz!? yaxud
"Xaliq Faiqoğlu" MMC-nin yaxşısı və pisi

  28
20:14 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlətin müdaxiləsindən, yəni Bakı Nəqliyyat Agentliyi yaradılandan və qurum yeni, müasir tipli avtobuslarla təmin ediləndən sonra paytaxtın sərnişindaşıma sahəsindəki o günə qədər mövcud olan xaos, özbaşınalıq, pərakəndəlik və digər neqativ hallar böyük ölçüdə aradan qaldırılmış oldu. Və şəhər sərnişindaşıma xidmətində bir nizam-intizam, məsuliyyət, ən önəmlisi rahatlıq, operatvlik və cavabdehlik yarandı. Bütün bu müsbət tendensiyanı etiraf etməmək, qiymətləndirməmək, yumşaq desək ədalətsizlik və nankorluq olardı. Bununla yanaşı, bu sahədə aidiyyatı rəsmilərin də etiraf etdiyi kimi, bəzi problemlər hələ də qalmaqdadır. Yox, biz dəyişikliyi görüb, daha artığını istəyənlərdən deyilik, sadəcə asan çözülə biləcək bəzi problemlərin həllolunmaz məsələyə çevrilərək yüzlərlə insanın haqlı narazılığına səbəb olduğu üçün məsələni mətbuata çıxarmağı zəruri hesab etdik. Söhbət sırf paytaxtdaxili sərnişindaşımada nəzərə çarpan mənfiliklərdən deyil, onun tərkib hissəsi kimi ayrıca götürülmüş özəl bir şirkətin bir xəttə işləyən və bu sətirlərin müəllifinin də gündəlik istifadə etdiyi marşurut avtobusundan gedir.

Şirkətin adı çoxlarının tanıdığı "Xaliq Faiqoğlu" MMC, elə o çoxluğun narazılıq etdiyi isə adıgedən şirkətə məxsus 96 saylı marşrut avtobusudur. Gündəlik müşahidələrimizə istinadən ədalət naminə deməliyik ki, elə bu şirkətə aid 18, 85 və 65 saylı (şəhərdaxili), 135 saylı (Xırdalan-Memar Əcəmi), hətta bir az da uzaq qəsəbədən mərkəzə sərnişin daşıyan 199 saylı avtobuslar loru dillə ifadə etsək qarışqa kimi işləyirlər. İnanmırıq ki, bu avtobusların fəaliyyətindən, daha dəqiq desək intervalından sərnişinlər narazılıq etsinlər. Avtobuslar standartlara cavab verir, ya yox bu başqa məsələdir. Eyni zamanda adam həm də ona inanmaq istəmir ki, avtovağzal-"5 mərtəbə" xəttində işləyən 96 saylı avtobus, məhz "Xaliq Faiqoğlu" MMC-nindir. Biz heç ondan da narazı deyilik ki, niyə eyni şirkətə məxsus və şəhərdaxili fəaliyyət göstərən 18 və 65 saylı avtobuslar müasirliyi və rahatlığı ilə 96 saylı avtobusdan fərqlənir? Yayda nəfəskəsən istidən, qışda qan donduran soyuqdan əziyyət çəkirik. Hesab edirik ki, biz şirkət rəhbərinin cibini doldurduqca o, da, avtobus parkını yeniləyəcək. Sual oluna bilər ki, eləysə bəs narazılıq yaradan nədir? Məsələ burasındadır ki, əvvəllər 96 saylı avtobus normal işləyirdi, indiki kimi avtobuslararası interval 20-25 dəqiqi deyil, daha az idi. İndi isə bəzən yarım saat gözləmək lazım gəlir, axşam saat 9-dan sonra isə bu interval bir az da uzadılır. Sərnişinlər isə əlləri şirkət rəhbərliyinə çatmadığına görə, hirsini günahsız sürücüdən çıxır. Təəccüblüsü odur ki, bu problem Tarif Şurasının sərnişindaşımalarda son qiymət artımı etdikdən sonra yaranıb. İddialara görə, (bunu sürücülər də etiraf edir) şirkət rəhbərliyi hesab edib ki, sözügedən marşrut rentabelli deyil. Yox, çətin ki, burada zərərdən söhbət getsin. Çünki, nəinki qiymət artımından sonra, heç gedişhaqqı 20 qəpik olanda da heç bir şirkət, o cümlədən Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət edənlərin önündə gedən Bakı Nəqliyyat Agentliyi zərərlə işləməyib. BNA rəsmilərinin açıqlamalarına görə dün ərzində 2,5 milyon sərnihin daşınır ki, bu da 750000 manat deməkdir. Özünüz nəticə çıxarın da, ağlı başında olan hansı özəl şirkət rəhbəri, sahibkar zərərlə işlədiyini bilə-bilə bu işi davam etdirər? Əgər "Xaliq Faiqoğlu" MMC, sərnişindaşımada fəaliyyət göstərən digər sahibkarlar kimi, qiymət artımına qədər müflis olub sıradan çıxmayıbsa, demək müəssisə gəlirlə işləyib. Hər halda, nə "Xaliq Faiqoğlu" su, nə də başqa sahibkarlar Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov deyillər ki, xeyriyyəçiliklə məşğul ola, qazandıqlarını millətin rifahı və firavanlığı üçün xərcləyələr. Əslində, nə kimi arqument gətirilməsindən asılı olmayaraq, gedişhaqqının yanacaq və sürtkü materiallarının qiymətləri sabit olduğu bir vaxtda nə az, nə çox 50% (mən bilmirəm bizim hökumətin, daha dəqiq ifadə etsək ancaq qiymətqaldırmaqla məşğul olan Tarif Şurasının hesab-kitabında 5, 7, 10, 15 rəqəmləri yoxdurmu (xarici ölkələrdə belə artımlar olanda da onlar 0,2, 0,4, 0,8 maksimum 1%-lik rəqəmlə ifadə edilir) hər dəfə başını qaldıranda 40, 50-dən aşağı rəqəm görmür) qaldırılması doğru qərar sayıla bilməz. Yəqin çoxları mənimlə həmfikir olar ki, qiymət artımını əsaslandırmaq üçün Tarif Şurasının paytaxt sakinlərinə vəd etdiyi o cənnətdən də hələ ki, əsər-əlamət yoxdur. Əksinə, bu yazının yazılmasının səbəbkarı olan 96 saylı marşrut avtobusunun məhz qiymət artımından sonrakı fəaliyyəti ictimai narazılıq yaratdı.

 

Hesablama Palatası

hesablasın, Maliyyə Nəzarəti Xidməti də təftiş etsin

 

Yorucu çıxmaması üçün bəlkə də, yazıya burada nöqtə qoymaq olardı, lakin yeri gəlmişkən və mövzuya birbaşa bağlı olan bu qiymət məsələsinə də bir az aydınlıq gətirmək istədik. Çünki son günlər şaiyə formasında da olsa, yenə söz-söhbət gəzir ki, (bu barədə metropoliten rəsmiləri, o cümlədən "BakuBus"un tabe olduğu Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri gileylənirlər ki, guya mövcud qiymətlərlə sərnişindaşıma rentabelli deyil, nə bilim xərclər qudurub mayanı yeyir və s.) yeni ilin ilk aylarında gedişhaqqı yenidən qaldırılacaq. Bakı Nəqliyyat Agentliyinə cavabımız qısa olacaq: "Yeni Musavat" qəzetinin 22 noyabr 2018-ci il tarixli sayında Agentlikdən şikayətçi olan iş icraçısı Ricat Şeyxəliyevin dediyi və hələ də təkzib olunmayan iddiaya görə, BNA-in sədr müavini Elçin Mustafayev atasının "Asiman" şadlıq sarayına yaxın ərazidə yerləşən evinin təkcə qapısı üçün 45 min avro pul ödəyib. Qardaş, həm də, dövlət dotasiyasından faydalanan bir təşkilatın ikinci şəxsi qısa zaman kəsiyində təkcə bir qapıya 90-min manat verəcək qədər varlanıbsa, əlbəttə ki, həmin qurum zərərlə işləyəcək. Qayıdaq metroya. Öncədən deyirik ki, bizim aşağıda təqdim edəcəyimiz rəqəmlər elmi, yaxud mütəxəssis araşdırması deyil, səthidir. Odur ki, bu rəqəmlərdən çıxış edib yazdığımız rəqəmlər və fikirlər reallığı əks etdirməyə də bilər. Beləliklə, metropoliten rəsmilərinin məlumatına görə, hər gün təxminən 600000 şəhər sakini metronun xidmətdən istifadə edir. Hərçənd, paytaxt əhalisinin üç milyondan çox olduğunu nəzərə alan ekspertlər bu rəqəmin 900 mini keçdiyini vurğulayırlar. Biz tərəflərin heç birinin xətrinə dəyməmək üçün orta rəqəm olaraq 750 min götürək. 750000 x 30= 225000 manat. Bu, gün ərzndə metroya gələn vəsaitdir. Bu rəqəmi 24 əsas iş gününə vursaq (225000 x 22= 4.950.000) alınan rəqəm 4,9 min manat. Hesab edək ki, şənbə və bazar iş günü olmadığına görə metro istifadəçilərinin o günlər üzrə sayı təxminən 250 min nəfər azalaraq 500 min olur. Bu 500 min paytaxt sakininin bir gün və bir gediş üçün 30 qəpik xərclədiyini nəzərə alsaq, metronun gündəlik gəliri 150 min manat edir. Bir ay ərzində şənbə və bazarın sayı 8 gün olur ki, bunu da 150 minə vuranda 150000 x 8 =1.200000 manat edir. Beləliklə, ay ərzində metronun toplam ümumi gəliri 6.150000 manat olur. Hesab edək ki, bu vəsaitin təxminən 80%-i 4.920.000 manatı xərclərə (bura daxildir əməkhaqqı fondu, mühafizə, enerji sərfiyyatı, digər kommunal xərclər, cari və aylıq təmir, amartizasiya xərcləri və s) sərf olunur. Fikirimizcə, xərclər süni şəkildə şişirdilməsə və dolayı yollarla mənimsəmələr olmasa, maya dəyərini çıxdıqdan sonra yerdə qalan bu 1.230000 manat vəsait metropolten idarəsinin xalis gəliri sayılır. Amma yenə də ən doğrusunu maliyyə axınına nəzarət edən dövlət təsisatı kimi Hesablama Palatası və Maliyyə Nəzarəti Xidmətinin peşəkar və prinsipial yoxlayıcıları bilər. Axı həm Bakı Nəqliyyat Agentliyinə, həm də Metropoliten idarəsinə eyni zamanda dövlət dotasiya ayırır. Ümid edək ki, adıgedən qurumlar yanacağın qiyməti stabil olduğu halda yenidən qiymətartımı təklifi ilə Tarif Şurasının qapısını döysələr, onlar bu cür təklifləri gözüyumulu dəstəkləyən Tarif Şurasından öncə Hesablama Palatası və MN-in mütəxəssislərinin mənimsəmələrdən xəbər verən suallarına cavab verməli olacaqlar. Sərnişin avtobusları ilə bağlı hesablama aparmırıq ona görə ki, onlar gedişhaqqı hələ 20 qəpik olanda belə, gəlirlə işləyiblər. Bu qədər. Sualı olan var?

 

Şahnaz Salehqızı

 P.S:Yazı paytaxt sakinlərinin keçirdiyi müsabiqəyə təqdim etmək üçündür. Qalib olsaq alacağımız mükafatı Bakı Metrpoliten İdarəsinin yardım fonduna ərməğan etmək fikirindəyik.

P.P.S. Deputat Yevda Abramov sual verir ki, niyə neftin qiyməti qalxanda da, düşəndə də, bizdə hey qiymətlər artır, heç azalan günü olmur? Millət vəkilinin haqlı sualını dəstəkləyirik: Doğrudan da niyə belə olur?  

Yazarlar