Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Prezident İlham Əliyevin Türkmənistan
səfəri: Qlobal layihələrə yaşıl işıq

  45
20:42 22-11-2018
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyev 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfər edib.

Publika.az xəbər verir ki, səfər çərçivəsində dövlətmizin başçısının Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü olub.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Dövlət başçıları tərəfindən birgə bəyanat imzalandı.

2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə” imzalanıb. Bu bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.

 

İki mühüm məqam

 

22 noyabr 2018-ci ildə dövlət başçılarının imzaladığı birgə bəyanatda mühüm məqamlara toxunulub:

- Dövlət başçıları dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər;

- Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər.

 

Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Bəyanata vurğulanır ki, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyevin xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin birgə bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı bunun növbəti bariz nümunəsidir.

Səfər çərçivəsində prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər.

Dövlət başçıları Azərbaycan və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Bununla yanaşı, nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər.

 

20 müqavilə imzalandı

 

Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair 20 müqavilə imzalandı. Bura “Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari sahədə əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2022-ci illər üzrə nəqliyyat sahəsində əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında nəqliyyat, tranzit və logistika sahəsində Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması haqqında saziş”, “Azərbaycan Dəmir Yolları və Türkmənistanın transport və tranzit üzrə dəmir-yolları nazirliyi arasında saziş, Bakı Beynəlxalq dəniz portu ilə Türkmənbaşı dəniz portu arasında əməkdaşlıq haqqında saziş, ikiqat vergitutmanın aradan qaldırılması, 2019-2021-ci illər ərzində elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq, uzunmüddətli iqtisadi-ticari əməkdaşlıq, ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr institutu və Türkmənistanın humanitar elmlər və inkişaf üzrə beynəlxalq universiteti arasında əməkdaşlıq haqqında sazişlər və digərləri daxildir.

Azərbaycan liderinin Türkmənistana səfəri iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını bir daha təsdiqlədi.

Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılmışdır. Dövlətimzin başçısının Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan veribdir.

İki türk ölkəsinin münasibətləri regionda qlobal layihələrə də yaşıl işıq yandırır.

 

***

Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sağ olun, əziz Qurbanqulu Məlikquliyeviç.

Mən, ilk növbədə, qonaqpərvərliyə, dəvətə, səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən yenidən qardaş Türkmənistan torpağında olmağıma şadam.

Mən dünən ölkənizin nailiyyətləri ilə tanış olmaq imkanı qazandım və bu, Türkmənistanın inamlı müsbət inkişafının nümayişidir. Şəxsən Sizi və bütün Türkmənistan xalqını quruculuq yollarında böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm.

Biz də səfərə böyük əhəmiyyət veririk və səfər çox yaxşı hazırlanıb. Səfərin yekunları üzrə xeyli sənədin imzalanacağı nəzərdə tutulub. Əminəm ki, onlar vaxtında reallaşacaq və bununla da bizim əməkdaşlığımız üçün daha yaxşı şərait yaranacaq.

Biz Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Siz qeyd etdiyiniz kimi, bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir. Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq təkbətək görüşdə əməkdaşlığın xeyli mühüm məsələlərini müzakirə etmişik və nümayəndə heyətləri çərçivəsində də müzakirələri davam etdirəcəyik. Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması məsələsində çox iş görmək olar. Əmtəə dövriyyəsi artsa da, fikrimcə, hələlik ölkələrimizin potensialını tam əks etdirmir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri Türkmənistan mallarının Azərbaycana, Azərbaycan mallarının isə Türkmənistana ixracını necə artıra biləcəyimizi konkret müzakirə etmək imkanına malik olacaqlar. Əlbəttə ki, bu mövzu hökumətlərarası komissiyanın işi çərçivəsində də prioritet məsələlərdən biri olmalıdır. Razıyam ki, iclaslar arasında müəyyən fasilə olur. Hesab edirəm ki, yaxın vaxtlarda artıq əldə olunan razılaşmaların yerinə yetirilməsi proqramını işləyib hazırlamaq məqsədilə mənim səfərimin yekunlarına əsasən operativ iclas keçirmək mümkün olacaq.

Artıq dediyim kimi, bu gün xeyli sənəd imzalanacaq. Onlar inkişaf istiqamətlərini müəyyənləşdirir, amma həmin məsələlərin reallaşdırılması üzrə fəaliyyət planının olması da zəruridir.

Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan borun kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir. Əlbəttə, bizim münasibətlərimizin əsas mövzularından biri nəqliyyat sahəsidir. Təsadüfi deyil ki, mənim nümayəndə heyətimin tərkibində Azərbaycanın bütün nəqliyyat qurumlarının rəhbərləri var. Onlar artıq türkmənistanlı həmkarları ilə fəal işləyirlər. Biz bu gün Sizinlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni, biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük. Belə ki, mən bizim söhbətimizdən çox məmnunam və düşünürəm ki, səfərin nəticələri də çox müsbət olacaq, ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək.

Qonaqpərvərliyə görə bir daha sağ olun, Sizə möhkəm cansağlığı, gələcək uğurlar, qardaş Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram. Sağ olun!

Yazarlar