Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu

  13
18:45 18-11-2018
Şriftin ölçüsünü dəyiş  

Dörd gün ərzində Bakıda fərqli arzular, sevinclər, istəklər yaşandı. Bunu kiçik bir bayram da adlandırardım. 14-17 noyabr tarixlərində dünyanın 30 ölkəsindən, 35 yaşa qədər olan gənc rejissorların ürəkləri mənim doğma şəhərim Bakını düşünərək,  vururdu. Onları Bakı haqqında düşünməyə vadar edən isə paytaxtımızın evsahibliyi etdiyi 9-cu “START” Beynəlxalq Qısa Filmlər Festivalı idi. Festival Prezidentin Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncamına dair tədbirlər çərçivəsində keçirilirdi. Tədbir Sinema Gənc Kinematoqrafçılar Mərkəzinin təsisçiliyi,  Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutdu.

Bu il keçirilən festivalda 35 yaşına kimi rejissorların  maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsi və nümayişi təşkil olunmuşdu. Festival qaliblərinə təqdim olunacaq “Qızıl nar” mükafatı uğrunda 30 ölkədən (Azərbaycan, Fransa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Polşa, Yunanıstan, Kipr, İtaliya, İspaniya, Almaniya, Böyük Britaniya, İsveç, İsrail, Qazaxıstan, Qırğızıstan, Serbiya, Xorvatiya, Çin, İtaliya, Ukranya, Macarıstan, Finlandiya, Makedoniya, Estoniya, Kolumbiya, Venesuela,Argentina, Portuqaliya) 100 film mübarizə aparırdı. Beynəlxalq müsabiqənin proqramına 72,  yerli müsabiqə bölməsinə 28 film daxil edilmişdi. Müsabiqə proqramına bədii və sənədli filmlər, Cinemobil onlayn yarışması və Pitçinq film müzakirəsi daxil idi.

“Qızıl nar” uğrunda mübarizə aparan 100 film, 14-17 noyabr tarixlərində “Nizami” Kino Mərkəzində və Cinema Plus-28 Mallda nümayiş olundu.
17 noyabrda Beynəlxalq Muğam Mərkəzində Festivalın mükafatlandırma mərasimi keçirildi.
Festivalın təşkilatçısı Feyruz Şamıyev hər kəsi salamlayaraq, bütün iştirakçılara uğurlar arzu etdi. Daha sonra isə münsüflər heyətinin üzvləri səhnəyə çıxaraq, mükafatları qaliblərə təqdim etdilər.

Müsabiqədə “Tamaşaçı rəğbəti”, “Ən yaxşı film”, “Ən yaxşı ssenari” nominatsiyaları üzrə mükafatlar təqdim olundu.


Yerli filmlər bölməsində sənədli filmlər üzrə  “Adam” filmi festivalın qalibi kimi “Qızı nar” qazandı. Filmin rejissoru Emil Əli, prodüsseri isə Tural Cəfərov idi.

 
Yerli bədii filmlər arasında “Ən yaxşı ssenari” nominatsiyası üzrə “Qızıl nar” mükafatının qalibi gənc tələbə rejissor Fərid Kərimin çəkdiyi və ssenari müəllifi olduğu “Sonar” filmi oldu.Yeddi dəqiqəlik bu filmin izləyicilərin hamsında maraq doğuran adı İspancadan tərcümədə - “Yuxu” deməkdir. Murad adlı bir gənc zamana müdaxilə edib geri qayıtmaq istəsə də, yaradanın yazdığı yazını heç vaxt dəyişə bilmir. Dostunu itirmək Murada o qədər əzab verir  ki, yuxularında həmin hadisəyə geri dönüb onu qaytarmaq istəyir. Yuxu tam başqa bir həyatdır deyənlər də çoxdur. Sadəcə bunu əminliklə deyə bilərəm ki, yuxu da, həyat kimi surprizlərlə doludur. Muradın yuxuları isə hər dəfə ona başqa bir surpriz hazırlayıb göstərirdi..

Beynəlxalq müsabiqədə tamaşaçı rəğbəti qazanaraq qalib olan filmlər sırasında qazaxıstanlı rejissor Berik Zaxanovun çəkdiyi “Asan” və yunanıstanlı rejissor Kostas Bakurisin ekranlaşdırdığı “Heimlich” filmi vardı. Gənc rejissorlar öz filmlərində həyatda və ölkələrində qarşılaşdıqları problemləri ortaya qoymuşdular. Valideynlərin boşanmasının uşağın psixologiyasına vurduğu zərbə uşaq böyüdüyü zamanda da, ondan əl çəkmir. “Asan” filmi məhz bu mövzuda Asan adlı bir gəncin uşaqlıq xatirələri üzərində çəkilib. Filmin rejissoru Berik Zaxanov Modern.az saytının ART TIME rubrikasına müsahibəsində bildirib ki, bu filmin ssenarisini öz həyatından qaynaqlanaraq yazıb.


“Hemimlich” filmində isə gənc rejissor iki insanın fonunda öz ölkəsinin qarşılaşdığı problemləri ortaya qoyub. Hazırda Yunanıstanın qarşılaşdığı maliyyə böhranı filmdə ustalıqla təsvir olunub. Film haqqında ona ünvanladığım sualları cavablandıran yunanıstanlı rejissor bildirdi ki, ölkəsinin ona maliyyə yatıran böyük dövlətlərin əsirinə çevrilməsindən çox sarsılıb. Məhz bu problemi öz filmində qabartmağa çalışıb.

Festivalın Beynalxalq müsabiqəsinin bədii filmlər üzrə qalibi türkiyəli rejissor Onur Yagizın Fransada çəkmiş olduğu “Toprak” filmi oldu.

Uşaqlığını Fransada keçirən rejissor bu filmində uşaqlıqdan onu sarsıdan çox çətin bir problemi ortaya qoyub. Fransada yaşayan Türk uşaqları məktəbə gedib fransız dilini öyrənirlər. Valideynlərinin isə bu dildə danışa bilməməsi uşaqlar üçün əsl fəlakətə çevrilir. Filmin azyaşlı qəhrəmanı olan Toprakın ətrafında baş verən hadisələrin ayaq basdığı torpaqla əlaqələnməsi birbaşa rejissor ustalığıdır. Uşaq qəlbinin həyəcanı, sevinci, kədəri filmdə mükəmməl təsvir olunub. Bir uşaq  aktyorun vizual imkanlarının genişliyi, aktyor imkanlarının mükəmməlliyi filmi baxımlı edən əsas səbəblərdən biridir.

Hamilə anasını Fransada həkimə gətirən kiçik Toprak iki əkiz qardaşının olacağını düşünür. Həkim isə əkiz körpələrin cinsiyyətinin qız olduğunu deyəndə Toprak buna sevinmir. Onu ən sarsıdan məqam isə həkimin uşaqların ikisinin də öləcəyini və çox çətin nəfəs aldığını deməsi olur. Məhz bu hal Toprakın həyatında yeni bir mərhələ olur. Həyatın amansızlığını dərk etmək, uşağın həyata baxışlarını düşüncələrini dəyişməyə başlayır.


Bakıda keçirilən 9-cu “START” Beynəlxalq  Qısa Filmlər Festivalı sərhədləri aşaraq, müxtəlif mədəniyyətləri özündə birləşdirdi. Filmlərin müddəti qısa olsa da, ortaya qoyduqları ideyalar ümumbəşəri idi.

 

Festival Azərbaycan kinosevərlərinə müxtəlif dünya ölkələrinin mədəniyyəti ilə, gənc rejissorların ideyaları, milli düşüncələri və filmlərində qabartdıqları problemlərlə tanış olmağa geniş imkan yaratdı. Düşünürəm ki, ölkəmizdə bu cür festivalların keçirilməsi Azərbaycan kinosu adına ən böyük uğurdur.


Leyla Əsədullayeva


Yazarlar