Kürdlər Azərbaycanda öz dillərini və məişətlərini qoruyub saxlaya bilib

Kürdlər Azərbaycanda öz dillərini və məişətlərini qoruyub saxlaya bilib
 

Azərbaycanda yaşayan bütün azsaylı xalqlar öz ana dillərini və mədəniyyətini qoruyub inkişaf etdirirlər, o cümlədən kürdlər

Ölkəmizdə digər etnik qruplar kimi kürdlər də öz milli kimliyini qoruyaraq yaşamaqda davam edirlər. Kürdlər tarixən respublikamızın dağlıq ərazilərində məskunlaşaraq yaşayıblar. Bu da onların milli xüsusiyyətləri və mental dəyərləri ilə bağlıdır. Belə ki, kürdlər tarixən heyvandarlıqla məşğul olduqları üçün həmişə dağlıq əraziləri, heyvandarlıq üçün geniş örüşləri olan yerləri özlərinə məskən seçiblər. Kürd tayfaları ta qədimdən, əsasən cənub-qərbi İranda yaşayıblar. "Kürd" sözünün qədim dillərdə mənası isə "pəhləvan", "mərd" deməkdir. Kürdlük anlayışının milliyyət, kimlərə məxsus olduğu bu gün də elm aləmində mübahisəli mövzular sırasındadır. Belə ki, kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar barədə elmi araşdırmalara əsaslanan dilçilər və əksər etnoqraflar onların fərqli xalqlar olduqlarını qəbul edirlər. Mübahisəyə səbəb olan əsas problem isə lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araşdırmalarını əsas götürərək demək münkündür ki, kürdlər iki əsas - ana etnoqrafik qrupa ayrılırlar- Soran və Kurman. Dünyada yaşayan kürdlərin ümumi sayını ancaq təxmin etmək olar. Çünki XXI əsrin əvvəlinə olan məlumata görə, kürdlər dünyaya səpələnmiş şəkildə onlarla ölkədə yaşasalar da, əksəriyyəti bu ölkələrdə yeni yaranan diasporalara sahib olsalar belə, çoxları yaşadıqları ölkələrin vətəndaşları deyillər. Bu səbəbdən də onların sayları heç zaman reallığı əks etdirmir. Çünki həm vətəndaşaları olduqları ölkələrdə, həm də əcnəbi statusunda yaşadıqları ölkələrdə hesablandıqları üçün sayları qeyri-real şəkil alaraq süni olaraq artıq göstərilir. Bu da məlumdur ki, kürd etnosuna mənsub fərdlərin təxminən 90-95%-ə qədəri Türkiyə, İraq, Suriya və İran dövlətlərinin vətəndaşlarıdır (xeyli sayda İraq, İran və Suriya vətəndaşı olan kürd əsilli əhali müharibə və digər fəlakətlərin təsirindən yayınmaq, daha yaxşı həyat şəraiti axtarışı və s. amillərin təsiri ilə qeyr-qanuni şəkildə Türkiyəyə köçüblər və hazırda vətəndaşlıqları olmadan daimi olaraq bu ölkədə yaşayırlar. Avropada məskunlaşan kürd diasporalarına aid olan insanların da təxminən 75-80 %-i məskunlaşdıqları ölkələrin vətəndaşları deyillər (əsasənTürkiyə vətəndaşlarıdır). Onu da qeyd edək ki, kürdlər hazırda Naxçıvan MR-nın Sədərək rayonunun mərkəzində (Heydərabad qəsəbəsi), Culfa rayonunun Teyvaz kəndində və Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar, onlar həmçinin erməni işğalına qədər Laçın rayonunun Qarakeçdi, Bozlu, Kamallı, Şeylanlı, Katos, Ağcakənd və Minkənd kəndlərində, Kəlbəcər rayonunun Soyuqbulaq, Yuxarı Şurtan, Orta Şurtan, Aşağı Şurtan, Zəylik, Xallanlı, Ağcakənd və Oruçlu kəndlərində), eləcə də Qubadlı rayonunun Zilanlı kəndində kompakt şəkildə yaşayıblar. İşğaldan sonra bu rayonların əhalisi Azərbaycanın digər şəhər və rayonlarına məcburi köçkün düşüblər. İşğala qədər bu rayonlarda yaşayan kürdlərin sayı təxminən 3123 nəfər olub və öz ana dillərini qoruyub saxlaya biliblər. O da məlum həqiqətdir ki, tarixən Azərbaycanda assimliasiya baxımından milli azlıqda qalan hər hansı bir xalqa, o cümlədən kürdlərə qarşı heç vaxt, heç bir daxili və xarici məcburi təzyiq göstərilməyib. Sadəcə olaraq, bütün tarixi dövrlərdə Azərbaycan türklərinin sayca üstün olması, milli azlığı təşkil edən digər xalqların ikinci dili kimi azəri türkcəsini öyrənməsi prosesi baş verib. Yəni, Azərbaycanda yaşayan bütün azsaylı xalqlar bu günə kimi də öz ana dillərini qoruyub saxlamaqla yanaşı, azəri türkcəsini də mənimsəyərək, özlərinin əsas danışıq dilinə çeviriblər. Bu da bir faktdır ki, onlar təkcə Azərbaycan dilində danışmır, həm də təhsil alırlar. Bəzi tarixi mənbələrə istinadən demək olar ki, yuxarıda qeyd etdiyimiz ana dili kürd kimi qeyd olunan 3123 nəfərin əcdadları bu yerlərə 1813-cü ildən sonra İran Urmiyasından köçüb gələn və özlərini "kurmancı" adlandıran kürdlərin nəsilləridir. Bu da məlumdur ki, erməni işğalına qədər kürdlər əsasən Laçın (10 kənd), Kəlbəcər (7 kənd) rayonlarında yaşayıblar və heç bir assimliasiyaya uğramayıblar. Bununla belə qeyd etmək lazımdır ki, ana dili türk, milliyəti kürd kimi qeyd edilən 34059 nəfər isə əvvəldə adları sadalanan və "kürd" sayılan, türkdilli Psian və Qaraçorlu tayfalarının nəsilləri hesab edilənlərdir. Bunu da xüsusi qeyd etmək lazımdır ki, bu rayonların azərbaycanlı əhalisinə kürd deyilməsi də, tarixən Psianlılar və Qaraçorlularla bağlıdır. Tarixi mənbələrdə isə "kurmancı" adlanan kürdlərin 1913-cü ildən sonra bu "həmtayfaları"nın (Psianlı, Qaaraçorlu) yanına köçüb, gəldikləri qeyd olunur. Rus tədqiqiatçısı S. P. Zelinski 1885-ci ildə Zəngəzur qəzasında yaşayan dövlət kəndlilərinin iqtisadi vəziyyətilə əlaqədar apardığı tədqiqatlar zamanı orada yaşayan kürdlərin Püsyan (Babalı, Sultanlı, Zodbanlı, Potanlı icmaları) və Qaraçorlu (Hacısamlı, Gəloxçu, Təhməzli, Şadmanlı, Şeylanlı, Əliyanlı icmaları) tayfalarının nəsillərindən ibarət olduğunu qeyd edib. Eyni zamanda Zəngəzur qəzasında yaşayan kürdlərin çox cüzi hissəsinin - müasir baxımdan, indiki Laçın rayonu üzrə Bozlu-Ağçakəndlilərin, Ağ körpü-lülərin (ehtimal ki, Laçındakı Qarakeşiş, Ağbulaq, Şeylanlı, Katos kəndlərinin əhalisi nəzərdə tutulur), Zerti və Qarıkaha, Minkənd kəndləri əhalisinin, Qazıqurdalıda (Qazədərəsi) bir neçə nəfərin, Qubadlı rayonunda Korcalanlı, Temir-Müskanlı, Qunnablı, Gödəklər, Mollu və Şıxova kəndlərinin əhalisinin kürd dilində danışdığını yazır. S. P. Zelinski onların "kurmancı" olduqlarını qeyd edib. Müasir dövrlə müqayisə etdikdə məlum olur ki, indiki Laçın rayonunun əhatə etdiyi ərazidə 1886-cı ildə 105 yaşayış məskəni (57 kənd, 9 qışlaq və 39 yeni köçüb gələnlərin məskənləri) olub və burada 20466 nəfər yaşayıb. Bu məskənlərdən 94-də yaşayanların tatar (azərbaycanlı) olduğu, 7-də (Minkənd, Bozlu, Ağcakənd, Kamallı, Ağbulaq, Qarakeşiş, Şeylanlı) yaşayanların (təxminən 1353 nəfər (6,6%)) kürd olduğu bildirilir. Onu da qeyd etmək lazımdır ki, müəyyən ehtimallara görə, sayları 20-30 milyon arasında olan kürdlər Türkiyə, İraq, Suriya, İran və Ermənistanı ayıran sərhədlərin keçdiyi dağlıq region boyunca məskunlaşıblar. Onlar saylarına görə Yaxın Şərqin dördüncü ən böyük etnik qrupudurlar, lakin heç vaxt öz daimi dövlətlərinə malik olmayıblar. Son onilliklərdə kürdlər Türkiyədə muxtariyyət uğrunda vuruşublar. Onlar cihadçı İslam Dövləti qrupuna müqavimət göstərməklə, İraq və Suriyadakı münaqişələrdə iştirak edərək, regional hadisələrə təsir göstərməyə çalışıblar. Tarixi mənbələrdə qeyd olunan məlumatlara görə, Kürdlər tarixən köçəri həyat keçirərək Mesopatamiya düzlərində və hazırda cənub-şərqi Türkiyə, şimal-şərqi Suriya, şimali İraq, şimal-qərbi İran və cənub-qərbi Ermənistanın yerləşdiyi dağlarda qoyun və keçi sürülərini otarmaqla məşğul olublar. Bu gün onlar irq, mədəniyyət, və çox fərqli dialektləri olsa da, vahid dil əsasında birləşən və seçilən bir icma təşkil edirlər. Kürdlər müxtəlif dinlərə sitayiş etsələr də, əksəriyyəti sünni müsəlmanlardır. Kürdlərin böyük bir qismi özlərini kurmanc adlandırırlar. Əsasən Cənub Qərbi Asiyada məskunlaşan kürdlər keçmiş SSRİ-də Ermənistan Respublikası (57min), Gürcüstanda (34 min), Qazaxıstanda (25 min), Qırğızıstanda (14 min), Azərbaycanda (10 min) və Rusiyanın Krasnadar diyarında (5 min) yaşayıblar. Ermənistan Respublikasında kürdlər əsasən Aparan (Avaran), Talin, Üçmədzin rayonlarında yaşayıb. İcevan, Sevan, Vardeniz (Basarkeçər), Artik, Abovyan, Aştarak, Oktomberyan və Vedi rayonlarının bəzi kəndlərində də kürdlər yaşayıblar. Keçən əsrin 80-cı illərinin sonlarında müsəlman kürdlər erməni quldur dəstələri tərəfindən Ermənistan respublikasından, 1992-ci ilin mayında Azərbaycan respublikasının Laçın rayonundan zorla qovulublar. Bu gün respublikamızın bir çox rayonlarına səpələnən kürdlər də, digər Qarabağ əhalisi kimi, məcburi köçkun, qaçqın həyatı yaşamaq zorundadırlar. Bu fakt da onu sübut edir ki, ölkəmizdə yaşayan bütün azsaylı xalqlar da vətəndaşlarımızın bir parçasıdır. Ölkəmizin yaxşı günündə də, pis günündə də xalqımızla bir yerdədirlər. Gürcüstanda isə kürdlər əsasən şəhərlərdə yaşayırlar. Kürd dili Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Bu dil Şimal (Kurmancı və zaza), cənub (surani) dialektlərinə ayrılır. Cənubi Qafqaz kürdləri əsasən kurmancı dialektlərində danışırlar. Keçmişdə Ermənistan ərazisində yaşayan kürdlər sünnü, Azərbaycanda yaşayan kürdlər isə şiə, Gürcüstan və Ermənistan ərazisində yaşayan kürdlərin bir qismi isə yezidi kürdlərdir. Kürdlərin Cənubi Qafqaza gəlişləri dəqiq müəyyən edilməyib. Onların bölgəyə əsasən XIX əsrin əvvəllərində yerləşdirildiyi ehtimal olunur. 1939-cu ildə Ermənistanda yaşayan müsəlman kürdlər, 1944-cü ildə isə Gürcüstanda yaşayan müsəlman kürdlər Qazaxıstan və Orta Asiyaya sürgün olunublar. SSRİ dağıldıqdan sonra qeyd olunan bölgələrə sürgün edilən kürlər Krasnodar, Stavrapol və Rastov ərazilərinə, eləcə də Adıgey vilayətlərinə köçürülüblər. Hazırda bu əraziyə Cənubi Qafqazdan köçən kürdlər də əlavə olunublar. Bu da məlumdur ki, 20-ci illərin əvvəllərinə qədər kürdlər köçəri və yarım köçəri həyat tərzi keçiriblər. Hər bir nəslin öz yaylaq və qışlaq yeri olub. Kürdlər Azərbaycan ərazisində maldarlıqla yanaşı, əkinçiliklə də məşğul olublar. Azərbaycanda, azəri türklərinin təsiri ilə kürdlərdə yun məmulatı istehsalı, xalçaçılıq inkişaf edib. Azərbaycanda yaşayan kürdlərin ənənəvi evləri gil və ya daşdan tikilib. Ev beş hissədən ibarət olub. I - malatan-durexane (çörək bişirilən, yemək yeyilən və yataq otağı), II - kilar (ərzaq anbarı), III - bom (it saxlanılan yer), IV - tabla (tövlə), V - oba (qonaq otağı). Bütün otaqların qapısı bir yerə - sevdara yəni dəhlizə açılıb. Evlərdə pəncərə yerinə damda deşik olub. Ocaq evin ortasında qalandığından damda açılan baca, həm də tüstü çıxması üçün nəzərdə tutulub. Köçəri kürdlərin mənzilləri kom və ya çadır adlanan alaçıqlardan ibarət olub. 

0.013038158416748