Azərbaycan dövləti saxurların mədəniyyət və təhsilinin inkişafı yönündə çox böyük işlər görür

Azərbaycan dövləti saxurların mədəniyyət və təhsilinin inkişafı yönündə çox böyük işlər görür
 

Saxurlar Qafqazın aborigen xalqlarından biridir

Bu məlum bir həqiqətdir ki, hər bir xalqın özünəməxsus milli-mənəvi meyarları mövcuddur. Bu mənada Azərbaycanın mental dəyərlərinin içində yer alan ən üstün cəhətlərindən biri, bəlkə də ən başlıcası milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq mövcud dövlətin ərazisində yaşayan hər bir ictimai topluma göstərmiş oldugu bərabərhüquqlu davranış normaları nümayiş etdirməsidir. Azərbaycan Şərqlə Qərbin qovuşma nöqtəsi olduğu üçün tarixi və ictimai mühit səbəbi ilə zaman-zaman bu ərazidə bir çox xalqlar məskunlaşıb və elə ilk dövrlərdən bu xalqlar arasında müsbət yönümlü dözümlülük prinsipinə uyğun xalqlarası dialoq formalaşıb. Azərbaycan xalqının bütün digər millətlərə olan qonaqpərvərlik münasibətinin kökündə duran əsas faktor, bəlkə də elə budur. Tarixə nəzər salsaq aydın görə bilirik ki, hələ miladdan əvvəl Azərbaycan ərazisində 26 etnik qrup mövcud olub. Məşhur yunan tarixçisi Strabonun məlumatlarında bu etnik qruplara albanlar, massagetlər, qarqarlar, saklar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar, qazaxlar, kərkilər və s. kimi türk soyları ilə yanaşı dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (bu gün avar adı ilə tanınırlar), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər), poxlar (ubıxlar), saxurlar və digər qafqazdilli tayfaların da yaşadıqları qeyd olunur. Bu xalqların içində adı keçən saxurlar bu gün də Dağıstan və Azərbaycanın şimal dağlıq bölgələrində kompak şəkildə məskunlaşıblar. Hazırda saxurlar Azərbaycanın əsasən Qax, Zaqatala və Balakən rayonlarında yaşayırlar. Saxurların Azərbaycanın bugünkü sosia-ictimai həyatında yerinə və roluna aydınlıq gətirməzdən əvvəl onların mənşəyinə nəzər salsaq, bizcə, daha maraqlı olar. Saxurların bir zamanlar Albaniya dövlətinin tərkibində olan "çiqbi" tayfasından olduqları ehtimal olunur. Saxurlar isə özlərini "yıxiy" adlandırırlar. Onların Albaniyanın qədim tayfalarından biri olduğu barədə Strabonun məlumatlarında, habelə gürcü mənbələrində də rast gəlmək olar. Qədim yunan tarixçisi miladdan əvvə birinci əsrin sonu və bizim eranın birinci yüzilliyində yaşayan Strabon öz məşhur "Coğrafiya" əsərində Alban dövlətinin ərazisində yerləşən Qanıx (Alazan çayının bir qolu) çayı barədə məlumat verərkən "xğan" adının saxur dilindəki su (çay) sözündən yarandığını qeyd edib. Məşhur Azərbaycan etnoloqu Q.Qeybullayevin gəldiyi qənaətə görə "saxurların əcdadı Alazan çayının, adı onların dilində olan qolunun (yəni Qanıxın) vadisində yaşayıblar". Bu məlumatlara əsaslansaq belə hesab etmək olar ki, saxurlar Qafqazın aborigen xalqlarından biridir. Saxurlar iber-qafqaz dil ailəsinin şərqi qafqaz (nax-dağıstan dilləri) qrupuna daxildir. Şərqi qafqaz qrupu üç nax və iyirmi altı dağıstan dillərindən ibarətdir. Saxur dili arçin, xınalıq, udi, ləzgi, tabasaran, ağul, rutul, qrız və buduq dilləri ilə birlikdə dağıstan dillərinin ləzgi yarımqrupuna aiddir. Saxur dilinə ən yaxın olan qohum dillər rutul, qrız və buduq dilləridir. Bəzi təxminlərə görə, Alban yazısının formalaşması da saxurlarla bağlı olub. Saxurların tarixinə nəzər salsaq görərik ki, Qafqazın xristianlığı qəbul edən ilk toplumlarından olan saxurlar, ilk dövrlərdə bu dini qəbul etməkdən imtina edib və bu ideologiyanın yayılmasına qarşı çıxıblar. Səlcuqların və oğuzların Qafqazın fəthi dövründə isə daglara çəkilibər. İslam dinini qəbul edən saxurlar, XII əsrdə İslamın müqəddəs kitabı olan Quranı öz dillərinə tərcümə ediblər. 1562-ci ildə Osmanlı imperatorluğunun dəstəyi ilə I Əli Sahur Sultanlığını qurub. Çox qədim və zəngin folklor ənənələrinə sahib olan saxurların qədim musiqi alətləri sipsiy, düttək, balaban, tampur, bayan (nakğra), kos, zurna və dəf (dam-dam) hesab olunur. Musiqiçi dəstəsi adətən dörd nəfərdən ibarət olur. Bu dəstəyə daxil olan musiqiçilərin əsas musiqi alətləri zurna, köməkçi zurna, kiçik nağara və böyük nağara olub. Saxurlar cəld, ritmik musiqini xoşlayırlar. Saxurlar, əsasən Qədim Qafqaz musiqi ritminə uyğun şən musiqi havalarını ifa etməyi sevirlər. Onlar sevgilərini də, vətənə məhəbbətlərini də, döyüşçü ruhunu da, bu melodiyalarla ifadə edirlər. Bu mahnılar sırasına "İzdaq aleyena", "Beq qyaana" xalq havaları daxildir. Saxurlar həmçinin cəld müsiqinin müşaiyəti ilə oynamağı xoşlayırlar. Cəld ritmlərlə qan daha sürətlə dövr edir! Bu rəqslərin də müxtəlif növləri var: "Qellyay" rəqsi, "Qöllena" cüt rəqsi, "Alyuvka ana" qarışıq rəqsi və məşhur "ləzginka". Saxurlar arasında "Saxurlar" ansamblı çox məşhurdur. Demək olar ki, saxur toylarının böyük əksəriyyəti də bu ansambılın müşayəti ilə keçir. Saxur musiqisini toylarda, qonaqlıqlarda, rəsmi tədbirlərdə, əsgərləri yola salanda, milli Novruz, Ramazan və Qurban bayramlarında eşitmək olar. Saxur musiqisi keçmişdə güləş yarışlarında, ilk əkin və ya ot biçini öncəsi, kəndirbazların çıxışlarında, Seyran bayramında səsləndirilərdi. Bu gün Azərbaycan dövləti saxurlara musiqi mədəniyyətinin inkişafında yaxından dəstək olur və onlara mədəni dəyərlərinin qorunması üçün hər cür imkan yaradıb. Bunun nəticəsidir ki, ölkəmizdə məskunlaşan saxurların bir neçə folklor ansamblı fəaliyyət göstərir. Bunlara Zaqatala rayonunun Yeni Suvagil kəndində fəaliyyət göstərən "Ceyranım" (Azərbaycan xalq kollektivləri arasında laureat), Əli-Bayramlı kəndindən "Lilay" və Mişleş kəndində "Mişleş" qrupunu misal göstərmək olar. Bu gün Azərbaycanda saxurların mədəni dəyərlərini, adət-ənənələrini inkişaf etdirmək üçün hər cür imkanlar yaradılıb. Dövlətimizin milli azlıqlara göstərdiyi xüsusi qayğı və dəstəyi nəticəsində "Ceyranım" - saxur folklor mahnı və rəqs ansamblı öz fəaliyyətini hər gün daha da inkişaf etdirir. Bu ansambıl öz fəaliyyətini yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanıda bilib. Belə ki, Zaqatalada fəaliyyət göstərən Saxur xalq teatrı İrana və Türkiyəyə qastrol səfərləri təşkil edib. Saxurların təhsil problemlərinin həlli istiqamətində də Azərbaycan dövləti lazım olan hər cür şərait yaradıb. Hazırda Azərbaycanda suxur dilində 12 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə dərslər latın qrafikası ilə tədris edilir. 1934-cü ildə professor A.N. Qenko latın qrafikası əsasında müasir saxur dilinin yazısını yaradıb, bunun ardınca da qafqazşünas türkoloq S.A. Cəfərov saxur məktəbləri üçün dərsliklər tərtib etsə də, saxur dilində dərin tədrisin ömru qısa olub. 1934-1938-ci illərdə məktəblərdə dərslər ana dilində keçirilsə də, 4 il sonra sovet dövrünün tələbləri üzündən saxur dilində dərslərin keçirilməsi və kitabların nəşr olunması dayandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovet İmperiyasının zülmündən azad olan dövlətimiz yenə də öz həmvətənlərinə sevgi və sayğısını nümayişi etdirdi. 1990-cı ildə saxur yazısı kiril əlifbası əsasında bərpa olundu. Müstəqillik dövründə saxur dilində dərslikləri hazırlayan şəxs də, Azərbaycanın məşhur filoloq-alimi S.A. Cəfərov oldu. Azərbaycan bir çox saxur mənşəli alim və mədəniyyət xadimi yetişdirib. Bunların sırasında Azərbaycanın nəzəri fizikasının banisi, fizika-riyaziyyat elmləri doktoru A.İ. Muxtarovu, dilçi alimlər A.M. Aslanov, N. İsayev, R.İ. Hüseynov və A.Q. Qarayevi, habelə müxtəlif sahənin alimləri İ. Əzizov, A. Qurbanov, M. Çobanzadə, S. Karnayev, Ş. Əliyev, Y. Nurməhəmmədov və başqalarının adlarını çəkmək olar. Azərbaycan dövləti hər zaman saxur xalqının maariflənməsi və inkişafı yönündə lazım olan bütün imkanları yaradıb və bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir. Azərbaycan dövlət saxurların mədəniyyətinin və təhsilinin inkişafı yönündə çox böyük işlər görür. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnsitutu tərəfindən azsaylı xalqların və milli azlıqların folkloru toplanaraq tərtib edilir. Bu arasdırmlara saxur folkloru da daxildir. Eyni zamanda saxurların məişəti və etnoqrafiyasının da yaxından öyrənilməsi Azərbaycan dövlətinin qayğısından kənarda deyil və hətta bu məqamlar sənədli film halına gətirilib. Belə ki,"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində saxurların həyatını əks etdirən "Saxurlar" adlı sənədli televiziya filmi hazırlanıb. Tarixi-etnoqrafik xarakter daşıyan "Saxurlar" filmində Azərbaycanda yaşayan bu milli azlığın keçmişi, məişəti, adət-ənənəsi, müasir həyat tərzi, etnik xüsusiyyətləri əksini tapıb. Filmdə Qax rayonunun Qum və Çinarlı kəndlərində, habelə Zaqatala rayonunun Suvagil kəndində yaşayan əhalinin həyatı lentə alınıb. Bu filmin ərsəyə gəlməsində ssenari müəllifi Camal Yusifzadənin, rejissor Cahangir Mehdiyevin, operator Adil Abbasovun əməyi böyükdür. Bu gün ölkəmizdə bərabərhüquqlu saxur gəncliyinin yetişməsi üçün hər cür imkanlar yaradılıb. Ali təhsil müəssisələrində yüzlərcə suxur gənci yüksək səviyyədə təhsil alır. Saxurların Azərbaycan ərazisində heç bir ayrı-seckilik olmadan yaşaması və onların inkişafı yönündə dövlət tərəfindən göstərilən qaygının nəticəsidir ki, müstəqillik dövründən etibarən saxurların Azərbaycan ərazisində demoqrafik artımı nəzərə çarpır. Belə ki, UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün böyük işlər görülüb. Hər bir digər etnik qruplar və kiçik xalqlar kimi saxurlara da dövlət səviyyəsində özünü ifadə etmək imkanları yaradılır və onlar bu imkanlardan yetərincə bəhrələnirlər. Bu gün Azərbaycanda mültikultural dəyərlərin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi məqsədi ilə həm beynəlxalq, həm də milli səviyyədə tədbirlər həyata keçirilir. Bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırır. Çağdaş Azərbaycan mühiti etnik fərqliliyin hiss edilmədiyi ölkələr sırasında bəlkə də birincisidir. Bu mənada Azərbaycan dövlətinin apardığı milli siyasət də onu göstərir ki, Azərbaycan multikulturalizmi dünya multikultural dəyərləri üçün bir nümunədir. 

“Paralel”in 

Araşdırma Qrupu Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub

0.017995119094849