Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Maarifləndirmə dini radikalizmə qarşı
mübarizədə ən məqbul üsullardan biridir

  25
18:42 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan dövlətinin apardığı sərt mübarizənin nəticəsidir
ki, ölkəmizdə dini radikalizm tam aradan qaldırılıb

  

Dini radikalizm, dözümsüzluk kimi hallar, multikulturalizm və toleriantlıq anlayışlarına tam ziddir. Bununla belə, qloballaşan dünyamızda hələ də radikalizm, dini və milli dözümsüzlük kimi hallara rast gəlinir və hətta bunu təbliğ edən xüsusi qruplaşmalar da var. Bunun nəticəsidir ki, zaman-zaman dünyanın bu və ya digər bölgəsində dini və ya milli zəmində münaqişələr baş qaldırır. Bu səbəbdən, müasir dönəmdə dünya dövlətlərinin qarşısında duran əsas problemlərdən biri də, dini radikalizmlə mübarizənin təşkilidir. Bunun çətinliyi isə ondadır ki, hər hansı bir dövlət bütün gücü ilə radikalizmin üzərinə getdiyində onun təşkilatçıları vicdan azadlığının, etiqad azadlığının və s. azadlıqların pozulduğunu dünyaya car çəkir, bu pərdə altında gizlənərək özlərini asanlıqla zərərçəkmiş qismində dünya ictimaiyyətinə təqdim edə bilirlər. Bu da, müəyyən mənada həmin qruplaşmalara qarşı mübarizəni xeyli çətinləşdirir. Buna görə də, istənilən dövlət öz daxilində mövcud olan dini radikalizm təzahürlərinə olduqca həssas yanaşır, yalnız ciddi ehtiyac yarandığı hallarda, qanunun yol verdiyi çərçivədə gücə əl atır. Lakin hökumətin bir qədər uzun zamana ehtiyacı olan başqa bir mühüm "silah"ı da var. Son zamanlar bir çox dövlətlər məhz bu "silah" vasitəsi ilə dini radikalizmi zaman axarında, heç bir güc tətbiq etmədən, qan tökmədən aradan qaldırmağa çalışırlar. Bu üsul, məhz dini maarifləndirmədir. Dini maarifləndirmə həm də multikulturalizmin və tolerantlığın təbliği və təşviqi üçün ən məqbul üsullardan biri sayılır. Çünki multikulturalizmin və tolerantlığın özü də radikalizmlə mübarizədə sınaqdan çıxmış bir üsuldur. Multikulturalizmin və tolerantlığın mövcud olduğu məkanlarda dini radikalizmin ayaq açması, çox çətin məsələdir. Məhz bu səbəbdən də dini radikal qruplaşmalar multikulturalzmə və tolerantlığa düşmən gözü ilə baxır və onu İslam aləminə qəbuledilməz dəyər kimi təqdim etməyə çalışırlar. Azərbaycanda mövcud olan multikulturalizm mühiti də həmin radikalları daha çox özündən çıxarır və zaman-zaman ölkəmizdə müxtəlif təxribatlar törətməyə cəhdlər edirlər. Azərbaycan dövlətinin son illər bu istiqamətdə apardığı sərt mübarizənin nəticəsidir ki, artıq ölkəmizdə bu problem demək olar ki, tam şəkildə aradan qaldırılıb. Bu gün dövlətimizin qarşısında duran əsas vəzifə bu qələbəni maarifləndirmə yolu ilə daha da möhkəmləndirməkdir. Azərbaycan dövləti maarifləndirmə vasitəsi ilə dinin mahiyyətini vətəndaşlarına o qədər aydın şəkildə çatdırır ki, radikal qruplaşmalar artıq onu öz məqsədlərinə uyğun şəkildə insanların beyninə yeridə bilmirlər. Müasir dönəmdə dini radikal qruplaşmaların istifadə etdiyi vasitələr, yalnız cəmiyyətin bir sıra sahələrində mövcud olan boşluqlar, fərdlərin dini bilgilərinin aşağı səviyyədə olmasıdır. Hamı bilir ki, hər bir din, bir peyğəmbərə verilən kitab əsasında formalaşıb. Biz bu kitabı mükəmməl bilsək, onu heç kim bizə başqa formada təqdim edə bilməz, bu sadə bir həqiqətdir ki, hamı bilməlidir. Nəzəri baxımdan çox asan görünən maarifləndirmə vasitəsi, əslində ciddi realizasiya problemlərinə malikdir. Bu işin çətinliyi ondan ibarətdir ki, cəmiyyətin əksəriyyəti mükəmməl dini bilgilərə malik deyil. Maarifləndirmənin effektinin artırılması üçün ilk növbədə bu sahəyə diqqət edilməlidir. Son illər Azərbaycan hökumətinin dini icmalara göstərdiyi diqqət və qayğı da, bu sahədə müsbət nəticələrin əldə olunacağına inam yaradır. Çünki dini icmaların əsas vəzifəsi, məhz insanlar arasında maarifləndirmə işlərini aparmasıdır.

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin bu istiqamətdə daim ciddi və fasiləsiz işlər aparmasının nəticəsidir ki, son zamanlar dini radikalizm sahəsində ölkəmizdə tam sabitlik əldə olunub. Bununla belə, maarifləndirmə sahəsində görülən işlər davam edir.

Biz dəfələrlə yazılarımızda qeyd etmişik ki, ölkəmizdə dini radikalizmin qarşısının alınması, din bilgilərin artırılması istiqamətində görülən işlərin böyük bir hissəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), bir sıra qeyri -hökumət təşkilatlarının(QHT), eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Bu dövlət və qeyri-dövlət qurumlarının bir çoxunun ölkəmizin bütün bölgələrində fəaliyyət göstərən yerli bölmələri var. Həmin bölmələr də qarşılarına qoyduqları vəzifələrin öhdəsindən gələ bilirlər ki, bu gün bögələrdə də, artıq dini radikalizm halları müşahidə olunmur. Bu yaxınlarda  DQİDK-ın Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Bayraq muzeyində "Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Quba RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycanda 9 noyabr tarixi hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbir iştirakçıları bayrağın hər bir dövlətin atributu olmaqla yanaşı, həm də şərəf və qürur mənbəyi olduğunu, din xadimlərinin də hər zaman dövlət bayrağına hörmətlə yanaşdıqlarını, onun müqəddəsliyini dini məclislərdə, xütbələrdə xüsusi qeyd etdiklərni vurğulayıblar.

Qeyd olunub ki, İslam dinində də bayraq müqəddəs hesab olunur və cümə xütbələrində vətənpərvərlik mövzularına həsr olunan çıxışlarda bu barədə insanlara məlumat verilir.

Noyabr ayının ilk ongünlüyündə Komitənin təşkilatçılığı ilə keçirilən növbəti tədbir "Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu" adlanıb və Tovuz rayonunda baş tutub.

Tədbirdə gənclərin bugünkü gündə cəmiyyətimizdəki yeri, onların dini radikalizm, ekstremizmə qarşı mübarizədə rolu, dini ekstremizmə qarşı rayonda aparılan tədbirlər və Azərbaycanda gənclərə yaradılan imkanlardan danışılıb.

Digər bir tədbir isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilib. Zəngilan rayon 8 nömrəli tam orta məktəbdə "Şagirdlərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yolları" mövzusunda keçirilən tədbirdə ilk əvvəl dövlətin məcburi köçkün məktəblərinə göstərdiyi qayğıdan danışılıb, gənclərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yolları müzakirə olunub.  

Dini radikalizmin yayılma metodlarından və ona qarşı mübarizə vasitələrindən söhbət açılıb. Qeyd olunub ki, gənclər təhsil alaraq özlərinə, ailələrinə, dövlətə və cəmiyyətə faydalı insanlar olmalıdırlar. Bunun üçün ilk növbədə dini radikalizmə meylli qruplardan uzaq olmalı, onların fəallaşmalarına yol verməməlidirlər.

Bu cür tədbirlərin keçirilməsi, gənclərin milli-mənəvi dəyərlərimizə olan bağlılığını daha da artırmaqla yanaşı, dərin dini biliklər almalarına səbəb olur.

Milli-mənəvi dəyərlərin qorunması, eyni zamanda dəyərlərə fərdi və ictimai münasibətin düzgün şəkildə göstərilməsi bu dəyərlərin düzgün mənimsənilməsindən asılıdır. Azərbaycan dövləti mənəvi dəyərlərimizin qorunması sahəsində çox böyük işlər görür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiliyevin bu sahənin tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamları var. Bu fərman və sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində görülən tədbirlərdən biri də, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Bu da məlum həqiqətdir ki, istər ölkəmizdə, istər ölkə xaricində, istərsə də beynəlxalq aləmdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlərin miqyası heç bir ölçüyə sığmır. Bu da heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın danılmaz əməyinin və zəhmətinin nəticəsidir.

Mənəvi dəyərlərin təbliğ olunması həyatımızın bütün sahələrini əhatə edir, lakin tələbələr arasında mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır. Çünki tələbələr əsasən gənclərdir və geniş bir auditoriyanı əhatə edirlər. Eyni zamanda, tələbələr dövlətimizin gələcək idarəçiliyində yer alacaq potensial kadrlardır və milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi də bilavasitə onlardan asılı olacaq.

Buna görə də Azərbaycan dövlətinin din və eyni zamanda mənəvi dəyərlərin təbliği sahəsində apardığı işlərdə gənclərdən çox istifadə olunmalıdır və onların potensialından maksimum yararlanmaq lazımdır.

Bu həm də imkan verəcək ki, gəncləri zərərli vərdişlərdən və radikal təsirlərdən qoruyaq.

Qeyd edək ki, gənclərimizin milli ruhda və mənəvi cəhətdən tərbiyə olunmasında din xadimlərinin və ağsaqqalların da üzərinə böyük məsuliyyət düşür. Gəncliyimizi həm milli-mənəvi, həm də dini dəyərlər baxımından tərbiyə etmək lazımdır ki, onlar zərərli vərdişlərə və radikal təsirlərə məruz qalmasınlar. Gənclərin milli-mənəvi və dini dəyərlər baxımından maarifləndirilmələri, həm də onların bu gün bəşəriyyəti narahat edən narkomaniya kimi bəladan qorumaq imkanı verəcək. Bu sahədə də, din xadimləri ilə yanaşı, ictimai fəal gənclərin-tələbələrin imkanlarından istifadə etmək olar.

Artıq multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi, dini radikalizmin qarşısının alınmasında silah, zor tətbiqi dövrü arxada qalıb. İnsanlar da anlayırlar ki, bütün pisliklərə qarşı mübarizədə ən yaxşı yol maarifləndirmədir. Çünki savadlı insanı təsir altına salmaq çox çətin, bəzən də heç mümkün olmur.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar