Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda yaşayan bütün xalqlar və etnik
qruplar ölkəmizi öz ortaq vətənlərinə çevirə biliblər

  25
20:33 07-11-2018
Şriftin ölçüsünü dəyiş  

Edva Ser: "Azərbaycanda yəhudilərlə müsəlmanların sülh və
əmin-amanlıq şəraitində birgəyaşayışı dünyada nadir təcrübədir"

 

Bildiyiniz kimi, Bu günlərdə Azərbaycanın İsveçdəki səfirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə Stokholm şəhərində "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycanı BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın açılışında Azərbaycan nümayəndə heyətini və isveçli qonaqları salamlayan Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel Amerika yəhudiləri nümayəndə heyətinin Azərbaycana səfərini və bu səfərin nəticəsi olaraq tanınmış "Times" jurnalında dərc olunan məqalədə nümayəndə heyətinin təəssüratlarını konfrans iştirakçılarına xatırladıb.

Azərbaycanın İsveçdəki səfiri konfransın əhəmiyyəti və məqsədindən danışaraq bildirib ki, qədim tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət -din münasibətləri, həmçinin hökumətin din sahəsindəki siyasəti ilə bağlı reallıqlar barədə məlumatları İsveç cəmiyyəti ilə bölüşməkdən çox böyük məmnunluq duyur. O həmçinin qeyd edib ki, Stokholmda belə bir konfransın təşkilində məqsəd ölkəmizdə və cəmiyyətimizdə uzun illərdən bəri formalaşan tolerantlıq təcrübəsini, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyəti İsveç ictimaiyyətinə çatdırmaqdır.

Bu bir danılmaz həqiqitdir ki, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində Azərbaycanda tolerantlıq mühiti qoruna bildi, ölkədə yaşayan bütün xalqlar arasında yüz illiklərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritminin pozulmasına imkanq verilmədi. Bu gün Azərbaycan hakimiyyəti müasir dövrün tələblərinə uyğun olaraq tolerantlıq ənənələrini və multikulturalizmi daha da inkişaf etdirir. Azərbaycanın tolerantlıq siyasəti yalnız ölkənin hüdudları ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu  işlər Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhfədir.

Bu mötəbər tədbirdə çıxış edən BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla "Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edib. Bəşəriyyəti təhdid edən təhlükəsizlik məsələlərindən danışan akademik, ümumi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi, multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunmasının vacibliyini tədbir iştirakçılarını diqqətinə çatdırıb.

Akademik multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək, cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. O, qeyd edib ki, Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyib: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. "Burada sadalanan prinsiplərin mənim Vətənimdə bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olub. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyillərinin minimuma qədər zəifləməsi Azərbaycanın milli rəngarəngliyinin monolitliyini sübut edir".

Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu deyib və bildirib ki, bu təcrübənin təşviq olunması bəşəri dəyərlər baxımından çox zəruridir. Şeyxülislam dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin ölkəmizdə yüksək səviyyədə olmasından fəxr hissi duyduğunu bildirib. O, deyib ki, tolerantlığı yüksək mədəni dəyər hesab edən ulu öndər Heydər Əliyevin dinindən və milliyətindən asılı olmayaraq bütün vətəndaşları ümumi azərbaycançılıq ideyası altında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.

Ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin Tolerantlıq Günü münasibətilə dövlət başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması, dini icmalara avtomobillərin hədiyyə edilməsi, onlara göstərilən maddi və mənəvi dəstək də, dövlətin bütün dinlərə göstərdiyi qayğı və diqqətin nəticəsidir. Azərbaycan hər zaman müxtəlif mədəniyyətlər arasında mənəvi körpü rolunu oynayıb və proses bu gün də davam etdirilir.

Azərbaycan multikulturalizminin əsas özəlliklərindən biri də ölkəmizdə milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Azərbaycanda dini zəmində münaqişələrin baş verməməsinin də başlıca səbəbi elə bu birgəyaşayış normalarına ciddi əməl olunmasıdır.

Bu da imkan verir ki, Antisemitizmin bütün dünyada tüğyan etdiyi dövrdə belə, Azərbaycan bu bəladan kənarda qalsın. Bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, üç uşaq bağçası, bir kollec-işiva fəaliyyət göstərir.

Bunun nəticəsidir ki, ölkəmizdə qonaq olan bir çox din və dövlət xadimləri multikulturalizm və tolerantlığın gələcəyinə şübhə ilə yanaşan siyasətçiləri və insanları Azərbaycana dəvət edir, onlara Azərbaycan dövlətinin adi vətəndaşlar ilə birlikdə yaratdığı bərabərhüquqlu cəmiyyətdən ibrət götürməyi məsləhət görürlər.

Belə qonaqlardan birinin ölkəmiz barədə təəssüratlarını diqqətinizə çatdıracağıq.

Beləliklə, Fransanın tanınmış heykəltəraşı və rəssamı, UNESCO-nun xoşməramlı səfiri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Edva Ser (Hedva Ser) qeyd edir ki,Azərbaycanda yəhudilərlə müsəlmanların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışı dünyada nadir təcrübədir: "Mən Quba rayonunun Qırmızı qəsəbə kəndindəki sinaqoqda olmuşam. Dünyanın 12 şəhərində ucalan sülh ağacının müəllifiyəm. Bu, əl işlərimdə də üç dinə məxsus simvollar qeyd edilib. Bakı da sülhə həsr etdiyim əl işlərimdən birinin ən möhtəşəm meydanlarından birində ucaldığı 12 şəhərdən biridir. Yaratdığım heykəltəraşlıq əsərləri vasitəsilə mədəniyyət diplomatiyasını inkişaf etdirməyə çalışıram. UNESCO çərçivəsində və bu mötəbər təşkilatın dəstəyi ilə münaqişə tərəflərinin incəsənət xadimlərini bir araya gətirən tədbirlərin təşkilatçısıyam. Onlar birlikdə işləyib incəsənət əsərləri yaradır, bir-birilərinin əl işlərindən ilhamlanır, bir-birilərinin mədəniyyətinə hörmət nümayiş etdirirlər. Belə bir tədbirin Qafqaz və Orta Asiya regionundan olan incəsənət xadimlərinin iştirakı ilə Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. Biz mədəniyyətləri, mədəniyyətin təmsilçilərini bir araya gətirməklə dünyada sülhün bərqərar olunmasına öz töhfəmizi verməyə çalışırıq".

E.Ser vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə malik ölkədir. O eyni zamanda Azərbaycan və Fransa mədəniyyətləri arasında uyğunluqlar axtarır, bu mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı istiqamətində fəaliyyət göstərir. K.Ser qeyd edir ki, Azərbaycanın xalçaçılıq sahəsində zəngin təcrübəsi  var, bu milli sərvətin üslub, çalar rəngarəngliyini və müxtəlifliyini əks etdirən nümunələri Bakıda Xalça muzeyində görüb və bu sənət növü Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. O, bildirib ki, zəngin muzeylərə hər yerdə rast gəlinmir. Ancaq Azərbaycanda belə muzeylər çoxluq təşkil edir: "Azərbaycana ilk səfərim 7 il bundan əvvələ təsadüf edib. Bu zaman İçərişəhəri kəşf etdim. Həmin vaxtdan Azərbaycana hər səfərim zamanı İçərişəhərdə rəsm əsərləri çəkirəm və onların hamısı da bu gün şəxsi kolleksiyamın ayrılmaz hissəsidir. Azərbaycanda bir tərəfdən qədim sivilizasiyanın nümunələri, digər tərəfdən isə müasirlik birləşərək əsrarəngiz harmoniya yaradıb. Fransa ilə Azərbaycan mədəniyyəti arasında hər zaman qarşılıqlı anlaşma mövcud olub. Azərbaycan mədəniyyətinin Fransada və iştirak etdiyim beynəlxalq tədbirlərdə bacardığım qədər tanıtdırmaqda davam edəcəyəm".

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar